Məhkəmə qərarları › İş №2(103)-2494/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2494/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2494/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2(010)- 54/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2021-ci tarixli 23223853 saylı Müqaviləyə əsasən "xxxx" MMC cavabdehə 12 ay müddətinə hər ay 48,2 manat olmaqla, cəmi qiyməti 578,4 manat olan telefon satmış, Cavabdeh isə onu qəbul edib, telefonun qiymətini "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.

2. 17 iyul 2021-ci il tarixli zəmanət talonundan müəyyən olunur ki, alıcı Cavabdeh tərəfindən alınmış XİAOMİ REDMİ NOTE 10 markalı telefonun zəmanət müddəti 1 ildir.

3. "xxxx" MMC-nin 13 okyabr 2023-cü il tarixli maliyyə arayışından və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 528,4 manat ödənilməmiş hissə, 52,6 manat cərimə olmaqla, ümumilikdə 581 manat məbləğində borcu vardır.

4. Cavabdeh ünvanlanmış 23 mart 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir.

5. 14 sentyabr 2021-ci il tarixdə Texniki Xidmət Mərkəzinə təhvil verilmiş cihaz barədə aparılan işlər barədə məlumatdan müəyyən olunur ki, cihaza texniki baxış rəsmi Mixtech servisdə keçirilmiş, Maye, zərbə, kənar müdaxilə yoxdur və qüsur aşkar edilməmişdir.

6. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli, 3/116 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən İmei kod **********06024 XİAOMİ REDMİ NOTE 10 markalı mobil telefonun üzərində zədə izləri yoxdur.

7. 16 sentyabr 2021-ci il tarixdə Texniki Xidmət Mərkəzinə təhvil verilmiş cihaz barədə Aparılan işlər barədə məlumatdan müəyyən olunur ki, cihaza texniki baxış rəsmi “Mixtech” servisdə keçirilmiş, diaqnostikanın nəticələrinə görə iddia edilən qüsurlar təsdiqlənməyib, cihaz yaxşı vəziyyətdədir və elan edilmiş texniki xüsusiyyətlərə tam uyğun gəlir.

8. “X7” MMC tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş 14 avqust 2024-cü il tarixli məktubun məzmunundan görünür ki, “X7” MMC ixtisaslaşmış servis mərkəzi olmadığına görə mütəxəssis rəyi vermək səlahiyyətində deyildir. “X7” MMC mobil telefonların texniki baxışınının, təmirinin və s. keçirilməsi üçün xidmətlərin göstərilməsi müqaviləsi əsasında "xxxx" MMC-yə müraciət edir. “X7” MMC ixtisaslaşmış servis mərkəzi olmadığına görə qərardadın icra edilməsi mümkün olmamış, "xxxx" MMC tərəfindən təqdim olunmuş mübahisə predmeti olan İMEİ kodu **********06024 X9 10 markalı mobil telefonu "xxxx" MMC-yə geri qaytarılmışdır.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17 iyul 2021-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********06024 XİAOMİ REDMİ NOTE 10 markalı telefon üçün 528,4 manat ödənilməmiş hissə, 52,6 manat cərimə olmaqla, ümumilikdə 581 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandırılmış və qeyd olunmuşdur ki, cavabdehin cəmi ödədiyi məbləğ 50 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə cavabdehin arasında bağlanmış 17 iyul 2021-ci tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təhsil aktında qeyd olunduğu kimi, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı cavabdehlə arasında olan telefon danışığı, həmçinin göndərdiyi 23 mart 2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

11. Cavabdeh Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə 24 noyabr 2023-cü il tarixdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmuş və bildirmişdir ki, iddiaçı "xxxx" MMC-dən aldığı mobil telefonu geri qaytarmış və bu əsasla mülki işin iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir.

12. Suraxanı rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, e-2(010)-5081/2023 nömrəli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır

13. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 may 2024-cü il tarixli, 5/547-3/755 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən İmei kod **********06024 XİAOMİ REDMİ NOTE 10 markalı mobil telefonun üzərində trasoloji zədə izləri yoxdur.

14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2(010)- 54/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

15. Qətnamə onunla əsaslandırılmışdır ki, hazırkı halda həmin əşyanın qüsursuz olması barədə sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur və lakin əşya cavabdehin verdiyi izahata görə qüsurlu olması səbəbindən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə servis mərkəzinə təhvil verilmişdir. İddiaçı tərəf həmin əşyanın təhvil götürüldüyünü, onun ixtisaslaşmış servis mərkəzində diaqnostikasının aparılmasını qeyd etsə də, sonradan cavabdehə hansı səbəbdən qaytarılmadığı və iki il ərzində bununla bağlı olaraq hər hansı tədbir görülməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh alqı-satqı müqaviləsi bağlayaraq telefonu xx.xx.2021-ci il tarixdə iddiaçıdan təhvil götürmüş, lakin sonradan həmin telefonda olan qüsurlar barədə iddiaçıya məlumat vermişdir. İddiaçı tərəfindən həmin telefonun yoxlanılması ilə bağlı cavabdeh ixtisaslaşmış servis mərkəzi olan "xxxx" MMC-yə yönləndirilmişdir. Cavabdeh həmin telefonu xx.xx.2021-ci il tarixdə təhvil vermiş və sonradan həmin telefonu təhvil almamışdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən alınmış əşyaya 1 illik zəmanət verilmişdir. Hazırda iddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə istinad edərək müqavilə üzrə nəzərdə tutulmuş əmlakın cavabdehə təhvil verildiyini və cavabdehin müqavilə üzrə öhdəliyini icra etmədiyini qeyd edərək cavabdehdən əmlakın dəyərini tələb edir. Cavabdeh tərəf isə qarantiya müddəti ərzində əşyada qüsurların olması ilə bağlı iddiaçı tərəfə məlumat verildiyini, lakin iddiaçı tərəfindən həmin əmlakın texniki göstəricilərinin yoxlanılması üçün ona təqdim olunan Texniki Xidmət Mərkəzinə müraciət etdiyini və həmin telefonu təhvil verdiyini qeyd etmişdir. İddiaçı tərəf cavabdeh tərəfə həmin əmlakda qüsurların mövcud olub-olmaması ilə bağlı olaraq cavab verməmiş, əmlakda qüsurların mövcud olub-olmaması ilə bağlı olaraq cavabın verilməsini üçüncü şəxs kimi "xxxx" MMC-dən asılı etmiş və əşya sonradan cavabdehə qaytarılmamış və bununla bağlı olaraq cavabdeh haqlı olaraq hesab etmişdir ki, artıq əşya qaytarılmış, müqavilə münasibətlərinə xitam verilmiş və müqavilə öhdəliyindən azaddır. Məhkəmə tərəfindən təyin olunmuş ekspertiza rəylərinə əsasən tədqiqata təqdim edilən İmei kod **********06024 XİAOMİ REDMİ NOTE 10 markalı mobil telefonun üzərində zədə və trasoloji zədə izləri mövcud olmamış, telefonda mövcud olan qüsurlar, onun işlək vəziyyətdə olub-olmaması ilə bağlı suallara cavab verilməmişdir. Mütəxxəsis rəyinin alınması üçün qərardad qəbul olunaraq ixtisaslaşmış servis mərkəzi olan "xxxx" MMC-yə göndərilmiş və verilmiş rəyə əsasən cihaza texniki baxış rəsmi Mixtech servisdə keçirilmiş, cihaz diaqnostika olunmuş, heç bir qüsur aşkar olunmamış, cihazın işlək vəziyyətdə olması və göstərilən spesifikasiyaya tam uyğun olması barədə rəy verilmişdir. İddiaçının nümayəndəsinin verdiyi izahata görə "xxxx" MMC Azərbaycan Respublikasında XİAOMİ markalı telefonların rəsmi distribyutorudur, onun ölkəyə idxal etdiyi əmlaka dair özü tərəfindən verdiyi mütəxəssis rəyində maraqlıdır. Tərəflərin hərəkətləri müqavilə öhdəliyindən yaransa da, sonradan müqavilə öhdəliyinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İşin faktiki hallarından da görünür ki, iddiaçı tərəf əmlakı təhvil - təslim aktına əsasən xx.xx.2021-ci ildə cavabdehə təhvil versə də, xx.xx.2021-ci il tarixdə əşya cavabdeh tərəfindən servis xidmətinə təhvil verilmiş, cavabdeh əşyadan təyinatı üzrə istifadə edə bilməmiş və həmin əşya 2021-ci ilin sentyabr ayından iddiaçıda qalmış və cavabdeh alğı-satqı müqaviləsinin icrasından imtina etmişdir. Cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında əşyanın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısına çevrilmiş, lakin əşyanın qüsurlu olması səbəbindən iddiaçıya təhvil verilməsi nəticəsində əşyadan təyinatı üzrə istifadə edə bilməmiş, həmin əşya iddiaçı tərəfindən yenisi ilə əvəz olunmamış və beləliklə cavabdeh əşyanı təhvil verməklə müqavilə öhdəliyindən azad olunmasını zənn etmiş, iddiaçı tərəf isə həmin əşyanı 2021-ci ildən özündə saxlamaqla müqavilənin tələblərinə zidd hərəkət etmişdir. Odur ki, mövcud iddia əsassızdır və təmin edilməməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385, 386, 425, 442, 448, 582-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmaması barədə nəticəyə gəlmiş, lakin bu nəticəyə gələrkən işin bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırma hissəsində müəyyən etmişdir ki, məhkəmə hesab edir ki, hazırkı halda həmin əşyanın qüsursuz olması barədə sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Lakin iddiaçının nümayəndəsi məhkəmə iclasında əşyanın qüsursuz olması barədə sübut təqdim etmişdir, amma cavabdeh məhkəmə prosesi vaxtı sözügedən telefonda olan qüsurların olduğunu bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Bundan başqa əlavə cavabdeh tərəfindən 14 sentyabr 2021-ci il tarixdə telefonu diaqnostika üçün servisə təhvil verilmişdir.14 sentyabr 2021-ci il tarixli № 271197 razlaşmadan görünür ki, cihaz servisdə olduğu müddətdə müştəriyə istifadə üçün “Hoffman Neo A 300” markalı İMEİ kodu: **********98228, **********98236 seriyalı telefon verilmişdir. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırma hissəsində (29 bəndində) müəyyən etmişdir ki, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin verdiyi izahata görə "xxxx" MMC Azərbaycan Respublikasında XİAOMİ markalı telefonları rəsmi distribyutorudur, onun ölkəyə idxal etdiyi əmlaka dair özü tərəfindən verdiyi mütəxəssis rəyində “maraqlıdır”. Lakin rəy verən ekspertlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması barədə məlumatlandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Maddə 576. Əgər satıcı verməli olduğu əşyaya aid ləvazimatı və ya sənədləri alıcıya vermirsə və ya verməkdən imtina edirsə, alıcı bunların verilməsi üçün ona ağlabatan müddət təyin edə bilər. Satıcı əşyaya aid ləvazimatı və ya sənədləri göstərilmiş müddətdə vermədikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyadan imtina edə bilər. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Maddə 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Maddə 583.1. Qarantiya müddətinin axımı, əgər alğı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. Maddə 584.2. Satıcı yararlıq müddəti müəyyənləşdirilmiş əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlıq müddəti bitənədək əşyadan təyinatı üzrə istifadə edilə bilsin. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: Maddə 587.1.1. alış qiymətinin mütənasib azaldılması; Maddə 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; Maddə 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: Maddə 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; Maddə 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Maddə 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Maddə 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Maddə 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.

23. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmiş, şikayətin dəlilləri isə yanlız formal mülahizələrə əsaslanmışdır.

28. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır, əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.

29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 427-ci maddəsi öhdəliyin ağlabatan müddət ərzində icrasını nəzərdə tutur, lakin hazırkı situasiyada ağlabatan müddətin tətbiqinə zərurət yoxdur. Belə ki, əyşa qüsurlarla bağlı iddiaçıya təhvil verilmiş, bundan sonra 2 il müddətində əyşa qaytarılmamışdır. İddiaçı əşyada qüsur olmadığını iddia edirsə, bu zaman bu barədə və əyşanın qaytarılması barədə cavabdehin məlumatlandırlması barədə sübutlar təqdim etməli idi ki, işin digər hallarının araşdırılması zərurəti yaransın. Lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Bu hal o nəticəyə gəlməyə satıcı əşyanı alıcıya verməkdən imtina etdiyinə görə alıcı da müqavilənin icrasından imtina etmişdir.

30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2(010)- 54/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2(010)- 54/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar