Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2495/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddiası; iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı iddiasına dair mülki iş üzrə (Açar sözlər: «daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçın nümayəndəsi Nümayəndə və birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-153/2024 saylı, 22 yanvar 2024-cü il tarixli qətnaməsindən birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsindəki 4 nömrəli evin, 81 kv. metr ümumi sahəsi olan 18 nömrəli mənzili mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. Mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadır.
2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxılində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.
3. Sözügedən torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti adından çıxış edən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizov ilə İddiaçı arasında 19 yanvar 2021-ci il tarixli, 1635 nömrəli icarə müqaviləsi bağlanmışdır.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 21 may 2020-ci il tarixli rəyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 saylı ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasına baxış keçirilərək, müəyyən olunmuşdur ki: - onların iki ədədi XX əsrin əvvəllərində (yəni, 100 ildən də əvvəl) inşa olunmuşdu, - yaşayış evinin girişində və fasad hissələrində suvaq və hörgü məhlulları aşınmışdır; - girişlərdə və mənzillərdə qalınlığı 2-3 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmışdır; - yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşlardan hörülmüş divarlarda gücləndirilmə tədbirləri görülmədən müxtəlif ölçülərdə boşluqlar açılmışdır ki, bu da binanın yükdaşma qabiliyyətinin azalmasına səbəb olmuşdur; - evlərin kommunikasiya sistemləri- elektrik, su və kanalizasiya sistemləri köhnəlmiş və yararsız vəziyyətdədir; - evlərin ön və arxa fasad hissələrində sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmişdir. İnşa edilmiş bu artırmalar evlərin əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və faza sərtliyini xeyli zəiflətmişdir; - yaşayış evləri mövcud tikinti norma və qaydalara cavab vermir.
5. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 may 2021-ci il tarixli, 11 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8 (səkkiz), 2 ədəd 10 (on), 2 ədəd 14 (on dörd) mərtəbəli yaşayış binaları və 5 ədəd 1 (bir) mərtəbəli qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək yekun olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 18 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 81 m2 sahədən ibarət olan mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsinə, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 18 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 81 m2 sahəsi göstərilən mənzilin əvəzinə yeni tikiləcək binada 2ci blok 4-cü mərtəbədə inşa ediləcək 155,6 m2 ölçüdə təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə Cavabdeh1 təhvil verilməsinə, boşaldılaraq təhvil verilməsi nəzərdə tutulan mənzilin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 800 (səkkiz yüz) manat məbləğində kirayə haqqı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Tələbdə göstərilir ki, İddiaçı MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. İddiaçı MMC Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18 dekabr 2020-ci il tarixli 274 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Hazırda Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən və kəskin qəzalı vəziyyətdə olan binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, 18 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh1 ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MMC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə (mülkiyyətçiyə) digər mənzil sahibləri kimi, sahib olduğu mənzilin əvəzinə yeni tikiləcək binada yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq kirayə haqqı təklif olunur. "xxxx" MMC iddiaçının mənzilinin yerləşdiyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi binanın 157-ə yaxın sakini ilə mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MMC öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları mənzillərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. İddiaçı MMC Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma əsaslandırılmasına, Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına və torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir.
8. Cavabdeh1 İddiaçı MMC-yə qarşı mülkiyyətə qəsdə son qoyulması və vurulmuş zərərin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, ev 4 ünvanında çoxmənzilli binada yerləşən 18 saylı mənzilə edilən qəsdə son qoyulması və həmin mənzilin yerləşdiyi blok, binanın dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsinin üzərində salınmış asfalt yoluna vurulmuş zərərin cavabdeh tərəfindən bərpa edilməsi və gələcəkdə zərər vurulmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Tələbdə göstərilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, ev 4 ünvanında coxmənzilli binada yerləşən 18 saylı mənzil onun mülkiyyətindədir və hazırda ailə üzvləri ilə birlikdə yeganə yaşayış yeri olaraq həmin mənzildə yaşayır. Hazırda yaşadığı evdə "xxxx" MMC tərəfindən hüquqları ciddi şəkildə pozulmaqdadır. Belə ki, həmin şirkət bina sakini olaraq onun razılığı olmadan həmin binanın söküntüsünə başlamışdır. Bunun nəticəsində mülkiyyətçisi olduğu mənzildə əmin-amanlıq içində yaşamaq kimi konstitusion hüququ zədələnməkdədir. Söküntü işləri bütün binanı təhlükəli vəziyyətə gətirmiş, bununla da ailəsinin yeganə sığınacaq yeri olan mənzilləri uçmaq təhlükəsindədir. Aparılan söküntü işləri nəticəsində binaya avtomobillə gediş-gəliş yolundan, normal həyat şəraitindən məhrum olmuşlar. Həyət tamamilə toz-duman içindədir. Təqdim olunan fotoşəkillərdən də görünür ki, bina şirkət tərəfindən istismara yararsız, acınacaqlı vəziyyətə salınmışdır. Dəfələrlə xəbərdarlıq edilsə də, bir faydası olmamış, şirkət özbaşınalığa davam etmişdir. Demokratik cəmiyyətdə bir vətəndaşın mülkiyyətinə bu formada qəsd yolverilməzdir və cəzasız qalmamalıdır. Qeyd edir ki, özü 70 yaşında olmaqla ikinci dərəcəli əlildir. Mənzildə onunla birlikdə 2 yaşlı nəvəsi də yaşayır. Şirkət tərəfindən binaya daxil edilmiş avadanlıqların səs-küyü uşaq başda olmaqla hamını vahiməyə gətirir, polisin müdaxiləsindən sonra həmin gün üçün işlər dayandırılsa da, yenidən davam etdirilir. Azad və demokratik cəmiyyətdə hüzurlu şəkildə xüsusi mülkiyyətində olduğu mənzildə yaşamaq hamı kimi onun və ailəsinin də haqqıdır. Lakin bu haqqları sözügedən şirkət tərəfindən kobudcasına pozulur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 17 may 2023-cü il tarixli 3-18-2/2-Z- 13xx-xx/2023 saylı məktubunda qeyd olunur ki, onun mənzilinin yerləşdiyi ünvanda ayrılmış torpaq sahəsində icazəverici sənəd olmadan "xxxx" MMC tərəfindən söküntü işləri aparıldığından Agentlik tərəfindən söküntü işlərinin dayandırılması barədə "Qərar" verilmiş və "Qərar"ın surəti əraziyə nəzarətin təmin olunması məqsədilə xx.xx.2023-cü il tarixli məktubla Nəsimi Rayon İcra Hakimiyyətinə və Nəsimi rayon Polis İdarəsinə göndərilmişdir. Göründüyü kimi, cavabdeh şirkətin tikintiyə icazəyə razılıq sənədləri olmadan mülkiyyətində olan mənzilin yerləşdiyi binada söküntü işləri aparması böyük masştablı pozuntuya yol vermək deməkdir. Belə ki, cavabdeh tərəf yüzlərlə insanın ümid yeri olan binanın əvəzində yeni bina inşa etmək üçün icazəsi olacağından əmin olmadan binanı sökməklə məsələyə necə qeyri-ciddi yanaşdığını nümayiş etdirir. Həmin şirkətə kim qarantiya verir ki, onlar həmin icazəni alacaqlar?! Almayacaqları təqdirdə insanların illərdi əmək sərf edərək əldə etdikləri mənzillərin taleyi necə olacaq?! Kapitalizmin pikini yaşadıqları dövrdə müqəddəs hüquq hesab edilən mülkiyyət hüququna bu cür yanaşma çox absurddur və qəbulolunmazdır. Cavabdeh ona və ailə üzvlərinə qarşı iddia qaldıraraq tələb etmişdir ki, o və ailə üzvləri tərəfindən ünvan 3 ünvanınd yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 75 m2 sahədən ibarət olan mənzil boşaldılaraq "xxxx" MMC-yə təhvil verilsin. Şirkət iddia tələbində binanın qəzalı vəziyyətdə olması və istismara yararsız vəziyyətdə olmasına əsaslanaraq iddia qaldırsa da, iddia ərizəsinə əlavə etdiyi iş materiallarında binanın qəzalı vəziyyətdə olması və istismara yararsız olmasına dair hər hansı bir sübut mövcud deyildir. Şirkət yalnız Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi "Azərdövlətsənayelayihə" DLİ-nin rəyini təqdim etmişdir ki, orada da binanın suvaq qatlarının, hörgü məhlullarının aşınması, tədqiq etdikləri mənzillərdə döşəmə hissələrinin deformasiya uğraması, binanın kommunikasiya sistemlərinin köhnəlməsi, binanın pilləkən qəfəslərində sakinlər tərəfindən metal tirlər üzərində müxtəlif tutumlu su çənlərinin quraşdırılması kimi aradan qaldırılması bina sökülmədən ən sadə yollarla mümkün olan qüsurlar müəyyən edilmişdir. Cavabdehin söküntü işləri apardığı binada yerləşən mənzil 18 onun mülkiyyətində olsa da, cavabdeh onun mülkiyyətinə əsassız olaraq müdaxilə edir. Lakin Konstitusiya və mülki qanunvericiliyə əsasən həmin hüququn müdafiəsinə dövlət tərəfindən təminat verilmişdir. Cavabdeh tərəfindən yol verilən hərəkətlər mülki hüquq subyekti olaraq onun iradə sərbəstliyini, mülki dövriyyə iştirakçısı olaraq onun əmlak müstəqilliyini, mülkiyyətinin toxunulmazlığı, müqavilə azadlığı kimi əsas mülki hüquq prinsiplərin pozulması ilə nəticələnir. Cavabdeh şirkətin bu cür özbaşınalıq üçün özünə əsas götürdüyü Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamında da onun mənzili də olan binanın yerləşdiyi 1.55 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Lakin sərəncamda nəzərdə tutulmasına baxmayaraq orada müəyyən olunan göstərişlərə əməl olunmamış, bina sakini olaraq onunla qarşılıqlı razılıq əldə edilmədən ciddi pozuntuya yol verilərək binada söküntü işləri aparılmışdır.
10. Birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan tələblər üzrə mülki işlər bir icraatda birləşdirilmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-153/2024 saylı, 22 yanvar 2024cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) ilkin iddia tələbinin qismən təmin edilərək həmin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 18 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 81 m2 sahədən ibarət olan mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 18 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 81 m2 sahəsi göstərilən mənzilin əvəzinə yeni tikiləcək binada 2-ci blok 4cü mərtəbədə inşa ediləcək 155,6 m2 ölçüdə təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə Cavabdeh1 təhvil verilməsi; boşaldılaraq təhvil verilməsi nəzərdə tutulan mənzilin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 800 (səkkiz yüz) manat məbləğində kirayə haqqı ödənilməsi və birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı mülkiyyətə qəsdə son qoyulması və vurulmuş zərərin bərpa edilməsi tələbinin rədd edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə ilk iddia üzrə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, ilkin iddia üzrə cavabdehlər "xxxx" MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, ilk iddia üzrə cavabdehlər, birləşdirilmiş iddia üzrə iddiaçı tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, həmin şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, 18 saylı mənzili boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla "xxxx" MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, ilk iddia üzrə cavabdehlərə əlverişli təkliflər etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçı "xxxx" MMC tərəfindən cavabdehlərin hüquqlarının pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 80 faizdən çox əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzillə təmin edilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehlərə aylıq kirayə haqqının verilməsi niyyətindədirlər. Bu isə ilk iddia üzrə cavabdehlərin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Bundan başqa, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh1 "xxxx" MMC-nin təklif etdiyi ədalətli, mülkiyyət hüquqlarının qorunması baxımından etdiyi təkliflərə münasibətdə hərəkətləri məhz hüquqdan sui-istifadədir. Belə ki, onlar konstitusiya ilə tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı şəhər İcra Hakimiyyətinin sərəncamını icra edən MMC-yə ziyan vuran şəkildə sui-istifadə edir, haqsız tələblər irəli sürürlər. Həmçinin ərazidən köçürülmüş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda birləşdirilmiş iddia üzrə iddiaçının hüquqdan sui-istifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Göstərilənləri nəzərə alaraq, qanunvericilikdə istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə tikinti məqsədləri üçün "xxxx" MMCyə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanılmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "xxxx" MMC öz üzərinə götürdüyündən, ilkin iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehlərin bütün hüquqları qorunduğundan (müqavilə şərtlərinə riayət edilməklə əvəzləşdirilən sahənin həcmi, kirayə haqqı və s. bəndlər üzrə tələblərə riayət olunduğundan) ilk iddia tələbi təmin edilməli, birləşdirilmiş iddia tələbi isə rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh1 birləşdirilmiş iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməməsini, birləşdirilmiş iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
14. Məhkəmə iclasında birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək birinci iddianın təmin edilməməsi, birləşdirilmiş iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu və şikayətin təmin olunmadan, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq birinci iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədilər. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
17. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 13, İİİ hissə. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri:
21. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.
22. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
24. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, birinci iddia təmin, birləşlirilən iş üzrə iddia isə rədd edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
25. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
26. Birinci iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, birləşdirilən iş üzrə iddianın isə faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından yeni veriləcək mənzilin ünvanın və otaq sayının tam qeyd edilməməsi hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
27. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə birinci iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik birinci iddia üzrə cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də tam aradan qalxmadığından yeni veriləcək mənzilin ünvanın və otaq sayının tam qeyd edilməməsi hissəsi istisna olmaqla birinci iddia haqlı sayılır.
28. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə aparılması zəruridir. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsindəki 4 nömrəli evin, 81 kv. metr ümumi sahəsi olan 18 nömrəli mənzili mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınması işin mübahisəsiz halıdır. Bununla yanaşı, həmin mənzilin qeydə alınmayan, yəni özbaşına inşa edilərək artırılmış sahələrlə birlikdə 120 kv. metr təşkil etdiyini də birinci iddia üzrə iddiaçı mübahisələndirmir, əksinə apellyasiya baxışı zamanı da bəlli oldu ki, söküləcək mənzilin qeydə alınmayan hissəsi də nəzərə alınaraq veriləcək mənzilin sahəsi söküləcək mənzilin faktiki sahəsinə uyğun olmuşdur. Düzdü, hazırki iddianın predmeti və əsası baxımından mənzilin dəyərinin bilavasitə əhəmiyyəti olmasa da qiymətin (dəyərin) sökülən mənzilin əvəzində veriləcək mənzilin sahəsi baxımından əhəmiyyət kəsb edə bilir. Mənzilin ölçüsü isə sökülən mənzilin əvəzində veriləcək yeni mənzilin sahəsi baxımından birbaşa əhəmiyyət kəsb edir. Bu mənada söküləcək mənzilin faktiki sahəsinin 120 kv. metrdən az yaxud çox olmasını tərəflər xüsusi olaraq mübahisələndirmir, mübahisələndirsəydilər yəqin ki, buna dair məhkəməyə hansısa sübut təqdim edərdilər. Buna baxmayaraq, birinci instansiya məhkəməsi mənzilin faktiki sahəsinin 120 kv. metr olmasını əsas götürüb onun əvəzində veriləcək yeni mənzilin ümumi sahəsinin 30 % artıq, yəni 155,6 kv. metr olmalı olduğunu qət etmişdir.
29. Qeyd olunduğu kimi, sökülməsi tələb edilən mənzilin sahəsini(ölçüsünü) tərəflər xüsusi olaraq mübahisələndrmir. Mübahisələndirilən hal onun əvəzində veriləcək yeni təmirli mənzillərin sayı və ölçüsü ilə bağlıdır. Apellyasiya baxışı zamanı dəfələrlə mübahisəni barışıq sazişi tamamlamaq tərəflərə təklif edilsə də real nəticəsi olmamışdır. Belə ki, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsindəki 4 nömrəli evin, 18 nömrəli mənzilin müqabilində qarşı tərəfdən tikiləcək binanın Mirqasımov küçəsi ilə Topçubaşov küçələrinin kəsişməsində yerləşən blokun 5 və ya 6-cı mərtəbəsində 155.6 kv.m 3 otaq və bu mərtəbələrdə əlavə 2 otaq(dəqiq sahəsini bilmədiyi üçün 95-100 kv.m sahəsi olmaqla)mənzil və 1 maşınlıq qaraj yeri, ağır xəstə və yaşlı adam olduğundan artıq istifadəyə verilmiş “Grand Plaza”dan 3 otaq 124.5 kv. metr olan 5 və ya 6-cı mərtəbəsində mənzil və eyni zamanda 500000(beş yüz min) manat istədiyini, bunun müqabilində 6 nəfər şəxsin yerləşə biləcəyi mənzilin kirayə haqqını, təmir pulunu və mənzilinə vurduqları maddi ziyan və bu müddət ərzində ona və ailə üzvlərinə yaşatdıqları həyacan, əziyyət və iztirablara görə mənəvi ziyanın əvəzini istəməyəcəyini, dövlətin nəticələrinə təminat vermədiyi bir şirkətə risq edib müqavilə bağlayacağını, bu müqavilə bağlanarsa şirkət müflis olduğu və ya öhdəlikləri başqa bir şirkətə keçəcəyi təqdirdə bu müqavilənin öhdəliklərinin bütövlükdə həmin şirkətin üzərinə keçəcəyi ilə bağlı şərtin müqaviləyə daxil edilməsini istədiyini, qeyd etdiyi şərtlər qəbul edilərsə İddiaçı MMC ilə razılığa gələ bilər. İddiaçı MMC isə bu şərtlərə etiraz etdi, eyni zamanda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2024-cü il tarixli rəyini təqdim edərək bildirdi ki, qeyd olunan mənzilin yerləşdiyi ünvanda analoji təmirli mənzilin 1 kv. metrinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 2400 manat təşkil edir. Məhkəmə tərkibinin təklifini nəzərə alaraq Cavabdeh1 mənzilinin faktiki sahəsi də nəzərə alınmaqla, yəni 120 kv. metrə görə 1 kv. metri 2500 manat olmaqla, cəmi 300000(üç yüz min) manat kompensasiya ödəməklə razılaşa bilərlər. Qarşı tərəf də bu təkliflə razılaşmadı. Göründüyü kimi, məhkəmə tərkibinin israrlı təşəbbüsünə baxmayaraq tərəflər bir-birinin təklifini qəbul etmədilər. Ancaq mübahisə də həll edilməmiş kimi qalmamalıdır. Çünki tərəflərin bu vəziyyətdə qalması hər iki tərəfin mənafeyinə uyğun olmamaqla yanaşı, yeni təmirli mənzillərini gözləyən yüzlərlə şəxsin maraqlarını da poza bilir. Ona görə də mübahisənin birdəfəlik həlli baxımından hər iki tərəfin mənafeyi nəzərə alınmaqla ədalətli nəticəyə gəlinməlidir.
30. Bu mənada, İddiaçı MMC Cavabdeh1 mülkiyyət hüququnu bu və ya digər formada pozmur və onu bundan məhrum etmir. Əksinə, onun mülkiyyətinin ədalətli qaydada, mütənasib olaraq mənzilinin qanuni sahəsindən 90 faizdən, faktiki sahəsindən isə 30 faizdən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən eyni ünvanda, yeni inşa olunacaq binada, hətta söküləcək mənzilin yerləşdiyi hissədə təmirli mənzili onun mülkiyyətinə verməyi təklif edir. İddiaçı MMC-nin şəhərin müasir tələbinə cavab verməyən Cavabdeh1 məxsus mənzilin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma işləri aparması və 90(faktiki sahənin isə 30 faizindən artıq) faiz artıq sahəyə malik mənzil verməsi söküləcək tikiliyə görə ədalətli və mütənasib təklifdir. Lakin Cavabdeh1la belə razılıq əldə etmək mümkün olmadığından onların yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış massivinin salınmasının icrasına maneçilik yaradır. Cavabdeh1 yeni mənzilin dəyərinin söküləcək mənzilin dəyərindən az olmasını bəyan etmir, əksinə söküləcək mənzilin real bazar dəyərinin yeni təmirli mənzilin dəyərindən aşağı olduğu açıq-aşkar görünür. Eyni zamanda yeni mənzil köhnə mənzilin yerində(hətta söküləcək mənzilin yerləşdiyi hissədə), eyni ərazidə veriləcək. Bu cür vəziyyətdə, həm dəyəri, həm digər şəraiti və halları baxımından söküləcək mənzildən fərqlənən yeni mənzil əksinə Cavabdeh1 istəyinə və maraqlarına uyğundur, qeyd olunduğu kimi o, bunu mübahisələndirmir. Lakin Cavabdeh1 daha artıq sayda və ölçüdə üç mənzil(lər)i, qaraj, üstəlik 500000(beş yüz min) manat əldə etməyə nail olmaq istəyi və arzusu anlaşılan olsa da bu hal digər tərəfin də hüquqlarını pozmamalı və mənafeyinə zidd olmamalıdır.
31. Konstitusiya Məhkəməsi Plenumu "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. 32.Göstərilənlərə baxmayaraq, qətnamənin nəticə hissəsinin üçüncü abzası qeyridəqiq olduğundan və tam olmadığından dəyişdirilməlidir. Belə ki, həmin hissədə yeni inşa olunacaq binanın ünvanı və mənzilin otaqlarının sayı göstərilməmişdir. Bu hal isə qətnamənin icrası zamanı qeyri-müəyyənliyə və çətinliyə yol açır. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 220.6-cı və 222.1-ci maddəsinin tələblərinə əsasən qətnamənin icrası zamanı veriləcək mənzilin ünvanı yeni qaydalara uyğun dəyişəcəyi istisna olunmur. Bu cür vəziyyətdə mənzilin nömrəsi, mərtəbə və.s hallar nəzərə alınmalı və qətnamə mahiyyətinə toxunulmadan buna uyğun icra edilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, birinci iddia üzrə cavabdehlər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür birinci iddianın təmin, ikinci iddianın isə rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
34. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-153/2024 saylı, 22 yanvar 2024-cü il tarixli qətnaməsi qismən, yəni İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 18 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 81 m2 sahəsi göstərilən mənzilin əvəzinə yeni tikiləcək binada 2-ci blok 4-cü mərtəbədə inşa ediləcək 155,6 m2 ölçüdə təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə Cavabdeh1 təhvil verilsin hissəsində dəyişdirilməli və İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsindəki yararsız və istismar müddəti keçmiş 4 nömrəli evin, 18 nömrəli, qeydə alınan ümumi sahəsi 81 kv. metr, faktiki sahəsi isə 120 kv. metr olan mənzilin əvəzinə həmin(eyni) ünvanda (yeni tikiləcək yaşayış binasının ünvanı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamında “Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsi” kimi qeyd edilib) yeni tikiləcək binanın 2-ci blok, 4-cü mərtəbəsində, sahəsi 155,6 kv. metr olan, 3 (üç) otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə Cavabdeh1 təhvil verilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-153/2024 saylı, 22 yanvar 2024-cü il tarixli qətnaməsi qismən, yəni İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 18 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 81 m2 sahəsi göstərilən mənzilin əvəzinə yeni tikiləcək binada 2-ci blok 4-cü mərtəbədə inşa ediləcək 155,6 m2 ölçüdə təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə Cavabdeh1 təhvil verilsin hissəsində dəyişdirilsin və həmin hissə aşağıdakı kimi qeyd olunsun: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsindəki yararsız və istismar müddəti keçmiş 4 nömrəli evin, 18 nömrəli, qeydə alınan ümumi sahəsi 81 kv. metr, faktiki sahəsi isə 120 kv. metr olan mənzilin əvəzinə həmin(eyni) ünvanda (yeni tikiləcək yaşayış binasının ünvanı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamında “Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsi” kimi qeyd edilib) yeni tikiləcək binanın 2-ci blok, 4-cü mərtəbəsində, sahəsi 155,6 kv. metr olan, 3 (üç) otaqlı təmirli mənzil binanın bünövrəsi qoyulduqdan 2 (iki) il müddətinə Cavabdeh1 təhvil verilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.