Məhkəmə qərarları › İş №2(103)-2499/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2499/2025

07.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2499/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı “ahıl şəxsə qulluq etmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsi baxılmamış saxlanılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı “ahıl şəxsə qulluq etmə faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3486/2024 nömrəli,xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1944-cü ildə anadan olmuş anası X3 70 yaşı tamam oluğundan xx.xx.2014-cü ildən qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu işə cəlb olunmuşdur.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3486/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadına əsasən Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı “ahıl şəxsə qulluq etmə faktının müəyyən edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılması və Ərizəçi ümumi əsaslarla iddia ərizəsi ilə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etmək hüquqlarının izah edilməsi qərara alınmışdır.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi məhkəməyə müraciət edərək ahıl şəxsə qulluq etmə faktının müəyyən olunmasını bildirsə də, maraqlı tərəf bu halı mübahisələndirmiş və bu faktın mübahisəli olduğunu bildirmişdir. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, hazırkı ərizə xüsusi icraat qaydasında baxıla bilməz və bu səbəbdən də baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iş materiallarında hüquq haqqında mübahisə olduğundan Ərizəçi ərizəsi baxılmamış saxlanılmalı və ərizəçiyə ümumi əsaslarla iddia ərizəsi ilə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilməlidir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

5. Ərizəçi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3486/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, onun ahıl şəxsə qulluq edilməsi faktının müəyyən edilməsi haqqında ərizəsində xahişi qanunidir. O, 2014-cü ilin iyulun 25-də 70 yaşı tamam olmuş anası X3 qulluq edib. Anası uzun müddətdir ki, “ürəyin işemik xəstəliyi,ateroskleroz, kartioskleroz, hipertoniya xəstəliyi İİ tip, şəkərli diabet İİtip” xəstəliklərindən əziyyət çəkirdi, səhhətində olan problemlərlə əlaqədar özü-özünü idarə edə bilmir, lazım olan ehtiyaclarını qarşılaya bilmirdi. Onun xüsusi qulluğa ehtiyacı var idi. Anasına o baxırdı, onun bütün ehtiyaclarını o ödəyirdi. Anasına baxdığına görə işləyə bilmirdi. O, ahıl şəxsə qulluqedilməsi ilə əlaqədar rəsmi dövlət orqanlarında qeydiyyatdan keçməsə də, faktiki olaraq anası X3 qulluq edib. Anası 6 noyabr 2024-cü il tarixdə vəfat etmişdir. O, ahıl şəxs kimi qulluq etməsi ilə əlaqədar 2024-cü ilin əvvəlində Suraxanı RİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etdi və bununla əlaqədar lazımi sənədləri təqdim etdi. Lakin ona xahişinə uyğun olmayan başqa şəkildə imtina verdilər. Məktubdan görünür ki, guya o, qəyyum təyin edilməsi ilə əlaqədar müraciət edib. Maraqlı şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu işə cəlb olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun21.2.4-cü maddəsinə əsasən ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. O, 2014-cü ildən anasına qulluq etdiyinə görə işləyə bilmir. Gələcəkdə pensiya yaşına çatanda sığorta stajının müəyyən edilməsində problemlər yaranacaqdır. Nəzərə alsalar ki, o, pensiya yaşına 2044-cü ildə çata bilər. Həmin vaxt o, ahıl şəxs olan anasına qulluq etməsini sübut etməsi çox çətin olacaqdır. Lakin, sənədləşdirmə aparılmasa da o, 2014-cü ildən başlayaraq 70 yaşa çatmış şəxsə qulluq edib. Qanuna əsasən ahıllara (yaşı70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Onun ərizəsi iş stajı faktının müəyyən edilməsi ilə əlaqədardır. Maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti imtina etdiyinə görə onun ahıl şəxsə 2014-cü ildən başlayaraq qulluq etmə faktını təsdiq edə bilən sənədləri başqa qaydada ala bilmək imkanı yoxdur. Mən iş stajının olması faktının müəyyən edilməsi barədə tələbini gələcəkdə pensiya almaq məqsədilə irəli sürüb.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3486/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin 2(010)-3486/2024 nömrəli, xx.xx.2024-il tarixli işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu şikayətə qarşı yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, ərizəçi valideyni X3 qulluqetmə faktının müəyyən edilməsini xahiş etmiş və bildirmişdir ki, o, pensiya yaşına 2044-cü il tarixdə çatacaqdır. Bu səbəbdən də hal-hazırda onun qulluq faktının təsdiqlənməsi heç bir hüquqi nəticə yaratmır. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə görə “Ahıllara qulluqetmə müddəti” əmək pensiyasının təyin edilməsi zamanı: 1.patronajın təyin edilməsi barədə qərara əsasən; 2.qulluq etməyə dair qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən, Ərizəçi qulluq dövrünü təsdiq edən akt, qərar və ərizə mövcud deyildir. Qulluq faktını təsdiq edən akt mövcud olmadan qulluqetmə faktının təsdiqlənməsi konstitusion prinsiplərin pozulmasına gətirib çıxarır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazımi olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3486/2024 nömrəli,xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı “ahıl şəxsə qulluq etmə faktının müəyyən edilməsi” tələbinə ərizənin icraata götürülməsi üçün mülki iş həmin məhkəməyə göndərilməlidir.

12. Ərizəçi məhkəməyə müraciət edərək, xx.xx.1944-cü ildə anadan olmuş anası X3 70 yaşı tamam oluğundan xx.xx.2014-cü ildən qulluq etməsi faktının müəyyən edilməsini xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsi tərəfindən ona istinad edilmişdir ki, hüquq haqqında mübahisə olduğundan Ərizəçi ərizəsi baxılmamış saxlanılmalı və ərizəçiyə ümumi əsaslarla iddia ərizəsi ilə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilməlidir.

14. Mülki Prosessual Məcəllənin 259.0.10-cu maddəsində qeyd edilir ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır.

15. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarında qeyd edilir ki, “...Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. “

16. Məhkəmə kollegiyası qeyd edir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür.

17. Mübahisələndirilən qərardaddan isə belə müəyyən olunur ki, ərizənin əsassızlığı barədə cavabdehin etiraz ərizəsini birinci instansiya məhkəməsi hüquq haqqında mübahisə hesab edərək xüsusi icraat qaydasında ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul etmişdir.

18. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qulluqetmə faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında verilmiş ərizə icraata götürülməsi üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3486/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə və Dövlət Sosial Müdafiə Fonduna qarşı “ahıl şəxsə qulluq etmə faktının müəyyən edilməsi” barədə ərizənin icraata götürülməsi üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar