Məhkəmə qərarları › İş №2(103)-25/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-25/2021

14.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-25/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızının və X3 ibarət tərkibdə, X20 oğlunun katibliyi, İddiaçı, onun nümayəndələri X12 və X5 (həmçinin, vəkili) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxslər X4 və X11) qarşı «bağ müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(005)-90/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxslər X4 və X11) qarşı «bağ müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Başçısı Aparatının 17 aprel 2007-ci il tarixdə X4 və X11 ilə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində 576 və 576a saylı bağa dair bağlanmış 9004 və 4024 nömrəli bağ müqavilələrinin etibarsız hesab olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu (Maştağa qəsəbəsi) Vişnyovka-2 bağ sahəsi, 575 saylı ev şəxsi mülkiyyətində olan bağ sahəsidir. Bağ evi uzun illərdir ki, ailəsinə məxsus olmuş və atasından vərəsəliklə onun adına keçmişdir. Bağ evi daşınmaz əmlakın dövlət reyestrində 124 nömrəli reyestr kitabının 12471 nömrəli vərəqində qeydiyyata alınmış, adına RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. Bağ sahəsi tərəfindən uzun illərdir ki, daş hasarla bağlanmışdır. Bağ sahəsinə giriş yalnız bir tərəfdən, yoldandır. Bağın bütün ətrafı qonşu bağlarıdır. Ağır xəstə olması ilə əlaqədar bir müddət ölkə xaricində olmuş, geri döndükdə bağında parnik əkilməsini və kənar şəxsləri görmüş, onlardan çıxmalarını tələb etmişdir. Hasarı uçurulmuş, onun sənədli torpağından dalan kimi yol hörülmüş və istifadə etdiyi 574 saylı bağın bir hissəsi və əlavə torpaq sahəsi zəbt olunmuşdur. O, öz mülkiyyətini müdafiə etmiş, torpağındakı hasarı uçurmuş, adamları bağından çıxarmışdır. Daha sonra isə onu məhkəməyə vermişlər. Torpaq sahəsi həmişə onun sahibliyində və istifadəsində olmuş və olmaqda da davam edir. Sabunçu rayon Məhkəməsinin qətnaməsini alarkən və işlə tanış olarkən məlum olmuşdur ki, 2007-ci ildə bağ sahəsinə dair kimlərəsə sənəd verilmişdir. Həmin sənədlərin saxta yaxud düz olduğunu bilmir. Düzdürsə də istifadəsində olan, hələ 60-cı illərdən hasarladıqları torpağı yalnız onlara verə bilərdilər. X4 və X9 adlarına Vişnyovka-2 bağ sahəsində 576 və 576a saylı bağ sahələrinə aid arxiv sənədlərinin ona verilməsi və həmin sənədlərin ləğv olunması barədə Cavabdehnə rəsmi məktubla müraciət etmiş, lakin müsbət nəticəsi olmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(005)- 90/2018 saylı qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbi təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin obyektiv araşdırılmaması, ona məxsus torpaq sahəsinin bir hissəsinin zəbt olunması və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş iddiaçı tərəf apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, tələbləri mübahisələndirilən müqavilələrin etibarsızlığı ilə bağlıdır, lakin apellyasiya şikayətində səhvən yeni tələblər irəli sürmüşdür. İddiaçının mülkiyyətində 0,18 ha torpaq sahəsi vardır, lakin faktiki sahibliyində olan torpaq sahəis daha çoxdur, onun bir hissəsi zəbt olunmuşdur. Bu səbəbdən də üçüncü şəxslərlə bağlanmış müqavilələrin etibarsız sayılmasını tələb etmişlər. Həmin müqavilələrin etibarsızlığı ilə bağlı məhkəməyə konkret sübut təqdim edə bilməmişlər, lakin hesab edirlər ki, müqavilələrdə göstərilən torpaq sahələri məhz iddiaçının faktiki və qanuni istifadəsində olan torpaq sahələrindən verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan bağın icarəyə verilməsi haqqında 14.11.1990-cı il tarixli, 7980 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Vişnyovka-2 bağ sahəsində 0,18 ha bağ sahəsi, sahəsi 22.4 kv.m olan 1 otaqdan ibarət bina X13 Azərbaycan SSR-nin Bakı şəhəri X16 İcraiyyə Komitəsinin nizamnaməsi əsasında fəaliyyət göstərən X7 və İstismarı birliyi tərəfindən icarəyə verilmiş, X6 vərəsəsi İddiaçı hesab edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 575 saylı bağ evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarış əsasında X6 mülkiyyətindədir. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0,18 ha torpaq sahəsində yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2, bağ sahəsi 575 saylı bağ evi iddiaçının adına xüsusi mülkiyyət hüququ ührə dövlət qeydiyyatına alınmışdır. İşdə olan 17.04.2007-ci il tarixli, 40224 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Vişnyovka-2 bağ sahəsində 0,12 ha olan 576a nömrəli bağ sahəsi, X2, 17.04.2007-ci il tarixli, 5004 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Vişnyovka-2 bağ sahəsində 0,07 ha olan 576 nömrəli bağ sahəsi, X10 Bakı şəhəri İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən X7 və İstismarı birliyi tərəfindən icarəyə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2017-ci il tarixli rəyindən görünür ki, 0,18 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla 575 saylı bağ sahəsi kimi iddiaçının adına rəsmiləşdirilmişdir. Lakin 576a və 576 nömrəli bağ sahələrinin ilkin torpaqayırma sənədləri və cizgi planının koordinatları barədə məlumat olmadığına görə onların harada yerləşməsini və üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 noyabr 2019-cu il tarixli rəyindən görünür ki, iddiaçı mülkiyyətində 0,18 ha torpaq sahəsi olsa da, faktiki istifadəsindəki torpaq sahəsi 1561 m2-dir. Çatışmayan 239 m2 torpaq sahəsi qonşular tərəfindən istifadə edilən torpaq sahələri ilə üst-üstə düşür, lakin 576a və 576 nömrəli bağ sahələrinin ilkin torpaqayırma sənədləri və cizgi planının koordinatları barədə məlumat olmadığına görə iddiaçıya məxsus torpaq sahəsinin konkret olaraq hansı hissədə və kim tərəfindən istifadə edilməsi barədə tədqiqatın aparılması mümkün olmadı. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 may 2021-ci il tarixli rəyindən görünür ki, iddiaçı tərəfindən iddia etdiyi torpaq sahəsinin 58,6 kv.m hissəsi texniki pasporta əsasən iddiaçının mülkiyyətindədir, faktiki olaraq qonşu bağ sahəsinin gediş-gəliş tolu kimi istifadə olunur. Faktiki olaraq iddiaçının istifadəsində 1840,0 kv.m torpaq sahəsi var, iddiaçının 2 tərəfdən gediş-gəliş yolu var. Əgər iddiaçı hasarını tam olaraq texniki pasporta uyğun tikərsə, qonşu bağın (qeydiyyatdan keçməmiş) gediş-gəliş yolu bağlanır. Ekspertiza tədqiqatına mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmadı. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən – iddiaçı tərəfindən tələbinin əsası kimi istinad etdiyi halların sübut olunmamasına, tərəflər arasında qanuni qüvvədə olan məhkəmə qərarının olmasına, əqdləri mübahisələndirməkdə müddətin keçməsinə və s. əsaslanmışdır. Məhkəmə kollegiyası iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı və hansı hallar nəticəsində bağlanmış əqdin etibarsız sayılması üçün əsaslar konkret olaraq göstərilmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İddiaçı əqdləri mübahisələndirsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, həmin əqdlərin onun maraqlarına toxunmasını əsaslandıra bilməmişdir. Əksinə, işdə olan məhkəmə qərarından (Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2016-cı tarixli qətnaməsi) görünür ki, Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı «torpaq sahəsindən çıxarılma, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təimn olunmuş, İddiaçı tərəfindən zəbt edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 ərazisində yerləşən 576 və 576a nömrəli bağ sahələrinin məcburi qaydada boşaldılması, İddiaçı vurulmuş maddi ziyanın əvəzi 1120 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manatın alınaraq Sunaxanım Məmmədovaya verilməsi qət edilmiş, həmin qətnamədən İddiaçı vermiş olduğu apellyasiya şikayəti qismən təmin edilərək Sabunçu Rayon Məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan maddi ziyanın məbləğinə aid hissədə dəyişdirilmiş, İddiaçı maddi ziyanın əvəzi qismində 794 manat Sunaxanım Məmmədovanını xeyrinə tutulmuşdur. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yuxarıda sadalanan sübutlardan da göründüyü kimi, eyni tərəflər arasında eyni predmet üzrə, yəni Bakı şəhəri İcra Başçısı Aparatının 17 aprel 2007-ci il tarixdə X4 və X11 ilə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində 576 və 576a saylı bağa dair bağlanmış 9004 və 4024 nömrəli müqavilələrə dair məhkəmə qətnamələri olmuş, müəyyən hallara hüquqi qiymət verilmişdir. Həmçinin qeyd edilməlidir ki, təyin olunmuş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatları zamanı da iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədləri ilə mübahisələndirilən müqavilələrdə göstərilən torpaq sahələrinin sərhədlərinin üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, ekspertizalar üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən qonşu bağ sahibləri tərəfindən gediş-gəliş yolu kimi istifadə olunması müəyyən edilsə də, məhkəmə kollegiyası bu hala hüquqi qiymət verməyi məqsədəmüvafiq hesab etmir. Çünki, iddiaçının iddia tələbi yalnız əqdlərin mübahisələndirilməsi ilə bağlı olmuş, hər hansı şəxsin torpaq sahəisndən çıxarılması və s. bu istiqamətdə digər tələb irəli sürməmişdir. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı apellyasiya şikayətində yeni tələblər irəli sürərək, mülkiyyətində olan torpaq sahəsinin 4,5 sot hissəsinin boşaldılmasını, mübahisələndirdiyi müqavlələrdə öz əksini tapmış torpaq sahələrinin onun bağ ərazisinə aidiyyətinin olmaması barədə qətnamə çıxarılmasını tələb etmiş, lakin iddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı apellyasiya şikaytətinə əlavə təqdim edərək, Bakı şəhəri İcra Başçısı Aparatının 17 aprel 2007-ci il tarixdə X4 və X11 ilə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində 576 və 576a saylı bağa dair bağlanmış 9004 və 4024 nömrəli bağ müqavilələrinin etibarsız hesab olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hər bir halda apellyasiya şikayətində irəli sürülmüş yeni tələblərlə bağlı qeyd edir ki, MPM-in 372.4-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və ona baxılmır. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddianın həm predmetinin, həm də əsasının dəyişdirilməsi yeni iddianın verilməsi kimi qiymətləndirilir. Belə iddia isə birinci instansiya məhkəməsinin baxışının predmeti olmadığı üçün apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin olmasını əsas gətirərək işi yeni iddia üzrə həll etmək və bununla da birinci instansiya məhkəməsini əvəzləmək hüququna malik deyildir. Məhz buna görə də MPM-in 372.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən qərarında həmçinin, qeyd etmişdir ki, MPM-in 372.5-ci maddəsində nəzərdə tutulmuş yeni tələb apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi həmin tələbin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, yeni tələblər apellyasiya instansiya məhkəməsi tərəfindən müstəsna hallarda qəbul edilə bilər ki, hazırki işdə də belə bir hal mövcud deyildir (iddiaçı birinci instansiya məhkəməsində iştirak etmiş, müstəqil qaydada müvafiq tələb irəli sürmək imkanında olmuşdur). Buna baxmayaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yeni tələbləri müstəqil qaydada irəli sürmək hüququ istisna olunmur. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən tələblərinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsası kimi istinad etidyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı 100 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X4 və X11) «bağ müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(005)-90/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli, 2(005)-90/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci İddiaçı aid edilsin. İddiaçıdan apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar