Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-25/2022 10.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(008)-7528/2018 saylı qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin qaytarılması» tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 39T 414541.53; 4479912.97 koordinatlar üzrə (2-ci sahə adlanan) ərazidə yerləşən torpaq sahəsində qanunsuz tikilmiş özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsini tikinti materiallarından boşaldılaraq onun istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(008)- 7528/2018 saylı qiyabi qətnaməsi ilə (hakim İmran Burcayev) iddia təmin olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş və şikayətində maddi və prosessual hüquq normalarının pozulmasını, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmamasını, mübahisəli tikilinin iddiaçıya aid torpaq sahəsində deyil, Ramana bələdiyyəsinin ərazisində inşa olunmasını və s. göstərmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunmalı, mülki iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Oxşar normalar həmçinin, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində də nəzərdə tutulmuşlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır (Konstitusiya Məhkəməsi Plenumunun «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair» 6 oktyabr 2012-ci il, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair» 4 aprel 2012-ci il, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair» 28 mart 2013-cü il tarixli Qərarları). Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hər bir iddia ərizəsini icraata qəbul edib, ona mahiyyəti üzrə baxarkən ilk növbədə həmin mübahisənin onun səlahiyyətinə aid olub-olmaması məsələsini yoxlamalıdır. İşdə olan Elektron Məhkəmə İnformasiypa Sistemindən çıxarşdan görünür ki, Cavabdeh 03.11.2011-ci il tarixdə ********** saylı VÖEN əsasında fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmış (sair ərzaq mallarının pərakəndə satışı), hüquqi ünvanı ünvan 1mışdır. İşdə olan sənədlərdən, həmçinin ekspertiza rəyindən görünür ki, mübahisədli tikili qeyri-yaşayış sahəsi olmaqla, Ramana qəsəbəsində yerləşir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aiddir. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 25-ci və 26-cı maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12 və 13-cü bəndlərində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Yuxarıda da qeyd edildiyi kimi cavabdeh fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir, eyni zamanda iddiaçı da hüquqi şəxs statusundadır. Birinci instansiya məhkəməsi isə, bu halları nəzərə almayaraq, mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aid olması məsələsini həll etmədən işi icraata götürmüş və mahiyyəti üzrə baxmışdır. Halbuki, MPM-in 31-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. İş materiallarından görünür ki, cavabdehin yaşayış yeri Bakı şəhərinin inzibati ərazisində yerləşir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, işə kommersiya xarakterli mübahisə kimi məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Qeyd edilən qərarın 8-ci bəndinə əsasən - işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPMin 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmə aidiyyəti (prosessual hüquq) qaydalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 26.1, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(008)-7528/2018 saylı qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(008)-7528/2018 saylı qiyabi qətnaməsi ləğv edilsin, mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Rafael Eyvazov Hakimlər Fuad Babayev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-25/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-25/2022
10.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver