Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2503/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə Açar sözlər: pulun tutulması X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 78/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh QSC (hazırda MTK - bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında 11 saylı binanın 1-ci blok, 13-cü mərtəbəsində ümumi sahəsi 105.5 kv.m olan 3 otaqlı, 60 nömrəli mənzili inşa edib təmirli vəziyyətdə iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə mənzili qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb edilən bütün ödənişləri cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 171.965 manat məbləğində müəyyən edilmişdir.
2. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 364 saylı kredit müqaviləsinə əsasən bank həmin mənzilin alınması məqsədilə iddiaçıya illik 8% dərəcəsi ilə 120 ay müddətinə 115.000 manat məbləğində kredit verməyi, iddiaçı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öhdələrinə götürmüşdürlər.
3. ünvan 1, ev 11, 12, mənzil 60 (Yeni qaydalarla: AZ1060, ünvan 2 ünvanında yerləşən 98.90 kv.metr ölçüdə mənzil xx.xx.2024-cü il tarixdə iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5318 saylı ekspert rəyinə əsasən ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının, 1-ci blok, 13-cü mərtəbəsində yerləşən 60 saylı mənzilin ümumi sahəsinin 105,5 kv.metr təşkil etdiyi və bu sahənin mənzil layihəsində göstərilmiş sahə ilə uyğun olduğu, Azərbaycan Respublikasının Şəhərsalma Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının, 1-ci blok, 13-cü mərtəbəsində yerləşən 60 saylı mənzilin sahəsinin 98,9 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. ünvan 3 ünvanında inşa edilmiş yaşayış binasının, 1-ci blok, 13-cü mərtəbəsində yerləşən 60 saylı mənzilin "xxxx" MTK tərəfindən mənzilin hesablanmış faktiki sahəsi (105.5 kv.m. müqavilə və əlavə 2) ilə Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş çıxarış hesablanmış mənzilin sahəsində (98,9 kv.m) yaranmış fərqin səbəbi, müqaviləyə əlavə edilmiş plan sxemdə sözügedən mənzilin sahəsi hesablanarkən xarici divarların yarısının və arakəsmə divarların yerləşdiyi sahənin, şaxtaların yerləşdiyi sahənin, sütunların altına düşən sahənin nəzərə alınmasıdır.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, “Alqı-satqı” müqaviləsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının tələblərini nəzərə almadan hesablanmış və onun tərəfindən artıq olaraq ödənilmiş 6.6 kv.m. üçün 10.758 manat məbləğin, kredit müqaviləsi üzrə 10.758 manat vəsait üçün hesablanmış 4.904,91 manat faiz məbləğinin, həmçinin bu günkü tarix üçün dəymiş zərərin əvəzinin ödənilməsi üçün Bank uçot dərəcəsi (8.11 (ortalama faiz dərəcəsi) faiz, 2 il 6 ay üçün hesablanmışdır) nəzərə alınmaqla hesablanmış 3.176 manat məbləğində vəsaitin, ümumilikdə 18.838,41 manat məbləğində vəsaitin və tərəfindən ödənilmiş 147 manat məhkəmə dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, müqavilə üzrə nəzərdə tutulmuş 105,5 kv.m. olan mənzilin ümumi sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda göstərilən 98,90 kv.m. olan mənzilin ümumi sahəsindən 6,6 kv.m. azdır. Müqavilədə və çıxarışda göstərilən ölçülərdə fərq yarandığından yaranmış problemi həll etmək məqsədilə onun tərəfindən cavabdehə pretenziya göndərilmiş və xx.xx.2024-cü il tarixdə “İsazadə” tərəfindən qəbul edilmişdir. Lakin, pretenziya məktubunun göndərilməsinə və cavabdehin xx.xx.2024-cü il tarixdən etibarən xəbərdar olmasına baxmayaraq heç bir hərəkət nümayiş etdirilməmiş və ödəniş icra olunmamışdır. Reyestrdən çıxarış adına rəsmiləşdirilərkən müqavilə üzrə alqı-satqını həyata keçirdiyi evə baxış keçirilməmiş və ölçü işləri aparılmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları tərəfindən mənzilin sahəsinin yerində ölçülməsi nəticəsində mövcud sahə çıxarışda hesablanmış mənzilin sahəsindən də, yəni, 98.90 kv.m-dən az sahə olacaqdır.
7. Cavabdeh MTK iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, analoji iddia tələbləri ilə bağlı qüvvədə olan məhkəmə qətnamələri ilə müqavilədə göstərilən sahə ilə mənzilin faktiki sahə ölçülərinin arasında heç bir fərq olmadığı müəyyən edilmişdir. Buna dair bir neçə ekspertiza rəyləri də mövcuddur. Bundan əlavə, mənzilin sahəsi və dəyəri layihə sənədinə əsasən müəyyən edilmişdir. İddiaçı da bununla razılaşmış və müqaviləni imzalamışdır.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 78/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərcinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim X5).
9. Məhkəmə xx.xx.2024-cü il tarixli ekspert rəyini mötəbər hesab edərək qeyd etmişdir ki, ekspert rəyi ilə razılaşmamaq üçün səbəb mövcud deyildir və məhkəmə tərəfindən tikinti normalarının pozulması ilə bağlı hal müəyyən edilməmişdir. Bundan başqa, tərəflər arasında razılıq əsasında müqavilə imzalanmış, həmin müqavilədə hesablanmış faktiki sahə ilə mənzilin çıxarışı arasında gələcəkdə yarana biləcək fərq izah edilmiş, çıxarışda eyvan, divaraltı sahə, şaxtaların sahəsi, beton sütünların alt sahələrinin qeyd edilməyə biləcəyindən xəbərdar olunması ilə bağlı şərt öz əksini tapmışdır. Həmçinin, müqavilədə mənzilin ayrı-ayrı kvadrat metrinin deyil, müqavilənin ümumi dəyərinin 171.965 manat məbləğində olduğu qeyd edilmişdir. Bundan əlavə, podrat müqaviləsinin bağlanması mənzilin tikilməsi ilə bağlıdır, belə ki, podratçı qiymət yaratma prosesində mənzilin tikilməsi ilə bağlı çəkiləcək xərcləri də - materiallar və işçilik qüvvəsini nəzərə alır. Bu səbəbdən müqavilənin qiyməti əlavə 2-də göstərilmiş kvadrat metrə uyğun hesablanmışdır. İş materialları ilə “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının tələblərinin pozulması və bunun nəticəsində cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsi müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir.
10. Məhkəmə iddiaçıya dəymiş maddi zərərin qaytarılması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi birinci hissədə təmin edilmədiyindən, yəni ölçü hesablaşmaları düz aparıldığından, iddiaçı tərəfindən artıq olaraq ödənilmiş 6.6 kv.m. üçün 10.758 manat məbləğin, kredit müqaviləsi üzrə 10.758 manat vəsait üçün hesablanmış faiz məbləğinin, həmçinin müvafiq tarix üçün dəymiş zərərin əvəzinin ödənilməsi üçün bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 1.310,64 manat məbləğində vəsaitin, ümumilikdə 16.000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi hissəsində də əsassızdır və təmin edilməməlidir .
11. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab etmişdir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. 50 manat ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir.
12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5-6-cı, 178-ci, 390-cı, 404-405-ci, 417-418-ci, 425-ci, 442-ci, 752-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunun 8-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 115-ci, 119.1-ci, 124-cü maddələrinə və “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qətnamə çıxaran məhkəmə Azərbaycan Respublikası Mülki Məcəllənin 417-ci maddəsinin 1, 2 və 3-cü bəndinin tələblərinin müqavilənin 8.11-ci şərtinə münasibətdə düzgüb tətbiq etməmişdir. Belə ki, məhkəmə iclaslarında izahat vermiş cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatla Müqavilənin 8.11-ci bəndində qeyd olunan şərtin standart şərt olduğunu və hər kəslə o şərtlə müqavilə bağladıqlarını bildirmiş olsa da, məhkəmə həmin izahatı görməzdən gələrək, düzgün qiymətləndirmə aparmadan həmin şərti müfəssəl şərt kimi qiymətləndirmişdir. Məhkəmə müqavilənin 8.11-ci bəndinin standart şərt olub-olmamasını, əgər standart şərtdirsə, müqavilənin tərkib hissəsinə çevrilib-çevrilmədiyini, əgər tərkib hissəsinə çevrilmişsə etibarlılıq şərtini ödəyib-ödəmədiyini müəyyən etməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
19. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır; 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın: 2-ci bəndinə əsasən balkon - fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydançadır; 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın hər hansı formada təmin edilməsinə əsas yoxdur.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinad edərək ilk növbədə qeyd edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh ünvan 3 ünvanında 11 saylı binanın 1-ci blok, 13-cü mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 105.5 kv.m olan 60 nömrəli mənzili inşa edib iddiaçının mülkiyyətinə verməyi, iddiaçı da həmin mənzilin müqavilə üzrə müəyyənləşdirilmiş dəyərini ödəməyi öz üzərinə götürmüşdür. Bundan sonra iddiaçı həmin mənzilin alınması məqsədilə ilə "xxxx" ASC ilə xx.xx.2022-ci il tarixdə kredit müqaviləsi bağlamış, nəticədə, bank ona illik 8% dərəcəsi ilə 120 ay müddətinə 115.000 manat məbləğində kredit verməyi, iddiaçı isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin mənzil xx.xx.2024-cü il tarixdə iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və reyestrdən verilmiş çıxarışda mənzilin 98.90 kv.metr ölçüdə olduğu göstərilmişdir.
27. Hazırda iddiaçı həmin müqavilənin şərtlərinə əsasən ona 105,5 kv.m ölçüdə mənzilin inşa edilib təhvil verilməli olmasına baxmayaraq, mənzilə dair verilmiş çıxarışda sahənin 98.90 kv.metr göstərildiyinə, faktiki olaraq reyestrdən çıxarış verilərkən səlahiyyətli şəxslərin sahəni ölçmək üçün mənzilə baxış keçirmədiyinə, reallıqda mənzilin sahəsinin daha az olduğuna istinad edərək, nəticədə yaranmış 6,6 kv.m ölçüdə fərqin dəyəri olan 10.758 manat məbləğin, əksik sahənin dəyərinə görə kredit müqaviləsi üzrə hesablanmış 4.904,91 manat faiz məbləğinin, həmçinin dəymiş zərərin əvəzinin ödənilməsi üçün Bank uçot dərəcəsi nəzərə alınmaqla hesablanmış 3.176 manat məbləğində vəsaitin və buna müvafiq olaraq ödənilmiş 147 manat dövlət rüsumunun ona ödənilməsini tələb edir. Cavabdeh iddiaçının tələbi ilə razılaşmır və müqavilədə göstərilən sahə ilə mənzilin faktiki sahəsi arasında ölçü etibarı ilə heç bir fərqin olmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir.
28. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsində yaşayış binalarında mənzillərin ümumi sahəsinə daxil olan sahələrin siyahısı göstərilmişdir. Bu siyahıya balkon daxil edilməsə də, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndində balkon yuxarıda göstərilən maddədə qeyd edilən terrasla birlikdə mənzilin ümumi sahəsinə daxil edilən sahə kimi təsbit edilmiş və mənzilin ümumi sahəsinin hesablanması zamanı bu sahələrin (balkonun) də xüsusi hesablanması qaydası müəyyən edilmişdir. Belə ki, mənzillərin ümumi sahəsi hesablanarkən balkonların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır.
29. Məhz yuxarıda istinad olunan Qaydaların tələblərinə uyğun olaraq (mənzildə olan 02 ədəd balkonun sahəsinin 0,3 azaltma əmsallarına vurulması ilə) hesablamanın aparılması nəticəsində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışda mənzilin ümumi sahəsinin 98,90 kv.m. ölçüdə olduğu göstərilmişdir. Həmin balkonların da real sahələrinin müvafiq olaraq 3,6 kv.m və 4 kv.m olması nəzərə alındığı təqdirdə qeyd edilən mənzillə bağlı tərtib edilmiş plana (texniki pasporta) əsasən mənzilin ümumi sahəsi (16,1+18,1+3.6+25,1+2,1+3,3+13,1+4+18,8) 104,2 kv.m. təşkil etmiş olur.
30. Mənzilin ümumi sahəsinin texniki pasporta əsasən 104,2 kv.m, müqavilə üzrə isə 105,5 kv.metr göstərilməsi (yaranmış 1,3 kv.m fərqlə) ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mənzili təmirlidir. Formalaşmış təcrübəyə əsasən mənzildə təmir işlərinin görülməsi, o cümlədən suvanma işlərinin aparılması divarların (nisbi əyriliyi nəzərə alınmaqla) 2-3 sm qalınlaşması (qabağa gəlməsi) ilə nəticələnir ki, bu da öz növbəsində mənzilin ümumi sahəsinin bir neçə (ən azı 1 kv.m.) azalmasına səbəb olur. Bu qənaətə gəlmək üçün xüsusi biliyə malik olmağa hər hansı ehtiyac yoxdur. Sadə məntiqlə də bu qənaətə gəlmək mümkündür. Bu hal da nəzərə alındığı təqdirdə mənzilin faktiki ümumi sahəsi ölçü etibarı ilə müqavilədə göstərilən sahə ilə eynilik təşkil edir.
31. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, mülki işə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və aparılmış ekspert tədqiqatı nəticəsində mübahisəli mənzilin ümumi sahəsinin 105,5 kv.m olması, o cümlədən mənzilin sahəsi hesablanarkən xarici divarların yarısının və arakəsmə divarların yerləşdiyi sahə, şaxtaların yerləşdiyi sahə, sütunların altına düşən sahə nəzərə alınmamaqla ümumi sahəsinin 98,9 kv.m olduğu müəyyən edilmişdir. Bu nəticəyə uyğun da rəy tərtib edilmişdir. Başqa sözlə, məhkəmə eksperti mənzilin sahəsi ilə bağlı hər hansı pozuntu aşkar etməmişdir. Halbuki, mübahisəli mənzil iddiaçının mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Bu baxımdan dövlət reyestrində əks olunmuş məlumatlar, o cümlədən sahənin (ölçünün) müəyyən edilməsinə əsas olmuş mənzilin texniki pasportunda olan göstəricilər (otaqların adı, sahəsi və sair) əsas götürülməli və mülki iş üzrə hüquqi dəyərləndirmə məhz texniki pasportda göstərilmiş otaqlar (texniki pasportda balkon da “otaqların təyinatı” bölməsində əks olunmuşdur) və onların sahələri əsas götürülməklə aparılmalıdır.
32. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi xx.xx.2022-ci il tarixli müqavilənin 8.11-ci bəndi ilə bağlı qeyd edir ki, bu bəndə əsasən iddiaçı xəbərdardır ki, mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda eyvan, divaraltı sahə, şaxtaların sahəsi, beton sütunların alt sahələri qeyd edilməyə bilər. Lakin nəzərə alınmalıdır ki, çıxarışda əks olunan sahə ilə faktiki sahə arasında fərq bu bənddə sadalanan sahələrin çıxarışda qeyd edilməməsi nəticəsində deyil, yuxarıda istinad olunan Qaydaların tələblərinə uyğun olaraq mənzildə olan 02 ədəd balkonun sahəsinin 0,3 azaltma əmsallarına vurulması ilə bağlı yaranmışdır. Həmin Qaydalarda eyvan və balkon bir tikili olaraq eyniləşdirilməmiş, fərqləndirilmiş, eyni zamanda, onlara fərqli azalma əmsalları tətbiq edilmişdir. Bu baxımdan hazırki mübahisənin həllində həmin bəndə istinad edilməsinə hər hansı hüquqi zərurət yoxdur.
33. Məhkəmə kollegiyası, iddia üzrə "mənzilin sahəsində yaranmış fərqin dəyərinin tutulması" tələbinin əsas tələb olduğunu, həmin tələbin əsassız olması qənaətinə gəlindiyini, iddia tələbinin "zərərin əvəzinin ödənilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə ilk hissəsinin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə bu tələblərə aid hissədə də qanuni və əsaslıdır.
34. Bununla belə, cavabdeh iddiaçı ilə aralarında yaranmış podrat münasibətləri üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verməmişdir. Mənzil müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya təhvil verilmişdir. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və apellyasiya şikayətinin rədd edilməsini şərtləndirir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-78/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.