Məhkəmə qərarları › İş №2(103)-2505/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2505/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2505/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6533/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 16 fevral 2015-ci il tarixli ********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(004)- 6533/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin gəldiyi nəticə və iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardadı tam əsassızdır belə ki, məhkəmə qərardadında, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin ləğv edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cümaddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Qeyd etmişdir ki, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə iddiaya qiymət verildiyindən iddiaçının cavabdehə qarşı həmin kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmaması qeyd edilmişdir. Belə olan halda hesab edir ki, hazırda İddiaçı barəsində eyni predmet üzrə Binəqədi Rayon Məhkəməsinin icraatında mülki iş yoxdur, Binəqədi Rayon Məhkəməsinin icraatında mülki müqavilənin ləğv edilməsinə dair deyil, tərəflər arasında hazırda iş yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6533/2022saylı, 01 fevral 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə iddiaya qiymət verildiyindən, iddiaçı cavabdehə qarşı həmin kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş üzrə yeni qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» № 02/2022 saylı 14 iyun 2022-ci il qərardadının 52-ci bəndinə görə məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair (etibarsızlığın növündən asılı olmayaraq) verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi MPM-in 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. İddia ərizəsindən göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank borc alana 60 ay müddətinə 400000 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda kredit müqaviləsinin mövcudluğuna həm müddətin bitməsi, həm də bankın mübahisə predmeti olan müqavilə üzrə borcun tutuımasına dair iddia ilə məhkəməyə müraciət etməsi ilə əlaqədar faktiki olaraq xitam verilmişdir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə müəyyən olunmuşdur ki, hazırkı iddiada mübahisələndirilən əqdə, yəni tərəflər arasında bağlanmış 16 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış borcun tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi, əmlakların satıldıqdan sonra boşaldılması tələbinə iddia ərizəsi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər İddiaçı və qeyrilərinə qarşı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli 2(001)-421/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi qət olunmuşdur. İddiaçı da sözügedən mülki işə baxıldığı zaman müqavilənin ləğv olunmasına dair mümkün dəlil və etirazlarını məhz bu icraat çərçivəsində irəli sürə bilərdi. Hazırda həmin qətnamə qanuni qüvvəyə minməmişdir, cavabdehlərdən Aydın Cəfərovun apellyasiya şikayətinə əsasən mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Başqa sözlə desək, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdur. Məhz bu baxımdan hazırki prosessual mübahisəyə Mülki Prosessual Məcəllənin 153.2.4-cü maddəsi tətbiq olunmalıdır. Beləliklə məhkəmə kollegiyası kredit müqaviləsi üzrə borcun tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığını, mülki iş üzrə məhkəmə araşdırmasının aparıldığını nəzərə alaraq hesab edir ki, verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən deyil, 153.2.4-cü maddəsinə əsasən imtina olunmalıdır. Qeyd olunan normaların özündə ehtiva etdiyi hüquqi məna fərqliliyi aşkardır. Beləliklə yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının tətbiqində səhvə yol verildiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6533/2022 saylı 20 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilməli; İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.2.4-cü maddəsinə əsasən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin q ərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6533/2022 saylı 20 dekabr 2022ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar