Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-478/2025 23.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 aprel tarixli 2-2(103)-319/2025 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 M MC arasında bağlanmış 2023-cü il 21 dekabr tarixli RB/XT-0005_REST saylı kredit verilməsinə dair Razılaşmaya əsasən illik 14 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 580 000 manat MMC-yə kredit verilmişdir.
2. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 ilə İddiaçı ASC arasında 2023-cü il 21 dekabr tarixli RB/XT0005_REST saylı zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2024-cü il 6 iyun tarixində iddia və daha sonra iddianın dəyişdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən (bundan sonra – “MMC”) 2023-cü il 21 dekabr tarixli, RB/XT-0005_REST saylı kredit müqaviləsi (bundan sonra – “kredit müqaviləsi”) üz rə kredit borcuna görə 580 000 manat, faiz borcuna görə 62 654,42 manat olmaqla cəmi 642 654,42 manat və dövlət rüsumu kimi ödənilmiş 933 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, MMC kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, bu barədə ona dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar olunsa da, heç bir nəticə verməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 7 avqust tarixli e-2-2(113)-4168/2024 nömrəli qərardadı ilə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təqdim etdiyi 2024-cü il 15 oktyabr tarixli e kspert rəyinə əsasən 2024-cü il 22 may tarixinədək MMC-nin iddiaçıya əsas borcu 580 000 manat, faiz borcu 26 860,71 manat müəyyənləşdirilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 dekabr tarixli e-2-2(113)-4168/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək kredit müqaviləsinə əsasən əsas borc üzrə 580 000 manat, faiz borcu üzrə 26 860,71 manat olmaqla cəmi 606 860,71 manat, eləcə də dövlət rüsumunun əvəzi olaraq 896,86 məbləğində pulun MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – K.Hüseynov).
7. Məhkəmə işin faktiki hallarına və ekspert rəyinə istinadla qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə borcu yaranmışdır. Belə ki, i ddiaçı tərəf 2024-cü il 23 may tarixində cavabdehə borcun tam tələb edilməsinə dair pretenziya göndərməklə müqavilənin ləğv olunması barədə iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Ona görə də faiz borcu məhz həmin pretenziyada göstərilmiş 2024-cü il 22 may tarixinədək hesablanmalıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 421, 470.1, 472.1, 472.2, 739.1, 740.1, 740.2, 740.5, 743.1, 743.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
9. MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 aprel tarixli 2-2(103)-319/2025 nömrəli qətnaməsi ilə MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: T.Mahmudova - sədrlik edən və məruzəçi, L.Əliyeva və Z.Şirinov).
11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, MMC dəlillərini əsaslandırmamış, borcun çox hiss əsinin ödənilməsi ilə bağlı hər hansı bir rəsmi sənəd və ya sübut təqdim etməmişdir. Ona görə də apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
12. Cavabdeh MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. MPM-in 88, 103.1, 217.1, 217.3 və 217.4-cü maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmiş, ümumiyyətlə, onları qətnaməsində müzakirə etməmiş dir. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi ekspert rəyi mötəbər deyil və buna görə də sübut kimi qəbul olunmamalıdır. Apellyasiya şikayətində də vurğulanmışdır ki, rəydə sadəcə bank tərəfindən cavabdehə hansı məbləğdə kredit verilməsi, cavabdeh tərəfindən hansı tarixlərdə ödənişlər edilməsi barədə məlumatlar yazılmış, silinmə ardıcıllığına bank tərəfindən riayət olunub-olunmaması, mənfi halda bunun qalıq borca hansı formada təsir etməsi yoxlanılmamışdır. Yəni məhkəmələrin yeganə sübut kimi istinad etdiyi ekspert rəyi əsaslandırılmamışdır. Elə buna görə də ekspert qalıq borcunu iddia ərizəsində göstərilən məbləğlərə uyğun hesablamışdır. Ona görə də belə bir ekspert rəyi əsasında gəlinən nəticə əsaslı və qanuni hesab edilə bilməz.
14. Belə ki, borcalan tərəfindən edilmiş öd ənişlər üzrə silinmə ardıcıllığına bank tərəfindən riayət edilməməsi (yəni edilən ödənişin əvvəlcə əsas, yoxsa faiz borcdan çıxılması) borcun miqdarına əhəmiyyətli şəkildə təsir edir. Silinmə ardıcıllığının pozulması qalıq borcun məbləğinin əsassız yerə şişməsinə və bu da borcalandan artıq pulun tələb edilməsinə və tutulmasına gətirib çıxarır. Elə buna görə də apellyasiya şikayətində bu məsələyə xüsusi diqqət çəkilmiş və ekspert tərəfindən həmin hal üzrə ekspertiza aparılmadan verilən rəyin sübut kimi qəbul edilməməsi barədə dəlillər irəli sürülmüşdür. Lakin apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin yol verdiyi səhvi təkrarlamış, qalıq borcunun məbləğinə təsir edən iş üçün əhəmiyyətli olan bu halı yoxlamamış, təkrar ekspertiza keçirməklə bu məsələni araşdırmamışdı r.
15. Digər tərəfdən məhkəmə qətnamədə apellyasiya şikayətinin dəlillərinin cavabdeh tərəfindən əsaslandırılmadığını qeyd etsə də, nəzərə almamışdır ki, bankın silinmə ardıcıllığına əməl edib-etməməsi, bunun qalıq borca hansı formada təsiri xüsusi bilik tələb edən məsələ olmuşdur. Qeyd olunan hal yalnız ekspert tərəfindən sənədlər əsasında müəyyənləşdirilə bilərdi. Ona görə də bu hissədə təkrar məhkəmə ekspertizasının keçirilməsinin zəruriliyi vurğulanmışdır. Lakin məhkəmə təkrar ekspertiza keçirməmiş, qətnaməsində, ümumiyyətlə, apellyasiya şikayətinin bu dəlilini ətraflı müzakirə etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etirazında vurğulamışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, kassasiya şikayətinin dəlilləri formal mülahizələrə söykənməklə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir. Ona görə də kassasiya şikayətinin təmin olunmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
17. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
18. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digə r əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür....” “Maddə
740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.... 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir i lin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir....” “Maddə
743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir....”
20. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxma nın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
22. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
23. Kassasiya şikayətlərinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
24. Əlavə olaraq Kollegiya qeyd edir ki, cavabdeh MMC ekspert rəyini mübahisələndirsə də, bu arqumentinin yoxlanılmasına əsas verən sübutlar təqdim etməmiş, fikrini ümumi sözlərlə ifadə etmişdir. Kifayət qədər əsaslandırılmış ekspert rəyini şübhə altına almağa əsas verən hallar müəyyən olunmamışdır.
25. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdeh MMC-nin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və mə hkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
26. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olubolmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunubolunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanun i hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
27. Həmçinin məhkəmə kollegiyasının hazırkı mövqeyi iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
29. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 9 aprel tarixli 22(103)-319/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.