Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2507/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (Açar sözlər: “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 1278/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 2012-ci il buraxılışlı “Toyota Prius” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək icbari qaydada sığortalanmışdır.
2. xx.xx.2022-ci il tarixdə cavabdeh idarə etdiyi “Toyota Prius” markalı avtonəqliyyat vasitəsi ilə **-KS-*** dövlət qeydiyyat nişanlı “X5” markalı avtomobilin toqquşması nəticəsində sonuncuya zərər dəymişdir.
3. “X5” markalı nəqliyyat vasitəsinə dəymiş zərərin 790 manat məbləğində olduğu müəyyən edilmiş və həmin məbləğ "xxxx" ASC tərəfindən zərərçəkənə ödənilmişdir.
4. Xətai rayon DYPŞ-nin xx.xx.2022-cİ il tarixli inzibati tənbeh vermə haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh tədbiq edilmişdir.
5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(011)- 4109/2023 saylı qərarı ilə Cavabdeh şikayəti təmin edilməmiş, Xətai rayonu X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2308/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4109/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 790 manat məbləğində sığorta ödənişinin əvəzi 30 manat dövlət rüsümu və 0.40 bank xidməti xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən idarə olunan **-HY-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə **-KS-*** dövlət qeydiyyat nişanlı “X5” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP5066071 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və cavabdeh inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 790 manat məbləğində zərər müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktlarına əsasən dəymiş zərərin bərpası üçün 790 manat sığorta ödənişinin zərərçəkən şəxsin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdehə ödənilmiş məbləğin şirkətin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş lakin cavabdeh tələb olunan məbləği ödəməmişdir.
9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023cü il tarixli qərardadları ilə iş üzrə məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 9/1341 nömrəli və xx.xx.2023-cü il tarixli 9/5429 nömrəli ekspert rəylərindən görünür ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “X5” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 790 manat müəyyən edilmişdir.
11. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 1278/2023 nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) iddia təmin edilmiş, Cavabdeh 790 manat pul vəsaiti və 30 manat dövlət rüsumu əvəzinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri mülki-prosessual qanunvericiliyin və «Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəylərin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Məhkəmə hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir.
13. Məhkəmə həmçinin hesab emişdir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1, 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tam obyektiv araşdırma aparmamışdır. Cavabdeh tərəfin bütün izahatlarından və verdiyi vəsatətlərdən göründüyü kimi onlar “X5” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı maşına dəymiş ziyan məbləğinin düzgün hesablanmamasını və nəqliyyat vasitəsinə baxış keçirilməklə, işdə olan hadisə zamanı çəkilmiş foto şəkillərə, video diskə baxmaqla ekspert rəyinin verilməsini tələb etmişdir. Lakin məhkəmə ekspertlər qarşısında yalnız ziyan məbləğinin bazar qiymətinə uyğun olub-olmaması barədə sual qoymuşdur. Əsas şikayəti qüsur aktında və nəqliyyat vasitəsinin əvvəlki vəziyyətinə gətirilməsi üçün göstərilən xərclərin həqiqətən həyata keçirilib-keçirilməməsidir. Aktda balans, razval, disk təmiri və s kimi bərpa işləri göstərilmişdir. Sual yaranır neçə təkərin balans qiymətidir, neçə diskin təmiri xərcidir, razval hansı hissənindir? Bu hissədə təkrar ekspertiza təyin edilməli və ekspert qarşısında nəqliyyat vasitəsinə baxış keçirilməklə, iş materiallarında olan hadisə zamanı çəkilmiş foto şəkillər və video görüntülərlə ziyan məbləğin müəyənləşməsi, həqiqətən göstərilmiş ehtiyat hissələri və təmir xərclərinin hadisə ilə səbəbli əlaqəsini, ehtiyyat hissələrinin dəyişdirilməsinə hansı zərurətin olmasına cavab verilməsi tələb olunmalıdır. Əslində qeyd etdiyi hissələri Sığorta şirkətinin mütəxəssisləri də ətraflı araşdırmalı idi. Hadisədən uzun müddət sonra DYP əməkdaşlarının qüsur aktına əsasən vətəndaşa sığorta ödənişi vermişdir. Hansı əsasla verməsi də onlara məlum deyil. Sığorta şirkəti bu gün nəqliyyat vasitəsinin hadisə zamanı çəkilmiş şəklini və s. belə təqdim edə bilmir. Məhkəmə bu istiqamətdə də obyektiv araşdırma aparmalıdır. İddiaçı tələbi üzrə yalnız sığorta ödənişi barədə sənədi və ziyan məbləinin hesablanması barədə sənəd təqdim etmişdir. Lakin işdən göründüyü kimi sığorta hadisəsi barədə iddiaçıya uzun müddət sonra məlumat verilmişdir. Bəlkə bütün göstərilən ziyanların hamsı hadisə zamanı yaranmamışdır. Bu barədə iddiaçı fotoşəkil və s kimi sübutlar təqdim etməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, qeyd olunmuş təmir işləri avtomobilin daxilində olan işlərlə bağlıdır. Lakin qəza baş verən zaman avtomobilin çöl hissəsinə zərər dəyməlidir. Bacısı Cavabdeh idarə etdiyi avtomobil ilə digər avtomobilin təkərinə toxunub. Anlayışı olmadığı üçün polis inspektoru nə deyibsə, izahatında onu yazıb. Belə ki, o, hadisə yerindən yayınmamışdır. Qonşu özünü cavabdehə avtomobilin sahibi kimi təqdim etmiş və heçnə olmadığını, gedə biləcəyini bildirmişdir. Hesab edir ki, ziyan şişirdilmişdir, avtomobilin yalnız təkərinə toxunulmuşdur, belə olan halda, avtomobilin yalnız “razval”-ı pozula bilərdi. Ekspert rəyi əsassızdır, iştirakları təmin olunmamışdır.
19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 936.1.Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
21. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni bütvlükdə mübahisələndirdiyindən qətnamənin əsaslığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, işdə olan sübutlarla müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən idarə etdiyi **-HY-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtonəqliyyat vasitəsi ilə **-KS-*** dövlət qeydiyyat nişanlı “X5” markalı avtonəqliyyat vasitəsinin toqquşması nəticəsində sonuncuya zərər dəymişdir. Cavabdeh mülki məsuliyyətinin icbari sığortaçısı - iddiaçı tərəfindən dəymiş zərər görə zərərçəkənə 790 manat məbləğində sığorta ödənişi edilmişdir.
27. İşdə olan sübutlardan həmçinin görünür ki, Cavabdeh yol-nəqliyyat hasisəsinin baş verməsində təqsirkar olmuş və o, hadisə yerindən yayınmışdır.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
29. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini rəhbər tutaraq düzgün olaraq nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
30. Bundan başqa, cavabdeh apellyasiya şikayətində mübahisənin ədalətli və obyektiv həlli məqsədilə təkrar ekspertiza keçirilərək dəqiq məbləğ müəyyən edilməli olduğunu bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iki dəfə ekspertiza təyin edilmiş, ekspert qarşısında avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin nə qədər təşkil etməsi ilə bağlı suallar qoyulmuş və ekspert rəylərinə əsasən 2011-ci il buraxılışlı “X5” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmirbərpa xərcinin hadisə baş verən tarixə təxminən 790 manat olduğu müəyyən edilmişdir.
31. Kollegiya hesab edir ki, tərtib edilmiş rəydə əks olunan məlumatlar işdə olan digər sübutlarla uyğunluq təşkil etməklə bir-birini tamamladığından birinci instansiya məhkəməsi düzgün olaraq iş üzrə keçirilmiş əmtəəşünaslıq ekspertizasının rəyini mötəbər sübut kimi qiymətləndirmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
33. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-1278/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: