Məhkəmə qərarları › İş №2(103)-2507/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2507/2025

29.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2507/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddialar barədə məlumat

1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 1.944 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Qala südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Onunla cavabdeh Birlik arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” əsasən həmin yaşayış sahəsi Birlik tərəfindən təbii qaz ilə təchiz edilir və bununla bağlı olaraq Birlik tərəfindən həmin ünvanda qaz sayğacı quraşdırılmış və ünvana **********02030 saylı abonent kodu verilmişdir. Ünvanda istifadə edilən təbii qazın dəyəri də iddiaçı tərəfindən həmin sayğacın göstəricisinə əsasən ödənilir. İddiaçı ödənişləri vaxtında həyata keçirir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, ona aid olan abonent hesabına 1.944 manat məbləğində borc hesablanmışdır. Bunun səbəbləri barədə maraqlandıqda Birlik tərəfindən iddiaçıya bildirmişlər ki, borc, Birliyin əməkdaşlarının xx.xx.2022-ci il tarixdə tərtib etdikləri akt əsasında hesablanmış və aktın tərtib edilməsinə əsas kimi, aktda qeyd edilmişdir ki, iddiaçının ünvanında təbii qazdan qeyri-qanuni, yəni sayğacdan kənar çəkilmiş boru vasitəsi ilə istifadə edilmişdir. İddiaçı bildirir ki, onun ünvanında qeyri-qanuni qaz xətti olmamışdır. Aktda göstərilənlər həqiqəti əks etdirmir. Buna görə də, akt əsaslı hesab edilə bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, akt tərtib edilən zaman Birliyin əməkdaşları bu barədə iddiaçıya məlumat belə verməmişlər. Odur ki, həmin akt əsasında hesablanmış borc silinməlidir.

3. Cavabdeh Birliyin buna səlahiyyətli olan nümayəndəsi də öz növbəsində Birliyin adından iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadəyə görə Birliyə vurulmuş ziyanın ödənilməsi məqsədi ilə 1.944 manat məbləğində zərərin, iddiaçının qanuni yolla təbii qazdan istifadə etməsi ilə bağlı yaranmış debitor borcunun ödənilməsi məqsədi ilə 1.059,90 manat, qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50,04 manat məbləğində pulun iddiaçıdan tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 03/19269 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus olan və yuxarıda qeyd edilən yaşayış sahəsi Birlik tərəfindən təbii qaz ilə təchiz olunur. Bununla bağlı olaraq Birlik tərəfindən həmin ünvanda “G-4” markalı qaz sayğacı quraşdırılmış və ünvana **********02030 nömrəli abonent kodu verilmişdir. Birliyin əməkdaşları tərəfindən həmin ünvana aid qaz xəttinə və qaz sayğacına mütəmadi olaraq baxış keçirilmişdir. Birliyin əməkdaşları xx.xx.2022-ci il tarixdə həmin ünvana aid qaz sayğacına və borulara baxış keçirən zaman müəyyən etmişlər ki, iddiaçı, qaz sayğacından kənar olaraq qaz xəttinə qanunsuz qoşulmuş və təbii qazdan qanunsuz olaraq istifadə edir. Bununla bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və müvafiq hesablama aparıldıqdan sonra müəyyən edilmişdir ki, iddiaçı, qeyd edilən xətt vasitəsi ilə 16.200 kub metr həcmdə, yəni 1.944 manat dəyərində təbii qazı talamışdır. Həmin borc məbləği iddiaçının abonent hesabına daxil edilmiş və borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. Lakin iddiaçı borcu ödəməmişdir. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçının təbii qazdan istifadə etməsi nəticəsində 2023-cü ilin oktyabr ayının sonuna kimi hesablanmış 1.059,90 manat məbləğində debitor borc yaranmışdır. Həmin məbləğin də ödənilməsi iddiaçıdan tələb olunsa da, iddiaçı həmin borcu da ödəməmiş və bu azmış kimi, Birliyə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də, Birlik, məcburiyyət qarşısında qalaraq iddiaçıya qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş və qarşılıqlı iddianın verilməsi üçün 50,04 manat məbləğində dövlət rüsumu ödəmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə ilk iddianın təmin edilməsini, Birlik tərəfindən iddiaçıya hesablanmış 1.944 manat borcun silinməsini, qarşılıqlı iddianın qismən təmin edilməsini, debitor borcun ödənilməsi məqsədi ilə 1.059,90 manat, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün Birliyin ödədiyi dövlət rüsumunun bir hissəsinin, yəni 30,60 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdeh Birliyə ödənilməsini, iş üzrə keçirilmiş ekspertizanın xərcinin ödənilməsi məqsədi ilə 65 manat məbləğində pulun Birlikdən tutularaq dövlət büdcəsinə ödənilməsini, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi ilk iddia üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi ilə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəydən müəyyən edilir ki, iddiaçıya aid ünvandakı qaz borularının üzərində qanunsuz qoşulmaya xas olan izlər aşkar edilməmişdir. Bunun əksini təsdiq edə biləcək və ekspertiza tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutlar cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Birlik tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də, ilk iddia əsaslı hesab edilərək, təmin edilməli, Birlik tərəfindən iddiaçıya əlavə sərfiyyat kimi hesablanmış 1.944 manat məbləğində borc silinməlidir. Yuxarıda qeyd edilən mövqedən çıxış etmiş Rayon Məhkəməsi qarşılıqlı iddia üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Birlik tərəfindən iddiaçıya əlavə sərfiyyat kimi hesablanmış 1.944 manat məbləğində borc əsassızdır. Buna görə də qarşılıqlı iddianın həmin məbləğin iddiaçıdan tutularaq Birliyə ödənilməsi barədə hissəsi təmin edilə bilməz. Lakin işin hallarından görünür ki, iddiaçı, təbii qazdan istifadə etsə də, qazın dəyəri olan 1.059,90 manatı Birliyı ödəməmişdir. Buna görə də, qarşılıqlı iddianın debitor borcun ödənilməsi barədə hissəsi əsaslı hesab edilərək, təmin edilməlidir. Məhkəmə xərcləri ilə bağlı iş üzrə gəldiyi nəticəni Rayon Məhkəməsi onunla əsaslandırmışdır ki, Birlik tərəfindən iddiaçıya əlavə sərfiyyat kimi 1.944 manat borcun hesablanması ondan irəli gəlir ki, Birlik hesab edir ki, iddiaçı, qanuni qaz xəttinə sayğacdan kənar qoşularaq qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etmişdir. Lakin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəydən görünür ki, iddiaçıya aid ünvandakı qaz borularının üzərində qanunsuz qoşulmaya xas olan izlər aşkar edilməmişdir. Bu baxımdan qəbul edilməlidir ki, müzakirə edilən mülki mübahisə Birliyin əsassız hərəkəti nəticəsində yaranmış, iddiaçı məcburiyyət qarşısında qalaraq ilk iddia ilə məhkəməyə müraciət etmişdir. Buna görə də, ekspertiza tədqiqatının xərci tam həcmdə, dövlət rüsumu isə bir hissədə Birliyə aid edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddianın rədd, qarşılıqlı iddianın isə tam həcmdə təmin edilməsini xahiş etmişdir.

8. Əsasları qarşılıqlı iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin müəyyən edilmiş halları üzrə səhv nəticəyə gələrək iddianı təmin, qarşılıqlı iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) hazırkı iş üzrə apellyasiya baxışının həddi barədə məlumat

9. Qarşılıqlı iddianın bir qismi Rayon Məhkəməsi tərəfindən təmin edilməsə də, qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) qətnamədən apellyasiya şikayəti verməmiş, qarşılıqlı iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişdir.

10. Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Birliyin qətnamədən verdiyi apellyasiya şikayətinin məzmunundan görünür ki, Birlik, qarşılıqlı iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin mövqeyini mübahisələndirmir.

11. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. Odur ki, MPM-in qeyd edilən maddəsinin tələbindən çıxış etmiş Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barədə məlumat

13. İş üzrə iddiaçı və cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər.

14. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) işdə olan sənədlər barədə məlumat

15. Cavabdeh Birlik ilə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 03/19269 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilədən və işdə olan digər sənədlərdən görünür ki, iddiaçıya məxsus olan və iddia ərizəsində qeyd edilən ünvanda yerləşən yaşayış sahəsi cavabdeh Birlik tərəfindən təbii qazla təchiz olunur. Bununla bağlı olaraq Birlik tərəfindən həmin ünvanda qaz sayğacı quraşdırılmış və ünvana **********02030 nömrəli abonent kodu verilmişdir.

16. Müqavilənin şərtlərinə görə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Birliyə dəymiş zərərin əvəzini ödəmək istehlakçının (hazırkı halda iddiaçının) vəzifəsidir (maddə 2.3.4.). Qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 kub metr üçün 0,10 manat müəyyən edilmişdir. Qazın qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyindən, bu müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. Hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank, internet, poçt və ya ödəmə terminalları vasitəsilə tam ödənilməlidir (maddələr 3.1. və 3.4.).

17. Birliyin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, iddiaçıya məxsus ünvanda aid qaz xəttinə və qaz sayğacına baxış keçirilən zaman iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi aşkar edilmişdir.

18. Birliyin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” ******* saylı tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 2 kub m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 kub m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, İran İslam Respublikasında istehsal olunmuş sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş təbii qazın həcmi cəmi 16.200 kub metr təşkil edir.

19. Birlik tərəfindən cavabdehin adına tərtib edilmiş “Abonent saldosundan” görünür ki, Birlik tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli akt əsasında 1.944 manat məbləğində əsas borc və 1.059,90 manat məbləğində debitor borc olmaqla cəmi 3.003,90 manat borc hesablanmışdır.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli, 3/1534 saylı rəydən görünür ki, iddiaçıya məxsus ünvanda tədqiq edilən qaz borularının üzərində hər hansısa müdaxilə nəticəsində yaranmağa xarakterik olan izlər və zədələr, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat

21. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsinin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) hesablanmış borcun silinməsinin və qarşılıqlı olaraq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.

22. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

23. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

24. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-8-1-ci maddəsinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

26. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Məhkəmə xx.xx.2022-ci il tarixli akta əsasən 1.944 manat abonent olan iddiaçıya hesablanmış borcun tutulması hissəsinə münasibətdə bildirir ki, sayğaca məhz istehlakçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün iddiaçının həmin borc məbləğinin silinməsi barədə ilk iddiası əsaslı, həmin məbləğin iddiaçıdan Birliyin xeyrinə tutulması barədə qarşılıqlı iddiada ifadə olunmuş tələb isə əsassızdır.

28. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş və yuxarıda qeyd edilən xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus ünvanda tədqiq edilən qaz borularının üzərində hər hansısa müdaxilə nəticəsində yaranmağa xarakterik olan izlər və zədələr, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

29. Buna görə də, Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi ilk iddianın təmin edilməsini, Birlik tərəfindən iddiaçıya hesablanmış 1.944 manat borcun silinməsini, qarşılıqlı iddianın qeyd edilən həmin məbləğin iddiaçıdan tutularaq Birliyə ödənilməsi barədə hissəsini təmin etməməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin bu nəticəsinə, yəni apellyasiya baxışının predmetini təşkil edən nəticəsinə aid apellyasiya şikayətinin dəlili əsassızdır. h) apellyasiya baxışının nəticəsi

30. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

33. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

34. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar