Məhkəmə qərarları › İş №2(103)-2509/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2509/2023

03.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2509/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Bakı şəhəri 23 saylı Notariat ofisinə qarşı iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə3 və maraqlarına toxunan şəxsin nümayəndəsi Nümayəndə5 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı və Cavabdeh1 1995-ci ildə nikaha daxil olmuşlar. Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən «Opel Vita» markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. Cavabdeh1 adına Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir, lakin 23 saylı DNK-nın 4Ə-41 reyestr nömrəli xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. Mübahisəli torpaq sahəsi hazırda Maraqlı şəxs mülkiyyətindədir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri və cavabdehin adına rəsmiləşdirilmiş “Opel Vita” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə iddiaçının, ½ hissəsinə cavabdehin paylarının müəyyən olunması; cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında 16 fevral 2016-cı il tarixində Bakı şəhəri 23 saylı Notariat ofisində bağlanmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsi ilə bağlı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin torpaq sahəsinin ½ hissəsinə iddiaçının, ½ hissəsinə cavabdehin paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli əmlaklar onların birgə nikahı dövründə əldə edilmişdir. Hazırda faktiki nikah münasibətlərində olmadıqlarından birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü zərurəti yaranmışdır. Cavabdeh1 2016-cı ildə əmlakın bölgüsündən yayınmaq üçün torpaq sahəsini digər cavabdeh basıcı Cavabdeh3 bağışlamışdır. Bağışlama zamanı Cavabdeh1 nikahda olması gizlədilmiş, notariusa guya subay olması barədə yalan məlumat verilmiş, notarius da bunu yoxlamayaraq iddiaçının buna notariat qaydasında təsdiq edilmiş yazılı razılığı olmadan bağışlama müqaviləsini təsdiq etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-174/22 saylı iş üzrə 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisəli əmlakların iddiaçı ilə Cavabdeh1 birgə nikahları dövründə əldə olunması təsdiq edilmişdir. Cavabdeh mübahisəli torpaq sahəsinin basıcı Cavabdeh3 vəsaiti hesabına əldə edildiyini və iddiaçının bağışlama müqaviləsi barəsində hələ bağışlama müqaviləsi bağlanan zaman məlumatı olmasını bildirsə də, bu halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin belə qənaətə gəlmişdir ki, mübahisəli əmlakların tərəflərin birgə nikah dövründə birgə qazancı hesabına əldə edildiyi tədqiq olunmuş sübutlarla təsdiq edildiyindən, eyni zamanda torpaq sahəsi bağışlanarkən torpağın digər mülkiyyətçisi, yəni iddiaçının buna notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi alınmadığından bağışlama müqaviləsi etibarsız hesab edilməli, iddia tələblərindən kənara çıxılmaqla torpaq sahəsinin Cavabdeh3 adına özəlləşdirilməsi ləğv edilməli və mübahisəli əmlaklarda, yəni avtomobil və torpaq sahəsində tərəflərin payları bərabər müəyyən edilməlidir

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1, 33.4, 36.1-36.3, 37.1-ci, Mülki Məcəllənin 337, 354-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Mübahisəli torpaq sahəsinin hazırkı mülkiyyətçisi Maraqlı şəxs maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti verərək qətnamənin qismən - torpaq sahəsinə pay hüququnun tanınması hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ildən alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsində ailəsi ilə inşa etdiyi evdə yaşayır. Hazırkı iddiaçı və cavabdehləri ümumiyyətlə tanımır. Torpağı 17 dekabr 2019-cu ildə X1 deyilən şəxsdən 60000 manata notarial qaydada alqı-satqı edərək alıb. Hazırkı iddiaçıdan, cavabdehlərdən heç kim mübahisəli evə gəlməyiblər. Vicdanlı alıcıdır, onunla bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş hallar mövcud deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apelyatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

14. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

15. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər

16. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

17. Maddə 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.

18. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

19. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

22. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

23. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə maraqlı şəxs tərəfindən torpaq sahəsinə pay hüququnun tanınması hissəsində mübahisələndirildiyindən və cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmədiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

28. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 arasında 16 fevral 2016-cı il tarixində Bakı şəhəri 23 saylı Notariat ofisində bağlanmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 saylı binanın yaxınlığında yerləşən 0.025 ha torpaq sahəsi ilə bağlı bağışlama müqaviləsi etibarsız hesab edilmiş, həmin torpaq sahəsinin ½ hissəsinə iddiaçının, ½ hissəsinə cavabdehin payları müəyyən edilmişdir. Maraqlı şəxs həmin torpaq sahəsinə mülkiyyət hüququnun hansı əsaslarla yaranması məhkəmə baxışının predmeti olmamış, onun mülkiyyət sənədləri mübahisələndirilməmişdir. Başqa sözlə, məhkəmə yalnız ər-arvadın birgə mülkiyyətdəki paylarını müəyyən etmiş, İddiaçı (arvadın) pozulmuş hüququnu bərpa etmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, mübahisəli əmlak üzərində payların müəyyən edilməsi Maraqlı şəxs mülkiyyət hüququnun əldə edilmə əsaslarını mübahisə predmetinə çevirməmişdir.

29. Birinci instansiya məhkəməsi haqlı olaraq ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə arvadın razılığı olmadığını əsas götürməklə bağışlama müqaviləsini etibarsız saymış və həmin əmlakda ər-arvadın paylarını müəyyən etmişdir.

30. Məhkəmənin gəldiyi bu nəticə Mülki Məcəllənin 225.6-cı maddəsinin də tələbinə uyğundur. Həmin maddəyə görə daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

31. Konstitusiya Məhkəməsinin Plenumunun bir çox qərarlarında formalaşmış hüquqi mövqeyə görə məhkəmənin mübahisəni ər-arvadın ümumi mülkiyyətinin hüquqi rejimi ilə bağlı ailə və mülki qanunvericilikdə müəyyən edilmiş normaların məzmununa və məqsədinə həll etməməsi şəxsin qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etmiş olur.

32. Apellyasiya şikayətinin başqa bir dəlili iddia müddətinin tətbiq olunmaması barədədir.

33. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

34. Hazırkı işdə Maraqlı şəxs qarşı hər hansı tələb, o cümlədən onunla bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə tələb irəli sürülməmişdir və o, hazırkı işdə cavabdeh deyil. Sadəcə, Maraqlı şəxs hazırda mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olması nəzərə alınaraq o, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maraqlarına toxunan şəxs kimi tanınmışdır.

35. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən mübahisə tərəfi olan Cavabdeh1 tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmiş və ərizəsi təmin olunmamışdır. Hazırkı apellyasiya icraatında isə Cavabdeh1 şikayətinə baxılmır.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğundur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 10 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar