Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2514/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı İş üzrə (Açar sözlər: “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), İğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 859/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X1 məxsus “Mercedes Benz C200” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır.
2. xx.xx.2023-cü il tarixdə cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ilə “Mercedes E240” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində sonuncuya zərər dəymişdir.
3. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərara əsasən “Mercedes Benz C200” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Qurbanov X2 Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddələri ilə (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) təqsirli bilinmiş və 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.
4. “Avtomobillərin Texniki Xidmət Mərkəzi” tərəfindən təqdim edilmiş xx.xx.2023cü il tarixli qüsur aktına əsasən “Mercedes Benz E240” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin 680 manat məbləğində olduğu müəyyən edilmiş və həmin məbləğ "xxxx" ASC tərəfindən zərərçəkənə ödənilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 680 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun, cəmi 690 manatın "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il, saat 22:30da Bakı şəhəri, M.Kazımovski küçəsində cəmiyyət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış və Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz C200” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mercedes E240” markalı, 99-DN331 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Sabunçu rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* №-li inzibati tənbeh vermə haqqında qərara əsasən,Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6,327.1ci maddələrində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. “Avtomobillərin Texniki Xidmət Mərkəzi” tərəfindən təqdim edilmiş xx.xx.2023cü il tarixli Qüsur aktında göstərilmişdir ki, “Mercedes E240” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 680 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA138438/23 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 680 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 859/2025 nömrəli qətnaməsi ilə (hakim E.M.Mustafayev) iddia təmin edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə xx.xx.2023-cü il tarixində, saat 22:30 radələrində Bakı şəhəri, M.Kazımovski küçəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz C200” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mercedes E240” markalı, 99-DN331 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri toqquşması, eləcə də yol hərəkəti qaydalarını pozan “Mercedes Benz C200” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınması sübuta yetirilmişdir.
9. Məhkəmə dəymiş ziyanla bağlı sığorta ödənişinin tam olaraq sığorta şirkəti tərəfindən (qarşı tərəfə) ödənildiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmış və tələb olunan 680 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 922.1, 926.1, 926.2, 926.3, 936.1, 936.5, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, 1114.1, 1114.3-cü maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 106.1, 119.1-ci maddəsinə istinadla əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, qətnamə qəbul edilərkən maddi və prosesual hüquq normaları pozulmuş, iş üçün zəruri olan bütün hallar araşdırılmamış, məhkəmə səhv nəticəyə gələrək qətnamə qəbul etmişdir. İş materialları ilə sübut olunur ki, iddiaçı əsassız olaraq ondan vurulmamış zərərin əvəzi kimi artıq pul tələb edir. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərin surətindən də görünür ki, iddiaçı onun tərəfindən vurulmamış zərərin əvəzini tələb edir. Bununla da, iddiaçı onun hesabına əsasız olaraq varlanmaq istəyir. Məhkəmə öz qətnaməsində iş üçün zəruri halları araşdırmamış və vurulmuş real zərərin əvəzini müəyyənləşdirməmişdir. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sübutları möhtəbər sübut kimi qəbul edərək əsassız qətnamə qəbul etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, yol nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi **-LO-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkət edərkən zərər vurulmuş 99-DN 331 dövlət nömrə nişanlı avtomobil buferin arxa alt hissəsindən zədələnmiş, heç bir detal sınmamış, yalnız yüngül zədələnmişdir. Bu fakt X6 təhqiqatçısının hadisədən dərhal sonra hadisə yerində tərtib etdiyi aktda da öz təsdiqini tapır. Bu fakt da ondan iddiaçının artıq təmir xərci tələb etməsi üçün əsasız zəmin yaratmışdır. Məhkəmə sorğu verərək DYP-dən ilkin yerində müayinə aktını (hadisə nəticəsində zərərçəkmiş avtomobilin hansı hissələrinin zədələnməsi barədə aktı) alıb iş materialları ilə birgə araşdırmamışdır. Belə ki, hadisədən dərhalsonra hadisə yerinə gələn DYP-nin əməkdaşının tərtib etdiyi protokolda qeyd olunan zədələnmə ilə qüsur aktı arasında böyük fərq vardır. Təqdim etdiyi foto şəkillərdən də görünür ki, digər zədə almış avtomobilin zədələnən hissəsi cüzi olduğundan onun təmirinə də az məbləğ sərf olunub. Məhkəmə ekpertiza təyin etməmiş və hadisə nəticəsində vurulmuş real zərəri müəyyənləşdirməmişdir. Məhkəmənin heç bir ekspert rəyinə, DYP-nin aktına və sair iş üçün zəruri olan digər sübutları əldə etmədən iddiaçının təqdim etdiyi qüsur aktını möhtəbər sübut kimi qəbul etməsi əsassız və qanunsuzdur. Qüsur aktında qeyd olunan zədələnmiş detalların sayı, vurulmuş zərərin miqdarı, zərər çəkmiş avtomobilə hadisə vaxtı vurulmuş zərəri əks etdirmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 936.1.Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Maddə 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslığı tam olaraq yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, işdə olan sübutlarla müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə cavabdeh idarə etdiyi “Mercedes Benz C200” markalı nəqliyyat vasitəsi ilə “Mercedes E240” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində sonuncuya zərər dəymişdir. Cavabdehin mülki məsuliyyətinin icbari sığortaçısı - iddiaçı tərəfindən dəymiş zərərə görə zərərçəkənə 680 manat məbləğində sığorta ödənişi edilmişdir.
23. İşdə olan sübutlardan həmçinin görünür ki, cavabdeh yol-nəqliyyat hasisəsinin baş verməsində təqsirkar olmuş və o, hadisə yerindən yayınmışdır.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
25. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini rəhbər tutaraq düzgün olaraq nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
26. Bundan başqa, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qüsur aktında nəqliyyat vasitəsinin zədələnmiş detallarının hər biri ayrı-ayrılıqda göstərilmiş və vurulmuş zərərin miqdarı hesablanmışdır. Cavabdeh bunun əksini sübut edən mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.
27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
28. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 859/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: