Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2515/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-nin X6 İdarəsinə qarşı iş üzrə (Açar sözlər: işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin X6 İdarəsinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4603/2022 saylı 29 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 18 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ASC-nin X6 İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, A-290/2020 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən Cavabdeh ASC-nin X6 İdarəsinin 6 nömrəli Regional Sukanal İdarəsi üzrə suölçən Cihazların Quraşdırılması, təmiri və İstismarına nəzarət qrupunun İsmayıllı Sukanal sahəsi üzrə 10-cu dərəcə ilə metrologiya üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. Müqavilə 3 ay sınaq müddəti olmaqla xx.xx.2021-ci il tarixədək bağlanmışdır. Əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
2. İddiaçı tərəfindən Cavabdeh ASC-nin X6 İdarəsinin baş mühəndisi Rəşad Qorçiyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli izahatda bildirilmişdir ki, iş əmrlərinin doldurulmasında göstəricilərin düzgün qeyd olunmaması və mal-materialın iş əmrində öz əksini tapmaması öz məsuliyyətsizliyindən irəli gəlir. Yoxlama qrupunun ona tutduğu nöqsanlar doğrudur. Bir daha belə halların baş verməməsi üçün tam məsuliyyətlə öz işində dönüş yaradacaqdır.
3. Cavabdeh ASC-nin X6 İdarəsinin intizam tənbehi haqqında xx.xx.2020-ci il tarixli, 99 nömrəli əmrinə əsasən Cavabdeh ASC-nin X6 İdarəsinin 6 nömrəli Regional Sukanal İdarəsi üzrə X4 metrologiya üzrə mühəndisi İddiaçı Əmək məcəlləsinin 10-cu maddəsinin tələblərini pozmaqla əmək müqaviləsi və vəzifə təlimatı üzrə öhdəliklərini icra etməyərək icra intizamını pozduğundan Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Əmrin əsasını xx.xx.2020-ci il tarixli, 252 saylı xidməti məlumat təşkil edir.
4. Cavabdeh ASC-nin X6 İdarəsinin intizam tənbehi haqqında xx.xx.2021-ci il tarixli, 382 nömrəli əmrinə əsasən Cavabdeh ASC-nin X6 İdarəsinin 6 nömrəli Regional Sukanal İdarəsi üzrə X4 metrologiya üzrə mühəndisi İddiaçı Əmək məcəlləsinin 10cu maddəsinin tələblərini pozmaqla əmək müqaviləsi və vəzifə təlimatı üzrə öhdəliklərini icra etməyərək icra intizamını pozduğundan AR Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Əmrin əsasını xx.xx.2021-ci il tarixli, 1252 saylı xidməti məlumat təşkil edir.
5. İddiaçı tərəfindən Cavabdeh ASC-nin X6 İdarəsinin baş mühəndisi Rəşad Qorçiyevə ünvanlanmış xx.xx.2021-ci il tarixli izahatda o, xidməti yoxlama zamanı tutulmuş nöqsanlara aydınlıq gətirərək qeyd olunan nöqsanların bir daha olmayacağına və işində daha məsuliyyətli olacağına söz vermişdir.
6. Cavabdeh ASC-nin X6 İdarəsinin intizam tənbehi haqqında xx.xx.2021-ci il tarixli, 388 nömrəli əmrinə əsasən Cavabdeh ASC-nin X6 İdarəsinin 6 nömrəli Regional Sukanal İdarəsi üzrə X4 metrologiya üzrə mühəndisi İddiaçı Əmək məcəlləsinin 10cu maddəsinin tələblərini pozmaqla əmək müqaviləsi və vəzifə təlimatı üzrə öhdəliklərini icra etməyərək icra intizamını pozduğundan Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən şiddətli töhmət verilmişdir. Əmrin əsasını xx.xx.2021-ci il tarixli, 1315 saylı xidməti məlumat təşkil edir.
7. İsmayıllı rayon Prokurorluğunun Cavabdeh ASC-nin X6 İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, ********* nömrəli təqdimatına əsasən İddiaçı barəsində intizam icraatı qaydasında tədbir görülməsi məsələsinə baxılması xahiş edilmişdir.
8. Cavabdeh ASC-nin X6 İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 08 saylı iclas protokolundan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli xidməti məlumat və Azərbaycan Respublikası Prokurorluğu İsmayıllı rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli, ********* nömrəli təqdimatına əsasən Cavabdeh ASC-nin X6 İdarəsinin 6 nömrəli Regional Sukanal İdarəsi üzrə X4 metrologiya üzrə mühəndisi İddiaçı əmək funksiyasını yerinə yetirərkən öz səlahiyyətlərini aşması, işinə məsuliyyətsiz yanaşması və öz əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi nəticəsində istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına gətirib çıxarmış əməllərinə görə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə müsbət rəy verilmişdir.
9. xx.xx.2022-ci il tarixli, 45-k saylı əmrə əsasən əsasən Cavabdeh ASC-nin X6 İdarəsinin 6 nömrəli Regional Sukanal İdarəsi üzrə X4 metrologiya üzrə mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə ğhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir və işçiyə 55 təqvim günü hesablanmaqla məzunniyət haqqının ödənilməsi əmr edilmişdir. Əmrin əsasını xx.xx.2022-ci il tarixli, 453 saylı xidməti məlumat və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 02 saylı məktubu təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin X6 İdarəsinin 45-k nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv olunması, əvvəlki iş yerinə bərpa olunması, habelə işdən azad edildiyi vaxtdan iş yerinə bərpa olunduğu günə kimi məcburi işburaxmaya görə ona dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2014-cü ilin noyabr ayından Cavabdeh ASCnin İsmayıllı Sukanal sahəsində metroloq vəzifəsində işləməyə başlamış və xx.xx.2022-ci il tarixədək həmin vəzifədə çalışmışdır. Uzun müddət üzərinə düşən əmək funksiyalarını layiqincə yerinə yetirmişdir. xx.xx.2021-ci il tarixdə müdir vəzifəsinə təyin edilmiş Xalid Şirinov öz qohumu olan Anar Güləliyevi abonentlərlə iş qrupunun mühəndisi vəzifəsinə təyin etmişdir. Yeni müdir onun iş fəaliyyətindən razı qalmış və aralarında hər hansı narazılıq olmamışdır. İdarədə yazılmış qanun vardır ki, hər bir işçi özünün tanıdıqları, qohumları, dostları və s. üçün ödənilməmiş və ödənilməsi gecikdirilən su borclarının ödənilməsinə köməklik edir. Uşaqlıq dostu olan X2 da müəyyən qədər su borcu yaranmışdır. Bu barədə ona idarənin müdiri məlumat vermiş və uşaqlıq dostu ilə danışıb borcunun ödənilməsi, əks təqdirdə suyunun kəsiləcəyi barədə xəbərdarlıq etməsini bildirmişdir. Fazillə əlaqə saxlayaraq bu barədə ona xəbərdarlıq etmişdir. Lakin dostu ona Basqal qəsəbəsində işdə olması səbəbindən axşam saatlarında borcunu ödəyəcəyini vəd vermişdir. O, bu barədə su verilməsinin dayandırılması işləri ilə məşğul olan Anar və Cümşüdə bildirmişdir. Lakin 10 dəqiqə sonra Fazil ona zəng edərək xahişinin nəzərə alınmadığını və suyun kəsildiyini, eyni zamanda nazaslıq yarandığından axıntı səbəbiylə su basdığını demişdir. O, dərhal Anarın telefonuna zəng edərək, rəisi və onu məlumatlandırdığı halda nə üçün suyu kəsməsini soruşmuşdur. Anar isə cavabında onun ünvanına nalayiq ifadələr işlədərək telefonu söndürmüşdür. Bundan sonra o, su axıntısı ilə bağlı xidməti vəzifəsini icra etmək məqsədilə abonentin yaşadığı ünvana getmişdir. Oraya çatdıqda idarənin 11-12 nəfər işçisinin orada olmasını görmüşdür. O, maşından enən kimi Anar onun qolundan tutub kənara çəkmiş və sinəsindən zərbə ilə vurmuşdur. O, Anarın bu hərəkətin heç bir reaksiya verməmiş və yerində donub qalmışdır. Bu zaman Zəfər adlı işçi Anarı tutub ayırmışdır. Fazil isə bu anda Anarın nalayiq söyüşlə danışmasını eşidib və onu vurmasını görüb Anarı arxadan yumruqla vurmuşdur. Bundan sonra hər kəs sakitləşmiş və hamı dağılışmışdır. Danışıqlardan ona məlum olmuşdur ki, su kəsildikdən sonra Fazil əvvəlcə Anara zəng edib, sonra isə ona zəng edib su axıntısı barədə məlumat vermişdir. Belə ki, o, hadisə yerinə gəldikdə Anarın orada olması barədə məlumatı olmamışdır. Baş vermiş hadisədə onun təqsiri olmamışdır. Həmin hadisədən 5-6 gün sonra X6 İdarəsinin hüquqşünası baş ofisdən dəvət edilmiş və ondan şifahi qaydada hadisənin necə baş verməsini soruşmuş, o isə hadisəni olduğu kimi danışmışdır. xx.xx.2022-ci il tarixdə o, özü Bakı şəhərində baş idarəyə dəvət edilmişdir. Orada məlum olmuşdur ki, barəsində rayon prokurorluğu tərəfindən təqdimat verilmişdir. Həmin gün də ona əvvəlcədən məlumat verilməməsinə baxmayaraq, təcili olaraq həmkarlar ittifaqının iclası keçirilmişdir. Ona azadedilməyə dair özünün ərizə yazması təklif edilsə də, bu təkliflə razılaşmamışdır. Bundan sonra həmkarlar təşkilatı onun işdən azad edilməsinə qanunsuz olaraq razılıq vermişdir. Həmkarlar təşkilatının rəyi əsasında Cavabdeh ASC-nin NÖCİ-nin xx.xx.2022-ci il tarixli 45-k saylı əmrinə əsasən işdən azad edilmişdir. Həmin əmri qanunsuz hesab edir, belə ki, hadisə obyektiv araşdırılmamışdır. Həmçinin, onun hadisə yerində olması xidməti vəzifələrinə uyğun olmuşdur. Çünki əsas vəzifəsi 6 saylı Regional SKİ üzrə suölçən cihazlarının quraşdırılması, təmiri və istismarına nəzarət qrupunun İsmayıllı sukanal sahəsi üzrə metrologiya mühəndisi vəzifəsidir. Hadisə yerində olarkən Anar tərəfindən təhqirə və fiziki təzyiqə məruz qalmışdır. Onun tərəfindən ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsinə əsas olan hallar aşkar edilməmiş, bilavasitə onun təqsiri və hər-hansı formada müdaxiləsi nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi təsdiq olunmur. Qeyd edilmişdir ki, cavabdeh təşkilat qanunvericiliyin tələblərinə əməl edilmədən onun işdən azad olunması üçün heç bir əsaslı səbəb olmadan, himayəsində 2 azyaşlı övladının olması, uzun müddətli iş təcrübəsi, bir ailənin taleyi və s. nəzərə alınmadan, sadəcə bir prokurorluq müstəntiqinin laqeyidcəsinə yazdığı təqdimatı əsas tutaraq onu işdən azad etmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 dekabr 2022-ci il tarixli 2(004)-4603/2022 saylı qətnaməsi ilə (hakim Günel Əkbərli) iddia rədd edilmişdir.
13. Cavabdeh tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü bildirsə də, iş materiallarına əlavə edilmiş Şəki 1 saylı X1 rayon Şöbəsinin məktubundan müəyyən edilir ki, İddiaçı əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bu halda əmək münasibətlərindən irəli gələn hazırkı mübahisə üzrə iddia müddəti ötürülmədiyindən iddiaya mahiyyəti üzrə baxılmalıdır.
14. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının işdən azad olunması qanunvericiliyin tələbinə uyğun həyata keçirilmişdir. Belə ki, işin hallarında və şahid ifadələrindən müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə abonentin su təchizatı ilə bağlı yaranmış problemin həll olunması onun vəzifə səlahiyyətlərinə aid edilmədiyindən idarə tərəfindən cəlb edilməmişdır. İddiaçı özü həmin ünvana getməklə, orada davranışları ilə hadisələrin baş verməsi və mübahisənin şiddətlənməsinə səbəb olmuşdur. İddiaçının hərəkətləri prokukorurluq orqanı tərəfindən mənfi qiymətləndirilərək barəsində işəgötürənə təqdimat verilmişdir. Həmçinin işlədiyi dövr ərzində işçi barəsində əmək və icra intizamını pozduğuna görə müxtəlif tarixlərdə iki dəfə töhmət və sonuncu dəfə şiddətli töhmət verilmişdir. Cavabdeh – işəgötürən də əmək müqaviləsinə xitam verərkən məhz işçinin – iddiaçının intizamına və prokurorluğun təqdimatına əsaslanmışdır. Həmçinin işçinin işdən azad edilməsi barədə Həmkarlar İttifaqı Komitəsinin rəyi də nəzərə alınmışdır.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1, 70 “ç”, 71.2, 71.3, 80, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
17. Apelyasiya şikayətində iddia ərizəsində sadalananlar göstərilməklə qeyd edilmişdir ki, suyun kəsilməsi və qəza şəraitinin mövcud olması faktına görə çilingərlə birlikdə hadisə yerinə getmişdir və bu da onun əmək funksiyasına görə borcudur. Sosial cəhətdən ağır vəziyyətdədir və ikiazyaşlı uşağı vardır. Həmçinin məhkəməyə təqdim edilmiş səsyazısından da görünür ki, həmkarlar ittifaqının qərarı müstəqil olmamış, iclas zamanı ona rəislə yenidən danışılması təklif edilmiş, rəis tərəfindən razılıq verilmədiyindən mənfi rəy verilmişdir. Dolayısı ilə həmkarlar ittifaqının qərarına təzyiq göstərildiyindən qanunsuz olmuşdur. Diskə baxışdan göründüyü kimi iclasın əvvəlində hazırda məhkəmə baxışında cavabdehin nümayəndəsi kimi iştirak edən hüquqşünasın səsi gəlir və o, Həmkarlar İttifaqı Komitəsinin üzvü olmadığı halda iclas iştirakçılarına faktiki olaraq sözləri ilə təzyiq göstərir. Halbuki iclasda yalnız həmkarlar ittifaqı komitəsinin üzvləri olmalı idilər.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
19. Cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
21. Maddə 10. “a” bəndinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir.
22. Maddə 70. “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
23. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
24. Maddə 71.3. İşəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
25. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
29. Maddə 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.
37. Göründüyü kimi xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhərində yaşayan Fazil Cəlilzadənin yaşadığı ünvanda su təchizatı ilə bağlı yaranmış problemlə əlaqədar ünvana Cavabdeh ASC-nin 6 saylı Sukanal İdarəsinin əməkdaşları cəlb edilmiş, sonradan iddiaçı da həmin ünvana gəlmişdir. Bu zaman abonentlə əməkdaşlar arasında ciddi mübahisə yaranmış, nəticədə əməkdaşlardan Anar Güləliyevin sağlamlığına az ağır zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılarkən prokurorluq tərəfindən iddiaçı barəsində intizam tədbirlərinin görülməsi üçün Cavabdeh ASC-nin X6 İdarəsinə təqdimat verilmişdir.
38. Məhkəmə haqlı olaraq göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə abonentin su təchizatı ilə bağlı yaranmış problemin həll olunması iddiaçının vəzifə səlahiyyətlərinə aid edilmədiyindən, o, idarə tərəfindən cəlb edilməmişdır.
39. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə əmək və icra intizamını kobud şəkildə pozması ilə əlaqədar intizam tənbehi haqqında əmrlə töhmət və sonuncu dəfə şiddətli töhmət verilmişdir.
40. Cavabdeh əmək müqaviləsinə xitam verərkən məhz işçinin intizamına və prokurorluğun təqdimatına əsaslanmışdır.
41. Beləliklə, iş materialları və birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə heç bir əsas olmadan İsmayıllı şəhərində yaşayan dostu Fazil Cəlilzadənin yaşadığı ünvana gələrək, su təchizatı ilə bağlı yaranmış problemlə əlaqədar həmin ünvana gəlmiş Cavabdeh ASC-nin 6 saylı Sukanal İdarəsinin əməkdaşı Anar Güləliyevlə əsassız yerə mübahisə etmiş və həmin vaxt X8 Güləliyevi vuraraq, sonuncunun sağlamlığına az ağır zərər yetirmişdir. Bununla da iddiaçının hərəkətlər nəticəsində əmək və icra intizamının normal ahəngi pozulmuş, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir.
42. Həmçinin işçinin işdən azad edilməsi barədə Həmkarlar İttifaqı Komitəsinin rəyi də nəzərə alınmışdır.
43. İddiaçının təqdim etdiyi səsyazısı birinci instansiya məhkəməsi tərəfindən tədqiq edildikdə, Komitə tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı aşkar edilməmişdir.
44. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, işçinin mübahisənin barışıq yolu ilə həll edilməsi məqsədilə rəhbərliklə iclas zamanı görüşməsi faktı Həmkarlar İttifaqı Komitəsinin qərarın təzyiq altında qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa iddiaçı verilmiş suala əsasən iclasın səsyazısını tam versiyada məhkəməyə təqdim etmədiyini etiraf etmişdir.
45. Digər tərəfdən, məhkəmə haqlı olaraq gizli yolla qeydə alınmış səsyazısını sübut olaraq qəbul etməmişdir. Belə ki, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.
46. Kollegiya hesab edir ki, əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir, əmrin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur.
47. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
48. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4603/2022 saylı iş üzrə 29 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.