Məhkəmə qərarları › İş №2(103)-2521/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2521/2025

07.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2521/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-568/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “sayğacın quraşdırılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Qaz təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.9-cu maddəsinin, Nazirlər Kabinetinin “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinin icrasına məcbur edilərək sayğac quraşdırılmasını, maddi ziyan olaraq 96000 manat, mənəvi ziyan olaraq 54000 manat, cəmi 150000 manat pul vəsaitinin tutularaq pensiya hesabına ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-568/2025 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “sayğacın quraşdırılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair e2(007)-568/2025 saylı mülki iş aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2025-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-568/2025 saylı qərardadından şikayət və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. İddiaçı şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsini onunla əsaslandırmışdır ki, qərardad ona rəsmi qaydada verilməyib. Qərardad, o Daxili İşlər Nazirliyinin Hospitalında müalicədə olanda çıxarılıb. xx.xx.2025-xx.xx.2025ci il tarixləri aralığında hospitalda olduğunu sübut edən epikrizi əlavə edir. Qərardad gizlin qəbul edilib, gizlin də Bakı Kommersiya Məhkəməsinə göndərilib. Göstərilənləri əsas tutub, buraxılmış müddətin üzrlü sayılaraq bərpasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə e- 2(007)-568/2025 saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. İddiaçı qeyd edilən qərardaddan şikayət verərək, şikayətində göstərmişdir ki, o, buraxılmış müddətin bərpasına ərizə verməyib, o işin kommersiya məhkəməsinə göndərilməsi qərardadından şikayət edib. xx.xx.2025-də hazırlıq iclası olub, xx.xx.2025də qərardad elektron kabinetdə yerləşdirilib, o isə bu vaxt Daxili İşlər Nazirliyinin Hospitalında müalicədə olub. xx.xx.2025-dən xx.xx.2025-ə kimi hospitalda müalicədə olmağını sübut edən epikriz də əlavə olunub. İş isə kommersiya aidiyyəti üzrə xx.xx.2025-ci ildə göndərilib. xx.xx.2025-də Daxili İşlər Nazirliyinin Hospitalından çıxandan sonra onun Bakı Kommersiya Məhkəməsi vasitəsilə xəbər tutduğu qərardad xx.xx.2025-də göndərilibsə, hələ 10 gün tamam olmayıb, 30-21=9 gün. Eyni zamanda qərardadın yerləşdirilməsi, göndərilməsi barədə də məlumat, sms verilməyib. Azərbaycan Respubliasının Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən olunmuş məhkəmədə baxmaq hüququ var. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd edilənlərə əsasən qərardadın ləğv edilməsi, hakimin barəsində məhkəmə Hüquq Şurasına xüsusi qərardadla müraciət edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-568/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-568/2025 saylı qərardadı iddiaçının elektron kabinetinə xx.xx.2025-ci ildə yerləşdirilmişdir. Həmin hal, yəni qərardadın xx.xx.2025-ci il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçı isə xx.xx.2025-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-568/2025 saylı qərardadından şikayət və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Hazırki iş üzrə isə ərizəçi şikayət verərkən qanunvericiliklə qərardaddan şikayət verilməsi üçün müəyyən olunmuş 10 günlük müddəti ötürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qərardad rəsmi qaydada əldə edildikdən sonra müddəti ötürməklə şikayət ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Bununla belə iddiaçı tərəf müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı ərizəsində xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində hospitalda müalicə olunduğunu qeyd etsə də, ərizəyə əlavə edilmiş epikrizdən görünür ki, iddiaçı xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalında müalicə olunub. İddiaçı həmin hospitaldan çıxış etdikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddət ərzində qərardaddan şikayət verməmişdir. Göründüyü kimi ərizəçi tərəfindən şikayət verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının məhkəmə qərardadının surətinin almaması və hospitalda olması səbəbi ilə qərardadı mübahisələndirə bilməməsi barədə ərizədə qeyd edilən dəlilləri əsaslı hesab etməməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Ərizəçi isə müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, iddiaçı 17 yanvar 2025-ci il tarixdə müvafiq qərardadı əldə etmiş, 21 yanvar 2025-ci il tarixə qədər müalicədə olmuş bundan sonra qərardaddan şikayət verilməsi üçün kifayət qədər vaxtı olsa da qanunvericiliklə müəyyən edilmiş müddət ərzində şikayət verməmişdir. Bununla yanaşı iddiaçı şikayətində - buraxılmış müddətin bərpasına ərizə vermədiyini və işin kommersiya məhkəməsinə göndərilməsi qərardadından şikayət etdiyini bildirsə də, iş materiallarından görünür ki, iddiaçı işin aidiyyatı üzrə göndərilməsi barədə qərardaddan verdiyi şikayətdə (şikayətin verilmə tarixi: 05 fevral 2025-ci il) buraxılmış prosessual müddətin bərpasına dair müraciətini də yerləşdirmişdir (i.v.93). Göründüyü kimi iddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-568/2025 saylı qərardadından müddət ötürməklə şikayət vermiş və həmin qərardaddan buraxılmış prosessual müddətin bərpasına dair ərizəsində qeyd etdiyi dəlillər buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsi üçün əsas yaratmamışdır. Bu baxımdan, qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmiş, müddətin bərpasından imtina ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(007)-568/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar