Məhkəmə qərarları › İş №2(103)-2522/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2522/2025

24.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2522/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-397/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, X11 sahəsi, C.Cabbarlı küçəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazdan istifadə edilməsi məqsədilə qaz sayğacı quraşdırılmışdır və **********00000 abonent kodu həmin ünvana aiddir. Cavabdeh müəssisənin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, aktda abonent tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkar qeyd edilmiş, iddiaçının abonent hesabına 2023-cü il üçün 4147.20 manat məbləğində borc hesablanmışdır.

2. İddiaçı aktın tərtib edilməsindən onun xəbəri olmadığını bildirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı X9 Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 4147.20 manat məbləğində cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və İİ qrup Əfqanıstan müharibəsi əlilidir. Göstərilən ünvanda 5 nəfər ailə tərkibi ilə yaşayır. 2024-cü ilin təxminən may ayında ona məlum olmuşdur ki, qaz borusuna sayğacdan kənar müdaxilə edilməsi səbəb göstərilərək 2023-cü ilin fevral ayında Cavabdeh əməkdaşları tərəfindən ona cərimə yazılmışdır. Bu barədə ona qaz işçiləri tərəfindən məlumat verilməmişdir. Yazılmış cərimənin məbləği və səbəbi barədə məlumat almaq məqsədilə 04 iyun 2024-cü il tarixdə ərizə ilə Cavabdeh Bakı X9 Departamentinə müraciət etmişdir. Ərizəsinə cavab olaraq təqdim edilən 03 fevral 2023-cü il tarixdə tərtib edilmiş ******* saylı aktdan da göründüyü kimi həmin aktın tərtib edilməsindən onun xəbəri olmamışdır. Çünki, həmin aktda onun imzası yoxdur və eyni zamanda aktı imza etməkdən imtina etməsi də qeyd edilməmişdir. Bakı X9 Departamentinin itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair 28 fevral 2023-cü il tarixli tələbnamədən ona aydın olmuşdur ki, son bir ilə (360 gün) 34560 kub/m qaz sərfi hesablanmış və ona 4147.20 manat məbləğində cərimə yazılmışdır. Cavabdeh Bakı X9 Departamentinin əməkdaşları tərəfindən qaz boru xəttinə qanunsuz qoşulmanın nə vaxt baş verməsi və qanunsuz qoşulmanın aradan qaldırılması barədə akt tərtib etmədən dəymiş ziyanı qaz sayğacının normal qaz sərfi 4 kub/m orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat apararaq 4x24x360=34560 kub/m qaz sərfi hesablamaları ağlabatan deyil. Güya o, 360 gün ərzində gücə-gündüz qazdan fasiləsiz istifadə etmişdir. Əvvəla Cavabdeh Bakı X9 Departamentinin əməkdaşları tərəfindən qaz boru xəttinə qanunsuz qoşulmanın nə vaxt baş verməsi müəyyən edilməli idi. Onu müəyyən etmək üçün qaz nəzarətçisinin axırıncı dəfə nə vaxt qaz sayğacına baxış keçirməsi aydınlaşdırılmalı idi. Ola bilməz ki, 360 gün ərzində qaz nəzarətçisi qaz sayğacına baxış keçirtməsin. Onun evinə quraşdırılmış sayğac mexaniki sayğac olduğundan hər ayın əvvəlində qaz nəzarətçisi tərəfindən sayğacın son göstəricisi qeyd edilməklə baxış keçirilir. Necə olur ki, nəzarətçi 360 gün ərzində qaz borusuna qanunsuz qoşulmanı görmür. Cavabdeh Bakı X9 Departamenti tərəfindən təqdim edilmiş abonent saldosundan da göründüyü kimi, son bir ildə sayğac üzrə istifadə etdiyi qazın pulunu ödəmişdir. İkincisi, yay-qış mövsümünü nəzərə almadan hər günə 96 kub/m qaz sərfi hesablamaqla Cavabdeh Bakı X9 Departamentinin əməkdaşları tərəfindən çox böyük səhvə yol verilmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-397/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim – P.Məmmədov) ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, X11 sahəsi, C.Cabbarlı küçəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********00000) əsassız hesablanmış 4147.20 manat borc məbləğini silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən 61.47 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan:

6. Cavabdeh tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2023-cü il üçün 4147.20 manat məbləğində borcu vardır.

7. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, X11 sahəsi, C.Cabbarlı küçəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkar edilmiş və dəymiş ziyanın hesablanması tələb edilmişdir.

8. Cavabdeh tərəfindən verilmiş 28 fevral 2023- cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı istifadəsində olan ünvana baxış keçirilmiş, baxış zamanı fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Dəymiş ziyanın həcminin hesablanması qrafasında isə “4 x 24 x 360 = 34560 kub metr” cəmi: 34560 kub metr göstərilmişdir.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3/1676 saylı, 03 dekabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X11 sahəsi, C.Cabbarlı küçəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 03 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın surətində “abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkarlandı” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı fərdi yaşayış evinə dair hesablanmış 4147.20 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1676 saylı, 03 dekabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X11 sahəsi, C.Cabbarlı küçəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə də qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı da dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 61.47 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 18-ci; «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3, 18-ci maddəsinin 1-ci bəndi; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci; “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci; “Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 88, 119.1, 124.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bu əsasla qətnamə tamamilə ləğv edilməlidir. Belə ki, CavabdehİB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Azəriqaz İB-nin əməkdaşları tərəfindən foto çəkilişlə də lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnamə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə CavabdehİB-nə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün hüquqi qiymətin verilməsini təmin etməmiş, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəz ini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulmasına dair iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı məhkəmə əsassız iddia tələbinin rədd ediməsini qət edərdi. Cavabdeh olaraq qeyd edir ki, maddi zərərin dəyməsi ilə bağlı halı sübut edən mötəbər sənədlər iş materiallarında vardır. Bu sənədlər rəsmi sənədlərdir və qanunsuz qoşulma halları aşkar edildikdə həmin sənədlrəin tərtib edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, iddiaçıya aidolan **********00000 abonent koduna hesablanaraq vurulmuş məbləğ İddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı iləməişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Bildirir ki, iddiaçı sayğacdan kənar qaz xəttinə özbaşına qoşulmuş və o, təbii qazdan qanunsuz olaraq istifadə etmişdir. Bu halı aşkarlayan cavabdehin əməkdaşları belə halın qanunazidd olmasını, bu faktın qazpaylayıcı şəbəkəyə zərər vurduğunu bildirərək qeyriqanuni qoşulmanı ləğv etmişlər. Daha sonra artıq aşkar olunmuş maddi zərərin dəyməsi ilə nəticələn qanunazidd hərəkətlə bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş və həmin akt əsasında tərtib edilmiş tələbnaməyə əsasən dəymiş zərərin miqdarı müəyyənləşdirilərək abonent saldosuna İddiaçı tərəfindən könüllü ödəməsi məqsədi ilə yerləşdirilmişdir. Bu danılmaz faktdır. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

15.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 16.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq normaları:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, İddiaçı 4147.20 manat məbləğində cərimənin silinməsi tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir.

25. xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, X11 sahəsi, C.Cabbarlı küçəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi aşkar edilmiş və dəymiş ziyanın hesablanması tələb edilmişdir.

26. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir (§ 18).

27. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz .(§ 19)

28. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir. 29.Əksinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3/1676 saylı, 03 dekabr 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X11 sahəsi, C.Cabbarlı küçəsi, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir.

30. Kollegiya hesab edir ki, məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 31.Kollegiya apellyatorun qanunusuz qoşulmanı təsdiq edən fotoşəkillərin mövcudluğu barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında hər hansı fotoşəkillər aşkar edilməmiş, daha mötəbər sübut növü hesab edilən ekspert rəyi ilə qanunsuz qoşulma hallarının mövcudluğu müəyyən olunmamış, cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alacaq hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.

32. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

33. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-397/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar