Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2524/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: özbaşına qanunsuz olan tikilinin sökülməsi tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil2 Xaliq oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına qanunsuz olan tikilinin sökülməsi” iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-48/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra, iddiaçı) və Cavabdeh (bundan sonra, cavabdeh) qonşu olmaqla, sonuncu yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində qanunsuz (özbaşına) tikinti işlərinə başlamışdır.
2. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci PB-nin 2021-ci ilin oktyabr ayında tərtib etdiyi inzibati xəta haqqında protokolundan görünür ki, 16 oktyabr 2021-ci il tarixdə cavabdeh tərəfindən ünvan 2 ünvanda özbaşına tikinti işləri aparması müəyyən edilmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
3. Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin 25 yanvar 2022-ci il tarixli, 1-310 nömrəli məktubundan görünür ki, cavabdeh tərəfindən aparılan qanunsuz tikinti 149 saylı MKİS tərəfindən dayandırılmış, sahə müvəkkili tərəfindən qeyri qanuni tikintiyə görə cavabdeh inzibati cərimə olunmuşd, eyni zamanda iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə “özbaşına qanunsuz olan tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev (Buxta) küçəsində, 3-cü dalanda yerləşən fərdi yaşayış evində yaşamaqla, cavabdeh onun divar qoşusudur. 2021-ci ilin yay aylarında cavabdeh tərəfindən özünə məxsus fərdi yaşayış evdə ikinci mərtəbənin tikilməsi başlanmışdır. Tikinti başlayarkən cavabdehə bildirilmişdir ki, tikinti onun fərdi yaşayış evinin divarına çox yaxın məsafədə olacaqdır. Bu kimi hal ilk olaraq tikinti təhlükəsizlik qaydaları pozur. Bundan başqa ikinci mərtəbənin belə yaxın məsafədə tikilməklə, onun fərdi yaşayış evinin pəncərəsinə bitişərək, evinin otaqlarında baş verənlərin hamısı açıq aşkar görsənəcəkdir. Bu isə insan hüquqlarına, onun və ailəsinin şəxsi həyata toxunmaq deməkdir. Lakin, cavabdeh hər dəfə onu nəlayiq sözlərlə təhqir edib, heç bir əhəmiyyət vermirdi. Nəticədə tərəfindən DİN-nin 102 xidmətinə zəng vurularaq, şikayətini bildirmişdir. İş üzrə araşdırma Səbail rayon Polis İdarəsinin 8-ci Polis sahə rəisi Arif Əsgərov tərəfindən aparılmışdır. Sahə rəisi hadisə yerinə gələrkən araşdırma aparmış və nəticədə həmin tikinti qanunsuz olduğu üçün tikintini dayandırmışdır. Buna baxmayaraq, tikinti davam edirdi. Yenidən əlacsız qalaraq tərəfindən DİN-nin 102 xidmətinə şikayətlə müraciət olunmuşdur. Sahə rəisi tərəfindən yenidən hadisə yerinə gələrkən, araşdırma nəticəsində cavabdeh Azərbaycan Respublikasının İXM-nin 395.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən yenidən gizli şəkildə tikinti işləri davam edir. Tərəfindən Azərbaycan Respublikasının Səbail rayon İcra Hakimiyyətinin Başçısının 2 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəlik tərəfindən tikinti olan yerə gəlib araşdırma aparılaraq, xx.xx.2022-ci il tarixdə, 1-310 nömrəli məktubla həmin tikintinin qanunsuz olduğunu təsdiqləmişdilər. Yuxarıda qeyd olunanlara baxmayaraq, cavabdeh tərəfindən hal-hazırda qanunsuz tikinti işlərin aparılması davam edilir. Cavabdeh tərəfindən onun başına gətirilən oyunlar nəticəsində 1 il ərzində onun sağlamlığı və səhhəti ağır vəziyyətə düşmüşdür. Belə ki, həmin ərəfələrdə onun təzyiqi qalxırdı, dəfələrlə tərəfindən təcili tibbi yardım çağırılıb və nəticədə onda ürək xəstəliyi ilə şəkər xəstəliyi əmələ gəlmişdir. Hesab edir ki, ona dəymiş mənəvi ziyan 1000 manat məbləğindədir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən Səbail rayonu, Buxta küçəsi, dalan 3-də yerləşən 9E saylı fərdi yaşayış evində ikinci mərtəbənin tikilməsi üçün aparılan tikinti işlərinin dayandırılması, həmin yerdə aparılmış tikintinin sökülməsi və əvvəlki vəziyyətə qaytarılması, bu işlərin icrasını Səbail rayon icra şöbəsinin vasitəsi ilə Səbail rayon İcra Hakimiyyətinin öhdəliyinə qoyulması və ona dəymiş mənəvi ziyana görə cavabdeh tərəfindən ona 1000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Səbail rayonu, Buxta küçəsi, dalan 3-də yerləşən 9E saylı fərdi yaşayış evində ikinci mərtəbənin tikilməsi üçün aparılan tikinti işlərinin dayandırılması, həmin yerdə aparılmış tikintinin sökülməsi və əvvəlki vəziyyətə qaytarılması və ona dəymiş mənəvi ziyana görə cavabdehdən tərəfindən ona 1000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-48/2023 saylı, xx.xx.2023-cü il tarixli ilə (hakim Şahin Abdullayev) iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, Dalan 3-də yerləşən 9E saylı fərdi yaşayış evinin ikinci mərtəbəsində aparılan tikinti işlərinin dayandırılması, aparılmış tikilinin sökülərək əvvəlki vəziyyətə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, həmçinin cavabdehdən keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza xərci kimi 100 (yüz) manat məbləğində pulun dövlət nəfinə tutulması qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdehin yaşadığı ünvan 3 ünvanında yerləşən 9E saylı ev və iddiaçının yaşadığı ünvan 4 ünvanında yerləşən 17 saylı ev öz hüquqi statusuna görə özbaşına tikilidirlər və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişlər. Lakin, ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar cavabdehin inşa edilən tikili tərəfindən maneçilik törətməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməlidir. İddiaçı cavabdeh tərəfindən inşa edilən özbaşına tikilinin onun tərəfindən inşa edilən özbaşına tikiliyə münasibətdə hüquqlarına xələl gətirdiyi üçün hesab etdiyi pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı hesab edilməlidir. Yəni məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etməyə subyektiv hüququ mövcuddur. İddia tələbi yalnız o halda əsaslı hesab edilə bilər ki, iddiaçının inşa etdiyi özbaşına tikiliyə münasibətdə cavabdeh tərəfindən inşa edilən özbaşına tikili iddiaçının öz evindən istifadə edilməsi ilə bağlı hüquqlarını məhdudlaşdırmış olsun. Məhkəmə qaldırılan tələb üzrə zəruri biliyə malik olan ekspertin müvafiq rəyinini alınması zəruriliyini nəzərə alaraq həmin mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertlə mübahisəli evlərə baxış keçirilmiş və müvafiq rəy verilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi (Buxta küçəsi), 3-cü dalanda yerləşən 17 saylı evin qarşısında Cavabdeh tərəfindən aparılan tikinti işləri pəncərənin qarşısında 50 sm kənarda inşa olunduğunu nəzərə alaraq, həmin tikili İddiaçı evinin yaşayış otağının pəncərəsinə düşən təbii işığının qarşısını qismən kəsir ki və bu da “İnşaat Norma və Qaydaları” 2.08.01.89*un 1.3-cü bəndinin tələblərinə uyğun deyildir. Eyni zamanda qeyd olunur ki, Cavabdeh tərəfindən inşa olunmuş tikilinin kənarları baxış zamanı açıq şəkildə olduğu müəyyən olunmuş, lakin gələcəkdə həmin tikilinin kənarları bağlandıqda İddiaçı Solmaz qızının evinin yaşayış otağının pəncərəsinə düşən təbii işığının qarşısını tam kəsilməsinə səbəb ola bilər. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 60- cı maddələrinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1, 135.2, 135.4, 152.3, 180.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 101.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin təmin olunan hissədə ləğv edilməsi, iddia tələbinin rədd olunması, ekspertiza rəyi ilə razı olmadığını, hər iki tərəfin inşa etdikləri tikililərin özbaşına tikililər olduğunu, iddiaçının subyektiv hüququnun olmamasının və s. kimi əsaslandırmışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişlər.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı və onun ailə üzvləri (uşaqları) yaşadıqları ünvana pasport qeydiyyatına alınmışlar. Həmin ev dövlət qeydiyyatına alınmasa da, orada uzun müddətdir ki, yaşayırlar, kommunal xidmətlərdən istifadə edirlər. Cavabdehin inşa etdiyi ikinci mərtəbə iddiaçının evi ilə cəmi 0,5 metr məsafədə yerləşir və pəncərəsinin qarşısını kəsir. Eyni zamanda, həmin yerdən evinin içərisi tam görünür ki, bu da şəxsi həyatına müdaxilədir.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş edirlər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin
13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
14. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
15. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
17. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
18. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
19. Maddə 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir.
20. Maddə 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən stukturca ayrıca sahəsi mənzil hesab edilir.
21. Maddə 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir.
22. Maddə 27.5. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
23. Maddə 80. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
24. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.
25. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir.
26. Maddə 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: - 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; - 69.5.2-1. Bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi;
27. Maddə 69.8. Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissələrində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi).
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, yoxlanılan hissədə birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. İşin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən – iddiaçı ilə qonşuluqda yaşayan cavabdeh ikinci mərtəbənin tikintisini başlamış və bununla da iddiaçı ilə mübahisəsi yaranmışdır. Belə ki, cavabdehin inşa etdiyi 2-ci mərtəbə iddiaçının evinin divarına çox yaxın məsafədə (0,5 metr) yerləşir və onun hüquqlarını məhdudlaşdırır.
39. Cavabdeh tərəfindən həyata keçirilən müvafiq tikinti işlərinin qanunsuz (özbaşına) olması mübahisəsizdir. Bu hal işdə olan çoxsaylı sübutlarla (inzibati zxəta haqqında protokol, Səbail rayon icra hakimiyyətinin məktubu, fotoşəkillər və s.) təsdiq olunmaqla yanaşı, cavabdehin özü tərəfindən də inkar edilmir.
40. Eyni zamanda, işdə olan ekspertiza rəyinə əsasən - Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi (Buxta küçəsi), 3-cü dalanda yerləşən 17 saylı evin qarşısında Cavabdeh tərəfindən aparılan tikinti işləri pəncərənin qarşısında 50 sm kənarda inşa olunduğunu nəzərə alaraq, həmin tikili İddiaçı evinin yaşayış otağının pəncərəsinə düşən təbii işığının qarşısını qismən kəsir, İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.3-cü bəndinin tələblərinə uyğun deyildir. Cavabdeh tərəfindən inşa olunmuş tikilinin kənarları baxış zamanı açıq şəkildə olsa da, gələcəkdə həmin tikilinin kənarları bağlandıqda iddiaçınnı evinin yaşayış otağının pəncərəsinə düşən təbii işığının qarşısını tam kəsilməsinə səbəb ola bilər. Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, 3-cü dalanda yerləşən 9 E saylı yaşayış evinin 2-ci mərtəbəsində cavabdeh tərəfindən aparılan tikinti işlərinə dair hərhansı bir icazə sənədləri olmadığından, həmin tikinti işlərinin aparılan zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 No-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1-ci və 4.2-ci bəndlərinin tələblərini riayət edilməmişdir.
41. Cavabdeh apellyasiya şikayətində ekspert rəyinin əsassız olmasını bildirsə də, bu istiqamətdə dəlilərini əsaslandıra bilməmiş, ümumi (formal) mülahizələrdən çıxış etmişdir.
42. Bununla yanaşı, cavabdeh tikintinini hazırki vəziyyətdə iddiaçının yaşayış otağının pəncərəsinə düşən təbii işığının qarşısını tam kəsməməsini göstərmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən həyata keçirilən şqanunsuz tikintinin hazırki vəziyyətdə iddiaçının yaşayış otağının pəncərəsinə düşən təbii işığının qarşısını qismən kəsməsi halı vəziyyəti dəyişdirmir. Hazırki vəziyyətdə belə, müvafiq məhdudiyyətin mövcudluğu müəyyən edilir. Bununla yanaşı, iddiaçının yaşadığı evlə, qanunsuz tikintinin arasında olan məsafənin cəmi 0,50 metr təşkil etməsi və tikintinin başa çatmaması (arakəsmələrin hörülməməsi və s.) nəzərə alınarsa, o zaman tikintinin başa çatacağı təqdirdə iddiaçının qanunla qorunan hüquqlarına müdaxilənin tam olacağı aşkardır.
44. Cavabdehin apellaysiya şikayətində əsas dəlili iddiaçının özünün də yaşadığı evin özbaşına tikili olması, bu səbəbdən də ona qarşı hazırki iddianı qaldırmaqda subyektiv hüquqlarının olmaması ilə bağlıdır.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmayaraq bildirir ki, yaşayış sahəsinin hər hansı əşya hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, orada yaşayan şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələ bilməz. Yasayış sahəsi eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və onun özbaşına tikili statusuna malik olması, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olmaması kimi qiymətləndirilə bilməz.
46. Həmçinin qeyd edilməlidir ki, tərəflər yaşayış sahələrinə (özbaşına tikili) münasibətdə oxşar vəziyyətdədirlər. Yəni, tərəflər müvafiq yaşayış sahələrində yaşayaraq ondan bir iqtisadi dəyər kimi də yararlanır, həmçinin orada özlərinə «mənzil» qurmuşlar. Bu səbəbdən də aralarında qonşuluq hüquq münasibətləri yaranmışdır. Belə olan halda hər bir tərəf hüquqlarından vicdanla istifadə etməli, sui-istifadəyə yol verməməlidirlər. Əks yanaşma, bərabərlik prinisipinin pozulması, yəni eyni hüquqi vəziyyətdə olan şəxslərə fəqli münasibət göstərilməsi ilə nəticələnə bilər.
47. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
48. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar).
49. Avropa Məhkəmə presidet təcrübəsində (Baklinin işi (Buckley); Prokopoviçin işi (Prokopovich) və s.) dəfələrlə bildirmişdir ki, şikayətin 8-ci maddənin tətbiq dairəsinə düşməsi üçün mülkiyyət hüququnun mövcudluğu, eləcə də şəxsin yaşadığı məkanın qanun əsasında «mənzil» hesab edilməsi zəruri və ya yetərli deyil. 8-ci maddədə nəzərdə tutulmuş «mənzil» termini müstəqil məna daşıyan anlayış kimi başa düşülür. Bu o deməkdir ki, konkret yaşayış sahəsinin və ya digər məkanın Konvensiyada nəzərdə tutulan mənada «mənzil» hesab edilməsinin mümkünlüyünü müəyyənləşdirmək üçün işin konkret halları araşdırılmalıdır. Ümumiyyətlə, «mənzil» anlayışı şəxsin daimi yaşadığı və ya yetərli və davamlı əlaqəsinin olduğu məkanı bildirir (Prokopoviç Rusiyaya qarşı (Prokopovich v. Russia), (qərardad); X1rşı (Gillow v. the United Kingdom), (qərardad); Makkey-Kopetska Polşaya qarşı (McKay-Kopecka v. Poland).
50. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri).
51. Eyni zamanda qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə riayət olunmadan inşa edilmiş tikililərin sökülməsini tələb etmək hüququ səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) aid olsa da, həmin tikintilər nəticəsində hüquqları əsassız məhdudlaşdırılan hüquqi və fiziki şəxslərin də analoji hüquqları istisna oluna bilməz, əksinə bu hüquq qanunla müdafiə olunur.
52. Göründüyü kimi, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.
53. Cavabdeh tərəfin izahatı isə özü-özlüyündə bu halın müəyyən olunması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
54. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır. Bu səbəbdən də şikayət təmin olunmamalı, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmaldıır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-48/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.