Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2526/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı1 və onun vəkili Vəkil2, Cavabdeh Qoldman Gennadiy Cəfəroviçin vəkili Vəkil1, Tərcüməçi Qasımov Fərid Əflatun oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6481/2021 saylı 15 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı "vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası Səfərova Zərifə Heydər qızı 24 mart 2009-cu il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir. Analarının öldüyü vaxt onun vəsiyyətnaməsi olmadığından qanun üzrə vərəsələri İddiaçı1 və iddiaçının anasının digər övladları olmuşlar. Miras predmeti ünvan 1 ünvanında yerləşən 63,1 kv.m ibarət olan 20 saylı mənzil olmuşdur. Anaları vəfat etdikdən sonra iddiaçı və digər vərəsələr faktiki olaraq vərəsəliyi qəbul etmişlər, daima miras predmeti olan mənzilə baş çəkmişlər, orada qalmışlar, mənzildə yerləşən əşyalardan istifadə edib onlardan bəzilərini öz evlərinə aparmışlar. Lakin qayğı və şəxsi işlər ucbatından, həmçinin aralarında düşündükləri kimi mübahisə olmadığından vərəsəliyi qeydiyyata almağa tələsmirdilər. Nəhayət təsadüf nəticəsində cavabdeh onlara bu barədə heç bir məlumat vermədən, məsləhət və razılıqlarını almadan, tam qanunsuz olaraq həmin əmlakı öz adına keçirilməsi barədə məlumat almışlar. Göstərilənlərə əsasən 10.11.2009-cu il tarixli, seriya MA № ******* saylı çıxarışı və buna əsas verən vərəsəlik şəhadətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən ərizə təqdim edilərək, Cavabdeh Qoldman Gennadiy Cəfəroviç ilə əvəz edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6481/2021 saylı 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdeh Qoldman Gennadiy Cəfəroviçə qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı1 verdiyi apellyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsini хahiş еtmişdir. Apellyasiya şikayəti iddia ərəzisinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və onun vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdiklərini bildirərək təmin edilməsini, cavabdeh Qoldman Gennadiy Cəfəroviçin vəkili Vəkil1 isə şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6481/2021 saylı 15 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 09.04.2009-cu il tarixdə verilmiş AZ-İ № 356713 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Səfərova Zərifə Heydər qızı 24.03.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan 08 oktyabr 2009-cu il tarixdə verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə»nin surətindən görünür ki, Cavabdeh 24 mart 2009-cu il tarixdə vəfat etmiş Səfərova Zərifə Heydər qızının vərəsəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 10.11.2009-cu il tarixli, MA seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 20 Cavabdeh xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1051 saylı reyestr kitabının 94712 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 16 avqust 2021-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat kontorunun xüsusi notariusu Kərimov Daxil Fazil oğlu tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1, mənzil 20-i Qoldman Gennadiy Cəfəroviç tərəfindən Əhmədov Anar Abdurəhmanoviçə 120.000 manat məbləğinə satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 20.08.2021-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 20 Əhmədov Anar Abdurəhmanoviçin xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1267-ci maddəyə görə vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci ci maddəyə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericinin miras əmlakın qəbulu ilə bağlı iradəsindən görünür ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürdükdən sonra cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılması üçün ona qanunla verilmiş hüquqdan vaxtında istifadə etməmişdir. Məhkəmə həmçinin haqlı olaraq qeyd etmişdir ki, İddiaçı1 anasının vəfatından sonra mübahisəli evə getməməsini və orada həmin vaxt Cavabdeh (Qoldman Gennadi) yaşamasını, sonradan orada təxminən 3 il kirayənişinlərin yaşamasını, yalnız İddiaçı2 ora gedib-gəlməsini göstərmişdir. Həmçinin, İddiaçı1 anasının vəfatından sonra notariusa da ərizə verməməsini, özünün və digər bacı- qardaşlarının (Qurbanəlidən başqa) həmin vaxt öz evlərinin olmasını da qeyd etmişdir. Göründüyü kimi, İddiaçı1 anasının vəfatından sonra mirası faktiki qəbul etməməsini, eləcə də notariusa ərizə verməməsini etiraf etmiş, eyni zamanda miras əmlakının anasının adına olmasına baxmayaraq, bacısı Lətifə tərəfindən alınmasını və Cavabdeh (Qoldman Gennadi) həmin evi öz adına qanunsuz olaraq keçirməsini göstərmiş, lakin bu faktla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, hələ anasının sağlığında ikən anası mübahisəli evin Cavabdeh (Qoldman Gennadi) verilməsini bildirmiş və bunu bütün bacı-qardaşları da bilirdilər. Buna görə də şifahi razılaşma olduğu üçün notariat orqanına yalnız Cavabdeh (Qoldman Gennadi) ərizə vermiş, digər vərəsələrin olmasını qeyd etməmiş və ona qanuni əsaslarla qanun üzrə vərəsəlik şəhadətnaməsi və 10.11.2009-cu ildə çıxarış verilmişdir. Həmin vaxtı miras əmlakda yalnız Cavabdeh (Qoldman Gennadi) və onun ailə üzvləri qeydiyyatda olmuşlar. Həmin vaxt çıxarış onun adına olduğu üçün o, müvafiq orqana müraciət edərək adının Qoldman Qennadiy Cəfəroviçə dəyişdirilməsi barədə sənədi təqdim edərək yeni çıxarış almış, bu sənəd əsasında mübahisəli əmlakı hazırki iş üzrə vicdanlı edən olan üçüncü şəxslərə satmışdır. Mənzilin satılması barədə iddiaçının və digərlərinin də məlumatı olmuşdur. İddiaçı tərəfin mübahisəli evə dair 2009-cu ildə şəhadətnamə və çıxarış əldə etməsindən guya 2021 -ci ildə evin satılması zamanı xəbər tutması barədə dəlilləri əsassızdır. Kollegiya qeyd edir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət nəzərə alınmalı, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, bu səbəbdən də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən təmin edilə və qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6481/2021 saylı 15 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6481/2021 saylı 15 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2526/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2526/2022
04.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver