Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2527/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(009)-219/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 24 saylı fərdi evin mülkiyyətçisidir, xx.xx.2022-ci il tarixədək sayğac quraşdırılmamış, həmin tarixədək verilmiş suyun və axıdılmış tullantı sularının həcmi abonentin ailə üzvlərinin sayına uyğun 5 kub.m. nəzərə alınmaqla aylar üzrə hesabat aparılmış və iddiaçının mənzili üzrə ödənilməli olan vəsaitin 330,64 manat olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən onun üçün (abunə kodu **********40) hesablanmış 330,64 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 24, mənzil 4 onun xüsusi mülkiyyətindədir. Mənzili alandan sonra bir neçə il orada yaşamamışdır. 2011-ci ildən isə mənzildən çıxmışdır, həmin tarixdən orada yaşayış yoxdur və yalnız qeydiyyatda olan odur. Mənzilə su sayğac olmadan verilirdi. O, suyun verilməsi ilə bağlı hər hansı bir müqavilə bağlamamış, üzərinə öhdəlik götürməmişdir. Sadəcə olaraq yaşadığı müddətdə nəzarətçinin təqdim etdiyi bildiriş üzrə sudan istifadə ilə bağlı haqqı ödəyirdi. 2011-ci ildən mənzildə yaşayış olmamasına baxmayaraq, Cavabdeh ASC onun üçün açdığı abunə kodu üzrə borc hesablamağa başlamışdır. Bu barədə Cavabdeh ASC-nin Səbail rayon Su Kanal İdarəsinə müraciət edərək, hesabdan çıxarış əldə etmişdir. Çıxarışdan görünür ki, cavabdeh təşkilat heç bir qanuni və ya müqavilə əsası olmadan onun adına illər üzrə cəmi 330,64 manat borc hesablamışdır. Hətta, mənzilinə baxış zamanı aşkar etmişdir ki, onun xəbəri olmadan mənzilə suyun verilməsi üçün xx.xx.2022-ci il tarixdən sayğac quraşdırılmışdır. Quraşdırıdan bu sayğacdan da onun xəbəri olmamış, onunla müqavilə bağlanmamışdır. Cavabdeh təşkilatla onun arasında müqavilə bağlanmış olsaydı və o, qeyd olunan şərtlərlə bağlı üzərinə öhdəlik götürmüş olsaydı, bu zaman cavabdeh təşkilatın tələb hüququ yaranmış olardı. İndiki halda isə o, cavabdeh qarşısında belə öhdəlik götürməmiş, razılaşma əldə etməmişdir. Ona görə hesab üzrə yaranmış borc silinməli, hesabına 330 manat borcun yazılması cavabdeh müəssisənin qanunsuz hərəkəti kimi qiymətləndirilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(009)- 219/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ASC tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********040) yazılmış 330,64 (üç yüz otuz manat, altmış dörd qəpik) manat borcun silinməsi və Cavabdeh ASC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulması qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mənzilində 2011-ci ildən yaşayış olmamış və bu hal məhkəmə iclasında tədqiq edilmiş sübutlar – qaz və işıqdan istifadə ilə əlaqədar hesabdan çıxarışlarla (həmin hesabatlarda iddiaçının mənzili üzrə işıq və qazdan 2010-cu ilin fevral ayından sonra istifadə edilməməsi və həmin müddət ərzində hər hansı sərfiyyatın mövcud olmaması müəyyən edilir) təsdiq olunur. Beləliklə məhkəmə iddiaçının mənzildə yaşamadığı və sudan istifadə etmədiyi halda cavabdeh təşkilatı tərəfindən hər ay yuxarıda qeyd edilən qaydada hesabat aparılaraq borcun müəyyən edilməsini əsassız hesab etmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli və iddiaçının abonent hesabına yazılmış 330,64 manat məbləğində borc onun abunə hesabından silinməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, istehlakçıların müdafiə haqqında qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu üçün və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi iddianın təmin olunan hissəsinə mütənasib olaraq 30 manat məbləğində pul tutulmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13.8-ci, 17ci; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.1-ci, 6-cı, 7.4-cü, 7.5-ci, 8.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. Həmin qətnamədən cavabdeh Azərsu ASC tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti iləbağlanmış xx.xx.1997-ci il tarixli müqavilə əsasında içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. Müqavilənin şərtlərinə uyğun olaraq abonent istifadə etdiyi içməli suyun dəyərini su xəttinin üzərində quraşdırılmış sayğacın göstəricilərinə uyğun sayğac olmadıqda və ya nasaz olduqda isə qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydalara əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödəyir. İddiaçının evdə yaşamamasına münasibət olaraq qeyd edilir ki, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən istifadə dayandırıldıqdan sonra da alına bilər. Normanın tələbinə əsasən iddiaçı evdə yaşamayacağı üçün xidmətlərə görə hesabat dayandırılması barədə 4 iş günü ərzində ərizə ilə müraciət etməlidir. İş materiallardında göründüyü kimi iddiaçı tərəfindən belə bir müraciət olmamışdır. Bu hal da məhkəmə tərəfindən araşdırılmamış nəticədə maddi hüquq normaları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 24 saylı evdə 2011-ci ildən yaşayış olmamasına baxmayaraq, Cavabdeh ASC onun üçün açdığı abunə kodu üzrə borc hesablamağa başlamışdır. Bundan başqa evə su sayğacı quraşdırılsa da bundan xəbəri olmamış, bu barədə onunla hər hansı bir müqavilə bağlanmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavadehin nümayəndəsi üzürlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmiş, bu səbəbdən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 4.1.1. Su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq istehlakçının vəzifəsidir. 6.1. STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində Xidmətin və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. 6.2. Yaşayış binalarının mənzillərindəki suölçən cihazlar yaşayış binasının girişində, yaxud pilləkən qəfəslərində quraşdırılır. 6.3. Yaşayış binalarının mənzillərində yerləşən su dayaqlarının və suölçən cihazların pilləkən qəfəslərində STKM tərəfindən quraşdırılması ilə daxili su təchizatı sistemlərinin yenidən qurulması işləri icra olunmalıdır. 6.4. Yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına,o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. 6.5. İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. 7.5. Suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. 8.4. Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli bildirişlə İddiaçı ödəməli olduğu məbləğin 330,64 manat təşkil etməsi qeyd edilsə də işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçının mənzilində 2011-ci ildən yaşayış olmamışdır. Göründüyü kimi iddiaçının mənzildə yaşamadığı və sudan istifadə etmədiyi halda cavabdeh tərəfindən hər ay hesabat aparılaraq borcun müəyyən edilməsi düzgün olmamışdır. Cavabdeh isə apellyasiya şikayətində iddiaçının mənzildə yaşamadığı üçün cavabdehə bu barədə məlumat verməli olmasını qeyd etsə də məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf istehlakçıdan tələb edilən borcun real, həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Hazırki halda isə cavabdeh bunu sübut edə bilməmişdir. Əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Çünki iddiaçının 2011-ci ildən mənzildə yaşamaması iş materialları ilə öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının evinə hesablanmış borcun həqiqətən onun tərəfindən real sərf edilmiş suya görə yarandığı sübuta yetirilmədiyindən həmin borcun iddiaçının abunə hesabından silinməli olduğu barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(009)- 219/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə