Məhkəmə qərarları › İş №2(103)-2528/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2528/2022

27.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2528/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ata yurdunda olan sayğacın dəyişdirilməsi ücün 167 manat miqdarda rüsum, 20 manat dövlət rüsumu, 100 manat mənəvi ziyan və 200 manat maddi ziyan olmaqla, cəmi 487 manat pulun ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İbadzadə, iş №2(006)-5920/21) iddia rədd edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yardımlı rayonu Ərşilə kəndində olan ata evləri 1973-cü ildə tikilmişdir və həmin vaxtdan evlərinə gələn işıq xətti mövcuddur. Sovet hakimiyyəti və ondan sonrakı «BARMEK»in dövründə enerji təhcizatı mövcud olmuşdur. Ata yurdunda 92 yaşlı anası yaşamış və son dövrlərdə (ömrünün sonuna qədər) xəstə olduğu üçün onlarla birgə Bakı şəhərində yaşamışdır. Anası 02.04.2021-ci il tarixdə dünyasını dəyişmişdir. Anasının dəfni zamanı işıq idarəsinə işığın təhcizatı ilə bağlı müraciət etdikdə isə işıq idarəsinin nümayəndəsi onların sayğaclarının aktiv və işlək olmadığını bildirmişdir. Həmçinin işıq idarəsi onlara məxsus çəpər dirəklərindən və meyvə ağaclarından istifadə etməklə kəndin paylayıcı elektrik xətlərini onların torpaq ərazisindən aparmışdır. Bu isə onların öz mülklərindən normal istifadəyə təhlükəli vəziyyət yaradır. Dəfələrlə müraciət olunsa da, hec bir tədbir görülməmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbini qəbul etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə onun təqdim etdiyi fotoşəkillərə, elekton müraciətlərinə sübut qismində istinad etməyib və onlara hüquqi qiymət verməyib. Həmin sübutlarla Azenko LTD şirkətinin istehsalı olan ********** nömrəli sayğac onlarda olması, evlə kəndin paylaşdırıcı elektrik xəttini birləşdirən xəttin olması, İşıq idarəsinin onlara məxsus çəpər dirəklərindən və meyvə ağaclarından istifadə etməsi faktı təsdiq olunur. Real zərər kimi cavabdehin onlara məxsus çəpər dirəklərini və meyvə ağaclarının zədələnməsini göstərib. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının hazırkı iş üzrə tələbi maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədədir. X3 Təchizatı və Satışı İdarəsi Yardımlı Elektrik Şəbəkəsinin 28 dekabr 2021-ci il tarixli 195 saylı məktubundan görünür ki, Yardımlı rayonu Ərsilə kənd sakini İddiaçı "xxxx" ASC-nin məlumat bazasında abonent kimi qeydiyyata alınmamışdır. Texniki şərtin alınması və İddiaçı adına abonent kodunun verilməsi üçün ona «ASAN xidmət» Mərkəzinə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı məhkəməyə 25 mart 1973-cü il tarixli kolxozun həyətyanı torpaq fondundan atası Cümşüd Zabidova torpaq sahəsinin ayrılmasına dair aktın, valideynlərinin evlənmək haqqında şəhadətnaməsinin, özünün doğum haqqında şəhadətnaməsinin, ailə üzvlərinin iddiaçının vəfat etmiş anasında miras qalmış əmlakından onlara çatacaq paydan iddiaçının xeyrinə imtina etmələrinə dair ərizələrinin surətlərini təqdim etmişdir. Birinci instansiya məhkəməsi sübuta yetirilmədiyinə görə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçının adına abonent kodunun verilməsi üçün ona «ASAN xidmət» Mərkəzinə müraciət etməsi tövsiyə edilsə də, iddiçının müvafiq orqana müraciət etdiyi iş materialları ilə təsdiq olunmur. Bundan əlavə, iddiaçı elektrik naqillərinin ona məxsus çəpər dirəklərini və meyvə ağaclarını zədələməsini iddia etdiyi fotoşəkilin surətini məhkəməyə təqdim etmişdir. Həmin təsvirlərdən elektrik naqillərinin aydın görünməməsi ilə yanaşı, elektrik xətlərinin haradan keçdiyi, evin, ağacların iddiaçıya məxsus olduğu, ağacları həqiqətən zədələdiyi birmənalı təsdiq olunmur. Bundan başqa, fototəsvirin harada və nə vaxt çəkildiyi də məlum deyildir. Digər tərəfdən, işdə olan materiallara əsasən nə evin, nə də abonent kodunun iddiaçının adına olması təsdiq olunmur. Bu isə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmadığını təsdiq edir. Apellyasiya baxışı zamanı iddiaçının izahatına əsasən müəyyən olundu ki, hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından mübahisəli ünvanda yerləşən ev və torpaq sahəsi üçün iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Yəni, hazırda mübahisəli ünvanda yerləşən evə və torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun olması təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, gələcəkdə iddiaçının həmin evə və torpaq sahəsinə mülkiyyət hüququ yarandıqdan sonra o, cavabdehə qarşı yeni əsaslarla iddia qaldıra bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı mübahisəyə baxılarkən ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 29 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar