Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-253/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-119/2023 saylı 13 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər, qonşuluq münasibətlərində olmaqla, eyni yolun əks tərəflərində tikilmiş özbaşına tikililərin istifadəçiləridir. Həmin tikililərin hüquqi rejiminə görə özbaşına tikinti olması işin mübahisələndirilməyən halıdır. İddiaçı, yaşadığı evinin qarşısında cavabdeh tərəfindən ara məsafəsi saxlanılmadan tikinti işlərinin aparılmasından, yolun bir hissəsi hasara alınaraq zəbt edilməsi nəticəsində idarə etdiyi nəqliyyat vasitəsi ilə öz yaşadığı evin həyətinə giriş-çıxışının məhdudlaşdırılmasından narazıdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə ünvan 1 nömrəli evin qarşı tərəfində yerləşən yolda inşa etdiyi-qanunsuz tikili sayılan hasarın öz vəsaiti hesabına sökülməklə, yolun əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh və onun ailə üzvləri təxminən 5-6 il olar ki, ona məxsus fərdi yaşayış evi ilə üzbəüz nömrəsiz evə köçərək yaşayırlar. Cavabdehin ailə üzvləri ilə yaşadığı ev qanunsuz tikili olduğundan, istifadələrində həyətyanı torpaq sahəsi olmamışdır. Təxminən 3 il əvvəl ərazinin yaxınlığında tikilən qeyri-yaşayış obyektinin ərazisinin genişləndirilməsi ilə əlaqədar evinin yaxınlığında yerləşən bir neçə fərdi yaşayış evi kompensasiya ödənilməklə sökülmüş və həmin evlərin ərazisində boş sahə yaranmışdır. Bundan sui-istifadə edən cavabdeh əvvəlcə evinin divarı ilə bir olan və əvvəllər sökülmüş fərdi yaşayış evinə aparan ümumi istifadədəki yolun bir hissəsini söküntüdən qalan daşlarla bağlayaraq, yolu daraltmışdır. Belə ki, cavabdehin yolun zəbt edilməklə onun daraldılmasında ifadə olunan qanunsuz hərəkətləri nəticəsində o, xüsusi mülkiyyətində olan “Hyundai Sonata” markalı 10UC616 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən mülkiyyətçi olaraq sərbəst və maneəsiz surətdə istifadə etmək hüququndan məhrum olmuşdur. Cavabdehin yolun bir hissəsini hasara alaraq zəbt etməsi nəticəsində o, idarə etdiyi nəqliyyat vasitəsi ilə rahat şəkildə öz yaşadığı evin həyətinə girib-çıxa bilmir. Hər nə qədər cavabdeh onun mülkiyyətində olan nəqliyyat vasitəsini götürməsə də, öz qanunsuz hərəkətləri ilə onun öz nəqliyyat vasitəsindən istifadəsinə maneə yaradır. Bununla bağlı cavabdehə iradını bildirərək, hərəkətləri nəticəsində yolun daraldığını və nəqliyyat vasitələrinin hərəkətinə və manevr etməsinə maneə yaratdığını desə də, cavabdeh buna əhəmiyyət verməmişdir. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı dəfələrlə Suraxanı rayonu İcra Hakimiyyətinə və digər aidiyyəti orqanlara müraciət etsə də, nəticəsi olmamışdır. Belə ki, həmin qurumlar tərəfindən ona verilən cavablarda bildirilmişdir ki, cavabdehə qanunsuz tikintinin dayandırılması barədə xəbərdarlıq edilməsinə və bununla bağlı ondan yazılı öhdəlik alınmasına baxmayaraq, cavabdeh hazırda ümumi istifadədə olan yolun təxminən 60 kv.m hissəsini qanunsuz olaraq əsaslı şəkildə hasara almaqla zəbt edilməsi və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməklə hasara alınmış yolun bir hissəsi onun və onunla birgə ərazidə yaşayan digər sakinlərin ümumi istifadəsində olduğundan, qanunsuz olaraq zəbt edilməklə hasara alınması nəticəsində onun mülkiyyətində olan nəqliyyat vasitəsindən maneəsiz istifadə etmək və onların həmin yoldan maneəsiz istifadə etmək hüquqları pozulmuşdur. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-119/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisi üçün lazımi icazələrin alınması barədə sübutlar təqdim edilmədiyindən, tələbin əsaslı hesab edilməsi üçün tərəflərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadıqlarından, iddiaçının hazırki tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz. Başqa sözlə, iddiaçı qanunsuz tikili sayılan hasarın sökülməklə yolun əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin qoyulmasını tələb edə bilməz. Yəni, mövcud olmayan hüquqa yaradılmış maneənin aradan qaldırılması, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir. İddiaçı tərəfin yaşayış evinə hər hansı hüququ mövcud olmadığından iddia rədd olunmalıdır.
6. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-119/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus ev qanunsuz tikilidir. O, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilmiş evdə yaşayır, bununla kifayətlənməyərək ümumi istifadədə olan yolda heç bir icazəsi olmadan hasar, pilləkən və artırmalar inşa edərək özbaşına tikinti işləri aparmışdır ki, bununla da onun avtomobili ilə evinə gəlməsini məhdudlaşdırmışdır. Lakin məhkəmə qərar qəbul edərkən bu maddi hüquq normalarının varlığını unutmuş, hüququ olmayan şəxsin ümumi istifadədə olan yolda özbaşına tikinti işləri aparmaqla yolu kəsməsinə və hərəkəti məhdudlaşdırmasına bəraət qazandırmışdır. Məhkəmə mülkiyyətçi olduğu və cavabdehin qanunsuz tikinti işləri aparması nəticəsində mülkiyyətindən sərbəst istifadə hüququnun pozulmasına səbəb olan halların aradan qaldırılmasına uyğun qətnamə qəbul etmək əvəzinə onun hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmamasını əsas gətirərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Halbuki o, mülkiyyətçidir və haqlı olaraq mülkiyyətindən sərbəst surətdə istifadə etməyə yaradılmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malikdir. Mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Məhkəmə nəyinki mülkiyyət hüququnu qorumuş, əksinə mülkiyyətindən sərbəst şəkildə istifadə etməyinə maneə yaradan halı öz qanunsuz qətnaməsi ilə dəstəkləmişdir. İş üzrə ekspertiza təyin edilmiş və qərardadda ekspertin cavablandırması üçün müvafiq suallar qoyulmuşdur. Lakin ekspert ya sualları cavablandırmamış, ya da «qeyd olunan hasar tikilisinin iddiaçıya maneçilik törədib-törədməməsinin müəyyən edilməsinin tikinti ekspertinin həll etdiyi məsələlərin dairəsinə aid deyil»dir cavabını vermişdir. Lakin məhkəmə rəyin aydın və tam olmamasını nəzərə alaraq əlavə ekspertiza təyin edərək sualların tam cavabının aydınlaşdırılmasına səy göstərməmişdir. Belə ki, iddianın əsasını cavabdehin ümumi istifadədə olan yolda qanunsuz tikinti işləri aparmaqla hərəkəti məhdudlaşdırması təşkil edir. Ekspertiza qarşısında ümumiyyətlə həmin yolun umumi istifadədə olan yol olması, cavabdehin apardığı qanunsuz işlərin həmin yoldan istifadəyə məhdudiyyət yaradıb-yaratmaması barədə sual ümumiyyətlə qoyulmamış və bununla da iddianın mahiyyəti üzrə tədqiqat aparılmamışdır. Bununla da işin halı aydınlaşdırılmadan əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qonşular köçəndən sonra cavabdehlər həmin yolu zəbt etdi. Onun maşınları həyətə girib-çıxmaqda çətinlik çəkir. Bununla bağlı İcra Hakimiyyətinə şikayət etmiş, Şəhərsalmaya müraciət etmiş, onlar məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Məhkəmə keçirilən zaman o, vəsatət verərək sualların düzgün qoyulmadığını bildirmişlər. Onun evi özbaşına tikilidir, sənədləri yoxdur. O, vəsatətdə zəbt olunan ərazinin yol olub-olmamasının müəyyənləşdirilməsinə dair sual qoymuşdu, lakin məhkəmə həmin sualı qoymayıbdır. Pilləkən onun birbaşa yola çıxmağına imkan vermir, o, maşınını qonşunun qapısında saxlayır. Ekspert rəyində pilləkən göstərilməmişdir. Onun darvazası 30 ildir oradadır. Hasarın maneəçiliyi ondan ibarətdir ki, qarşı tərəf günbəgün tikə-tikə qarşıya doğru gəlir. O, həyətə maşınla girir, maşının markası Hydundai-Sonatadır. Ekspert artıq iki dəfədir ki, rəyə pilləkənləri salmır. Qarşı tərəf rahat bir şəkildə maşınla məhəlləyə girib-çıxa bilir. O, 30 ildir orada yaşayır. Pilləkənin sökülməsini istəyir, maşını orada hərəkət edə bilmir. Onun həmin evdə qeydiyyatı vardır.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini əsassız hesab edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Həmçinin qeyd etmişdir ki, 2002-ci ildə Naxçıvan MR-nın Babək rayonunun Nehrəm kəndindən olan Vəli və Kərim qardaşlarından tikili vəziyyətdə ev alıblar. Həmin evə daha sonra hasar çəkiblər. Evi çökək yerdə idi, yağış yağırdı, evləri suyun altında qalırdı. Hasarın tikilməsi ilə bağlı İcra Hakimiyyətindən icazə alıblar. Oranı 5 ildir ki, tikiblər. İddiaçı Bələdiyyəni, İcranı, Polisi, Şəhərsalmanı çağırdı, amma heç birində iddiaları təmin olunmadı. Fəhlə kimi işləyir. 2 ildən çoxdur ki, qarşı tərəfin şikayətləri ilə bağlı yollara pul tökür. Məhəllədə heç kimin yolun daralması ilə bağlı şikayəti yoxdur. Qarşı tərəf 25-26 ildir orada yaşayır, onlardan 3 il əvvəl oraya gəlmişdir. Evlərin heç birinin sənədi yoxdur 12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
17.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 18.11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 19.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 20.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və yaondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 22.159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 23.164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 24.164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 25.165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.
26. 166.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrum edilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 27.180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 28.180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya bunalazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin
29.111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
30.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
31.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. 32.Beləliklə iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi tərəflər, qonşuluq münasibətlərində olmaqla, eyni yolun əks tərəflərində tikilmiş özbaşına tikililərin istifadəçiləridir. Həmin tikililərin hüquqi rejiminə görə özbaşına tikinti olması işin mübahisələndirilməyən halıdır. 33.Həmin rejimin hüquqi əsasını tənzimləyən maddələrin məzmunundan isə görünür ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 34.İstinad edilən maddələrin məzmunundan göründüyü kimi tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikə özbaşına tikili hesab edilir. Göstərilən üç haldan ən azı birinin mövcudluğu tikilinin qanunvericiliyin tələblərinə riayət edilməklə inşa edilməsini istisna edir. Bununla belə, həmin tikilinin sökülməsi tələbinə münasibətdə hüquqi dəyərləndirmə ilk öncə “subyektiv hüquq”a malik olma kontekstində aparılmalıdır. Bu həm də özbaşına tikinti və onun nəticələrini müəyyən edən müvafiq qanunun müddəalarından irəli gəlir, çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə bu cür tələbi irəli sürmək hüququna malik olan subyektlərin dairəsi müvafiq icra hakimiyyəti orqanı və ya “maraqlı tərəf”lə məhdudlaşdırılmışdır 35.Beləliklə, məhkəməyə göstərilən məzmunlu iddia ərizəsi ilə müraciət edən şəxsin “maraqlı tərəf” sayılması qanunvericilikdə məhz tikilinin onun hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmasının təsdiq edilməsi ilə şərtləndirilməlidir, tikili qanunvericiliyin tələblərinə cavab verməsə belə, şəxs yalnız bu zaman həmin tikilinin sökülməsini tələb etmək hüququ qazanır. Beləliklə iddiaçının “maraqlı şəxs” sayılması üçün mübahisələndirilən hasarın mövcudluğu onun hər hansı hüququnun, azadlığının və ya qanuni marağının pozulması ilə nəticələnib-nəticələnmədiyi müəyyən edilməlidir. 36.Mübahisəli məsələlərin araşdırılması məqsədilə məhkəmə tərəfindən iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tikinti-texniki ekspertizası təyin edilmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7328 saylı rəyinə əsasən mübahisə predmeti olan hasar tikilisinin inşası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinin pozulduğu müəyyən olunmuşdur. Həmçinin mübahisə predmeti olan hasar tikilisinin ümumi uzunluğunun 27,90 metr, hündürlüyünün isə 2.40 metr təşkil etdiyi müəyyən olunmuşdur. Lakin qeyd olunan hasar tikilisinin iddiaçıya, avtomobil yoluna maneçilik törədib-törətməsinin müəyyən edilməsinin tikinti ekspertinin həll etdiyi məsələlərin dairəsinə aid olmadığı qeyd edilmişdir. 37.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6375 saylı rəyinə əsasən mübahisə predmeti olan hasar tikilisi ilə iddiaçıya məxsus yaşayış evinin giriş-çıxış qapısı (darvaza) arasındakı məsafənin faktiki olaraq 8,0 metr təşkil etdiyi nəzərə alınmış, həmin hasar tikilisi ilə iddiaçıya məxsus giriş-çıxış qapısı (darvaza) arasındakı məsafənin AzDTN 2.6-1-in 8 və 9 saylı cədvəllərinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Lakin, tikililərin nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırmasının müəyən edilməsi mühəndis-texniki ekspertizalar sahəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından mübahisə predmeti olan hasar tikilisinin ümumi gediş-gəlişi, eləcə də nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıb-məhdudlaşdırmaması üzrə tədqiqatın aparılmadığı qeyd edilmişdir.
38. Yuxarıda sadalanan hallardan müəyyən edildiyi kimi, mübahisə predmeti olan hasar tikilisinin özbaşına tikili olmasına baxmayaraq, hazırki halda iddiaçının qanunla qorunan maraqları və hüquqlarının pozulmasına səbəb olmur. Çünki AzDTN 2.6.-1-in “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərində göstərilir ki, piyadalar üçün nəzərdə tutulan yolun eni 1,5 metr, hərəkət (avtomobil) yolunun eni isə 2,75-3,0 metr, yuk maşınlarının keçidinin eni isə 4,5 metr olmalıdır. Mübahisə predmeti olan hasar tikilisi ilə iddiaçıya məxsus yaşayış evinin giriş-çıxış qapısı (darvaza) arasındakı məsafə faktiki olaraq 8,0 metr təşkil edir. Bununla da həmin hasar tikilisi ilə iddiaçıya məxsus giriş-çıxış qapısı (darvaza) arasındakı məsafənin AzDTN 2.6-1-in 8 və 9 saylı cədvəllərinin tələblərinə uyğun olduğu müəyyən edilir.
39. Belə olan halda mübahisələndirilən hasarın mövcudluğu iddiaçının hər hansı hüququnun, azadlığının və ya qanuni marağının pozulması ilə nəticələndiyi müəyyən edilməmiş, onun hazırki vəziyyətdə “maraqlı şəxs” sayılmasını, mübahisəli tikilinin sökülməsini tələb etmək hüququnu qazanmasını şərtləndirə biləcək müvafiq əsaslar aşkar edilməmişdir. Cavabdehin əmlak və mənzil hüquqlarına dövlət tərəfindən müdaxilə üçün qanuni əsas mövcud deyildir, həmçinin bu müdaxilə “ictimai maraqlara” da cavab vermir.
40. Halbuki hər hansı hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalıdır. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla şəxsin üzərinə fərdi və həddən artıq yükün qoyulması ilə nəticələnməməlidir.
41. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş halların iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iddianın rədd edilməsi qənaətinə gəlir. Buna baxmayaraq kollegiya eyni nəticəyə gələn birinci instansiya məhkəməsinin həmin nəticənin hüquqi əsalandırması ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
42. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisi üçün lazımi icazələrin alınması barədə sübutlar təqdim edilmədiyindən, tələbin əsaslı hesab edilməsi üçün mübahisəli ev üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadığından iddiaçının hazırki tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz. Başqa sözlə, iddiaçı qanunsuz tikili sayılan hasarın sökülməklə yolun əvvəlki vəziyyətinə qaytarılmasını tələb edə bilməz, mövcud olmayan hüquqa yaradılmış maneənin aradan qaldırılması, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir.
43. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən birdə vurğulayır ki, tərəflərin istifadələrində olan daşınmaz əmlaklara dair hüquqları dövlət reyestrində qeydə alınmasa da iddiaçı yaşadığı həyətə giriş-çıxışına törədilməsi ehtimal edilən maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malikdir. Çünki, o, onsuzda qeyd olunan həyətyanı torpaq sahəsindən, üzərindəki evdən uzun illərdir ki, istifadə edir və faktiki olaraq bu əmlak onun sahibliyində və istifadəsindədir. Əks halda yaşadığı evdən istifadəsinin əhəmiyyəti də itmiş olacaqdır. Bundan başqa, tikilinin sökülməsi tələbinə münasibətdə hüquqi dəyərləndirmənin məhz Mülki Məcəllənin 180.4-cü maddəsi kontekstində aparılması ən əsas mübahisənin həllinə xidmət edir. Əks yanaşma hazırki mübahisənin daha da uzanmasına gətirib çıxara bilər.
44. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-119/2023 nömrəli, 13 mart 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan cəmi 100 manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova