Məhkəmə qərarları › İş №2(103)-2530/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2530/2020

13.10.2020 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2530/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi İlham Nəcəfovun iştirakı ilə, İddiaçı cavabdeh «Qurtuluş-93» Mənzil İstismar Kooperativinə qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair 2(006)-2701/2019 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Qurtuluş-93» Mənzil İstismar Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla «Qurtuluş-93» Mənzil İstismar Kooperativi arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli Mənzilin alqı-satqısı haqqında müqavilənin ləğv edilməsi, bu müqaviləyə əsasən onun tərəfindən ünvan 1 saylı ünvanda yerləşən yaşayış evinin ümumi sahəsi 90 kv.m olan 11 blok, 105 saylı izolə olunmuş 3 otaqlı mənzilə görə ödənilmiş 63000 manat pul vəsaiti, «Qurtuluş-93» Mənzil İstismar Kooperativi tərəfindən öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədiyinə görə dəymiş mənəvi ziyan olaraq 5000 manat, ödənilmiş 30 manat dövlət rüsumunun «Qurtuluş-93» Mənzil İstismar Kooperativindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə «Qurtuluş-93» Mənzil İstismar Kooperativi arasında xx xxxxxxx 2017-ci il tarixdə Mənzilin alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ünvan 1 saylı ünvanda yerləşən yaşayış evinin ümumi sahəsi 90 kv.m olan İİ blok, 105 saylı izolə olunmuş 3 otaqlı mənzili payçı kimi İddiaçı verməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə bağlanan tarixdə həmin mənzilin hər kvadrat metrinə 700 manat olmaqla 90 kv.m mənzil üçün ümumilikdə 63000 manat məbləğində pul ödəmişdir. Müqavilənin 4-cü bəndində tikinti işləri başa çatdıqdan sonra İcraçı mənzili təhvil verməyi, Payçı isə mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlanan tarixdə mənzilin ən geci 1 il müddətində sakinlərə təhvil veriləcəyi bildirilsə də, həmin vaxtdan 2 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin mənzil iddiaçıya təhvil verilməmiş, binada tikinti işlərinin başa çatıb-çatmaması, başa çatmadığı təqdirdə hansı səbəbdən başa çatmaması barədə heç bir məlumat verilməmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə düşən vəzifələri yerinə yetirməmiş, nəticədə iddiaçıya maddi və mənəvi ziyan vurulmuşdur. Əgər mənzil nəzərdə tutulan bir il müddətində tikilsəydi, iddiaçı mənzili təmir edib köçüb orada yaşayardı və kirayə yaşamaq məcburiyyətində qalmazdı. İddiaçı binada tikinti işlərinin getməməsini gördükdə cavabdehə müraciət edərək ödədiyi pul vəsaitinin geri qaytarılmasını xahiş etsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Alqı-satqı müqaviləsi üzrə satıcının əsas vəzifələrindən biri də müqavilə predmetinin müqavilədə müəyyən edilən müddətdə, əgər müddət göstərilməyibsə, ağlabatan müddətdə alıcıya verməkdir. Bu ağlabatanlıq tərəflərin qarşılıqlı münasibətləri nəzərə alınaraq müəyyən olunur və satıcı tərəfindən bu prinsiplər pozularaq alıcıya zərər vurulursa, alıcının müqaviləni ləğv etmək hüququ yaranır Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə «Qurtuluş-93» Mənzil İstismar Kooperativi arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən ünvan 1 saylı ünvanda yerləşən yaşayış evinin ümumi sahəsi 90 kv.m olan İİ blok, 105 saylı izolə olunmuş 3 otaqlı mənzilə görə ödənilmiş 63000 (altmış üç min) manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun cavabdeh «Qurtuluş-93» Mənzil İstismar Kooperativindən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia digər hissədə təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(006)-2701/2019 saylı qətnaməsi maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsinin iştirakı təmin edilməmiş, bununla da məhkəmə baxışının mülki prossesual qanunvericiliyin ən önəmli prinsipi olan işlərə baxılması zamanı “çəkişmə” prinsipi pozulmuşdur. Eyni zamanda iş üçün əhəmiyyətli olan bütün faktiki hallar işə baxan məhkəmə tərəfindən aydınlaşdırılmamış, məhkəmənin gəldiyi nəticə isə işin hallarına uyğun olmamışdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, o, iddiaçının həyat yoldaşıdır. 2017-ci ilin oktyabr ayının 16-da «Qurtuluş-93» Mənzil İstismar Kooperativinin inşa etdiyi binadan ev almaq məqsədi ilə həmin kooperativin müdiri olan Hüseyn Əsgərov adlı şəxslə görüşmüşdür. 15-ci mərtəbədə yerləşən evdən xoşu gəlmiş və 63000 manata razılaşmışlar. İddiaçının nümayəndəsi kimi pulu ona vermiş və mənzilə dair sənədləri ona təqdim etmişlər. 2 ay sonra istəmişdir ki, orada təmir işləri aparsın, lakin özünü komendant kimi təqdim edən şəxs ona demişdir ki, bu mənzil digər şəxsə məxsusdur, ondan çox öncə alınmış və həmin şəxsin adına qeydiyyata alınmışdır. Bundan sonra o, Hüseyn Əsgərov ilə görüşmüş, narazılıq etmişdir. Hüseyn Əsgərov ona əsassız sübutlar gətirmiş və sonda boynuna almışdır ki, həmin mənzil ona məxsus deyildir. Hüseyn Əsgərov söz vermişdir ki, 63000 pulu ona ödəyəcək, ya da əvəzində başqa mənzil və ya avtomobil və onun üstündə pul verəcəkdir. Lakin 20 gün onu tapa bilməmişdir, mobil telefonları söndürülmüşdür. Amma söhbət zamanı Hüseyn Əsgərov özü bildirmişdir ki, onu aldatmışdır. Mənzilə görə ödənilmiş pul indiyədək Hüseyn Əsgərov tərəfindən ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin tədqiq edilmiş və mübahisəsiz halları bunlardır ki, icraçı «Qurtuluş-93» Mənzil İstismar Kooperativi ilə payçı İddiaçı arasında imzalanmış xx xxxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən, icraçı Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə ünvan 1 saylı ünvanda yüksək mərtəbəli yaşayış evinin 15 mərtəbə, ümumi sahəsi 90 kv.m olan İİ blok, 105 nömrəli mənzil, izolə olunmuş 3 otaqdan ibarət pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahəsi üçün 700 manat təşkil edir, sahəsi 90 kv.m olan mənzil üçün cəmi 63000 manat ödənilməlidir. Müqavilənin 4-cü bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra icraçı mənzili təhvil verir, payçı mənzili qəbul edir. Təhvil-təslim tərəflərin imzası ilə təsdiq olunan aktla sənədləşdirilir. «Qurtuluş-93» Mənzil İstismar Kooperativi tərəfindən verilmiş xx xxxxxxx 2017-ci il tarixli maliyyə arayışına əsasən, ünvan 1 saylı ünvanda 15 mərtəbə, ümumi sahəsi 90 kv.m olan İİ blok, 3 otaqlı, 105 nömrəli mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən 63000 (altmış üçün min) manat ödənilmişdir, «Qurtuluş-93» Mənzil İstismar Kooperativinə heç bir borcu yoxdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 390.1, 421.2, 427.3, 442, 443.1, 448.1 və 752.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, İddiaçı ilə «Qurtuluş-93» Mənzil İstismar Kooperativi arasında müqavilə bağlanmış və həmin müqavilə üzrə qarşılıqlı öhdəliklər müəyyən edilmişdir. Cavabdeh tərəfindən verilmiş maliyyə arayışı ilə İddiaçı müqavilə öhdəliyini tam və lazımınca yerinə yetirməsi sübuta yetirilir. Lakin «Qurtuluş-93» Mənzil İstismar Kooperativi tərəfindən müqavilə öhdəliyinə uyğun olaraq mənzil iddiaçıya təhvil verilməmişdir. Belə olan halda, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və mənzilə görə ödənilmiş pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh «Qurtuluş-93» Mənzil İstismar Kooperativinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2701/2019 saylı iş üzrə xx.xx.2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar