Məhkəmə qərarları › İş №2(103)-2530/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2530/2025

18.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2530/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının (qəyyumun) nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı paylı mülkiyyət üzrə ¼ hissə payı ilə məxsus olan və ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 40 kv/m olan fərdi yaşayış evinin Cavabdeh mülkiyyətinə verilməsini nəzərdə tutan daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi xx.xx.2023-cü ildə bağlanmışdır. Cavabdeh ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsini X4 arvadı – X7 etibarnamə əsasında bağlamışdır. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə ¼ hissə payı olmaqla hüquq sahibidir. xx.xx.2023- cü il tarixli AR-İİİ № 048801 etibarnamə üzrə, İddiaçı tərəfindən X5 müəyyən səlahiyyətlərin həyata keçirilməsi, o cümlədən qanunla icazə verilmiş bütün əqdlərin bağlanması üçün etibarnamə verilmişdir. Bakı şəhəri 10 Saylı Notariat Ofisinin notariusu Mirbaba Hadiyev cavab məktubunda həmin etibarnamə verilən zaman X4 özünü pis hiss etdiyi, xəstə olduğu qeyd edilmişdir. Həmçinin, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1066/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı psixi pozuntu ilə bağlı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (qəyyumu X12) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü ildə Bakı şəhəri 10 saylı notariat kontorunda onunla Cavabdeh arasında bağlanmış AN-İ 628345 nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilənin hüquqi nəticəsi olaraq Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissə payı üzərində mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir (40 ilə yaxındır) ruhi xəstədir, diaqnoz: şizofreniya paranoid forma fasiləsiz gedişli. Əmək qabiliyyətsizdir. Daim kənar şəxsin qulluğuna ehtiyacı vardır. Cavabdeh təkidi ilə üçüncü şəxs olan arvadı X5 və Cavabdeh məzmununu başa düşmədiyi, hüquqi nəticələrini anlamadığı etibarnamələr vermişdir. Həmin etibarnamələr əsasında Cavabdeh onun adından anası Sona Mahüseyn qızından miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün notariat kontoruna onun nümayəndəsi kimi müraciət etmiş, Sona Mahüseyn qızının 8 uşağı olmasına və miras əmlakı faktiki olaraq mərhum qardaşı X2 arvadı X8 qəbul etməsinə baxmayaraq onun adına ¼ payla ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə çıxartdırmış, sonra isə həmin əmlakı öz adına keçirtmək üçün arvadı X5 verdiyi məzmununu və nəticələrini anlamadığı etibarnamə əsasında AN-İ 628345 nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsini imzalayaraq həmin əmlakın 1/4 hissəsini öz mülkiyyətinə keçirmişdir. Bütün bunlar ona Cavabdeh qardaşı X3 və digər qohumlarının evinə gələrək miras əmlakda olan paydan imtina etmələri barədə notariusa ərizə vermələrini tələb etdikdən sonra qohumlarının vəkil sorğusuna verilən cavabdan müəyyən edilən məlumatdan sonra məlum olmuşdur. Halbuki, o, miras əmlakı faktiki qəbul etmədiyi üçün ondan pay almaq niyyətində olmamış və sonradan da onu Cavabdeh satmaq niyyətində də olmamışdır. Nə o, nə də etibarnamə əsasında nümayəndəsi olmuş X7 (arvadı) latın qrafikası ilə yaza bilmirlər, yazılanı da oxuya bilmirlər. Eyni zamanda notariusda tərtib olunan sənədləri - etibarnamələri və digərlərini notarius onun üçün oxumamış və hüquqi nəticələr ona izah edilməmişdir. Onun mirasda olan payını satmaq, ümumiyyətlə həmin payı qəbul etmək niyyəti olmamışdır, həmin müqavilə onun iradə ifadəsini əks etdirmir və iradə ifadəsinə ziddir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-66/25 saylı iş üzrə 28 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyeva) iddia təmin edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, məhkəmə araşdırılması zamanı iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3107 saylı rəyi ilə İddiaçı 5 oktyabr 2023-cü il tarixində, etibarnamə verdiyi vaxtda öz hərəkətlərinin mənasını şüurlu başa düşmək, öz hərəkətlərinə şüurlu rəhbərlik etmək iqtidarında olmadığı müəyyən edilmişdir. İddiaçı etibarnaməni verdiyi vaxtda öz hərəkətlərinin mənasını şüurlu başa düşmək, öz hərəkətlərinə şüurlu rəhbərlik etmək iqtidarında olmadığı sübuta yetirildiyindən, onun bağladığı əqd etibarsız hesab edilməlidir. Bundan başqa, onun anlaqlı vəziyyətdə və tam fəaliyyət qabiliyyətli olduğu ilə bağlı Cavabdeh tərəfindən bir sıra sənədlər təqdim edlsə də, bu hal sübuta yetirilməmiş, məhkəməyə təqdim edilən sübutlar digər iş materialları ilə təsdiq olunmamışdır. İkinci növbədə, etibarnamənin etibarsız hesab edildiyi sübuta yetirildiyindən, onun əsasında bağlanan əqd və dövlət reyestrində aparılmış qeyd də ləğv edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1, 144, 178, 324, 337, 342, 346, 359, 362, 646-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əliyeva İradə ona verilən etibarnamə ilə müxtəlif vaxtlarda İddiaçı adından çoxsaylı dövlət qurumlarına müraciətlər etmiş, onun etibarnaməsi əsasında o, İddiaçı adından vərəsəlik qəbul edib, İradə Əliyeva baş etibarnaməsi olduğu halda hansısa səbəbdən xx.xx.2023-cü il tarixdə yenidən İddiaçı etibarnamə almışdır. Qeyd olunan etibarnamədən hər hansı bir məlumatı olmamışdır. Əliyeva İradə ilə mübahisəli torpaq sahənin alqı-satqısını həyata keçiriblər və ona notariusda 10.000 manat pul verib. İddiaçı oğlu X9 ona notarial qaydada 190.000 manat borcu var və aralarında bununla bağlı müqavilə bağlanmışdır. Ona satılan torpaq sahəsində ev göstərilsə də bu ev mövcud olmamışdır, bunu Əliyeva İradə ilə dövlət arxiv idarəsinə verdiyi sorğulardan müəyyən edib. Əliyeva İradə ilə alqı-satqı etdikdən sonra ona bildirdi ki, bu alqı-satqıya onun ailə üzvləri razı deyil, həmin evdə başqa adam yaşayır və ondan polisə şikayət etdilər. 31-ci bölmədə aparılan araşdırma nəticəsində müəyyən olundu ki, İradə Əliyevanın dedikləri yalandır. Buna görə də o, X10 Rayon Polis İdarəsinə şikayət etmiş və hazırda İ.Əliyeva barəsində 178.3.2-ci maddə ilə cinayət işi başlanılmış və onun barəsində axtarış elan edilmişdir. Evin yerləşməsi ilə bağlı ekspertiza təyin olunmasını xahiş edib, lakin bu vəsatət təmin edilməmişdir. İddiaçı tərəfindən əvvəlki illərdə verilmiş etibarnamələrin verildiyi vaxt sağlam və ya xəstə olması ilə bağlı ekspertiza təyin edilməsi barədə vəsatəti də təmin olunmamışdır. İddiaçı uzun müddət ərzində müxtəlif şəxslərə etibarnamələr vermiş, vəkillərlə müqavilələr bağlamış və onun onlarla daima ünsiyyəti olmuş, onda hər hansı bir psixi xəstəliyin olmasını müəyyən etməmişdir. Digər cavabdeh X7 məhkəmə icraatına cəlb edilməmiş və onun izahatı alınmamışdır. İddiaçı necə şizofreniya xəstəliyindən əziyyət çəkə bilər ki, bir dəfə belə olsun xəstəxanada müalicə almamışdır. İddiaçı Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs kimi ona qəyyum təyin edilmişdi, ona qəyyum kimi isə oğlu X11 təyin edilmişdir. X6 şəxsi keyfiyyətləri yoxlanılmamışdır, belə ki, qəyyum təyin olunan şəxs E.Əliyev narkomaniyadan əziyyət çəkir və heç bir halda qəyyum təyin edilə bilməz. Bütün bunlar onu sübut edir ki, bütün bu hərəkətlər alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün atılmışdır. Sual yaranır əgər İddiaçı xəstə idi və ona qəyyum təyin olunmalı idisə, niyə ona daha əvvələr qəyyum təyin olunmamışdır. Onlar onun qanuni alqı-satqı nüqaviləsini ləğv etmək üçün bu yola əl atmışlar. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İddiaçının (qəyyumun) nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;.. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.... Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər... Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. .... Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 342.1. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Maddə 342.2. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 346.2. Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 346.3. Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. Maddə 346.4. Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.... Maddə 72.1. Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər... Maddə 72.4. Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər. Maddə 72.5. Qanuni nümayəndələr məhkəmədə işin aparılmasını nümayəndə sifətində seçdikləri bu Məcəllənin 69.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tapşıra bilərlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlsə də müqavilə üzrə alınanları Mülki Məcəllənin 337.5, 342.1-ci maddələrinə əsasən geri qaytarmamaqda səhvə yol vermişdir.

17. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3107 saylı rəyi ilə İddiaçı 5 oktyabr 2023-cü il tarixində, etibarnamə verdiyi vaxtda öz hərəkətlərinin mənasını şüurlu başa düşmək, öz hərəkətlərinə şüurlu rəhbərlik etmək iqtidarında olmadığı müəyyən edilmişdir.

18. Cavabdeh rəyin mötəbərliyini mübahisələndirsə də, bunu təsdiq edən sübutlar təqdim etməmişdir.

19. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmiş, sübutların qanunun tələbinə uyğunluğunu, tamlığını, işə aidliyini, mümkünlüyünü, obyektivliyini, mötəbərliyini yoxlamış və yalnız bundan sonra onları qiymətləndirmişdir.

22. Bununla yanaşı Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində Mülki Məcəllənin 337.5-ci maddəsinə istinad etsə də, əqdin etibarsızlığından irəli gələn hüquqi nəticələri işə tətbiq etməmiş, qətnamənin nəticə hissəsində göstərməmişdir.

23. Mülki Məcəlləyə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5). Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir (maddə 342.1).

24. İşdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən İddiaçı ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 40 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus ¼ hissənin alıcı Cavabdeh 9000 manata satmışdır.

25. Mülki Məcəllənin 337.5, 342.1-ci maddələrinin tələbinə əsasən mübahisəli fərdi yaşayış evinin alqı-satqısı əsasında İddiaçı ödənilmiş 9000 manat pul İddiaçı alınaraq Cavabdeh qaytarılmalıdır.

26. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilməlidir.

27. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 28 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilsin. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 40 kv/m olan fərdi yaşayış evinin alqısatqısına görə ödənilmiş 9000 (doqquz min) manat pul İddiaçı (qəyyumu X11) alınaraq Cavabdeh verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar