Məhkəmə qərarları › İş №2(103)-2532/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2532/2024

02.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2532/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5965/2023 saylı, 13 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov (Xanlar) küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00001) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 4.147,20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(011)- 5965/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(011)-5965/2023 qətnaməsindən apellyasiya şikayəti verərək, şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və üzrlü səbəblərdən buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair qəraradad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh İB çıxarılmış həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti hazırlayıb. Elektron Məhkəmə Portalından göründüyü kimi qətnamə Cavabdeh Elektron Kabinetinə xx.xx.2023-cü il tarixində daxil olmuşdur və apellyasiya şikayətinin verilməsi üçün sonuncu prosessual müddət xx.xx.2024-cü il tarixində bitmişdir. Mübahisələndirilən qətnamə Cavabdeh İB tərəfindən rəsmi qaydada alınsa da, Birliyin Xətai rayon məhkəməsində hüquqlarını təmsil etməyinə baxmayaraq iş yükünün çoxluğuyla əlaqədar apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Belə ki, cavabdeh təşkilat olaraq Cavabdeh hüquqi ünvanı Xətai rayonu ərazisinə aid olduğundan Respublika ərazisində yaşayan və Birliklə qazın təchizatı ilə əlaqədar müqavilə bağlayan bütün borclu istehlakçılar, öz borclarının obyektiv araşdırılması və məhkəmə müstəvisində həllinin tapılması məqsədilə iddiaları çox vaxt Xətai Rayon Məhkəməsinə verir. Məlum olduğu kimi Cavabdeh adından nümayəndəyə təqdim edilmiş etibarnamə ilə məhkəmədə cavabdehi təmsil etmək hüquqları ona həvalə edilmişdir. Verilən çoxsaylı iddialar üzrə borcların araşdırılması, sənədlərin elektron və fiziki qaydada təqdim edilməsi, iddialara qarşı etiraz, vəsatət, qarşılıqlı iddia və apellyasiya şikayətlərinin hazırlanması, o cümlədən təyin edilmiş ekspertiza və yerli baxışlarda şəxsən iştirak etməyi iddiaçıların sayı kütləvilik daşıması xarakterindən asılı olaraq çıxarılmış yekun məhkəmə aktlarından apellyasiya şikayətlərinin verilməsində gecikmələrə səbəb olur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5965/2023 saylı 13 fevral 2024-cü il tarixli qərardadı ilə Cavabdeh İB tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilmişdir. Həmin qərardaddan Cavabdeh İB tərəfindən şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda əsas kimi Cavabdeh İB-nin nümayəndəsinin qətnamədən şikayət vermə müddətinin ötürülməsini üzrlü hesab edilməsi üçün əhəmiyyətli əsasları və səbəblərinin əsaslarını göstərməməsi gətirilmiş və bu səbəbdən mülki iş üzrə verilmiş vəsatət təmin edilməmişdir. Halbuki hamıya bəlli olan səbəblərə dair sübut gətirməyə ehtiyac yoxdur. Belə ki, nümayəndənin həqiqətən də anoloji işlər üzrə Xətai Rayon Məhkəməsinin icraatında X4 nümayəndə olaraq tək təhkim olunması da Xətai Rayon Məhkəməsi üçün məchul qalmır. Bu səbəbdən hesab edir ki, məhkəmənin qərardadı əsassız və qanunsuzdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5965/2023 saylı, 23 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Mülki işin materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(011)-5965/2023 saylı qətnaməsi Cavabdeh “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinetinə 8 dekabr 2023-cü il tarixdə yerləşdirilmişdir. Cavabdeh məhkəmə qətnaməsindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayətini qətnamə ona rəsmi təqdim olunduğu gündən 1 aydan artıq müddət keçdikdən sonra 27 yanvar 2024-cü il tarixdə elektron kabineti vasitəsilə vermişdir. Hansı ki, şikayət verdiyi qətnamə də həmin kabinetə yerləşdirilmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olmuş, cavabdeh tərəf Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2(011)-5965/2023 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürmüşdür. Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən halların, o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. olması hazırki işdə müəyyən edilməmişdir. Cavabdehin prosessual müddətin bərpa olunması barədə ərizədə istinad etdiyi halların üzrlü hesab edilməsi isə mülki prosessual qanunvericiliyə ziddir. Bu baxımdan iddiaçı tərəfindən hazırki şikayətində göstərilənlər qərardadın ləğvi üçün əsas ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5965/2023 saylı 28 noyabr 2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5965/2023 saylı 13 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar