Məhkəmə qərarları › İş №2(103)-2535/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2535/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2535/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı öhdəliyin gecikdirilməsinə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 61.944 manat 75 qəpik pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumu və xidmət (bank xidməti) haqqının cavabdeh «xxxx» ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev, iş № 2(006)-2139/20) iddia təmin edilərək cavabdeh «xxxx» ASC-dən İddiaçı xeyrinə 61944,75 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması qət edilmişdir. Cavabdeh “xxxx” ASC qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2007-ci il tarixdə «xxxx» ASC-nin Sənaye filialı ilə müqavilə bağlayaraq illik 19 % hesablanmaqla 60 ay müddətinə 131.100 manat pulu banka adına açılmış 262653 AZN-4725-01 saylı əmanət (depozit) hesabına yerləşdirmişdir. 60 aydan sonra, yəni xx.xx.2012-ci il tarixdə bankdan həmin depozit müqaviləsi üzrə banka qoyduğu pulu hesablanmış 124.545 manat faizi bankdan götürmüşdür. Bankın təklifi əsasında bankla aralarında yenidən razılaşma olmuşdur ki, əsas məbləğ olan 131.100 manatı həmin vaxt «xxxx» ASC-yə 60 ay müddətinə depozitlər üçün illik 16,2 % hesablanmaqla pulu bankda qalmaqla, xx.xx.2007-ci il tarixli depozit müqaviləsinin müddətini yenidən 5 il müddətinə uzatmışlar. Bu səbəbdən də, o, pulu bankdan götürməmişdir və bankla aralarındakı razılaşmaya əsasən xx.xx.2007-ci il tarixli depozit hesabı haqqında müqavilənin müddəti bu dəfə illik 16,2 % olmaqla 60 ay müddətinə uzadılmışdır. 60 ay tamam olandan sonra müqavilənin 1.6-cı bəndinin tələbinə uyğun olaraq banka müraciət etmişdir ki, hesablanmış faizi götürsün. Lakin bu dəfə bankdan ona xx.xx.2017-ci il tarixli məktubla cavab vermişlər ki, guya xx.xx.2007-ci il tarixdə banka yerləşdirdiyi 131.100 manat müddətli əmanəti xx.xx.2007-ci il tarixdə imzalanmış depozit müqaviləsinə əlavəyə uyğun olaraq xx.xx.2007-ci il tarixli 07 saylı kredit müqaviləsinə əsasən X3 tərəfindən götürülmüş kreditin təminatı kimi girov qoyulmuşdur. O, nə X2 tanımış, nə də ki sonuncunun krediti üzrə o, bankda olan pulunun girov qoyulmasına dair xx.xx.2007-ci il tarixli depozit müqaviləsinə əlavə də bağlamamış, belə bir əlavə adlı müqaviləni də imzalamamışdır. Buna görə də Nəsimi Rayon Məhkəməsində «xxxx» ASC-yə qarşı iddia qaldıraraq «xxxx» ASC-nin Sənaye filialı ilə onun və X3 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli «xx xxxxxx 2007-ci il tarixdə «xxxx» ASC-nin Sənaye filialı ilə İddiaçı arasında bağlanmış depozit müqaviləsinə əlavə»nin etibarsız hesab edilməsi, İddiaçı ilə cavabdeh «xxxx» ASC-nin Sənaye filialı arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilə üzrə 131.100 manat əmanət məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi və həmin məbləğə xx.xx.2012-xx.xx.2017-ci il tarixə illik 16,2 faizlə hesablanmış 106.191 manatın, xx.xx.2017-ci il tarixdən qətnamə icra olunan günədək illik 16,2 faiz olmaqla hər ay üçün 1.769 manat 85 qəpik depozit faizinin, dəymiş mənəvi ziyanın əvəzi olaraq 15.000 manatın «xxxx» ASC-dən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Nəticədə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnamələrinə əsasən «xxxx» ASC-dən onun xeyrinə 131.100 manat depozit hesabında olan əmanət məbləği və həmin məbləğə illik 16,2 % hesablanmaqla 103901,7 manat tutularaq ona verilməsi qət edilmişdir. Sonda məhkəmə onun haqlı olduğunu təsdiq etmiş və bankın onun pulunu əsassız olaraq özündə saxladığı, pulunu qaytarmağı gecikdirməsi öz təsdiqini tapmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və qətnamə xx.xx.2019-cu il tarixdə icra edilərək 131100 manat əsas məbləğ və illik 16,2 % hesablanmaqla 103901,7 manat depozit faizi iddiaçıya ödənilmişdir. Bank əsas depozit məbləği olan 131100 manat pulun qaytarılmasını əsassız olaraq gecikdirdiyindən, öz öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən, öhdəliyini yalnız xx.xx.2019-cu il tarixdə icra etdiyindən onun banka qarşı yenidən iddia qaldırmaq və bankın onun pulunu vaxtında qaytarmadığına görə həmin pula hesablanmış faizləri tələb etmək hüququ vardır. Bu səbəbdən də, xx.xx.2017-ci il tarixdən hesablanmaqla əsas depozit hesabındakı 131100 manat pulun ona geri qaytarıldığı, qətnamənin icra edildiyi xx.xx.2019-cu il tarixədək, həmin depozit hesabında olan əmanətinə illik 16,2 % pulu bankdan tələb etmək hüququ yaranır. Belə ki, həmin pullar əmanət müqaviləsi üzrə pulunu iddia qaldıraraq tələb etdiyi xx.xx.2017-ci il tarixdən qətnamənin icra olunduğu xx.xx.2019-cu il tarixədək, yəni əmanətinin ona qaytarıldığı tarixədək hesablanmaqla 2 il 11 ay 14 gün bankın istifadəsində qalıb və bank həmin pulu qaytarmayaraq, özgəsinin pul vəsaitini həmin müddətdə qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ona ziyan vurmuşdur, bu gecikdirmə nəticəsində onlar Mülki Məcəllənin və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüququndan istifadə edərək, bankdan həmin icrasını gecikdirdiyi pullara görə illik ən azı 16,2 % pul tələb etməkdə haqlıdır. Çünki, elə bankla bağladığı həmin əmanət müqavilələrinə əsasən pulunun həmin bankda qalmasına görə illik 16,2 % pul qazanmaq imkanı real olub. Preyudisial əhəmiyyətli qətnamədə də həmin əmanətə görə 16,2 % pul onun xeyrinə tutulmuşdur. Belə ki, həmin əmanət müqaviləsi yalnız Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icra edildikdən sonra, yəni əmanət üçün yerləşdirdiyi pullar qaytarıldıqdan sonra ləğv edilib. Pullar qaytarılanadək bankda olub. Çünki, müqavilə 5 il müddətinə bağlansa da, həmin müqavilə pulu qaytarılmadığı üçün ləğv edilməmişdir. Pulunun qaytarılmaması preyudisial əhəmiyyətli qətnamələrlə təsdiq edilir. Həmçinin bank əmanəti müqaviləsinə əsasən də əmanət üzrə faizlər həmin əmanət tam qaytarılanadək hesablanır. Qanunun tələbinə əsasən banka yerləşdirdiyi əmanəti qaytarılan günədək həmin əmanət müqavilələri üzrə razılaşdıqları illik 16,2 % hesablanmaqla davam etmişdir. Beləliklə, müqavilənin müddətinin uzadılmasının sübut olunmasında onun hərəkətsizlik və neqativ öhdəliyi vardır. O, heç nə etmədikdə, müqavilə uzadılmış sayılır. Bu halın sübut olunması üçün, digər halın mövcudluğunu qarşı tərəf sübut etməlidir. Qarşı tərəf digər halla bağlı sübut təqdim edə bilmirsə, onun irəli sürdüyü iddia tələbi avtomatik sübut olunmuş sayılır. Qətnamədən də göründüyü kimi, bank tərəfindən əmanətçiyə pulun qaytarılması barədə bildiriş göndərilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, müqavilənin müddətinin uzadılmasına dair onun iddiası sübut olunmuş sayılır. Əksinə, bank onun pulunu qaytarmaq istəməyib, hansısa saxta girov müqavilələrinə istinad edərək, pulunu qaytarmaqdan imtina etmişdir. Beləliklə, həm Mülki Məcəllənin, həm də Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi bank onun pulunu artıq bir ildir ki, qaytarmır, bir ildir ki, pulunu özündə saxlamaqla, ondan faydalanır. O, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5 %-dən artıq daha böyük məbləğ tələb edə bilər. Həmçinin həmin pulları bank vaxtında ona qaytarsa idi, ən azından iddia qaldırdığı xx.xx.2017-ci il tarixdə qaytarsa idi, digər banklara da yüksək faizlə depozit qoyub gəlir əldə edə bilərdi. Lakin ən azından həmin bankın özündə illik 16,2 % hesablanmaqla əmanəti qalmaqda davam etmişdir. 16,2 % faydalanmaq hüququnu sübuta yetirmək üçün həmin müqavilələrdən əlavə hər hansı bir sübutu məhkəməyə təqdim etməyə ehtiyac yoxdur. Çünki, preyudisial əhəmiyyətli qətnamələrlə təsdiq edilmişdir ki, bank illik ona 16,2 % ödəməlidir. Beləliklə, pulunun bank tərəfindən qanunsuz saxlanıldığı müddət üçün illik 16,2 % tələb etmək hüququ var. Belə olduğu təqdirdə, 2 il 11 ay 14 gün üçün 131100 manat pulunun qanunsuz saxlanılması nəticəsində illik 16,2 % hesablanmaqla (131100 manatın illik 16,2 % hesablayanda hər ay 1769,85 manat edir, bu məbləği də 2 il 11 aya, yəni 35 aya vurduqda = 61944,75 manat) 61944,75 manat tələb etmək hüququ yaranır. Cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və 131100 manat pulun iddiaçıya geri qaytarılmamasının obyektiv səbəbi kimi qeyd edilən müddət ərzində məhkəmə çəkişmələrinin getməsini göstərmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh “xxxx” ASC apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi xx.xx.2019-cu il tarixdə Bank tərəfindən icra edilmiş (məcburi icra tədbirləri deyil, könüllü olaraq) və həmin qətnamə üzrə tələb olunan bütün öhdəliklər Bank tərəfindən yerinə yetirilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə qətnamə çıxararkən eyni tərəflər arasında, eyni əsaslar və eyni hallar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcduluğunu nəzərə almamışdır. Cavabdehin nümayəndəsi R.Bəgülov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi F.Xudaverdiyev apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, İddiaçı Əlican qızı xx.xx.2017-ci il tarixdə “xxxx” ASCnin Sənaye filialı ilə müqavilə bağlayaraq illik 19 % hesablanmaqla 60 ay müddətinə 131.100 manat pulu adına açılmış 262653 AZN-4725-01 saylı əmanət (depozit) hesabına yerləşdirmiş, 60 aydan sonra, yəni xx.xx.2012-ci il tarixdə həmin depozit məbləğinə hesablanmış 124.545 manat faizi bankdan götürmüşdur. Müqavilə tərəfləri arasındakı razılamaya əsasən xx.xx.2007-ci il tarixli depozit müqaviləsinin müddəti illik 16,2 % hesablanmaqla yenidən 5 il müddətinə uzadılmışdır. 60 ay tamam olandan sonra iddiaçı müqavilənin 1.6-cı bəndinin tələbinə uyğun olaraq bankdan hesablanmış faizi götürmək istədikdə Bank əmanətin xx.xx.2007-ci il tarixdə imzalanmış depozit müqaviləsinə əlavəyə uyğun olaraq xx.xx.2007-ci il tarixli 07 saylı kredit müqaviləsinə əsasən X3 tərəfindən götürülmüş kreditin təminatı kimi girov qoyulduğunu bildirmiş və faizin ödənilməsindən imtina etmişdir. İddiaçı bununla bağlı məhkəmədə iddia qaldırmış və Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmişdir. Həmin iş bir neçə dəfə apellyasiya və kassasiya baxışının predmeti olmuş və nəticədə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnamələrinə əsasən «xxxx» ASC-dən iddiaçının xeyrinə 131.100 manat depozit hesabında olan əmanət məbləğinin və həmin məbləğə illik 16,2 % hesablanmaqla 103901,7 manat depozit faizi məbləğinin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və xx.xx.2019-cu il tarixdə icra edilərək 131100 manat əsas məbləğ və illik 16,2 % hesablanmaqla 103901,7 manat depozit faizi iddiaçıya ödənilmişdir. Yuxarıda göstərilənləri tərəflər mübahisələndirmədiyindən məhkəmə kollegiyası onları işin mübahisəsiz halları kimi qəbul edir. İddiaçının hazırkı iş üzrə tələbi pul öhdəliyinin (icranın) gecikdirilməsinə görə cavabdehdən 61.944 manat 75 qəpik pul vəsaitinin tutulması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi əsas depozit məbləği olan 131100 manat pulun xx.xx.2017-ci il tarixdən qətnamənin icra olunduğu xx.xx.2019-cu il tarixədək, yəni əmanətinin ona qaytarıldığı tarixədək hesablanmaqla 2 il 11 ay 14 gün Bankın istifadəsində qalmasına, Bank tərəfindən pulun qaytarılmasının əsassız olaraq gecikdirilməsinə, öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə istinad etmiş və bildirmişdir ki, Bank pul vəsaitini həmin müddətdə qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və faydalanmaqla ona ziyan vurmuşdur. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 445, 449, 948.1, 949.1-ci və s. maddələrinə istinad olunmuşdur. Cavabdehin nümayəndəsi 131100 manat pulun iddiaçıya geri qaytarılmamasının obyektiv səbəbi kimi göstərilən müddət ərzində məhkəmə çəkişmələrinin getməsini göstərmişdir. Birinci instansiya məhkəməsi işin tam, obyektiv və hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx xxxxxxxx 2020-ci il tarixli 9/2365 saylı rəyə əsasən müəyyən olunmuşdur ki, İddiaçı ilə «xxxx» ASC arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli depozit müqaviləsi üzrə 131.100,00 manat məbləğində əmanətə xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək illik 16,2 %-lə faiz hesablanmaqla xx xxxxxx 2019-cu il tarixə 62.770,68 manat məbləğində faiz qalığı müəyyən edilir. Birinci instansiya məhkəməsi adı çəkilən ekspert rəyinin mötəbərliyini qəbul edərək və işin müəyyən edilən hallarına əsaslanaraq iddianın əsaslı olduğu qənaətinə gəlmiş və onu iddia tələbi həcmində, yəni 61944,75 manat həddində təmin etmişdir. Məhkəmənin qənaətinə görə sözügedən 131100 manat pul vəsaiti xx.xx.2017-ci il tarixdən qətnamənin icra olunduğu xx.xx.2019-cu il tarixədək, yəni əmanətin iddiaçıya qaytarıldığı tarixədək hesablanmaqla 2 il 11 ay 14 gün bankın istifadəsində qalmış və bank həmin pulu qaytarmayaraq, faktiki olaraq özgəsinin pul vəsaitini həmin müddətdə qanunsuz saxlamaqla, ondan faydalanmaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini digər şəkildə gecikdirməklə iddiaçıya ziyan vurmuşdur. Məhkəmə qeyd etmişdir ki, əmanətin qaytarılması üçün yalnız məhkəmə aktının qəbul edilməsi vacib şərt kimi müqavilədə və Mülki Məcəllədə müəyyən edilməmişdir. Məhkəmə mübahisəsi olmadan da bank əmanətçinin pulunu qaytara və bununla da hazırkı mübahisənin yaranmasının qarşısı alına bilərdi. Göründüyü kimi, cavabdeh «xxxx» ASC əmanət müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyini tam icra etməmiş, əmanətçinin tələbi ilə əmanət məbləğini ona vaxtında qaytarmamış, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də, Bank öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, depozit məbləğinə xx.xx.2017-ci il tarixdən qətnamənin icra olunduğu xx.xx.2019-cu il tarixədək, yəni əmanətin iddiaçıya qaytarıldığı tarixədək hesablanmaqla 2 il 11 ay 14 gün hesablanmış faiz məbləğlərini iddiaçıya ödəməlidir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 385.1, 386.1,442.1, 443.1, 944.1, 945.2, 948.1, 949.1-ci və s. maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işini hallarını və tətbiq edilməli olan maddi hüquq normalarını düzgün müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, hazırkı işdə cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilməməsi, icranı gecikdirməsi nəticəsində iddiaçının məruz qaldığı zərər müqavilədə nəzərdə tutulan faiz məbləğidir. Cavabdeh əsas depozit məbləğini vaxtında ödəməməklə iddiaçıya (kreditora) faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuşdur. Əldən çıxmış fayda şəklində zərər isə müqavilədə nəzərdə tutulmuş 16,2 %-dir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsini rəhbər tutaraq cavabdehdən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə digər əsaslardan çıxış edərək 5 % deyil, daha böyük məbləğ – 16,2 % tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının gecikdirilmiş günlər üçün illik 16,2 % faiz olmaqla pul tələbi adı çəkilən maddələrin dispozisiya əlamətlərinə uyğun gəlir və həmin maddələrin təsiri altına düşür. “xxxx” ASC-nin apellyasiya şikayətinin əsas və yeganə dəlili ondan ibarətdir ki, məhkəmə qətnamə çıxararkən eyni tərəflər arasında, eyni əsaslar və eyni hallar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğunu nəzərə almamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi xx.xx.2019-cu il tarixdə Bank tərəfindən icra edilmiş və həmin qətnamə üzrə tələb olunan bütün öhdəliklər Bank tərəfindən yerinə yetirilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, apelyatorun istinad etdiyi həmin işdə İddiaçı tələbi depozit müqaviləsinə əlavənin etibarsız hesab edilməsi, depozit məbləğinin və ona hesablanmış faizlərin tutulması barədə olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi və Apellyasiya Məhkəməsinin həmin iş üzrə çıxardığı xx.xx.2019-cu il tarixli qətnamə ilə iddia qismən təmin olunmaqla depozit müqaviləsinə əlavə etibarsız hesab edilmiş, 131000 manat depozit məbləğinin və ona hesablanmış 103901,7 manat faiz məbləğinin “xxxx” ASC-dən tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı adı çəkilən həmin mülki işi nəzərdən keçirdi və həmin işdə olan audit rəyinə əsasən müəyyən etdi ki, iddiaçıya ödənilmiş 103901,7 manat faiz məbləği xx.xx.2017-ci il tarixədək olan dövrə görə hesablanmış məbləğdir. Belə ki, audit rəyində də göstərildiyi kimi, xx.xx.2017-ci il tarixdən depozit məbləğinə faiz hesablanması dayandırılmışdır. İddiaçının hazırkı iş üzrə tələbi istər predmetinə, istrsə də əsaslarına (faktiki və hüquqi) görə əvvəlki işdə olan tələblə eyni deyil. Hazırkı tələb borclunun icranı gecikdirməsi nəticəsində vurulan ziyanın ödənilməsi barədədir və iddiaçı bu tələbini Mülki Məcəllənin 445, 449, 948.1, 949.1-ci və s. maddələri ilə əsaslandırmışdır. İddiaçının bu tələbi tərəflər arasındakı əvvəlki işdə irəli sürülməmiş və baxılmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar