Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2537/2025 01.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, e-2(006)-523/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin 5239 1517 8996 8156 nömrəli birbank alış-veriş debet kartı vasitəsi ilə onun adına rəsmiləşdirdiyi 1370 manat məbləğində kreditin verilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş 34 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, e-2(006)- 523/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
3. Həmin qətnamədən İddiaçı apellyasiya şikayət verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə; Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində rüsum ödənilməlidir. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
6. İddianın predmetini Cavabdeh ASC-nin 5239 1517 8996 8156 nömrəli birbank alış-veriş debet kartı vasitəsi ilə onun adına rəsmiləşdirdiyi 1370 manat məbləğində kreditin verilməsinə dair müqavilənin etibarsız hesab edilməsi təşkil edir.
7. Belə oluduğu halda tələb qiymətləndirilməyən tələbdir və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən 100 manat, apellyasiya şikayəti verilərkən 50 manat məbləğində rüsum ödənilməlidir.
8. Lakin İddiaçı tərəfindən şikayətə 17,40 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmuşdur.
9. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
10. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, e-2(006)- 523/2025 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.