Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2546/2024 19.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-615/2024 nömrəli qətnaməsindən iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh (satıcı) Cavabdeh1 MMC ilə cavabdeh (alıcı) Cavabdeh2 arasında “Mitsubishi Pajero” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə (bundan sonra – avtomobil) dair bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, iddia rədd edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, avtomobilin vergi orqanı tərəfindən siyahıya alınmasından məlumatı olmayıb, onu vicdanlı əldə edən kimi satın alıb, ona görə də apellyasiya şikayətinin özünə aid olan hissəsini əsassız hesab edir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Avtomobil Cavabdeh1 MMC-nin vergi öhdəliyinin yerinə yetirilməsinin təmin etmək üsulu kimi xx.xx.2022-ci il tarixli qərar əsasında vergi oranı tərəfindən siyahıya alınıb. Lakin xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC avtomobilə dair digər Cavabdeh2la alqı-satqı müqaviləsi bağlayıb. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.11-ci maddəsinə görə, vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. İddiaçı həmin maddənin göstərişinə istinad edərək müqavilənin etibarsız sayılmasını tələb edir. Müəyyən olunur ki, vergi orqanı avtomobilin siyahıya alınması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verməyib. Həmin İdarədə belə məlumat olmadığına görə, AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə uyğun olaraq alqı-satqı müqaviləsi təsdiq edilib. Avtomobilin siyahıya alınması barədə qərar qəbul edildiyi zaman (2022ci ildə) qanunvericilikdə vergi orqanının avtomobillərin dövlət reyestrini aparan orqana məlumat verməli olduğunu birbaşa nəzərdə tutan norma olmayıb, belə norma (Vergi Məcəlləsinin 89.8.1-ci maddəsinin 4-cü abzası) qanunvericiliyə sonradan (2023-cü ildə) əlavə edilib. Həmin normaya görə, vergi orqanı dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın bu Məcəlləyə uyğun olaraq siyahıya alınmasını apardıqdan sonra 1 iş günü müddətində həmin əmlakın yüklü edilməsi barədə məlumatı bu əmlakın dövlət reyestrini aparan səlahiyyətli dövlət orqanına (qurumuna) elektron və ya kağız daşıyıcıda verir. Lakin bu hal vergi orqanını BDYPİ-nə məlumat vermək vəzifəsindən azad etməyib. Məlumat vermək vəzifəsi “əmlakın siyahıya alınması” anlayışından irəli gəlir. Belə ki, Vergi Məcəlləsinin 89.2-ci maddəsinə görə, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Siyahıya alınan əmlak avtomobil olduğuna, vergi orqanı isə vergilərin toplanması sahəsində ixtisaslaşmış dövlət qurumu olduğuna görə bilib ki, sərəncam hüququnun məhdudlaşdırılması üçün mütləq BDYPİ-nə məlumat verilməli və bu məlumat reyestrə daxil edilməlidir. Lakin məlumat verilməyib, nəticədə isə alqı-satqı müqaviləsi bağlanıb. Vergi Məcəlləsinin 89.11-ci maddəsi tətbiq edilərkən rəsmi reyestrdə qeydə alınan və qeydə alınmayan əşyalar fərqləndirilməlidir. Əgər avtomobil vergi orqanı tərəfindən siyahıya alınıbsa, avtomobilin alqı-satqı müqaviləsini təsdiq edən qurumun (BDYPİ-nin) və avtomobili müqavilə üzrə əldə edən şəxsin (alıcının) bundan məlumatı olmalıdır. Çünki avtomobil rəsmi reyestrdə qeydə alınmalı olan əşyadır, onu müqavilə əsasında əldə edən şəxs (alıcı) və müqaviləni təsdiq edən qurum (BDYPİ) reyestrin məzmununun həqiqiliyinə və tamlığına inanır. Reyestrin əhəmiyyəti həm də ondan ibarətdir ki, avtomobilin yüklü olub-olmaması və digər bu kimi hallar barədə aidiyyəti şəxslərdə əminlik olsun. Beləliklə, Vergi Məcəlləsinin 89.11-ci maddəsində qeyd olunan “Vergi ödəyicisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır” məzmunlu norma avtomobilə münasibətdə o halda tətbiq edilə bilər ki, avtomobilin siyahıya alınması barədə məlumat rəsmi reyestrə daxil edilmiş olsun. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-615/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2546/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2546/2024
19.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver