Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2547/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ödənilmiş sığorta ödənişinin əvəzi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-205/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh1 məxsus ** BG *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır.
2. Cavabdeh2 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsi nəticəsində xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində ** ZR *** dövlət qeydiyyat nişanlı “Kia Cerato” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 5365 manat məbləğində müəyyən edilmişdir
3. "xxxx" ASC tərəfindən sığorta aktlarına əsasən dəymiş zərərin bərpası üçün ümumilikdə 5000 manat sığorta ödənişi zərərçəkən şəxslərin şəxsi hesabına köçürülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4.. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X2 və Cavabdeh1 5000 manat məbləğində sığorta ödənişinin əvəzi, 70 manat dövlət rüsumu və 0.40 bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** BG *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Cavabdeh2 xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində ** ZR *** dövlət qeydiyyat nişanlı Kia Cerato markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. “ANAR-99” firması tərəfindən tərtib olunmuş zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** ZR *** dövlət qeydiyyat nişanlı Kia Cerato markalı nəqliyyat vasitəsinə dəymiş zərər 5365,00 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktlarına əsasən dəymiş zərərin bərpası üçün ümumilikdə 5000,00 (beş min) manat sığorta ödənişinin zərərçəkən şəxslərin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdehə ödənilmiş məbləğin şirkətin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməmişdir. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 5000 manat məbləğində sığorta ödənişinin əvəzi sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə edildiyindən mülkiyyətçidən və etibarnamə ilə etibar edilən şəxs olan X2 və Cavabdeh1 subroqasiya qaydasında tutulmalı olduğunu hesab edir.
6. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-205/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, etibarnamənin olmaması sığortanın məqsədləri baxımından əhəmiyyət kəsb etmir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir. Qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin tutulması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5, 1097.1, 1108.1, 1114.1-ci maddələri, “İcbari Sığortalar” haqqında Qanunun 25.1.3, 53.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-205/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin tam təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5000,00 (beş min) manat məbləğində sığorta ödənişinin əvəzi 70,00 manat dövlət rüsümu və 0.40 bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, Mülki Məcəllənin 1108.1-ci maddəsində “nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibamamə” ifadəsi xüsusi olaraq vurğulanmışdır. Eyni zamanda Mülki Məcəlləinin 363.3-cü madəsində də göstərilmişdir ki, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Burada söhbət məhkəmənin göstərdiyi kimi inzibati hüquqdan getmir, söhbət inzibati xətadan gedir. Etibarnamə birtərəfli əqd sayılan iradə ifadəsidir. Şəxs etibarnamə əsasında özünə məxsus əşyalarla bağlı səlahiyyətləri üçüncü şəxslərə ötürür. Avtomobilin idarə edilməsi səlahiyyətinin verilməsi isə iradə ifadəsinin bəyan edilmiş formasıdır. Yəni şəxsin idarə üçün etibarnaməsi olmasa belə, onun avtomobili idarə etməsinə dair razılıq mülkiyyətçinin hərəkətsizlikdə ifadə olunan rəftarından bəlli idi. Belə ki, əgər avtomobil mülkiyyətçinin iradəsinə zidd olaraq onun sahibliyindən çıxmış olsa idi (oğurlanma, aldatma, qaçırılma və.s) o bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş olardı. Mülkiyyətçinin hazırki halda susmaqda ifadə olunan rəftarı onu göstərir ki, o avtmobilin digər cavabdeh tərəfindən idarə olunmasına şifahi də olsa razılıq vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə görə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, cavabdehlər hazırki vəziyyətə görə birgə (solidar) məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə görə yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Bununla belə, yəni avtomobil etibarnamə ilə idarə olunmamışdırsa, buna görə qanun həmin Məcəllənin 1108.1-ci maddəsində fərdi məsuliyyət nəzərdə tutmuşdur. Belə ki, həmin maddəyə görə 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fıziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibamamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi məhkəmə maddi hüquq normaları ilə bağlı qanunun təfsirində və tövsifində səhvə yol vermişdir
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
12. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirir ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən sürücülük hüququnun olmaması və nəqliyyat vasitəsininin etibarnaməsiz idarə edilməsi ayrılıqda göstərilmişdir. Onlar həmçinin,"Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunun 30.6-cı maddəsinə əsaslanıblar. Hesab edirlər ki, əgər eynilik təşkil edilsəydi bir maddə altında qeyd edilərdi. Birinci instansiya məhkəməsi Ali Məhkəmənin Bülleteninə əsaslanaraq qətnamə qəbul etsə də, bülleten yalnız tövsiyyə xarakteri daşıyır və məcburi deyil. Həmçinin, Bülleten çıxdıqdan sonra Mərkəzi Bankı qaydalar müəyyən etmiş həmin qaydalar da Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir. Həmin qərara əsasən avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayı sığorta riskinə təsir edir və bu idarə etmək hüququ olan şəxslərin sayının çoxalması sığorta haqqının artmasına gətirib çıxarır. Onlar həmçinin “İcbari Sığortalar haqqında” Qanunun 53-cü maddəsinə də istinad ediblər. Həmin maddədə “digər qanuni əsaslarla istismar edilmə” yalnız etibarnamə ilə mövcüd ola bilər. Avtomobil daşınar əmlak olsa da, dövlət qeydiyatdan keçməsi məcburidir.Həmin əmlaklar üzərində mülkiyyətçinin şifahi iradə ifadəsi qeydiyyat üçün əsas yaratmır, bu səbəbdən nəqliyyat vasitəsini bu formada idarə edən şəxsin istismarı qanuni əsaslı hesab edilməməlidir. Bülleten jurnalında qeyd edilmişdir ki, avtonəqliyyat vasitəsinin idarə edilməsi şifahi əqd əsasında həyata keçirilə bilər. Hesab edilir ki, avtonəqliyyat vasitəsi dövlət qeydiyyatından keçməli olduğuna görə yalnız etibarnamə əsasında avtonəqliyyatı idarə etmək hüququ verilə bilər. Şifahi əqd əsasında avtonəqliyyatın idarə etmək hüququnun olması fikri ilə ona görə də razılaşmır. Məhkəmə qərarlarından aydın olur ki, vahid yanaşma mövcüd deyil. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 25.2-ci maddəsinə əsasən normativ hüquqi aktın normaları ifadə edilərkən həm həddindən artıq ümumiləşdirilmiş, həm də həddindən artıq təfərrüatlı ifadələrə, eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin təkrarlanmamasına və onların çoxluğuna yol verilməməlidir. Hazırkı iş üz təkrarlanmaya yol vermişdir. İstifadə etmək və idarə etmək sürücülük hüququndan bəhs edir. Belə çıxır ki, norma pozulub. Sahibliyin verilməsi şifahi əqdə bağlı ola bilməz, çünki qanunvericiliyə ziddir. İdarəetmə hüququnun olmaması etibarnamə olmamasına da əsalanmalıdır.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Mülki Məcəllə
14. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
15. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
16. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu
18. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, hazırkı iddiasında iddiaçı xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində 90ZR870 dövlət qeydiyyat nişanlı Kia Cerato markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir və iddia tələbinin hüquqi əsası kimi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə istinad etmişdir.
24. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir.
25. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qeyd edir ki, iddiaçı iddia tələbinə hüquqi qiymət verərkən “İnzibati xəta haqqında” protokol və “İnzibati tənbeh vermə” haqqında Qərara istinad etməmiş, Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etməsi nəzərə alınmamışdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmasına əsas olan hallardan biridir.
27. Hazırkı işin faktiki halları ondan ibarətdir ki, "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış Cavabdeh1 məxsus ** BG *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə olunan zaman yol nəqliyyat hadisəsi baş vermişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin mənasına görə icbari sığorta şəhadətnaməsində göstərilən əşya, hüququ olmayan şəxs tərəfindən istismar edildikdə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Sığortalının və ya sığorta olunanın bu barədə məlumatlı olmağa borclu olduğu hallar isə istisnadır.
29. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar.
30. Beləliklə, adı çəkilən Qanunun 25.1.3-cü maddəsindəki şərtləri MM-in 1108.2-ci maddəsinin şərtləri ilə eyni kontekstdə qiymətləndirdikdə bu nəticə hasil olur ki, subroqasiya tələbinin təmin olunması üçün şəxsin əşyaya sahibliyi və istifadəsi qanunsuz (hüquqa zidd) olmalı, habelə əşyanın sığortalının və ya sığorta olunanın sahibliyindən hüquqa zidd götürülməsində onların təqsiri olmalıdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, avtomobilin icbari sığortası ilə bağlı mübahisələr üzrə şəxsin əşyaya sahiblik və istifadəsinin qanuniliyi qiymətləndirilərkən maşını sürmək üçün notarial etibarnamənin olmaması meyar kimi qəbul edilməməlidir. Çünki, belə sənədin yoxluğu, mövcud qanunvericiliyə görə inzibati xəta münasibətlərində məsuliyyətə səbəb olsa da, sığorta münasibətləri baxımından bu hal şəxsin avtomobili istifadə etmək hüququ olmayan sayılmasına əsas vermir.
32. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi yazılı etibarnamənin deyil, əşyadan istifadə hüququnun olmamasını nəzərdə tutur. Şəxsin əşyaya sahiblik və istifadə hüququnun olub-olmaması mülki hüquq normaları ilə müəyyən olunur.
33. Mülki qanunvericilikdə isə əşyaya sahiblik və ya istifadənin qanunsuz sayılması üçün onun mülkiyyətçinin və ya digər sahibin əlindən iradəsi xaricində (iradəsinə zidd şəkildə) çıxması lazımdır. Başqa sözlə, əgər şəxs əşyanı iradəsinə uyğun digərinin sahibliyinə və ya istifadəsinə (əşya üzərindəki faktiki hakimiyyəti təmin edən əməli idarəçiliyinə) verirsə, sahiblik qanuni şəkildə verilmiş sayılır, istifadə hüququ da əmələ gəlir. Bu kimi hüquqi əməliyyatların etibarlı şəkildə baş tutması üçün yazılı (notarial) etibarnamə qanunda məcburi şərt kimi nəzərdə tutulmamışdır.
34. Belə ki, Mülki Məcəllənin 163.1-ci maddəsinə görə, sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
35. Göründüyü kimi, hazırkı halda Cavabdeh1 məxsus ** BG *** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobil onun mülkiyyətçisinin iradəsinə zidd olmadan Cavabdeh2 istifadəsinə verilmiş və onun tərəfindən idarə edilmişdir.
36. İş materiallarında olan işə birinci instansiya məhkəməsində baxılması zamanı 29 sentyabr 2022-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, Cavabdeh1 çıxış edərək iddia tələbini qəbul etmədiyini bildirmişdir.
37. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
38. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-205/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev