Məhkəmə qərarları › İş №2(103)-2547/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2547/2024

01.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2547/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi),X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1045/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 55000 (əlli beş min) ABŞ dolları borcun olmasına dair xx.xx.2015ci il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1045/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi, qərara alınmışdır.

3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırki iddia tələbində mübahisələndirilən əqd – tərəflər arasında bağlanmış 12 sentyabr 2015-ci il tarixli (daşınmaz əmlakın əldə edilməsi ilə bağlı ödənilməli olan, lakin qalıq qalmış məbləğin ödənilməsinin rəsmiləşdirilməsi) (qarışıq müqavilə) müqavilədir. Həmin əqdə əsaslanan iddiaya, yəni müqavilə üzrə pul tələbinə baxılmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4115/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən iddia cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbi üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1045/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbindən də görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2- ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslardan söhbət gedir. Halbuki, hazırkı mübahisə 55000 (əlli beş min) ABŞ dolları borcun olmasına dair xx.xx.2015-ci il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsindən gedir. Yəni, qərardadda göstərilmiş yuxarı instansiya məhkəməsinin mövqeyinin hazırkı mübahisəyə aiddiyatı yoxdur. Belə ki, əgər hazırkı iddia əsaslı belə olmazsa iddia tələbinin rədd edilməsi üçün əsas ola bilərdi. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli qərarına istinad olunsa da hesab edir ki, məhkəmə bu hissədə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunan qərardaddan görünür ki, bu hal işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə öz qərardadını hüquqi cəhətdən düzgün əsaslandırmamış, o cümlədən Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ bəndinin tələblərinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi baxımından öz qərardadını əsaslandırmamışdır. Nəticədə Konstitusiyanın müddəaları ilə ziddiyyət təşkil edən əsassız qərardad cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1045/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən şikayətin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1045/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2.-ci maddəsində qeyd edilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, işin halları ilə müəyyən edilir ki, 12 sentyabr 2015-ci il tarixli “Borc müqaviləsi” adlandırılan sənəd tərtib olunmuşdur. Sənədin məzmunu ondan ibarətdir ki, Bakı şəhəri Nizami rayonu Babək prospekti ünvanında Cavabdeh2 (Cavabdeh3 nümayəndəsi kimi) 0.049662 ha torpaq sahəsini Cavabdeh1 satır. Cavabdeh1 həmin torpaq sahəsini 200 000 ABŞ dollarına alır. Cavabdeh1 Cavabdeh2 ödənişi açağıdakı kimi olur.a) ünvan 1 ünvanında mənzil Cavabdeh2 oğlu Babəkin adına rəsmiləşdirilir. Mənzilin dəyəri 105.238 AZN-dir. Nümayəndə adına 84000 AZN pul ödəyir. Nümayəndə bu mənzilə görə 21.238 AZN “Atlantik Servis-A” MYK-ya borclu qalır. b) Nəğd olaraq 40 000 dollar ödəyib. C) Qalan 200 000 dollar -40 000 dollar- 80 000 dollar) 80 000 dollar pulu noyabr ayının sonuna kimi Cavabdeh2 hissə-hissə ödəyir. Müqavilə imzalandığı andan qüvvəyə minir. “Müqavilə “borc müqaviləsi” adlandırılmış, imza qrafalarında “borcverən” və “borcalan” deyil, “satıcı” və “alıcı” kimi qeyd olunmuş, satıcı qismində “Rəsulzadə.R.R.”, alıcı qismində “Hüseynli.C.Ə” göstərilmişdir. Daha sonra müqavilə İddiaçı tərəfindən imzalanmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə təsdiq edilmişdir.

12. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, 12 sentyabr 2015-ci il tarixli “Borc müqaviləsi”nin etibarsız hesab edilməsini xahiş edir.

13. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(004)-145/2022 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı və “Yusifoğlu-İnşaat" MMC-nə qarşı pul tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1911/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1, İddiaçı və “Yusifoğlu-İnşaat" MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(004)-145/22 saylı qətnaməsi qismən- “cavabdehlər Cavabdeh1, İddiaçı və “Yusifoğluinşaat" MMCdən müştərək qaydada 55 000 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulması” tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddianın qismən təmin olunması, cavabdehlər İddiaçı və “Yusifoğluinşaat" MMC-dən müştərək qaydada 55 000 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə üzrə manatla) alınaraq iddiaçı Cavabdeh3 verilməsi, həmin iddia tələbinin Cavabdeh1 aid hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4115/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli 2(103)-1911/2023 nömrəli qətnaməsi iddianın cavabdeh İddiaçı münasibətdə təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır.

16. Bakı şəhəri Nizami rayon prokurorluğunun 18 mart 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı izahatı və ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, 12 sentyabr 2015-ci il tarixli müqavilənın aşağı sağ hissəsində “Hüseynli.C.Ə” qrafasındakı imza İddiaçı tərəfindən icra edilmişdir.

17. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən mübahisə edilən borc müqaviləsi üzrə İddiaçı və “Yusifoğluinşaat" MMC-dən müştərək qaydada 55 000 ABŞ dolları məbləğində pulun tutulması qət edilmişdir.

18. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərardadında qeyd edilir ki, ... Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.”

19. Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2023-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli borc müqaviləsi üzrə pulun tutulması tələbinə baxılarkən müqavilənin etibarlılığına hüquqi qiymət verilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli 2(103)-1911/2023 nömrəli qətnaməsində qeyd edilir ki, müqaviləyə qiymət verilərkən təkcə onun hərfi mənasına deyil, həm də həmin müqavilədə ehtiva olunan tərəflərin iradə ifadəsinin həqiqi mənasını, iradə ifadəsinin nəyə yönəldiyini müəyyən etmək zəruridir. Yəni, müqaviləyə qədərki danışıqlar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış sonrakı hərəkətləri də nəzərə alınmalıdır. Sözügedən tərəflər arasında bağlanmış müqavilə borc müqaviləsi adlandırılsa da, müqavilənin şərtlərindən tərəflərin iradə ifadəsinin borc pul veriməsinə deyil, torpaq sahəsinin əldə edilməsinə görə cavabdeh tərəfin qalıq məbləği iddiaçıya qaytarılması ilə bağlı razlığa gəlinməsi müəyyən edilir. Belə olan halda həmin müqaviləni borc müqaviləsinin bağlanması kimi qəbul etməklə həmin müqaviləyə əsaslanan iddia tələbinin təmin edilməməsi əsaslı hesab edilə bilməz. Belə ki, tərəflər arasında müqavilə forması düzgn tərtib edilməsə də, tərəflərin iradə ifadəsinin həqiqi mənası, niyyəti alınmış torpaq sahəsinə münasibətdə aralarında həmin torpaq sahəsinin ödənilməli olan dəyərindən qalıq hissəsinin müəyyən vaxt kəsiyində qaytarılmasından ibarətdir olmuşdur.

20. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur və qərardad formal mülahizələrə görə ləğv edilməməlidir.

21. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1045/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar