Məhkəmə qərarları › İş №2(103)-2548/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2548/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2548/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin (qarşılıqlı cavabdeh) Cavabdeh (qarşılıqlı iddiaçı) qarşı (“X2 Azerbaijan” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” ilkin, Cavabdeh İddiaçı MMC-yə qarşı (“X2 Azerbaijan” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-290/2024 nömrəli 15 yanvar 2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 2595 manat olan "Lenovo" markalı noutbuk, "Haylou Solar" markalı saat və aksesuarlar almış, aldığı malların dəyərini 18 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.

2. xx.xx.2022-ci tarixli təhvil-təslim aktına əsasən "Lenovo" markalı noutbuk iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, noutbukda hər hansı bir qüsurun, mexaniki və ya fiziki zədənin olması göstərilməmişdir.

3. Zəmanət talonuna görə “Lenovo” markalı noutbuk üçün satıcı İddiaçı MMC tərəfindən 6 ay müddətinə zəmanət verilmişdir.

4. 000211456 saylı müştəri müraciətindən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə “İrşad” Servis Mərkəzinə noutbukda olan qüsurlarla bağlı müraciət etmişdir. Cavabdehin şikayəti «zaryadkaya taxırıq indikator zaryadka yığdığı göstərmir, noutbuk ümumiyyətlə qoşulmur» kimi qeydə alınmışdır. «Məhsulun vəziyyəti» bölməsində «noutbukun künc hissəsində əziyi var. Korpusun alt hissəsində batıq var» qeydə alınmışdır. Cavabdeh «Şərtlərlə tanış oldum və razıyam» bölməsində imza etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli(nisyə) alqı-satqı müqaviləsi üzrə 1000,9 manat əsas, 150,1 manat cərimə borcu olmaqla, ümumilikdə 1151 manat borcun və 31,51 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1595 manat keyfiyyətsiz mala görə ödənilmiş pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq 35 manat pul vəsatinin MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müqaviləyə əsasən cavabdeh "Lenovo" markalı noutbuk, "Haylou Solar" markalı saat və aksesuarlar almış, aldığı malların dəyərini 18 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, aralarında baglanmış (nisyə) alqı-satqı müqaviləsi üzrə 2595,90 manat məbləğində "Lenovo" markalı kompüteri almış, müqavilə qiymətinin 1595 manat hissəsini ödəmişdir. Onun ödənişləri dayandırmaq üçün əsası ondan ibarət olmuşdur ki, aldığı kompüterdə texniki qüsur baş verdiyindən həmin kompüteri İddiaçı servis mərkəzinə təhvil vermişdir. O, nisyə satılmış malı qüsurlu olması səbəbindən geri qaytardığından, ödədiyi pul vəsaitlərini də geri tələb edir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 yanvar 2024-cü il tarixli 2(004)-290/2024 nömrəli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) ilk iddia qismən təmin edilmiş, Cavabdeh 1000,9 manat əsas, 70,06 manat cərimə borcu olmaqla, ümumilikdə 1070,96 manat borc və 29,32 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35,95 manat dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 583.1, 588.1, 588.2, 589.3, 462.1, 467, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, kompüterdə texniki qüsur baş vermiş və xx.xx.2023-cü il tarixdə MMC-nin texniki servis mərkəzinə “standart” zəmanət şərti ilə təhvil vermiş, hazırda da kompüter MMC-dədir. Malda istehsalat qüsuru var və MMC yaranmış qüsurun istehsalat qüsuru olmadığını sübut edə bilməmişdir. Satıcı istehsalçının müəyyən etdiyi 2 il keyfiyyət zəmanətini azaltmaqla onun istehlakçı hüquqlarını pozmuşdur. MMC-nin nümayəndəsi qüsurun onun komputerdən istifadə və saxlanılması qaydalarını pozması nəticəsində yarandığını bildirsə də, bu hal sübut olunmur, məhkəmə bu məsələni aydınlaşdırmaq üçün ekspertiza təyin etməmişdir, texniki qüsur malda əvvəldən olmuşdur. MMC kompüteri zəmanət çərçivəsində 45 iş günü ərzində təmir etmək məqsədi ilə qəbul etmiş, təmir edə bilməmişdir.

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. İddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 385.1. Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

22. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

23. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

24. Maddə 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.

25. Maddə 589.7. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin.

26. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

27. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

36. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 2595 manat olan "Lenovo" markalı noutbuk, "Haylou Solar" markalı saat və aksesuarlar almış, aldığı malların dəyərini 18 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.

37. xx.xx.2022-ci tarixli təhvil-təslim aktına əsasən "Lenovo" markalı noutbuk iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, noutbukda hər hansı bir qüsurun, mexaniki və ya fiziki zədənin olması göstərilməmişdir.

38. Zəmanət talonuna görə “Lenovo” markalı noutbuk üçün satıcı İddiaçı MMC tərəfindən 6 ay müddətinə zəmanət verilmişdir.

39. 000211456 saylı müştəri müraciətindən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə “İrşad” Servis Mərkəzinə noutbukda olan qüsurlarla bağlı müraciət etmişdir.

40. Göründüyü kimi Cavabdeh kompüterdə istehsalat qüsuru olduğunu bildirmiş, MMC isə bununla razılaşmamışdır.

41. Bu məqsədlə Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə kompüter-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş “Lenovo” Legion Y730 markalı noutbukun üzərində olan batıq zədəsi fiziki qüvvənin təsirindən və kənar predmetin təsirindən yaranması istisna edilmir.

42. Göründüyü kimi, ekspertiza tədqiqatı yalnız xarici qüsurlarla bağlı aparılmış, noutbukun işləməməsinin səbəbləri barədə rəy verilməmişdir.

43. Qanunvericilikdə göstərilmişdir ki, müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin.

44. Baxılan iş üzrə zəmanət müddəti 6 ay müəyyən edilmişdir.

45. Alıcı, yəni cavabdeh müəyyən edilmiş zəmanət müddəti bitdikdən sonra, lakin əşyanın ona verildiyi vaxtdan iki il ərzində qüsurla bağlı müraciət etmişdir.

46. Bu halda göstərilən normanın tələbinə görə cavabdeh qüsurun kompyuter ona verilənədək əmələ gəldiyini və ya həmin vaxtadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirməlidir ki, iddiaçının məsuliyyəti müəyyən edilsin. Lakin cavabdeh tərəfindən bu hallar sübuta yetirilməmişdir. Noutbuk işlək vəziyyətdə cavabdehə təhvil verilmiş və təxminən 10 ay istifadə olunmuşdur.

47. Ona görə də məhkəmə haqlı olaraq qarşılıqlı iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

48. Belə olan halda ilkin iddiaya münasibətdə də Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsaslı və qanuni olmuşdur.

49. Belə ki, aralarında olan müqaviləyə əsasən cavabdeh aldığı malın dəyərini hissəhissə ödəməyi öhdəsinə götürmüşdür.

50. Cavabdeh özü də qarşılıqlı iddiasında göstərmişdir ki, müqavilə qiymətinin 1595 manat hissəsini ödəmişdir. Aldığı kompüterdə texniki qüsur baş verdiyindən ödənişləri dayandırmışdır.

51. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş, iddiaçı da haqlı olaraq müqavilə üzrə ödənilməmiş qalan 1000,9 manat əsas borcu tələb etmişdir.

52. Cərimə məbləğinə aid hissədə isə məhkəmə tənasübsüz yüksək olan cərimə məbləğini azaldaraq 70,06 manat müəyyən etmişdir.

53. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, əsassız hesab edilməklə, qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir.

54. Kollegiya qeyd edir ki, aparılmış ekspertiza nəticəsində ekspert qarşısında qoyulmuş suallara cavab verilmədiyindən ekspertiza xərci tutulmur.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-290/2024 nömrəli iş üzrə 12 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar