Məhkəmə qərarları › İş №2(103)-2548/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2548/2025

06.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2548/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X3 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-270/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. İddiaçı məxsus Ağdaş rayonu, Gürcüva kəndində yerləşən fərdi yaşayış evi üzrə **********01080 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar edilmiş, bu barədə 25 iyul 2023-cü il tarixli ******* saylı akt tərtib edilərək, dəymiş ziyanın məbləği 2.073,60 manat həddində hesablanmışdır.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-3/1361 saylı, 10 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış və **********01080 abonent koduna vurulmuş 2.073,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, yaşadığı ünvanda istifadə etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında poçt, bank və ya terminal vasitəsilə ödəmişdir. Həmişə sayğac üzrə ödənişlər aparmışdır. Abonent kodu **********01080 olan abonetin saldosundan görünür ki, müvafiq aylar üzrə vaxtlı-vaxtında ödənişlər etmişdir. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda göstərilmişdir ki, sayğacdan kənar qeyri-qanuni qaz xəttinə qoşulma aşkar edilmişdir. Cavabdeh İB tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 26 iyul 2023-cü il tarixli tələbnamədə göstərilmişdir ki, Qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 m3/saat orta günlük iş 12 saaat hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ ödənilməlidir. Cavabdehin nümayəndələri tərəfindən onun yaşadığı evin qaz xəttinə quraşdırılmış qaz sayğacına ayda iki dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə bildiriş ona təqdim edilir. İstifadə etdiyi təbii qazın dəyəri həm köhnə, həm də yeni sayğac üzrə sərfiyyat göstəricisinə uyğun və tam şəkildə mütəmadi olaraq tərəfindən ödənilmişdir. Cavabdeh İB tərəfindən tərtib edilmiş aktda qeyd olunanlar hamısı yalandır. Bundan sonra cavabdeh təşkilat onu əsassız və qanunsuz olaraq mənbəyi məlum olmayan həddindən artıq 2.073,60 məbləğində cərimə etmişdir. Cavabdehin tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* saylı aktdakı imza isə akt boş şəkildə olduğu zaman texniki müayinə adı altında etdirilmişdir. Hesab etmişdir ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin akt qanunsuz və əsassızdır. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş kvota doldurmaq üçün onu qanunsuz olaraq cərimə etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuşlar və X2 pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Bundan əlavə, istifadəsində olan qaz sayğacı fərdi yaşayış evinə giriş qapısından çöldə quraşdırılmışdır. Ancaq istifadəsində olan sayğac fərdi yaşayış evinə giriş qapısından çöldə qoyulsa da qaz paylayıcısı tərəfindən qaydaların tələblərinə əməl edilməmiş və sayğac müvafiq örtüklə örtülməmişdir. Bundan başqa Cavabdeh İB barəsində xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib etmiş, lakin həmin əməkdaşlar faktiki yoxlama aparmadıqlarından aktda sayğacın həmin tarixdə olan göstəriciləri, istifadəsindəki qaz cihazları və digər nüanslar qeyd edilməmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehin əməkdaşları ünvanına baxış keçirməmiş, iştirakı təmin edilməmiş və sadəcə formal mülahizələrlə akt tərtib olunmuşdur. Sonda isə akt əsasında qaz sayğacının nominal saatlıq qaz sərfi 4 kub metr saat orta günlük iş rejimi 12 saat və hesabaat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın hesabatı aparılmış və 2073.60 manat cərimə məbləği müəyyən edilmişdir. Cavabdeh İBnin tərtib etdiyi sənədlərlə apardığı cərimə hesabatı ilə bu sahəni tənzimləyən X2 tələbləri arasında ziddiyyət vardır. "Azəriqaz” İstehsalat Birliyi ona qarşı cərimə məbləği tətbiq edərkən hesabat müddətini 360 gün müəyyən etməsi tamamilə əsassızdır və bu əsassızlıq qaydaların tələbləri ilə təsdiq edilir. "Azəriqaz” İstehsalat Birliyi hər ay qaz sayğacının göstəricisinin götürülməsi və bildirişin təqdim olunması üçün onun ünvanında olur və sayğaca baxış keçirir. Göstəricinin götürülməsi ilə baxış hər ay təkrar olunur və bu zaman hər hansı kənarlaşma olsa idi hökmən aşkar olunacaqdır. Lakin "Azəriqaz” İstehsalat Birliyi itki göstəricilərini aşağı səviyyəyə endirmək üçün ən yaxşı halda bir ay müddət üçün aparmalı olan hesabatı bir il üçün aparmışdır. Əgər bir il hesabat aparılırsa deməli Cavabdeh nümayəndəsi ünvanına göstəricinin götürülməsi üçün bir ildən bir gəlir ki, bu da absurd bir yanaşmadır. Çünki saldodan görünür ki “Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi hər ay sayğac göstəricisinin hesabatını aparmışdır və kənarlaşma olsa idi aşkar etməsi mütləqdir. Digər tərəfdən Qaydalara görə qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Bu müddətlər qaz sayğacları daxildə olduğu halda 6 ayda 1 dəfə, digər qaz sayğaclarına isə 3 ayda 1 dəfə əhatə edir. Göründüyü kimi "Azəriqaz” İstehsalat Birliyi cərimə tətbiq etməsi üçün ilk öncə hesabat aparıkan müddətin başlanğıcının (əvvəlini) hansı tarixdən götürəcəyini müəyyən etməlidir. Bunun üçün isə qaz sayğaclarına daxildə olduğu halda 6 (altı) ayda 1 dəfə, digər qaz sayğaclarına isə 3 ayda 1 dəfə texniki baxış keçirməlidir. Lakin təqdim edilən sənədlərdə sayğacına və qaz xətlərinə “Azəriqaz" İstehsalat Birliyinin texniki baxış keçirməsi ilə bağlı sübut mövcud deyildir. Belə bir vəziyyətdə isə hesabat müddətinin on iki ay olması və onun əvvəlinin hansı səbəbə görə bir öncədən götürülməsi qeyri-müəyyəndir və Cavabdeh on iki ay hesabat müddətinin hesabatı üçün istinad edəcəyi mənbə sənədi yoxdur. Ona görə də "Azəriqaz” İstehsalat Birliyinin hesabatın aparılması üçün əlində texniki baxış sənədi olmadığından yaxşı halda bir aylıq hesabat apara bilərdi, çünki Cavabdeh yeganə istinad edəcəyi sənəd onun hər ay göstərici götürməsini əks etdirən abonent saldosudur. Bundan əlavə sənədlərdən də göründüyü kimi hesabat qaz sayğacının nominal saatlıq qaz (4 kub metr saat) nəzərə alınmaq aparılmışdır ki, burda da Cavabdeh düzgün etməmiş və belə bir hesabatın aparılması yol verilməzdir. Belə ki, Qaydaların tələblərindən göründüyü kimi hesabatın qaz sayğacının nominal saatlıq qaz sərfinə görə aparılması üçün mənzildə qaz cihazlarına baxışın keçirilməsi mümkün olsun və ya həmin cihazlar barədə tərəf məlumatsız olsun və bu barədə aktda qeyd olmalı idi, mənzildə qaz cihazlarına baxışın keçirilməsi mümkün olmamışdır. Əgər əməkdaşlar həqiqətən də yoxlama aparsa idi, mənzildə olan cihazın sərfiyyatına uyğun hesabat aparılmalı və hesabat aparılarkən hesabat dövrünün hansı mövsümə düşməsi nəzərə alınmalı idi. Ancaq "Azəriqaz” İstehsalat Birliyi qaz sayğacının nominal saatlıq qaz sərfi nəzərə almaqla 360 gün hesabat aparmış, həmin müddət ərzində isə qış, payız, yaz, yay mövsümləri nəzərə almamışdır. Nəticə etibarilə "Azəriqaz” İstehsalat Birliyi on iki aylıq cərimənin tətbiq etməsi üçün sübutları mövcud olmadığından, xüsusilə də texniki baxış keçirmədiyindən və bununla bağlı sənəd təqdim etmədiyindən ən yaxşı halda yeganə istinad edəcəyi abonent saldosuna uyğun bir aylıq hesabat (2073.60 / 12 ay = 172.80 m) aparmalı idi. Çünki "Azəriqaz” İstehsalat Birliyi hər sayğaca baxış keçirir və onun göstəricisinin qeydiyyatı zamanı belə bir kənarlaşma var idisə onu görməli idi. Bununla belə cavabdeh təşkilat bu prosedurlara əməl etməmiş, həqiqətdə onun qanunsuz hərəkətlərini aşkar etmədiyindən inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə təqdim etməmişdir, bu baxımdan ona cərimə tətbiq olunması və həmin cəriməni tələb etməsi əsassızdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-270/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii X2 pozulması haqqında 25 iyul 2023-cü il tarixli, ******* nömrəli aktın surətində “sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olundu” kimi qeydlər edilsə də, cavabdeh iddiaçı tərəfindən qanunsuz qaz istehlak edilməsi, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 2073,60 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə öz mövqeyini «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3, 18 və 26-cı maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə; Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-270/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. Birinci instansiya məhkəməsinin hazırkı mövqeyi isə hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır. İstehlakçı hazırkı vəziyyətdə sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə edərək tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. İş üzrə iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, istehlakçı isə inventarizasiyanın aparılmasına dair xx.xx.2023-cü il tarixli ******* saylı aktı imzalamaqdan imtina etmişdir. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. İddiaçı tərəfdən qanunsuz hərəkətləri həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı olaraq dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilməmişdir.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

17.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 18.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın

19.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 20.4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 21.4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 22.4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 23.6.7-ci bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (akt tərtib edildiyi zaman qüvvədə olan redaksiyada)

24.13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 25.13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

26.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 27.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 28.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81-ci maddə). 29.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 31.Belə ki, iş materiallarında olan təbii X2 pozulması haqqında tərtib olunmuş aktın surətindən görünür ki, evə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir. 32.Bununla əlaqədar qeyd edilməlidir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 33.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2022-ci il mayın 1dən qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci bəndinə görə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 34.Kollegiya vurğulayır ki, mülki-prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsi ilə təsdiq edilməli olduğunu qeyd edir. Hazırda da “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-1-ci bəndində də sübut edilməli olan halın, yəni baş vermiş zərərin məhz istehlakçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olmasının yalnız göstərilən sübutetmə vasitəsi ilə təsdiq olunmalı olduğu nəzərdə tutulur. Belə ki, qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ, onun qazın talanmasında təqsirli olması faktı müvafiq səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə yaranır. 35.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi halı yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş akt əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin, həmçinin sözügedən qanunun tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 36.Beləliklə hazırki mülki iş üzrə zərərin baş verməsi, baş vermiş zərərin məhz iddiaçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir.

37. Məhkəmə kollegiyası hazırki iddia üzrə müəyyən edilməli olan halları sübüt etmək yükünü cavabdehin daşıdığını, lakin onun, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 81, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri mümkün sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə, yəni iddiaya etirazını əsaslandıran və işi düzgün həll etmək üçün əhəmiyyəti olan halların mövcud olmasının qanunvericilikdə göstərilmiş qaydada müəyyən edilmədiyi və beləliklə də mübahisələndirilən borcun silinməli olduğu qənaətinə gəlməklə haqlı olmuşdur.

38. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

39. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 394-1, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-270/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar