Məhkəmə qərarları › İş №2(103)-2549/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2549/2022

05.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2549/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Z.Məmmədova vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 39 saylı notariat ofisinə qarşı “mirasın qəbulu üçün müddətin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)- 7351/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 39 saylı notariat ofisinə qarşı “mirasın qəbulu üçün müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X4 vərəsəliyini qəbul etməyi üçün, qanunla müəyyən edilmiş vərəsəliyin qəbuluna dair müddətin bərpasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X10 ilə 14.05.2005-ci il tarixdə rəsmi nikaha olmuş və həmin vaxtdan ünvan 1 ünvanında yerləşən 3 saylı evin 5 saylı mənzilində ailəsi ilə birlikdə yaşamışdır. Həmin ev qayınatanın adına olmuş, o öldükdən sonra mənzilin 1/3 hissəsinə ərinin mülkiyyət payı tanınmışdır. Lakin əri 05.09.2017-ci il tarixdə avtomobil qəzasında dünyasını dəyişmişdir. Onunla birgə nikahlarından 23.05.2004-cü il təvəllüdlü X11 və 25.03.2006-cı il təvəllüdlü X14 doğulmuşdur. Yoldaşı öldükdən sonra kiçik uşağında ürək çatışmazlığı və gözlərində görmə problemi yarandı. Uzun müddət onun xəstəliyi ilə mübarizə apardığından vərəsəlik üçün müraciət edə bilməmişdir. 30.07.2021-ci il tarixdə ərindən miras qalmış evin ona düşən pay hissəsini öz adına keçirmək məqsədilə vərəsəlik şəhadətnaməsinin alınması üçün Bakı şəhəri 39 saylı notariat ofisinə müraciət etmiş, lakin ona müddətin buraxılması ilə əlaqədar məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. 03 noyabr 2021-ci il tarixli məhkəmə iclas protokoluna əsasən X13 müstəqil tələb irəli sürməyən şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-7351/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 05.09.2017-ci il tarixdə Bakı şəhərində ölmüş X4 mirasının qəbulu müddəti uzadılmışdır. Qeyd olunan qətnamədən narazı qalan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini təmin edərkən İddiaçı və X5 müxtəlif vaxtlarda həkim müayinəsindən keçməsini mirasın qəbul edilmə müddətini üzürlü səbəbdən ötürülməsi əsası kimi qəbul etmişdir. Halbuki, həkim müayinəsində olma mirasın qəbul edilməsi müddətinin ötürülməsi əsası ola bilməz. Çünki iddiaçı ağır xəstə olsa idi və həyat yoldaşı X10 vəfat edən zaman xəstəxanada olması barədə arayış təqdim etsə idi, o zaman məhkəmə mirasın qəbul edilməsi müddətinin ötürülmə səbəbini üzürlü hesab edə bilərdi. Halbuki, qeyd edilməlidir ki, mərhum qardaşı, hazırkı iş üzrə İddiaçı ilə evli olmuşdur. Lakin sonradan ailəsi ilə aralarında baş vermiş mübahisə nəticəsində həyat yoldaşından ayrılmış, həyat yoldaşı uşaqlarını da götürüb 10 ildən artıq müddətdir ki, yaşadığı evi tərk edib getmiş, onlardan bir daha məlumat olmamışdır. X1 04 sentyabr 2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı xəsarətlər almış və 05 sentyabr 2017-ci il tarixdə 3 saylı Şəhər Klinik Xəstəxanasında ölmüşdür. Qardaşı vəfat etdikdən sonra onun İ növbə vərəsələri, yəni keçmiş həyat yoldaşı, övladları barədə məlumat olmadığından yol-nəqliyyat hadisəsi üzrə cinayət işinin ibtidai istintaqı və məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış, istintaq hərəkətlərində və məhkəmə iclaslarında iştirak etmişdir. Qardaşının dəfni, yas mərasimləri və qəbirüstü abidəsi onun tərəfindən təşkil edilmiş və tikdirilmişdir. Qardaşının vəfatından sonra mirası faktiki qəbul edib idarə etdiyinə görə, vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat ofisininə müraciət etmiş, notariat ofisinin imtina məktubundan sonra isə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin2(008)- 3392/2021 saylı, 01.06.2021-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, X1ndan miras qalmış Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi 1 May küçəsi ev 3, 5 saylı mənzilin 1/3 hissəninin onun tərəfindən, qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Z.Məmmədova vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, İddiaçı və X10 14.05.2005-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından 23.05.2004-cü il təvəllüdlü X11 və 25.03.2006-cı il təvəllüdlü X14 anadan olmuşdur. X10 05.09.2017-ci il tarixdə ölmüş və bu barədə 13.10.2017-ci il tarixli, 827 nömrəli akt qeydi tərtib edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 3 saylı evin 5 saylı mənzilinə dair xüsusi mülkiyyət hüququ üzrə 1/3 hissədə pay 18.01.2014-cü il tarixdə X4 adına, 2/3 hissədə pay isə 16.03.2021-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 39 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 30 iyul 2021-ci il tarixli, 262-ci il tarixli məktubdan görünür ki, 05.09.2017-ci il tarixdə vəfat etmiş X3 qalmış miras əmlaka dair vərəsəlik müddətinin buraxılması ilə əlaqədar müddətin bərpası ilə bağlı vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X6 maraqlı şəxs qismində Bakı şəhəri 30 saylı Notariat Ofisi cəlb olunmaqla “mirasın qəbul edilməsi” tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3392/2021 saylı, 01.06.2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, 05.09.2017-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 May küçəsi ev 3, 5 saylı mənzilin 1/3 hissəninin X13 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı mirasın qəbulu ilə bağlı notariat ofisinə gec ərizə verməsinin səbəbi kimi, ərinin ölümü ilə əlaqədar özünün və uşaqların dərindən sarsıntı keçirməsi, bununla əlaqədar özünün və uşaqların müalicələrinə zamanın sərf edilməsi ilə izah edir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin iddiaçı tərəfindən ötürülməsi üzürlü sayılmalı və həmin müddət uzadılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, məhkəmə qətnamə qəbul edərkən müddətinin ötürülməsinin səbəbi kimi iddiaçının və uşağının müxtəlif vaxtlarda həkim müayinələrində olmasını qeyd etmişdir. Lakin, həmin tibbi sənədlərdən görünür ki, İddiaçı ilə X10 birgə nikahdan olan oğlu Məhəmməd Abbasov 25.01.2019 və 18.11.2019-cu il tarixlərində, iddiaçı özü isə 27.02.2020-ci il tarixində həkim müayinəsində olmuşdur. Belə olan halda, X4 05.09.2017-ci il tarixdə vəfat etdiyi gündən iddiaçının 2021-ci il tarixində notariat ofisinə müraciət etdiyi günədək qanunla müəyyən edilmiş 6 aylıq müddətin üzrlü səbəbdən ötürülməsinin “iddiaçının 2019-2020-ci illərdə həkim müayinələrində olması” ilə hər hansı səbəbli əlaqəsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdərilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi, qanunverici mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasını yalnız gecikmənin səbəbi üzrlü olduğu halda mümkün hesab etmişdir. Lakin, qanunverici mirasın qəbul edilməsi müddətinin uzadılması üçün hansı səbəbin üzrlü hesab olunmasını konkret göstərməyərək, həmin səbəblərin müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Odur ki, məhkəmə kollegiyası hazırkı məqamda İddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsini araşdırmağı vacib hesab edir. “X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008ci il tarixli qərarında göstərilmişdir ki, .... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bundan başqa, iddiaçı mirasın qəbulu ilə bağlı notariat ofisinə gec ərizə verməsinin səbəbi kimi, ərinin ölümü ilə əlaqədar özünün və uşaqların dərindən sarsıntı keçirməsi, bununla əlaqədar özünün və uşaqların müalicələrinə zamanın sərf edilməsi ilə izah etsə də, işdə olan Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 30.05.2019-cu il tarixli, 1(008)-07/2018-ci il tarixli hökmünün təsviri hissəsində zərərçəkmiş şəxsin (X10) hüquqi varisi qismində dindirilmiş X8 ifadəsindən aydın olur ki, X23 qəsəbəsində ailəsi ilə birgə yaşayır, Elsevan da onlara birgə yaşayırdı. Elsevan ailəsi ilə aralarında baş vermiş mübahisə nəticəsində ailəsi (burada hazırki iş üzrə iddiaçı və uşaqları) ayrılaraq 7 il olardı ki, ata evinə Altıağac qəsəbəsinə getmişdir. Belə olan halda kollegiya hesab edir ki, Elsevan Abbasovun ailəsindən uzun müddət ayrı yaşaması faktı iddiaçının ərinin ölümü ilə əlaqədar özünün və uşaqların dərindən sarsıntı keçirməsi əsası ilə uzlaşmadığından iddiaçının bu səbəbi üzrlü hesab edilə bilməz. Bundan başqa, kollegiya qeyd etməyi zəruri hesab edir ki, ərizəçi X6 maraqlı şəxs qismində Bakı şəhəri 30 saylı Notariat Ofisi cəlb olunmaqla “mirasın qəbul edilməsi” tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3392/2021 saylı, 01.06.2021-ci il tarixli qətnaməsi təmin edilmiş, 05.09.2017-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1 May küçəsi ev 3, 5 saylı mənzilin 1/3 hissəninin X13 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı tələbinin hüquqi mövqeyini sübut edə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 82.3-cü mаddəsinə əsаsən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçı vərəsəliyə çağırıldığını əri Elsevan Abbasov öldüyü vaxtdan, yəni 05 sentyabr 2017-ci il tarixdən bildiyi və ya bilməli olduğu halda, müddəti ötürüb ilk öncə notariusa 2021-ci ildə, daha sonra isə məhkəməyə 20 sentyabr 2021-ci il tarixdə müraciət etmişdir. Nəticədə isə qanunla müəyyən edilmiş müddəti üzrsüz səbəblərdən ötürdüyündən, buraxılamış müddət bərpa edilə bilməz. Birinci instansiyası məhkəməsi mirasın qəbulu ilə bağlı iddiaçı tərəfindən ötürülmüş müddəti üzrlü hesab edib həmin müddəti qeyri-müəyyən müddətə uzatmaqla Mülki Məcəllənin 1248.1-ci maddəsinin təfsirində də səhvə yol verib. Həmin maddənin, o cümlədən Mülki Məcəllənin 1246-cı maddəsinin mənasına görə, mirasın qəbulu müddəti üç ay müəyyən edildiyindən və altı ay keçdikdən sonra qanun onun qəbuluna yol vermədiyindən, iddiaçı tərəfindən ötürülmüş müddət üç aydan sonra altı ay tamamına qalan müddət ərzində uzadıla bilərdi. Hazırki halda isə, iddiaçı ərindən miras qalmış mənzildəki pay hissəsinə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 4 ildən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda isə məhkəmə kollegiyası işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, apellyasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-7351/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar