Məhkəmə qərarları › İş №2(103)-2554/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2554/2022

30.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2554/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin ilk iddia üzrə Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 359/2021 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İlk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsi ilk iddia üzrə Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı DŞ 200 mm-lik magistral neft kəmərinin 1.3-cü km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanda yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda yeni tikinti işlərinin aparılması xx.xx.2020-ci il tarixdə aşkar edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi mümkündür və bu hallar əhalinin sağlamlığına xələl gətirə və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İlk iddia üzrə Cavabdeh ilk iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, neft kəməri 2003-cü ildə inşa edilərkən onun ailə üzvləri ilə yaşadığı ev və evin yerləşdiyi ərazinin divarları indi yerləşdiyi yerdə mövcud olmuşdur, həmin tikililər 1966-cı ildə inşa edilmişdir. Həmin ərazinin hüquqi qeydiyyata alınmasına dair Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 807 saylı sərəncamı mövcuddur. Həmin sərəncam əsasında xx.xx.1993-cü il tarixli mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi verilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdehin heç bir qanuni əsas və səbəb gətirmədən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi səbəbindən atası infarkt keçirərək xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bu hal isə Cavabdeh və onun ailə üzvlərinə mənəvi sarsıntı yaşatmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-359/2021 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Həmin qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni əsaslandırarkən Cavabdeh atasının xüsusi mülkiyyəti kimi, atası öləndən sonra isə anasının xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmiş əmlaka dair mülkiyyət sənədinə istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsi Cavabdeh ünvan 2 ünvanda hasar inşa etməsi səbəbindən həmin ünvanda aparılan bütün qanunsuz tikililərin cavabdehin hesabına sökülməsini xahiş etmiş, lakin Cavabdeh məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, həmin ünvanda yerləşən tikili 1966-cı ildə tikilib və 1993-cü ildən başlayraq evə dair hüquqmüəyyənedici sənədlər mövcuddur. Eyni zamanda həmin ev 2005-ci ildə dövlət tərəfindən əsaslı təmir edilmişdir. Ev əvvəl Cavabdeh atasının xüsusi mülkiyyəti kimi, atası öləndən sonra isə anasının xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Belə olan halda ilk iddia tələbinin nə ümumi olaraq irəli sürülməsinin əsasları, nədə ki sırf Cavabdeh qarşı irəli sürülməsi əsasları iş materiallarından aydın deyil. Qeyd olunanlar tərəflərin iştirakı ilə məhkəmə iclaslarında dəfələrlə müzakirə edilmiş və ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin nümayəndəsi ilk olaraq məhkəmə tikintitexniki ekspertizasının təyin olunmasını məhkəmədən xahiş etmiş, müvafiq ekspertiza isə qoyulmuş sualın cavablandırılmasının mümkün olmaması barədə rəy verdikdən sonra, yenidən müəyyən daxili araşdırmanın aparılması üçün işə baxılmasını təxirə salınmasını xahiş etmiş, lakin nəticə etibarilə ilk iddia üzrə iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Binəqədi rayon Məhkəməsənin xx.xx.2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir, iddianın rədd edilməsinə əsas olmuş yuxarıda qeyd edilən hala məhkəmə qiymət verərkən həm maddi, həm də prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən mülkiyyət sənədinin mübahisləndirilən qanunsuz tikili ilə eyniyyət təşkil etməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. İddiaçının nümayəndəsi tərəfindən sözügedən eyniyyətin dəqiqləşdirilməsi barədə şifahi vəsatətini də məhkəmə nəzərə almamışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız ilkin iddia tələbinin rədd edilməsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni yalnız ilkin iddia üzrə iddiaçı ilkin iddianın rədd edilməsi hissəsində mübahisələndirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 807 saylı sərəncamının surətindən görünür ki, X4 məxsus olan Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən ünvanda yerləşən, 1966-cı ildə tikilmiş korpus 3, 152 nömrəli evin hüquqi qeydiyyata alınmasına dair sərəncam verilmiş və sərəncamın verilməsinə əsas kimi TİB tərəfindən 1983-cü ildə verilmiş texniki pasport qeyd edilmişdir. İş materiallarında olan qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi xx.xx.1993-cü il tarixdən X2 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən yaşayış sahəsi xx.xx.2020-ci il tarixdən X1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, “... Binəqədi rayonu, 1-ci mədən, korpus 3, ev 152 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinə məxsus, hal-hazırda istismarda olan magistral neft kəmərinin mühafizə zonasındadır. Qanunvericiliyə görə dövlət əhəmiyyətli belə torpaqları qanunsuz zəbt edərək üzərində tikinti işləri aparmaq və ya digər analoji fəaliyyəti həyata keçirmək qanunvericiliyə ziddir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən ünvan 2 ünvanda yaşayan Cavabdeh ünvanlanmış məktubda bildirilmişdir ki, onun ağır yaşayış vəziyyətini nəzərə alaraq Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbir görülməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən Binəqədi rayon İcra Hakimiyyəti Başçısının müavininə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubdan görünür ki, Binəqədi qəsəbə sakini İ qrup əlil Cavabdeh müraciətinə əsasən yaşadığı evin şəraitsiz olduğu nəzərə alınaraq onun üçün tərəflərindən 37.000.000 (otuz yeddi milyon) manat pul vəsaiti ayrılmaqla, tam şəraitli 2 otaqlı ev tikilərək istifadəsinə verilmişdir. İş materiallarında olan və apellyasiya instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2022-ci il tarixli, 10/2855 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda inşa edilən uzunluğu 18 metr, hündürlüyü 2.6-2.8 metr olan, mişar daşından inşa olunmuş hasarın Binəqədi-Bakı DŞ 200 mm-lik magistral neft kəmərindən 29 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin 18 dekabr 2002-ci il tarixli 45 nömrəli əmri ilə təsdiqlənmiş Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik qaydalarının Magistral neft boru kəmərlərinin mühafizə zonaları və istismarı bölməsinin (Vİ bölmə) 6.3. bəndinə əsasən magistral neft kəmərlərinin 50 metrlik mühafizə zolağına düşdüyü müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini icra etmədiyindən ilkin iddia üzrə iddia rədd edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qənaəti düzgün olmuşdur. Belə ki, ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsi Cavabdeh ünvan 2 ünvanda hasar inşa etməsi səbəbindən həmin ünvanda aparılan bütün qanunsuz tikililərin cavabdehin hesabına sökülməsini xahiş etmiş, ilk iddia üzrə cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, həmin ünvanda yerləşən fərdi yaşayış evi 1966-cı ildə tikilib və 1993-cü ildən başlayraq evə dair hüquqmüəyyənedici sənədlər mövcuddur. Eyni zamanda həmin ev 2005-ci ildə onun dövlət başçısına müraciətindən sonra dövlət tərəfindən əsaslı təmir edilmişdir. Ev əvvəl onun atasının xüsusi mülkiyyəti kimi, atası öləndən sonra isə anasının xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən sökülməsi tələb olunan tikililər özbaşına inşa edilməmişdir və onun anasına mülkiyyət hüququ ilə məxsusdur. İlk iddiaçı həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya şikayətinin dəlili kimi bildirmişdir ki, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin sökülməsi tələb edilən evə aidiyyəti sübuta yetmir. Kollegiya bu dəlillə razılaşmır və qeyd edir ki, ilk iddia tələbində Cavabdeh ünvan 2 ünvanda inşa edilən tikililərin sökülməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş materialları ilə isə müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi ilk iddia üzrə Cavabdeh anası Pəriş Muradovanın xüsusi mülkiyyətindədir. Belə olduğu təqdirdə, ilk iddiaçının qeyd edilən mülkiyyət hüququna dair sənədləri şübhə altına alması və onların sökülməsi tələb edilən evə aidiyyətinin əlavə olaraq sübuta yetirilməli olmasını bildirməsi anlaşılan deyildir. Kollegiya hesab edir ki, sökülməsi iddia edilən tikililərin ilk iddia üzrə Cavabdeh anası X1 xüsusi mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi olması iş materiallarında olan sənədlərlə kifayət qədər sübuta yetirildiyindən, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin mübahisəli tikilinin sökülməsi tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarının 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmin Qərarın 44-cü bəndində isə göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Qeyd edilənlərlə yanaşı, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ ilə X1 adına qeydiyatdan keçməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, daşınmaz əmlakın ümumi sahəsi 60,80 m2, evin yerləşdiyi torpaq sahəsi isə 0,011220 m2 təşkil edir. Həmin Çıxarışdan müəyyən edilir ki, evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir və «Yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına aid olmaqla, mülkiyyətçinin istifadəsindədir. Beləliklə, müəyyən edilir ki, ilk iddiaçı tərəfindən qanunsuz hesab edilərək sökülməsi iddia edilən fərdi yaşayış evi sənaye əhəmiyyətli torpaq sahəsində deyil, yaşayış məntəqələrinin torpaq sahəsində yerləşir və bu torpaq sahəsi mülkiyyətçinin istifadəsinə verilmişdir. Qeyd edilən hal ilk iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: …yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar … Həmin Məcəllənin 18-ci maddəsinin 1-ci bəndinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 22-ci maddəsinin 2-ci bəndinə əsasənəhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Qeyd edilən qanunvericilik normalarının dispozisiya şərtlərindən göründüyü kimi, qanunverici yaşayış məntəqələrinin torpaqları ilə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqları ayrı-ayrı kateqoriyalara aid etməklə onlardan fərqli istifadə qaydaları müəyyən etmişdir. Belə ki, xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılması yalnız sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin yerləşdiyi torpaq sahələrində və obyektlərin ətrafında yaradıla bilər. Göstərilənlər onu deməyə əsas verir ki, ilk iddiaçı tərəfindən qanunsuz hesab edilərək sökülməsi iddia edilən fərdi yaşayış evi yaşayış məntəqələrinin torpaqlarında yerləşir və evin yerləşdiyi torpaq sahəsi mülkiyyətçinin qanuni istifadəsində olmaqla, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Azərbaycan Respubliası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respubliası Mülki Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (111.1). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (111.2). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (111.3). Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbinin qanuni əsasını mülki və torpaq qanunvericiliyinin sadalanan bu normaları təşkil etsə də, ilk iddia tələbi ilə bağlı məhkəmə iclasında müəyyən edilən işin faktiki halları bu normaların dispozisiya şərtlərinə uyğun olmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qətetdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-359/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar