Məhkəmə qərarları › İş №2(103)-2556/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2556/2021

24.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2556/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh X1 nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Məhəmmədqulu oğlunun cavabdehlər X3 və X4 qarşı “qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılması və tikintiyə maneənin cavabdehə qadağan edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-677/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Məhəmmədqulu oğlu iddia ərizəsi və sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh verilmiş ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququna dair çıxarışın, 28.07.2017ci il tarixdə tərtib edilmiş texniki pasportdan 35 nömrə ilə “generator otağı” kimi göstərilmiş 9 kv.m sahə hissəsində etibarsız hesab edilməsi, 21 aprel 2018-ci il tarixində Bakı şəhər İcra Hakimiyyəti ilə bağlanmış 1465 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilə ilə qeyri-yaşayış obyektinin tikintisi üçün icarəyə verilmiş 367,8 kv.m torpaq sahəsinin bir hissəsində cavabdehin inşa etmiş olduğu tikilinin sökülməsi, icarəyə verilmiş olan torpaq sahəsinin boşaldılması və bu sahədə aparacağı tikinti işlərinə maneənin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı İnqlab oğlunun Bakı şəhər İcra Hakimiyyəti ilə bağlandığı 1465 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə ilə qeyri-yaşayış obyektinin tikintisi üçün İddiaçı icarəsinə verilmiş 367,8 kv.m torpaq sahəsinin 12 kv.m hissəsi istisna olmaqla, İddiaçı icarəsinə verilmiş torpaq sahəsinin boşaldılması və bu sahədə İddiaçı tərəfindən aparılacaq tikinti işlərinə maneənin cavabdehlərə qadağan edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin qeyri-yaşayış binasına dair mülkiyyət hüququ DƏDRX tərəfindən verilmiş Çıxarışla və Texniki Pasportla rəsmiləşdirilmişdir. Mülkiyyətində olan daşınmaz əmlakın 1900 kv.m. həyətyanı torpaq sahəsi də qanuni istifadəsindədir. Belə ki, həmin torpaq sahəsi AR Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı 422/3477 saylı 17.01.2018-ci il tarixli müqaviləyə əsasən 17.01.2033-cü il tarixədək ona icarəyə verilmişdir. Qeyri-yaşayış binasının təsərrüfat ehtiyacları və müştərilər üçün nəzərdə tutulmuş qapısı və darvazası Hüseyn Seyidzadə küçəsinə açılır. Həmin küçədə, ona məxsus daşınmaz əmlak obyekti ilə qonşuluqda cavabdeh İddiaçı məxsus olan qeyriyaşayış binası yerləşir. Onun qanuni istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,01512 ha təşkil edir. Lakin bir müddət əvvəl ona məlum olmuşdur ki, 21.04.2018-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı arasında 367.8 kv.metr torpaq sahəsinin, o cümlədən mülkiyyətində olan qeyri-yaşayış binasının altındakı və istifadəsində olan torpaq sahəsinin bir hissəsinin və onun obyektinə giriş-çıxış hissəsinin qarşısında olan torpaq sahəsi İddiaçı icarəyə verilməsinə dair qeyri qanuni müqavilə bağlanmışdır. Digər tərəfdən, İddiaçı torpaq sahəsinini icarəyə verilməsinə dair icarə müqaviləsi torpaq qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması ilə bağlandığından həmin müqavilənin etibarsız hesab edilməsinə dair Nəsimi rayon Məhkəməsində iddia qaldırmışdir. İlkin olaraq, həmin iddia tələbi Bakı İnzibati Məhkəməsində qaldırılmış, lakin məhkəmə aidiyyatı ilə bağlı iddia mümkünsüz sayılmış və İddiaçıla torpaq sahəsinin icarəsinə dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş Nəsimi rayon Məhkəməsinin icraatındadır. Hesab edir ki, icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə qəbul edilmiş qətnamə hazırki mübahisənin həllinə mühüm əhəmiyyət kəsb edir və belə olan halda, hazırki iş üzrə işin icraatı dayandırılmalıdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin qeyd etmişdir ki, tərəflər arasındakı hazırki mübahisə cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlir, hüquqlarını təmsil etdiyi şəxs isə kafe işlətməklə fərdi sahibkardır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış obyekti Ulduz kafesidir. Birinci instansiya məhkəməsi isə bunu nəzərə almamış, işə məhkəmə aidiyyəti qaydalarını pozmaqla baxmışdır. Məhkəmə iclasının yeri ve vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halına görə tərəflər arasındakı mübahisə sahibkar statusu olan iddiaçı (VÖEN **********) ilə cavabdeh arasında yaranmaqla və cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlməkdədir. İş materiallarından görünür ki, cavabdeh kafe işlətməklə fərdi sahibkardır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın sürətindən görünür ki, cavabdeh İnqilab Cəfərovun mülkiyyətində olan qeyri-yaşayış obyekti Ulduz kafesidir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.09.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. ...Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyrihökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır”. Kollegiya hesab edir ki, hazırki mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-677/2020 saylı, 16 oktyabr 2020-ci tarixli qətnaməsi ləğv edilsin və iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar