Məhkəmə qərarları › İş №2(103)-2558/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2558/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2558/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə Cavabdeh X7 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(006)-2271/2021 saylı qətnaməsindən iddiaçı LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respubblikasının Mərkəzi Bankını cəlb etməklə cavabdeh X7 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mərkəzləşdirilmiş Kredit Reyestrinə” 20.06.2008-ci il tarixli 054 saylı kredit müqaviləsi üzrə X2 heç bir borcunun olmamasını məlumatının verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh1 ASC arasında 20.06.2008-ci ildə 054 saylı kredit müqaviləsi bağlanılıb və həmin kredit müqaviləsinə əsasən ona 104.640 manat məbləğində ipoteka krediti verilmişdir. İddiaçı tərəfindən 20.06.2008-ci il tarixli 054 saylı kredit müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilib və heç bir borc məbləği qalmayıb. Borcunun olmadığı üçün də Cavabdeh1 ASC-nin İdarə Heyətinin sədri Z.B.Quliyeva tərəfindən öz imzası və bankın möhürü ilə təsdiq edilmiş 18 fevral 2015-ci il tarixli 11/K61 saylı arayış verilmiş və İddiaçı 20.06.2008-ci il tarixli 054 saylı kredit müqaviləsinə əsasən 104640 manat məbləğində ipoteka krediti verildiyi və bu müqavilə üzrə borcalanın banka heç bir borcu olmaması qeyd edilmişdir. Lakin buna baxmayaraq Azərbaycan Kredit Bürosundan verilən çıxarışda məlum olmuşdur ki, X7 Cavabdeh1 ASC-də qeyd etdiyi müqavilə üzrə İddiaçı adında 35178,68 manat kreditin qalıq məbləği və 21.423,64 manat faiz borcu olduğu qeyd edilmişdir. Bank tərəfindən borcu olmadığı halda onun adında borc məbləğinin qalması tamamilə qanunsuzdur. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X7 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh X7 Cavabdeh1 ASC ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X7 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ikinci cavabdeh kimi mülki işə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2(006)-2271/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “Mərkəzləşdirilmiş Kredit Reyestrində” 20.06.2008-ci il tarixli 054 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması məlumatının verilməsinin cavabdeh X7 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanmış Fonduna həvalə edilməsi, iddia tələbinin digər cavabdeh X7 Cavabdeh1 ASC-yə münasibətdə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək, onun ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 21.07.2016-cı il tarixli qərarı ilə Cavabdeh1 ASC-nin bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli Qərarına əsasən məcburi ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu 24.07.2016-cı il tarixdən Cavabdeh1 ASC-nin Ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli Qərarına əsasən Cavabdeh1 ASC-nin iflas proseduruna başlanmışdır. Qeyd olunan məsələ ilə bağlı aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, İddiaçı 20.06.2008-ci il tarixli kredit müqaviləsi üzrə 30.10.2020-ci il tarixə banka ödənilməmiş 35.178,64 AZN (otuz beş min yüz yetmiş səkkiz manat, 64 qəpik) əsas borcu, 26.572,86 AZN (iyirmi altı min, beş yüz yetmiş iki manat, 86 qəpik) faiz, cəmi 61.751,50 AZN (altmış bir min yeddi yüz əlli bir manat, 50 qəpik) məbləğində ödənilməmiş borcu mövcuddur. Bundan başqa, iddiaçının banka borcu olması barədə Azərbaycan Kredit Bürosu MMC tərəfindən 23.07.2019-cu il tarixə verilmiş çıxarışdan görünür. Belə ki, həmin çıxarışdan görünür ki, İddiaçı 20.06.2008-ci il tarixli kredit müqaviləsi üzrə 30.10.2020-ci il tarixə banka ödənilməmiş 35.178,64 AZN (otuz beş min yüz yetmiş səkkiz manat, 64 qəpik) əsas borcu, 21.423,64 AZN (iyirmi bir min, dörd yüz iyirmi üç manat, 64 qəpik) faiz, cəmi 56.602,28 AZN (əlli altı min altı yüz iki manat, 28 qəpik) məbləğində ödənilməmiş borcu mövcuddur. Məhkəmə öz qətnaməsində yalnız verilmiş arayışa istinad edərək İddiaçı iddia tələbini təmin etmişdir. İddiaçı bildirmək istəyir ki, qeyd olunan arayışın axtarışı zamanı müəyyən edilmişdir ki, X7 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həmin arayış təhvil verilməmişdir və arxivdə yoxdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh X7 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı, cavabdeh X7 Cavabdeh1 ASC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddia cavabdeh LPO Cavabdeh1 ASC-yə aid hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin nümayəndəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 ASC tərəfindən verilmiş 18.02.2015-ci il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh1 ASC-də **********430000 saylı ssuda hesabı var. 20.06.2008-ci il tarixli 054 saylı kredit müqaviləsinə əsasən İddiaçı 104640 manat məbləğində ipoteka krediti verilmişdir. Hal-hazırda bu müqavilə üzrə borcalanın banka heç bir borcu yoxdur. İş materiallarında olan Azərbaycan Kredit Bürosu MMC tərəfindən verilmiş 23.07.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı 20.06.2008-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 35.178,64 manat, kreditin faiz məbləği 21.423,64 manat təşkil edir. İş materiallarında olan X7 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 16.03.2020-ci il tarixli arayışından görünür ki, LPO Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 20.06.2008-ci il tarixli kredit müqaviləsi üzrə müqavilənin son müddəti 20 iyun 2023-cü il tarixədəkdir. 10.03.2020-ci il tarixə Banka 35178,64 manat məbləğində əsas borcu, 24111,13 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 59289,77 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mərkəzi Bankının 31 mart 2021-ci il tarixli, 16-00738-2021 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Bank-müştəri münasibətlərində kreditor qarşısında icranı təsdiq edən mübahisəsiz sənəd yalnız bank sənədidir. Belə ki, Mərkəzi Bankın “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın 2.8-ci bəndinə əsasən bank sənədləri-bank əməliyyatlarının həyata keçirilməsi üçün zəruri və kifayət qədər məlumatları əks etdirən, onun qanuniliyini təsdiq edən və əməliyyatların mühasibat uçotunda əks olunmasına əsas verən sənəddir. Bunlara ödəniş sənədləri və kassa sənədləri daxildir. Eyni zamanda həmin qaydaların 12.6-cı bəndinə görə bankların bütün əməliyyatları onların xarakteri barədə məlumatlardan ibarət olan, əməliyyatların qanuniliyini təsdiq edən və onların uçotda əks etdirilməsi üçün əsas olan sənədlərlə rəsmiləşdirilməlidir. Eyni zamanda Mərkəzi Bankın “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin indeksasiyasının təşkili” Qaydalarının 6.4.3-cü bəndinə əsasən kredit təşkilatının kassiri nağd pulu qəbul etdikdən sonra “nağd pulun mədaxili üçün elan”ın müvafiq hissələri kassir tərəfindən imzalanır, qəbz hissəsi pulu təhvil verən şəxsə qaytarılır, elan hissəsi isə günün kassa sənədlərinə tikilmək üçün kassirdə qalır, əlavə olaraq order hissəsi də hesabdan çıxarış ilə birlikdə müştəriyə təqdim edilməsi üçün məsul icraçıya verilir. Qeyd olunanlara əsasən Cavabdeh1 ASCnin İdarə Heyətinin sədri tərəfindən təqdim edilən sənəd bank sənədi hesab olunmadığından Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən öhdəliyin icra olunmasını təsdiq edən sənəd qüvvəsinə malik deyildir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, 20.06.2008-ci il tarixdə kredit müqaviləsi bağlanılıb və həmin kredit müqaviləsinə əsasən iddiaçıya 20 iyun 2023-cü il tarixədək 104.640 manat məbləğində ipoteka krediti verilmişdir. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı Cavabdeh1 ASC tərəfindən verilmiş 18.02.2015-ci il tarixli arayışa istinad edərək, borcunun olmadığını, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu isə iddiaçının 35178,64 manat məbləğində əsas borcu, 24111,13 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 59289,77 manat məbləğində borcunun olduğunu bildirir. Məhkəmə mübahisələndirilən hissədə iddianı təmin edərkən qeyd etmişdir ki, iddiaçı 20.06.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmişdir və onun banka heç bir borc məbləği qalmamışdır. Bu barədə bank tərəfindən 18.02.2015-ci ildə arayış verilmişdir. Lakin buna baxmayaraq Azərbaycan Kredit Bürosu MMC-dən verilən çıxarışda onun 20.06.2008-ci il tarixli müqaviləsi üzrə 35178,68 manat kreditin qalıq məbləği və 21.423,64 manat faiz borcu olmasını qeyd edilmişdir. Bu səbəbdən müqavilə üzrə onun heç bir borcunun olmamasını məlumatının verilməsinin cavabdehlərə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, borclu tərəfindən kredit müqaviləsi üzrə kreditor qarşısında olan öhdəliyin icra edildiyi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Kollegiya qeyd edir ki, Bank-müştəri münasibətlərində kreditor qarşısında icranı təsdiq edən mübahisəsiz sənəd yalnız bank sənədidir. Belə ki, Mərkəzi Bankın “Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydaları”nın 2.8-ci bəndinə əsasən bank sənədləri-bank əməliyyatlarının həyata keçirilməsi üçün zəruri və kifayət qədər məlumatları əks etdirən, onun qanuniliyini təsdiq edən və əməliyyatların mühasibat uçotunda əks olunmasına əsas verən sənəddir. Bunlara ödəniş sənədləri və kassa sənədləri daxildir. Həmin qaydaların 12.6-cı bəndinə görə bankların bütün əməliyyatları onların xarakteri barədə məlumatlardan ibarət olan, əməliyyatların qanuniliyini təsdiq edən və onların uçotda əks etdirilməsi üçün əsas olan sənədlərlə rəsmiləşdirilməlidir. Eyni zamanda Mərkəzi Bankın “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin indeksasiyasının təşkili” Qaydalarının 6.4.3-cü bəndinə əsasən kredit təşkilatının kassiri nağd pulu qəbul etdikdən sonra “nağd pulun mədaxili üçün elan”ın müvafiq hissələri kassir tərəfindən imzalanır, qəbz hissəsi pulu təhvil verən şəxsə qaytarılır, elan hissəsi isə günün kassa sənədlərinə tikilmək üçün kassirdə qalır, əlavə olaraq order hissəsi də hesabdan çıxarış ilə birlikdə müştəriyə təqdim edilməsi üçün məsul icraçıya verilir. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, iddiaçı borcunun olmaması barədə ödəniş və kassa sənədləri ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir. Kollegiya qeyd edir ki, iddiaçının təqdim etdiyi Cavabdeh1 ASC tərəfindən verilmiş 18.02.2015-ci il tarixli X5 arayışı borcun tam ödənilməsinin mötəbər sübutu kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 25 iyun 2021-ci il tarixli, 9/2875 saylı rəyinə əsasən İddiaçı 20.06.2008-ci il tarixli, 054 saylı kredit müqaviləsi üzrə 30.10.2020-ci il tarixə 35221,64 manat əsas, 45936,54 manat faiz borcu vardır. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Beləliklə kollegiya tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respubltkası Mülki Prosessual 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 200 manat İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X7 Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(006)-2271/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatı dəyəri olan 200 (iki yüz) manat İddiaçı alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar