Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2558/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişin edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 yanvar 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Sığorta Şirkətinin nümayəndəsi X3 və apellyatorun özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı cavabdeh Şirkətinə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, hərbi xidmət dövründə aldığı xəstəliklər ilə bağlı ona ödənilməli olan sığorta ödənişinin ona verilməsi vəzifəsinin cavabdeh Şirkətin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1966-cı il təvəllüdlü iddiaçı, xx.xx.1994cü il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində baş gizir rütbəsində hərbi qulluq etmiş və xəstəliklə əlaqədar ordu sıralarından əlillik ilə tərxis olunmuşdur. İddiaçı, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuş sığorta ödənişinin ona ödənilməsi məqsədi ilə cavabdeh Şirkətə müraciət etsə də, Şirkət heç bir əsas və sübut göstərmədən sığorta ödənişini iddiaçıya verməkdən imtina etmişdir. b) iddia tələbinə dair cavabdehin münasibəti barədə məlumat
3. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman cavabdeh Sığorta Şirkətinin səlahiyyətli nümayəndəsi yazılı etirazla Rayon Məhkəməsinə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Dövlət Sərhəd Xidmətində baş gizir rütbəsində hərbi qulluq etmiş və xəstəliklə əlaqədar ordu sıralarından əlilliklə tərxis olunmuş, iddiaçı, sığorta ödənişinin verilməsi üçün Şirkətə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Çünki müraciətdə qeyd edilmiş ödəniş (3.300.000 köhnə miqyasda manat, yəni yeni miqyasda 6.600 manat) hələ xx.xx.2004-cü il tarixdə Şirkət tərəfindən, ********* №-li, xx.xx.2004-cü il tarixli sərəncama əsasən ödənilmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ödənilməsini tələb etdiyi ödəniş Şirkət tərəfindən iddiaçıya artıq ödənilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, ödəniş edilməyibsə, iddiaçı, həmin ödənişin ona verilməsi ilə bağlı 3 illik tələb müddətini ötürmüşdür. d) apellyasiya şikayəti və ona qarşı verilmiş etiraz barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd olunur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Şirkət tərəfindən ona heç bir ödəniş edilməmişdir. Ödənişin edilməsini bildirən Şirkət, ödənişin edilməsini təsdiq edə biləcək müvafiq qəbzi məhkəməyə təqdim etməmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.
8. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz verilərək, şikayətin təmin edilməməsi xahiş edilmişdir.
9. Əsasları “iddia tələbinə qarşı etirazın” və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin məzmunu ilə eyni olan “apellyasiya şikayətinə qarşı etirazda” əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və buna görə də, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
10. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
11. Cavabdeh Sığorta Şirkətinin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və əlavə olaraq bildirdi ki, arxiv sənədləri 5 il saxlandıqdan sonra məhv olur. Buna görə də, Şirkətdə, iddiaçıya sığorta ödənişin verilməsi ilə bağlı yalnız Şirkətin xx.xx.2004-cü il tarixli, ********* №-li sərəncamı qalmış, digər sənədlər qalmamışdır. İş üzrə iddiaçı əvvəllər cavabdeh Şirkətdə işləmiş, Qiymətləndirmə Şöbəsinin müdiri olmuşdur. İddiaçı, sənədlərin 5 ildən sonra məhv olunduğunu, sığorta ödənişinin isə 3 il müddətində olmasını yaxşı bilir. İddiaçı bunlardan sui-istifadə edir. Onu da nəzərə almaq lazımdır ki, əgər iddiaçı sığorta ödənişini almamışdırsa, cavabdeh Şirkətdə işlədiyi müddət ərzində bununla bağlı Şirkət rəhbərliyinə müraciət edə bilərdi. Lakin bunu etməmişdir. Göstərilənlər hallar onu göstərir ki, iddiaçı, sığorta ödənişini daha əvvəl almışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı, xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində baş gizir rütbəsində hərbi qulluq etmiş və xəstəliklə əlaqədar ordu sıralarından əlilliklə tərxis olunmuşdur. Əvvəlcə iddiaçıya İİ qrup, sonradan isə İİİ qrup əlillik təyin olunmuşdur.
14. Bununla bağlı Məhkəmə bildirir ki, xx.xx.1992-ci il tarixdən qanuni qüvvəyə minmiş “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər.
15. Qanunverciliyin tələblərinə uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası sığorta müqaviləsinə əsasən həyata keçirilir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında üçüncü şəxsin, yəni sığorta olunanın (faydalan şəxsin) xeyrinə bağlanır və həmin müqavilədə sığorta olunan (faydalanan şəxslər) barədə məlumatlar, sığortalının və sığortaçının vəzifələri və məsuliyyəti, sığorta olunan şəxsə sığorta ödənişinin verilməsi qaydası, habelə sığortalı tərəfindən sığorta haqlarının ödənilməsi qaydası və s. öz əksini tapır. Hərbi qulluqçuların və onlara bərabər tutulmuş şəxslərin həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası həyata keçirilərkən müqavilənin bağlanmaması nəticə etibarı ilə dövlətlə hərbi xidmətdə olduğu zaman həyatına və yaxud sağlamlığına zərər dəymiş şəxs arasında mövcud olan hüquqların və vəzifələrin mahiyyətini (təbiətini) dəyişdirə bilməz.
16. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin” 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir.
17. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunun 4-cü maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu 11.000 manat məbləğində sığorta edilir (maddə 4.). Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik təyin olunduqda bu, sığorta hadisəsi hesab edilir və onlara sığorta ödənişi bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İ qrup əlilliyə görə — 80 faizi nisbətində verilir (maddə 5; bənd “c”).
18. Qeyd edilən normaların tələblərinə görə, hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət (yaralanma, travma, kontuziya) almasına görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış şəxsə sığorta ödənişi verilir.
19. İddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində bildirir ki, bu kimi ödəniş cavabdeh Şirkət tərəfindən ona verilməmişdir.
20. Cavabdeh Şirkət isə iddiaya və apellyasiya şikayətində verdiyi etirazlarda bildirir ki, bu kimi ödəniş iddiaçıya hələ xx.xx.2004-cü il tarixdə verilmişdir.
21. İşin mübahisəli halı da məhz bundan ibarətdir.
22. Cavabdeh Şirkət etirazının əsası kimi istinad etdiyi Şirkətin ********* №-li, xx.xx.2004-cü il tarixli sərəncamından görünür ki, həmin sərəncam iddiaçıya 3.300.000 (köhnə miqyasda) manatın (yeni miqyasda 6.600 manatın) ödənilməsi ilə bağlı verilmişdir.
23. Cavabdeh Şirkət bildirir ki, sığorta ödənişləri ilə bağlı sənədlər, o cümlədən iddiaçıya sığorta ödənişinin verilməsi ilə bağlı sənədlər, arxivdə 5 il saxlanmış, bundan sonra məhv edilmişdir. Buna görə də, Şirkətdə, iddiaçıya sığorta ödənişin verilməsi ilə bağlı yalnız Şirkətin xx.xx.2004-cü il tarixli, ********* №-li sərəncamı qalmış, digər sənədlər qalmamışdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Qeyd edilən prosessual normaların tələblərindən işin mübahisəli halının həllinə yanaşdıqda müəyyən edilir ki, hazırkı iş üzrə sübut etmə yükü ilk növbədə cavabdeh Şirkətin üzərinə düşür.
26. Məhkəmə bildirir ki, ilk növbədə sübut etmə yükü üzərinə düşən Şirkət, sığorta ödənişinin iddiaçıya ödənilməsini birbaşa təsdiq edə biləcək sübuta malik olmasa da, bu halı dolayı yolla təsdiq edə biləcək sübuta - xx.xx.2004-cü il tarixli sərəncama malikdir.
27. Məhkəmə, xx.xx.2003-cü il tarixədək baş gizir rütbəsində hərbi qulluq etmiş və xəstəliklə əlaqədar ordu sıralarından tərxis olunmuş iddiaçının ötən 11 il ərzində sığorta ödənişinin verilməsini tələb etməməsini, onun əvvəllər cavabdeh X1 müdiri vəzifəsində işləməsini nəzərə alaraq hesab edir ki, cavabdeh Şirkətin istinad etdiyi xx.xx.2004-cü il tarixli sərəncam Şirkət tərəfindən iddiaçıya sığorta ödənişinin edilməsini təsdiq edə biləcək etibarlı sübut kimi qəbul edilməlidir.
28. Buna görə də hesab edilməlidir ki, Rayon Məhkəməsi iddiaçının ödənilməsini tələb etdiyi ödənişin Şirkət tərəfindən iddiaçıya artıq ödənilməsi buna görə də iddianın əsassız olması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlili əsassızdır.
29. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdeh Şirkət tərəfindən iddiaçıya sığorta ödəniş edilməyibsə belə, iddia əsaslı hesab edilə bilməz.
30. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Qanunun yuxarıda qeyd edilmiş 5-ci maddəsinin “c” bəndindən göründüyü kimi, Qanun, hərbi qulluqçuya, həqiqi hərbi xidmətdən istefaya və ya ehtiyata buraxıldığı gündən yalnız 3 il müddətində, hərbi xidmət zamanı aldığı travmaya görə əlillik təyin olunduqda, sığorta ödənişinin verilməsi mümkün edir.
31. Lakin iş materiallarına əsasən müəyyən edilir ki, xəstəliklə əlaqədar ordu sıralarından əlillik ilə xx.xx.2003-cü il tarixdə tərxis olunmuş iddiaçı, ona sığorta ödənişinin verilməsi ilə bağlı 3 ildən artıq müddət, təxminən 10 il keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh Şirkətə müraciət etmişdir. Başqa sözlə, iddiaçı, yuxarıda qeyd edilən maddi normada nəzərdə tutulmuş kəsici müddəti ötürmüşdür.
32. Buna görə də hesab edilməlidir ki, Rayon Məhkəməsi həmin müddətin keçməsi ilə də əlaqədar iddianın təmin edilməsinin qeyri-mümkün hesab etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlili əsassızdır. g) apellyasiya baxışının nəticəsi
33. Beləliklə də apellyasiya baxışının nəticələrini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, formal mülahizə xarakteri daşıyır.
34. Məhkəmə qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.