Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-256/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və qanunsuz yolun ləğv edilməsi tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “qanunsuz tikilinin sökülməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 oktyabr 2019-cu il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 Bəxtiyar oğlunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı qonşusu olan Cavabdeh qarşı iddia ərizəsi və “iddianın dəqiqləşdirilməsi barədə” ərizə (cild İ; iş v. 160-161) ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 43 “Q” saylı yaşayış evinin sağ yan divarı boyunca cavabdehin inşa etdiyi 4,5 hündürlüyündə qeyri-qanuni tikilinin sökülməsi, iddiaçıya məxsus həmin evin hasarının yanından cavabdehin özü üçün qanunsuz olaraq çəkdiyi 1 metr uzunluğunda 20 sm enində piyada yolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən torpaq sahəsi iddiaçının şəxsi mülkiyyətindədir, buna baxmayaraq cavabdeh iddiaçıya məxsus olan evin sağ divarında 1996-cı ildən inşa edilmiş iri buynuzlu mal-qara üçün istifadə etdiyi 3x6 metr uzunluğunda olan mal damına yeni dam örtüyü vuraraq sahəni iki dəfədən çox genişlətmiş, həmin tikilini iddiaçının yaşadığı evin divarına söykəmiş və evin sağ yan divarını 4,5 metr hündürlüyündə zəbt etmişdir. Bu da iddiaçının yaşadığı evin dam örtüyündən axan yağış suyunun yeraltı çirkab su xəttinə birləşdirilməsinə maneə yaradır. Bundan əlavə cavabdeh iddiaçının hasarının yanında əlavə olaraq 1 metr uzunluğunda, 20 sm enində əlavə piyada yolu qanunsuz olaraq çəkmiş, bu yol da iddiaçının öz həyətinə giriş-çıxış üçün mütəmadi olaraq maneələr yaradır. İddia ərizəsi əsasında Rayon Məhkəməsi tərəfindən hazırki mülki işin icraatı başlanmışdır. Bundan sonra cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 61 saylı yaşayış evinin divarının üstündən iddiaçı tərəfindən qanunsuz olaraq inşa edilmiş tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus olan torpaq sahəsi əvvəllər onun atasına – X1 məxsus olmuş və 1982-ci ildən bağ sahəsi kimi istifadə edilmişdir. Həmin sahə də, məhz Əsgər Məhərrəmov tərəfindən hasarlanmışdır. Sonradan, cavabdehin müraciəti əsasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 14.04.1997-ci il tarixli, 313 nömrəli sərəncamı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 61 nömrəli evin qarşısında yerləşən uzun müddət bağ sahəsi kimi istifadə etdiyi 600 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi məqsədilə onun istifadəsinə verilmiş və cavabdeh həmin torpaq sahəsində 63 kv.metr sahəsi olan ev inşa etmişdir. Təxminən 20 il bundan əvvəl iddiaçı cavabdehə müraciət edərək qonşuluqda olan torpaq sahəsini aldığını və cavabdehin evinə bitişik ev tikmək istədiyini bildirmiş, lakin cavabdeh buna razılıq verməmişdir. Bir müddət sonra həmin cavabdeh əraziyə getdikdə görmüşdür ki, onun narazılığına baxmayaraq iddiaçı onun evinə bitişik ev inşa etdirmişdir. Rayon Məhkəməsi qarşılıqlı iddianı da icraata qəbul edərək ilk iddia ilə birlikdə baxmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 15.10.2019-cu il tarixli qətnamə ilə ilkin iddianın qismən təmin edilməsini, iddiaçıya məxsus 43 “Q” saylı evin sağ yan divarı boyunca cavabdehin inşa etdirdiyi təxminən 4,5 metr hündürlüyündə olan tikilinin sökülməsini, ilk iddianın qalan hissəsinin, qarşılıqlı iddianın isə tam həcmdə rədd edilməsini qət etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir. İlk iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh onun üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənara çıxmış, qanunsuz tikinti işləri aparmış və həmin tikili üçün əlavə piyada yolu salaraq, iddiaçının evinin darvazasının sağ sütununa metal qapı qaynaq etdirmişdir. Bunlar işə məhkəmədə baxılan zaman baş vermişdir. Piyada yolu iddiaçının hüquqlarını pozur. İşə baxmış Rayon Məhkəməsi isə işin bu hallarını nəzərə almamış, onlara qiymət verməmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) də həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və ilkin iddianın təmin edilmiş hissəsinin rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahəsinin hasarları illər əvvəl öz vəsaiti hesabına çəkilmiş, ətrafdakı qonşularla aralarında daşdan hasar olmuşdur. Bir müddət əvvəl qonşu torpaq sahəsini iddiaçı almış və həmin torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. İddiaçının evinin bir hissəsini cavabdehə məxsus hasarının üzərində inşa etmişdir. İşə baxmış Rayon Məhkəməsi isə işin bu hallarını nəzərə almamış, onlara qiymət verməmişdir. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək cavabdehin verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, şikayətin, habelə ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışının əvvəlki iclaslarında iştirak etmiş cavabdeh iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə etiraz edərək özü tərəfindən verilmiş apellyasiya şikayətinin və qarşılıqlı iddianın məzmununa uyğun izahatlar vermişdir. O, işə apellyasiya qaydasında baxılmanın növbəti iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə apelyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə iş üzə yeni qətnamə qəbul edilməklə, ilk iddianın qeyd edilən hissəsi də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MA seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,06 ha ölçülü torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində 129 nömrəli reyestr kitabının 11799 nömrəli vərəqində 16.02.2010-cu il tarixdə qeydiyyata alınmışdır. DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş **********40-10301 reyestr nömrəli “Daşınmaz əmlakın texniki pasportundan” görünür ki, ünvan 1 ünvanının sənəd üzrə torpaq sahəsi 0,06 ha, faktiki sahə 0.06 ha, tikinti altı sahə 0.01607 və digər sahələr 0.04393 ha təşkil edir. Binəqədi RİH başçısının 313 nömrəli, 14.04.1997-ci il tarixli sərəncamından görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində Biləcəri qəsəbəsinin enişində yaşadığı evin yaxınlığında yerləşən uzun müddət bağ kimi istifadə etdiyi 600 kv.metr ərazi təhkim edilmiş və torpaq sahəsinin yerində ölçülüb ayrılması tapşırılmışdır. İşə baxılan zamanı Rayon Məhkəməsi tərəfindən iş üzrə 2 dəfə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin rəyləri alınmışdır. Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26.11.2018-ci il tarixli, 12289 nömrəli rəyindən görünür ki, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 43 “Q” saylı ünvanda yerləşən fərdi yaşayış evinin sağ yan boyunca inşa olunmuş mübahisəli tikilinin, ara məsafəsi baxımından, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69cu maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmiş, həmin ünvanda İddiaçı aid ərazidə Cavabdeh tərəfindən əlavə piyada yolunun salınması faktı müəyyən edilməmiş, Cavabdeh ayrılmış torpaq sahəsinin sərhəd hasarının üzərində İddiaçı tərəfindən inşa olunmuş fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilmiş, ümumilikdə mübahisəli tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu və 72-ci maddələrinin tələblərinə əməl edilmədən inşa olunduğu müəyyən edilmişdir. Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25.09.2019-cu il tarixli, 15785 nömrəli rəyindən görünür ki, qeyd olunan ünvanda yerləşən və İddiaçı məxsus evin giriş qapısına bitişik olan Cavabdeh giriş qapısından hasarın yanı ilə evinə gedən piyada yolunun İddiaçı mülkiyyətində olan həyətyanı sahənin sərhədləri daxilində olmadığı müəyyən edilmiş, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin mövcud vəziyyətdə müvafiq hüquqmüəyyənedici və texniki sənədlər üzrə nəzərdə tutulmuş ərazidə yerləşməsi və fərdi yaşayış evinin texniki pasportun göstəriciləri ilə üst-üstə düşdüyü müəyyən edilmiş, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin ikinci mərtəbəsinin 11,40 metr uzunluğunda olan xarici divarının Cavabdeh faktiki istifadəsində olan həyətyanı sahə arasındakı həmsərhəd hasarının üzərində inşa olunduğu müəyyən edilmişdir. İlk iddia üzrə iddiaçı bildirir ki, ona məxsus torpaq sahəsinin divarı boyunca cavabdehin inşa etdiyi 4,5 metr hündürlüyündə qeyri-qanuni tikili və onun evinin hasarının yanından cavabdehin özü üçün qanunsuz çəkdiyi 1 metr uzunluğunda 20 sm enində olan əlavə piyada yolu onun hüquqlarını pozur. Buna görə də, həmin tikili və yol ləğv edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı isə bildirir ki, onun qanuni istifadəsində olan torpaq sahəsində inşa etdiyi evin divarının üstündən ilk iddia üzrə iddiaçı tərəfindən qanunsuz tikili inşa edilmişdir. Odur ki, həmin tikili sökülməlidir. İş materiallarında olan sənədlərə və tərəflərin məhkəmələrə bildirdiklərinə əsasən müəyyən edilir ki, hər iki tərəfin inşa etdiyi tikililər özbaşına tikilidir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Lakin Cavabdeh inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinin isə hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikintitexniki-ekspertizaları üzrə aparılmış ekspert tədqiqatı nəticəsində İddiaçı və Cavabdeh tərəfindən inşa edilmiş tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu və 72-ci maddələrinin tələblərinə əməl edilmədən inşa olunduğu müəyyən edilmişdir. İşə baxmış Rayon Məhkəməsi qarşılıqlı iddia tələbini rədd edərkən ona əsaslanmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh torpaq sahəsinin dəqiq yerini əks etdirən (koordinatlar) hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etmədiyinə görə tikintinin onun hüquq və mənafelərinin pozulmasına səbəb olması iş üzrə öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu əsasdan çıxış edən Rayon Məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27.08.2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh istifadəsində olan sahəyə dair hər hansı bir hüququnun mövcud olmasını təsdiq edən sənədə malik olmadığından o, iddiaçı (qarşılılıq iddia üzrə cavabdeh) İddiaçı qarşı mübahisəli tikilinin sökülməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa da malik deyil. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi bu kimi mövqedən çıxış edərək qarşılıqlı iddianı təmin etməməkdə haqlı olmuşdur; Cavabdeh apellyasiya şikayətinin müzakirə edilən bu məsələyə aid dəlili əsassızıdır. İlk iddia tələbi ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 111-ci maddəsinin görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Məcəllənin 180.1-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Göstərilənlərə əsasən müəyyən edilir ki, İddiaçı məxsus fərdi yaşayış evinin sağ yan divarı boyunca Cavabdeh tərəfindən inşa edilmiş tikili, ara məsafəsi baxımından, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun deyil. Başqa sözlə Cavabdeh tərəfindən inşa edilmiş tikili özbaşına tikili olmaqla yanaşı, İddiaçı hüquqlarını pozur. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi bu kimi mövqedən çıxış edərək ilk iddianın “qanunsuz tikilinin sökülməsi barədə” hissəsini təmin etməkdə haqlı olmuşdur; Cavabdeh apellyasiya şikayətinin müzakirə edilən bu məsələyə aid dəlili əsassızıdır. İlk iddianın “qanunsuz yolun ləğv edilməsi barədə” hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə bağlı Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi bu nəticəsini onunla əsaslandırmışdır ki, əlavə piyada yolu ilk iddia üzrə iddiaçının həyətyanı sahənin sərhədləri daxilində deyil, sahədən kənar çəkilmişdir; belə olan halda ilk iddia üzrə İddiaçı hər hansı maraqlarına toxunmur. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin bu kimi yanaşması səhvdir. Belə ki, əlavə piyada yolu iddiaçının torpaq sahəsinin sərhədləri hüdudunda olmasa da, həmin piyada yolu yuxarıda qeyd edilən özbaşına tikiliyə giriş-çıxış məqsədi ilə salınmışdır. Həmin özbaşına tikilinin iddiaçının mənafeyinə toxunması müəyyən olunduğundan, piyada yolunun ləğv edilməsi hissəsində də iddia tələbi əsaslı hesab edilməlidir. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi iddianın “qanunsuz yolun ləğv edilməsi barədə” hissəsini təmin etməməklə səhv və işin hallarına uyğun olmayan – səhv nəticəyə gəlmişdir; İddiaçı apellyasiya şikayətinin müzakirə edilən bu məsələyə aid dəlili əsaslıdır. Bununla yanaşı Məhkəmə qeyd edir ki, İddiaçı apellyasiya şikayətinə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin tam ləğv edilməsi xahiş edildiyindən, lakin apellyasiya baxışı zamanı bunun üçün əsas müəyyən edilmədiyindən hesab edilməlidir ki, İddiaçı apellyasiya şikayəti qismən əsaslıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə ilk iddia tələbinin təmin edilməyən hissəsində səhvdir – işin hallarına uyğun gəlmir; qətnaməyə dair iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır; qalan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı, işin hallarına uyğundur; cavabdehin apellyasiya şikayəti əsassızdır. Odur ki Məhkəmə, apellyasiya baxışının nəticəsini, Azərbaycan Respublikası MPMnin 385-ci maddəsinin tələblərini nəzərə alaraq, habelə MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə ilk iddia təmin edilməli, mübahisəli əlavə piyada yolu ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qətnamə qismən, yəni İddiaçı Cavabdeh qarşı irəli sürdüyü ilk iddianın “qanunsuz yolun ləğv edilməsi tələbi barədə” hissəsinin təmin edilməməsi barədə hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı irəli sürdüyü ilk iddianın “qanunsuz yolun ləğv edilməsi tələbi barədə” hissəsi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” saylı evinin hasarının yanında Cavabdeh tərəfindən salınmış 1 metr x 20 sm ölçüdə olan əlavə piyada yolu Cavabdeh hesabına ləğv edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 15 oktyabr 2019-cu il tarixli qətnamə qalan hissədə, yəni İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” saylı evin sağ yan divarı boyunca Cavabdeh inşa etdirdiyi təxminən 4,5 metr hündürlüyündə olan tikilinin sökülməsi, qarşılıqlı iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcinin ödənilməsi məqsədi ilə Cavabdeh dövlət nəfinə 200 (iki yüz) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-256/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-256/2021
17.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver