Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2561/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı Şirkətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(001)- 7788/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Şirkəti cavabdeh Məmmədova (İsmayılova) Rəşadət Əli qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 1 saylı mədənin 4-ci sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdеh Məmmədova (İsmayılova) Rəşadət Əli qızı tərəfindən İddiaçı şirkətinin saziş üzrə istifadəsinə vеrilmiş kоntrakt sahəsinin ərazisində, 1 saylı mədənin 4-cü sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti nоrmaları və qaydaları ciddi surətdə pоzulmaqla özbaşına tikili inşa еdilmişdir. Cavabdеhin inşa еtdiyi özbaşına tikili şirkətin həmin ərazidə nеft-qaz əməliyyatlarını həyata kеçirməsinə ciddi manеə yaratdığından, İddiaçı şirkətinin qanunla qоrunan hüquqları və dövlət tərəfindən vеrilmiş təminatları kоbud surətdə pоzulmuşdur. 29 sentyabr 2004-cü il tarixində Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (“Saziş”) imzalanmış və 29 aprеl 2005-ci il tariхdə Azərbaycan Rеspublikası Prеzidеntinin imzaladığı 901 saylı Qanuna əsasən saziş qanun statusunu almışdır. Göstərilənlərə əsasən, cavabdeh 1 saylı mədənin 4-cü sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa еdilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(001)- 7788/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh Binəqədi rayonu Xocəsən qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Başqa sözlə, cavabdehin həmin əmlakla heç bir bağlılığı yoxdur, əmlak onun atası X6 məxsusdur. Bununla bağlı şirkət əvvəllər iddia qaldırmış və həmin iddia son nəticədə təmin olunmamışdır. Şirkət iddia qaldırarkən sökülməsi tələb olunan evdə işiq, qaz və su sayğaclarının Cavabdeh adına olmasına istinad etmişdir. Hal-hazırda sayğaclar X4 adına keçirilmişdir. Bundan əlavə məhkəmə işə baxarkən nəzərə almamışdır ki, şirkət həmin ərazidə müqavilə əsasında fəaliyyət göstərir və ona hansı statusların verilməsindən asılı olmayaraq icarəçidir. Onun belə bir iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Həmin torpaqlar isə Dövlət Neft Şirkətinə məxsusdur. Fövqəladə Hallar Nazirliyinin Əsasnaməsinə uyğun olaraq qanunsuz hesab edilən tikili və binaların sökülməsi ilə bağlı iddia qaldırmaq hüququ həmin Nazirliyin səlahiyyətlərinə aiddir. İddiaçı Şirkəti apellyasiya şikayətinə yazılı etiraz vermişdir. Etiraz belə əsaslandırılmışdır ki, şikayət əsassız olmaqla məhkəmədə çaşqınlıq yaratmağa yönəlmişdir. Belə ki, bundan əvvəl məhkəmədə baxılmış işdə Cavabdeh torpaq sahəsinin və tikilinin ona məxsus olmasını, hazırkı işdə isə onun atası X7 həmin torpağın və tikilinin özünə məxsus olmasını bildirmişdir. Bundan əlavə, Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin 8.6-cı bəndinə əsasən, İddiaçı Şirkəti podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə əməliyyatçı kimi fəaliyyət göstərir. Buna görə də şirkətin hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi X5 isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(001)- 7788/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlardan görünür ki, sökülməsi tələb olunan tikili Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. (i.v.30- 31, 33-34) Cavabdеh tərəfindən tikili inşa edilmiş torpaq sahəsi dövlət mülkiyyətində saxlanılan ərazidə yerləşməklə, sənaye təyinatlı torpaqlara aiddir. İnşa olunmuş tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində yerləşməklə, nеft quyusunun mühafizə zоlağı daхilində оlduğu müəyyən еdilir, tikili şəhərsalma nоrma və qaydalarına uyğun inşa оlunmamışdır. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə X1 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2-1(112)-541/2021 saylı qərardadına əsasən, Binəqədi qəsəbə Bələdiyyəsinin Məmmədova (İsmayılova) Rəşadət Əli qızının istifadəsinə torpaq sahəsinin ayrılması barədə 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamının qanunsuzluğunun tanınması haqqında iddiası mümkün sayılmamışdır. Məhkəmə bu qənaətə gəlmişdir ki, Saziş qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edildiyindən, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verildiyindən, Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamının ayrıca bir məhkəmə qərarı ilə qüvvədən düşməsinin müəyyən edilməsinə ehtiyac yoxdur. İş materiallarından həmçinin görünür ki, iddiaçı şirkət bundan əvvəl eyni tələblə X6 qarşı məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin qətnamədən Əli Məmmədov apellyasiya şikayəti vermiş və şikayətdə göstərmişdir ki, həmin torpaq sahəsi və tikili onun deyil, torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinin 29 dekabr 2007-ci il tarixli 1479 saylı sərəncamına əsasən Məmmədova (İsmayılova) Rəşadət Əli qızına ayrılmışdır və hazırkı iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürülmüşdür. Bakı Apellyasiya Məhkəməsi apellyatorun dəlili ilə razılaşaraq torpaq sahəsinin Məmmədova (İsmayılova) Rəşadət Əli qızına ayrılmasını nəzərə alaraq əsl olmayan cavabdehə qarşı iddia qaldırıldığından, 22 sentyabr 2021-ci il tarixli 2(103)-209/2021 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı rədd etmişdir. Həmin qətnamə ilə həmçinin iddiaçı şirkətə izah olunmuşdur ki, hazırkı iddia tələbi ilə əsl cavabdehə qarşı məhkəmədə iddia qaldıra bilər. İddiaçı Şirkəti bu hüquqdan istifadə edərək Məmmədova (İsmayılova) Rəşadət Əli qızına qarşı iddia qaldırmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Məmmədova (İsmayılova) Rəşadət Əli qızının hazırkı iddiaya cavab verməli olmayan şəxs olması barədə apellyasiya şikayətinin dəlilini kollegiya əsassız hesab edir. İş materiallarının, o cümlədən eyni tələblə bağlı işdə olan Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(103)-209/2021 saylı qətnaməsinin təhlili göstərir ki, şikayətin bu dəlili yalnız iddiaya cavab vermək məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Halbuki, şirkət eyni tələblə bağlı bundan əvvəl Əli Məmmədova qarşı məhkəmədə iddia qaldıranda sonuncu həmin torpaq sahəsinin qızı Rəşadət Məmmədovaya ayrıldığını, torpaq sahəsinin və üzərində olan tikilinin ona aidiyyətinin olmadığını bildirmişdi. İddiaçı Şirkətinin hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin 8.6-cı bəndinə əsasən, İddiaçı Şirkəti podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə əməliyyatçı kimi fəaliyyət göstərir. Buna görə də şirkətin hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402 və 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Məmmədova (İsmayılova) Rəşadət Əli qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 2(001)- 7788/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2561/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2561/2022
17.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver