Məhkəmə qərarları › İş №2(103)-2563/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2563/2023

01.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2563/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Xidmətləri Məkanı 12 saylı Notariat Ofisinə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs şəxs qismində X13 və X10 cəlb edilməklə “mirasın qəbul edilmə müddətinin ötürülməmiş hesab edilməsi, payların bərabər müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə mülki iş üzrə (Açar sözlər: aiddiyat üzrə göndərilmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X17 (sədrlik edən və məruzəçi), X14 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Xidmətləri Məkanı 12 saylı Notariat Ofisinə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13 və X10 cəlb edilməklə “mirasın qəbul edilmə müddətinin ötürülməmiş hesab edilməsi, payların bərabər müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3563/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs şəxs qismində X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı atası X8 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, ölümündən sonra “Opel Astra” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil qalmışdır.

2. Mərhumun ölümündən sonra sözügedən nəqliyyat vasitəsinə oğulları X13, X11 və həyat yoldaşı X4 hər birinin 1/3 hissədə payı tanınmaqla şəhadətnamə verilmişdir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir ki, İddiaçı xx.xx.2020-ci tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlaklara dair Vərəsəlik Hüququ haqqında Şəhadətnamə verilməsi ilə xx.xx.2022-ci il tarixdə Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisinə təqdim edilmiş məktuba cavab olaraq bildirilir ki, İddiaçı qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmışdır, o cümlədən miras əmlakların faktiki idarəçiliyinə dair İddiaçı tərəfindən sübutlar təqdim edilməmişdir. Odur ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. Müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 3928/2021 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdeh Əmlak Xidmətləri Məkanında Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Xidmətləri Məkanında Notariat Ofisində atası X5 dair verilmiş vərəsəlik şəhadətnamələrinin və digər vərəsələrin adına olan çıxarışların ləğv edilməsi, miras əmlaka dair payların bərabər müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə ilə iddia təmin edilmiş, Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisində 10 /2021 saylı vərəsəlik işi ilə bağlı 2 V - 41 nömrə ilə qeyd edilmiş 1998-ci il olan Opel Astra minik markalı, ** FP *** dövlət nömrə nişanlı, nəqliyyat vasitəsinə dair X12, X6 və X7 14 iyun 2021-ci il tarixdə verilmiş şəhadətnamə ləğv edilmişdir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları

5. İddiaçı cavabdeh Əmlak Xidmətləri Məkanı 12 saylı Notariat Ofisinə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13 və X10 cəlb edilməklə “mirasın qəbul edilmə müddətinin ötürülməmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 mülkiyyətində olmuş 1998ci il «Opel-Astra» markalı, **-FP-*** markalı dövlət qeydiyyat nişanlı avtomobilinə dair mirasın qəbulunun müddətinin ötürülməmiş hesab edilərək payların bərabər müəyyən edilməsi və iddiaçıya vərəsəlik hüququ şəhadətnaməsinin verilməsinin cavabdeh 12 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X8 04 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Nizami Rayon Qeydiyyat şöbəsindən atasının vəfatı ilə bağlı ölüm haqqında şəhadətnaməni əldə edərək, doğum haqqında şəhadətnaməni də mərhum atası X2 qalmış miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətəmənin verilməsinə dair Əmlak Xidmətləri Məkanında Notariat Ofisinə rəsmi ərizə təqdim etmişdir. Notariat ofisi ona 05 iyul 2021-ci il tarixdə rəsmi cavab məktubu təqdim edərək digər vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkünsüzlüyünü bildirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəmisinə vərəsəlik şəhəadətnaməsinin ləğvinə dair iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin 2(005)-3928/2021 saylı, 16 sentyabr 2021-ci il taixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Lakin, Əmlak Xidmətləri Məkanı 12 saylı Notariat Ofisi 22 fevral 2022-ci il tarixli, № 219 saylı məktubu ilə mirasın qəbulu ilə bağlı nəzərdə tutulmuş müddəti buraxmağına dair və mirasın faktiki idarəçiliyinə dair sübut təqdim etmədiyi səbəbindən imtina etmişdir. Mərhum atasının mirası əmlakından pay almaq hüququndan cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olmuşdur.

7. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3563/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, mərhum X2 qalmış 1998-ci il buraxılışlı, “OpelAstra” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsinin səbəbləri üzrlü sayılmaqla, həmin müddətin bərpa edilməsi, İddiaçı atası X2 miras qalmış 1998-ci il buraxılışlı, “Opel-Astra” minik markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi üzərində ¼ hissədə məcburi payın müəyyən edilməsi və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, yəni notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə və ya ayrı-ayrı hərəkətlər vasitəsilə edilə bilər. Məsələn, mirsın qəbulu vərəsənin miras əmlaka sahiblik etməsi və ya miras əmlakı idarə etməyə faktik başlaması və bununla da miras əmlakı qəbul etməsini şəksiz nümayiş etdirməsi ilə bəlli olur. Bu hal, adətən, miras qoyanın sağlığında miras qoyanın vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əmlaklarla əlaqədar yaranır. Bundan başqa, mirasın qəbulu və qəbulundan imtina müəyyən bəlli müddət, vaxt ərzində həyata keçirilməlidir. Bununla bərabər, miras əmlakın qəbulu müddətinin ötürülməsi vərəsə tərəfindən üzrlü səbəblərə görə olarsa, bu halda məhkəmə mirasın qəbulu müddətini uzada bilər. Lakin Mülki Məcəllənin 1248.1-ci maddəsində məhkəmənin ötürülmüş müddəti hansı vaxtadək uzada bilməsi haqqında göstəriş yoxdur. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin notariat orqanına həvalə edilməsinə gəldikdə isə qeyd edilmişdir ki, hazırkı qətnamə ilə onsuz da iddiaçının nəqliyyat vasitəsi üzərində 1/4 hissədə pay hüququ tanındığından bu qətnamə iddiaçıya müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Bu baxımdan qətnamənin icra edilməsi üçün notariat orqanının üzərinə ayrıca vəzifə qoyulmasının əhəmiyyəti yoxdur.

9. Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs şəxs qismində X13 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 3563/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddənin tələbinə görə iddiaçı mirası qəbul etmək atasının ölümündən üç ay ərzində notariusa müraciət etməli idi. İddiaçı isə həmin müddətin üstündən xeyli müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9 mübahisələndirdiyi qətnaməsində onun məhkəmə iclasında iştirakını hansı səbəbdən təmin etmədiyinə dair hər hansı bir qeyd aparmamışdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13 lazımi qaydada xəbərdar edilsəydi mütləq məhkəməyə gələrdi. Göründüyü kimi həmin qətnamə prosessual normaların kobud pozulması ilə çıxarılıb. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddiaçının müddəti hansı səbəbdən ötürməsinə dair məhkəməyə təqdim etdiyi sübütları hərtərəfli araşdırmamışdır.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

11. İddiaçı məhkəmə iclasında iştirak edərək, mülki işin aidiyyat üzrə göndərilməsinə etiraz etmədiyini bildirir.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin onun iştirakı olmadan baxılması barədə məktubunu və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxslərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:

13. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. (Maddə 35.2)

14. Həmin Məcəllənin 36.2-ci maddəsində qeyd edilir ki, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.

15. Həmin Məcəllənin 45.1-ci maddəsində qeyd edilir ki, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, iddia ərizəsinin ərazi aidiyyəti qaydalarının pozuntusu ilə icraata qəbul edildiyi nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Nizami rayon məhkəməsinə göndərilməlidir.

17. İş materialları ilə müəyyən edilir ki, iddia tələbi cavabdeh Əmlak Xidmətləri Məkanı 12 saylı Notariat Ofisinə qarşı yönəlmişdir.

18. Birinci instansiya məhkəməsi Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisinin hüquqi ünvanının ünvan 1rizəsi icraata qəbul edərək baxmışdır.

19. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisinin hüquqi ünvanı barədə məlumatların məhkəməyə təqdim edilməsi məqsədilə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu göndərilmişdir.

20. Məhkəmənin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin 27 aprel 2023-cü il tarixli, 3-16-5/2-11-3492/23 saylı məktubunda qeyd edilir ki, sözügedən notariat ofisi Bakı şəhəri, Nizami rayonu, X23 küçəsi, ev 20 ünvanında yerləşir.

21. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edərkən ərazi aidiyyatı qaydalarını pozmuşdur.

22. Məhkəmə kollegiyası hesab edir ki, iş materialları cavabdeh Əmlak Xidmətləri Məkanı 12 saylı Notariat Ofisinin hüquqi ünvanının olduğu Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilməlidir.

23. Mülki Prosesual Məcəllənin 384.0.4-cü maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.

24. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 3563/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməklə mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilməlidir.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2, 397-398, 384.0.4, 402.2.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3563/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Əmlak Xidmətləri Məkanı 12 saylı Notariat Ofisinə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13 və X10 cəlb edilməklə “mirasın qəbul edilmə müddətinin ötürülməmiş hesab edilməsi, payların bərabər müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar