Məhkəmə qərarları › İş №2(103)-2564/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2564/2025

04.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2564/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb olunmaqla hüquqi şəxsin təsis edilməsi, müəssisənin yeganə təsisçisi və direktorunun atası olması, təsis payının (mirasın) faktiki qəbul və qərar və sərəncamların müəssisəyə məxsus olması faktlarının müəyyən edilməsi tələbinə dair iş üzrə (açar sözlər: icraata xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb olunmaqla hüquqi şəxsin təsis edilməsi, müəssisənin yeganə təsisçisi və direktorunun atası olması, təsis payının (mirasın) faktiki qəbul və qərar və sərəncamların müəssisəyə məxsus olması faktlarının müəyyən edilməsi tələbi barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-884/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında 1993-cü il tarixdə hüquqi şəxs olaraq “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi, müəssisənin yeganə təsisçisi və direktorunun mərhum xx.xx.1960-cı il tarixdə doğulmuş X3 olması, ona məxsus müəssisədəki təsis payının – mirasın tərəfindən faktiki qəbul edilməsi və müəssisəyə 0,50 ha torpaq sahəsinin ayrılması barədə Şərur rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994- cü il tarixli, 206 nömrəli qərar və sərəncamlarınnın “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəsinə məxsus olması hüquqi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslarına görə, atası Ələkbər Əhmədov xx.xx.1996-cı ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Atası sağlığında 1993-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda qeydiyyata alınmaqla oğulları o və qardaşı Kamalın adına “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəsini təsis etmişdir. Həmin müəssisənin yeganə təsisçisi və direktoru da atası olmuşdur. Atası 1996-cı ildə vəfat edəndə onun 10 yaşı olduğundan müəssisə fəaliyyətsiz qalmışdır. Müəssisədən yalnız möhür və torpaq ayrılması barədə sənədlər qalmışdır. Müəssisəyə 0,5 ha torpaq sahəsi ayrılmışdır. O özü vəkil olduğundan müəssisəyə və ayrılmış torpaq sahələrinə dair soğrular vermiş, sorğulara gələn cavablarda həmin müəssisəyə və ona ayrılmış torpaq sahələrinə dair sənədlərin heç biri arxivdə aşkar edilməmişdir. Lakin, bütün sənədlərin əslləri və möhür şəxsən özündədir. Belə olan halda, həmin sənədləri bərpa etməyin başqa yolu olmadığından məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs tələbə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, 2008-ci il yanvarın 1dək sahibkarlıq fəaliyyəti subyektlərinin vahid dövlət qeydiyyatı Dövlət Vergi Xidmətinin səlahiyyətli xaricində olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təhvil verilmiş qovluqlar sırasında “Orxan-Kamal” kiçik müəssisəsi adlı hüquqi şəxs müəyyən edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-884/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb olunmaqla hüquqi şəxsin təsis edilməsi, müəssisənin yeganə təsisçisi və direktorunun atası olması, təsis payının (mirasın) faktiki qəbul və qərar və sərəncamların müəssisəyə məxsus olması faktlarının müəyyən edilməsi tələblərinə dair iş üzrə icraata xitam verilmiş, **********12 nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Ərizəçi qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdr ki, ərizəçinin hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsini istədiyi 4 ayrı tələb mövcuddur: 1) Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında 1993-cü il tarixdə hüquqi şəxs olaraq “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsi faktı; 2) müəssisənin yeganə təsisçisi və direktorunun mərhum xx.xx.1960-cı il tarixdə doğulmuş X3 olması faktı; 3) ona məxsus müəssisədəki təsis payının – mirasın tərəfindən faktiki qəbul edilməsi faktı; 4) müəssisəyə 0,50 ha torpaq sahəsinin ayrılması barədə Şərur rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 206 nömrəli qərar və sərəncamlarınnın “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəsinə məxsus olması faktı. Ərizəçinin tələblərinin əsası kimi istinad etdiyi hal ondan ibarətdir ki, mərhum atası 1993-cü ildə dövlət qeydiyyatına alınmaqla “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəni yaratmış, həmin müəssisəyə 0,50 ha torpaq sahəsi ayrılmışdır. Hazırda ardıcıl olaraq qeyd etdiyi faktları təsdiq etdirməklə həmin torpaq sahəsinin dövlət qeydiyyatının aparılmasına nail olmaq istəyir. Məhkəmə qeyd etmişdir ki, ərizəçinin qeyd etdiyi faktların hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ali Məhkəmə Plenumunun hüquqi əhəmiyyətli faktlarla bağlı məhkəmə təcrübəsini müəyyən edən qərarına əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar 1) hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun; 2) ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 3) qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın; 4) hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Tələblərdən birincisi hüquqi şəxsin təsis edilməsi faktının müəyyən edilməsidir. Mərhələli şəkildə yoxlama apardıqda ilk növbədə məlum olur ki, bu tələblə bağlı, eyni zamanda digər tələblərdəki faktların müəyyən edilməsinə məhkəmə qaydasında baxıla bilməsi üçün ilkin şərt həmin faktların ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə xidmət etməsidir. Görünən odur ki, ərizəçinin ilk növbədə əldə edəcəyi əmlak aktivi müəssisədəki təsis payıdır və ərizədə də həmin təsis payının miras əmlak kimi ərizəçi tərəfindən qəbul olunduğuna istinad olunur. Sözügedən əmlak aktivinin mövcudiyyəti isə birbaşa olaraq hüquqi şəxsin mövcudiyyəti ilə bağlıdır. Yəni, hazırkı hüquqi vəziyyətdə ortada bir əmlak mövcud deyil və hüquqi şəxsin təsis edilməsi faktının müəyyən edilməsi barədə birinci tələb ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə xidmət edir. Növbəti mərhələdə yoxlama aparılmalı olan məsələ həmin faktları təsdiq edən sənədlərin başqa qaydada alına bilib-bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olubolmamasıdır.Lazımı sənədlərin alınmasının mümkünsüzlüyü dedikdə isə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyat qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hazırkı işin halları baxımından lazımı sənədlərin alınmasının mümkünsüzlüyü faktı öz təsdiqini tapmır. Belə ki, qanunvericilikdə bu faktın qeydiyyat qaydası nəzərdə tutulmuşdur. Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli qanunu ilə təsdiq olunmuş Mülki Məcəllənin 25ci maddəsinə əsasən, hüquqi şəxs nizamnamə (əsasnamə) əsasında hərəkət edir. ... Hüquqi şəxsin hüquq qabiliyyəti onun nizamnamə və ya əsasnaməsinin təsdiq edildiyi vaxtdan, hüquqi şəxs həmin növ təşkilatlara dair ümumi əsasnaməyə görə hərəkət etməli olduğu hallarda isə, səlahiyyətli orqan tərəfindən, onun təşkilinə dair qərarın verildiyi vaxtdan əmələ gəlir. Nizamnamə qeydə alınmalı olduğu hallarda isə, hüquqi şəxsin hüquq qabiliyyəti, onun qeydə alındığı vaxtdan əmələ gəlir. Həmin Məcəllənin xx.xx.1992-ci il tarixli Qanunla əlavə edilmiş 25-1-ci maddəsinə əsasən hüquqi şəxs müəyyən edilmiş qaydada 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçməlidir. Dövlət qeydiyyatının məlumatları, o cümlədən firma adı varsa, həmin firma adı hamının tanış olması üçün açıq olan dövlət hüquqi şəxslər reyestrinə daxil edilir. Hüquqi şəxsin yaradılmasının qanunvericilikdə müəyyən edilmiş qaydasının pozulması və ya onun təsis sənədlərinin qanunvericiliyə uyğun olmaması hüquqi şəxsin dövlət qeydiyyatından imtina edilməsinə səbəb olur. Göründüyü kimi 1993-cü ildə qüvvədə olunan qanunvericiliyə əsasən hüquqi şəxsin təsis edilməsinin qeydiyyatı qaydası nəzərdə tutulmuşdur. Belə ki, hüquqi şəxsin nizamnamə və ya əsasnaməsi təsdiq edilməli, 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilməli idi. Məhkəmə daha sonra qeyd etmişdir ki, itən sənədlərin bərpasının mümkünsüzlüyü halına da istinad oluna bilməz, ona görə ki, hüquqi şəxsin təsis edilməsi yuxarıda da qeyd edildiyi kimi xüsusi prosedur qaydaya tabedir və bu qaydaya əməl edilib müvafiq qeydiyyat sənədləri əldə edildikdən sonra həmin sənədlərin itməsinə istinad oluna bilərdi. Hazırkı halda isə müvafiq qeydiyyatın aparılmasına istinad olunur, lakin xüsusi qeydiyyat qaydası nəzərdə tutulan faktların özünün məhkəmə qaydasında təsdiq edilməsi yolverilməzdir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Ərizəçi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-884/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək Bakı ṣəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-884/2025 saylı, xx.xx.2025-cü il tarixli icraata xitam verilməsi barədə qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsi və işə mahiyyəti üzrə baxaraq ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsi, əks halda şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiṣ etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı ṣəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-884/2025 saylı xx.xx.2025-cü il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti olmaqla hüquqi şəxsin təsis edilməsi, müəssisənin yeganə təsisçisi və direktorunun atası olması, təsis payının (mirasın) faktiki qəbul və qərar və sərəncamların müəssisəyə məxsus olması faktlarının müəyyən edilməsi tələblərinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə gəldiyi qanunsuz nəticəni aşağıdakı kimi əsaslandırmışdır: hüquqi şəxsin hüquqi müstəvidə mövcudluğu sübut olunmadığına, itirilmiş sənədlərin bərpası mümkünsüz olmadığına görə digər tələblərə münasibətdə tələblərdə qeyd olunan faktların əmlak hüquqlarının əmələ gəlməsinə xidmət etmədiyindən iş üzrə icraata xitam verilməlidir. Hesab edilir ki, ərizə üzrə icraata xitam verilməsi barədə qəbul edilən qərardad və bu qanunsuz qərardadı qəbul etmək üçün gətirilən işə aidiyyatı olmayan əsaslar tamamilə işin faktiki və hüquqi hallarına birbaşa ziddir. Çünki məhkəmənin istinad etdiyi hallara diqqət etdikdə ərizəçi tələbinin kifayət qədər sübutlarla, aydın və əsaslı olmasına əhəmiyyət verməlidiyi tamamilə aşkardır. Ərizəçi 16 illik vəkil və praktik hüquqşünas fəaliyyətinə əsaslanaraq onu qeyd edir ki, qəbul edilmiş hazırki qərardad MPM-nin və qanunvericliyin imperativ tələblərinin və işin hallarının nəzərə alınmamasının birbaşa nəticəsidir. Belə ki, qərardadda qeyd edilir ki, "hüquqi şəxsin mövcudluğu sübut olunmadığına görə". Məhz ilk olaraq bu əsasa münasibət bildirərək qeyd edir ki, məhkəmə prosesində araşdırılıb müəyyən edilmiṣdir ki, Şərur Rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli qərarına əsasən M.Hüseynzadə adına kolxozunun torpaq islahatı keçirilən ayrılmış 0,5 hektar torpaq sahəsinin “Orxan-Kamal” kiçik müəssisəsinə təmin edilməsi qərara alınmışdır. Qeyd edir ki, mövcud olmayan bir hüquqi şəxsə torpaq sahəsinin ayrılması mümkündürmü? Həmin hüquqi şəxsə və ona ayrılmış torpaq sahələrinə dair sənədlərin əsillərinə müəssisənin möhür və ştampına prosesdə baxılmamıṣdırmı? Bu barədə hətta həmin hüquqi şəxsə aid sənədlərin notarial surətləri ərizəçi tərəfindən iş materiallarına əlavə edilməyibmi? Bu barədə hesab edir ki, prosesin audio-video yazısına baxmaq kifayətdir. Qeyd edir ki, belə olan halda hansı əsasla hüquqi şəxsin mövcudluğunun sübut olunmadığı göstərilə bilər? Əgər hüquqi şəxs mövcud olmasa idi, onda belə çıxır ki, Şərur rayon XDM-nin İcraiyyə Komitəsi havadan belə bir müəsissəni öz qərar və sərəncamlarında qeyd edib. Əlində olan möhür və ştamplar başqa müəsissəyə aiddir. İstifadəsində olan torpaq başqa şəxslərindir? Qeyd edir ki, məhkəmənin mövqeyinə görə iş məhkəmədə baxılmalı deyil. Sual meydana çıxır bəs harda baxılmalıdır? Sonra qərardadın 25 və 29-cu bəndlərində qeyd edilir ki, işin halları baxımından lazımı sənədlərin alınmasının mümkünsüzlüyü faktı öz təsdiqini tapmır. Və məsələhət görülür ki, 1993-cü ildə qüvvədə olunan qanunvericiliyə əsasən hüquqi şəxsin təsis edilməsinin qeydiyyatı qaydası nəzərdə tutulmuşdur. Belə ki, hüquqi şəxsin nizamnamə və ya əsasnaməsi təsdiq edilməli, 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilməli idi. Hesab edir ki, qeyd edilən bu əsas tamamilə əsassızdır. Çünki iş materiallarına diqqət edilsə görülər ki, dövlət orqanı qalmayıb ki, həmin orqanlara müraciət edilməsin və onların rəsmi cavabları alınmasın. Bütün dövlət orqanları da deyir ki, arxivdə yoxdur və ya təhvil verilməyib. Son nəticədə ərizəçi əlində hüquqi şəxsə aid sənədlərin əsilləri, müəsissənin möhür və ştampı ola- ola necə və hansı qaydada belə bir hüquqi şəxsin olması və ona torpaq ayrılmasını məhkəmədən kənar başqa qaydada təsdiq etsin? Qeyd edir ki, lazımi sənədlərin alınmasının mümkünsüzlüyü faktı öz təsdiqini tapmadığı doğru deyildir. O, bu sübutları iş materiallarına əlavə etmişdir, ən azı onlara əhəmiyyət vermək lazımdır. Bəlkə məhkəmə o sənədləri tapmaqda mümkün olan alternativ variantı qeyd etməklə kömək etsəydi ən azı vətəndaşın məhkəməyə son ümid yerinə inamını artırmış olardı. Hələ bu azmış kimi ərizəçiyə hüquqi şəxs yaratmağın prosedurunu sadalanaraq qeyd edilmiṣdir ki, hazırki halda isə müvafiq qeydiyyatın aparılmasına istinad olunur, lakin xüsusi qeydiyyat qaydası nəzərdə tutulan faktların özünün məhkəmə qaydasında təsdiq edilməsi yolverilməzdir. Qeyd edir ki, ərizəçi məhkəmədən hüquqi şəxs yaratmasını xahiş etmir. Mövcud olan hüquqi şəxsin məhz mövcudluğu hüquqi faktının məhkəmə tərəfindən tanınmasını xahiş edir. Bu prosedurlar fərqli-fərqlidir. Ərizəçiyə 1993-cü ildə təsis edilmiş, təsisçisi və direktoru mərhum atası olmuş “Orxan-Kamal” kiçik müəssissəsinin mövcudluğunun hüquqi əhəmiyyəti vardır və həmin o müəsissəsinin balansında torpaq sahəsi var. Qeyd edir ki, yeni hüquqi şəxs eyni adla yarada bilər amma yaranacaq hazırki hüqüqi şəxs hazırki predmet olan və balansında torpaq sahəsi olan “Orxan-Kamal” kiçik müəsissəsinin hüquqi varisi olmayacaq. Belə olan halda qeyd edilmiṣ əsasın işin hallarına uyğun olmadığını müəyyən edilir. Məhkəmənin mövqeyinə görə 1993-cü ildə qüvvədə olunan qanunvericiliyə əsasən hüquqi şəxsin təsis edilməsinin qeydiyyatı qaydası nəzərdə tutulmuşdur. Belə ki, hüquqi şəxsin nizamnamə və ya əsasnaməsi təsdiq edilməli, 10 gün müddətində ədliyyə orqanlarında dövlət qeydiyyatından keçirilməli idi. Bu qanun normasını məhz hazırki işə bağlı tətbiqi imkanlarını anlamasa da bu əsasa da fikir bildirir. Çünki “Orxan-Kamal” kiçik müəsissəsi əgər deyilən qaydada qeydiyyatdan keçməsə idi o halda ona hüquqi şəxs kimi İcraiyyə Komitələri tərəfindən 2 dəfə torpaq sahəsi ayrılması barədə Qərar və Sərəncam verməzdilər. Məhz Ədliyyə Nazirliyi də cavabında qeyd edir ki, sənədləri Vergi orqanına təhvil vermişlər, Vergi orqanı da öz növbəsində sənədlər qovluğunda müəssisəyə aid sənədləri tapa bilmir. Əslində məhkəmə sənədlərin əsillərini araşdırmasaydı, müəsissənin möhür və ştampını görməsəydi, hesab edərdi ki, məhkəmə hüquqi şəxsin mövcudluğuna dair sübutlar görmədiyindən bu hazırki əsaslara istinad edir. Ancaq məhkəmə bu sənədlərin əsillərini görə-görə qərardadda qeyd etmiṣdir ki, müəsisə yoxdur, müəsisəni ərizəçi guya məhkəmə qaydasında təsis etmək istəyir amma bu qeydiyyatı məhkəmə apara bilməz və sonra da qeyd edir ki, müəsissənin itmiş sənədlərin bərpası mümkündür. Əgər qeyd edilənlərdə azacıq hüquqi əsas olsaydı ərizəçi məcbur qalaraq məhkəməyə gəlməzdi. O, 1993-cü ildə təsis edilmiş və torpaq sahələri ayrılmış bir hüquqi şəxsi (arxivdə tapılmayan) məhz varis kimi məhkəmənin qeyd etdiyi qaydada köhnə qanunla necə təsis edə bilər? Ümumiyyətlə ərizəçinin bunu etmək üçün hüquqi imkanı varmı? Qərardadın 30-cu bəndində qeyd edilmiṣdir ki, itən sənədlərin bərpasının mümkünsüzlüyü halına da istinad oluna bilməz, ona görə ki, hüquqi şəxsin təsis edilməsi yuxarıda da qeyd edildiyi kimi xüsusi prosedur qaydaya tabedir və bu qaydaya əməl edilib müvafiq qeydiyyat sənədləri əldə edildikdən sonra həmin sənədlərin itməsinə istinad oluna bilərdi. Hazırkı halda isə müvafiq qeydiyyatın aparılmasına istinad olunur, lakin xüsusi qeydiyyat qaydası nəzərdə tutulan faktların özünün məhkəmə qaydasında təsdiq edilməsi yolverilməzdir. Bu sənədlərin itməsi və arxivdə tapılmaması özü faktdır. Bunu dövlət orqanlarının iş materiallarında olan cavabları da təsdiq edir. Ancaq buna baxmayaraq məhkəmə qeyd etmiṣdir ki, ərizəçi müvafiq qeydiyyat sənədlərini əldə etməlidir və sonra həmin sənədlərin itməsinə istinad etməlidir. Onda sual yaranır: ərizəçi “Orxan-Kamal “kiçik müəsissəsinin qeydiyyat sənədlərini (arxivdə olmadığı halda) necə və hansı qaydada əldə etməlidir? Qeyd edilmiṣ əsas üzrə hər yerə müraciət edib və cavabı da məlumdur. Ərizəçidə sənədin əsli var ancaq sənədin kötüyü yoxdur. Hesab edir ki, dövlət orqanları sənədi itirməyib və ya hansısa səbəblərdən arxivlərə təhvil verməyiblərsə bunda ərizəçi günahkardır, yoxsa, qanunun aliliyini təmin etmək yerinə onun haqlı tələbini xitam edən məhkəməmi? Məhkəmənin ərizə ilə bağlı icraata xitam vermək üçün qeyd etdiyi əsaslar əslində dolayı yolla ərizəni təmin etməmək və qətnamə qəbul etmək üçün əsaslar kimi anlaşılır. Çünki, icraata qəbul edilmiṣ və məhkəmə baxışında qətnamə qəbul etmək yerinə hazırki qəbul edilmiṣ qərardadın əsasarı birbaşa işin mahiyyəti üzrə hallardır. Ancaq ərizə ilə bağlı icraata xitam vermək məhz bu cür əsassız mülahizələrlə sadəcə yolverilməzdir və hüquqların kobud şəkildə pozulmasıdır. Məhkəmənin mövqeyinə görə hazırkı hüquqi vəziyyətdə ortada bir əmlak mövcud deyil və hüquqi şəxsin təsis edilməsi faktının müəyyən edilməsi barədə birinci tələb ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinə xidmət etməlidir. Qeyd edir ki, bu əsas ümümiyyətlə iş materillarının nəzərə alınmamasının göstəricisidir. Çünki hüquqi şəxsin balansında torpaq sahəsi olmasaydı onda 1993-cü ildə təsis edilmiş bir hüquqi şəxs üçün bu qədər əziyyət çəkməyə dəyərdimi? Əlbəttə ərizəçi mərhum təsisçinin oğlu olaraq hüquqi şəxsin mövcudluğunu təsdiq etdikdən sonra, mərhum atasının yerinə təsisçi kimi dövlət orqanında qeydə alınıb və təsis payına sahib olmaq avtomatik olaraq müəssisənin balansında olan torpaq sahəsinə sahiblənməyi də özündə ehtiva etdiyindən hazırki ərizə də məhz son nəticədə dolayı yolla əmlak hüquqlarının əldə edilməsinə yönəlmişdir. Bu əsası açıq-aşkar elə ərizə tələbində, bu faktların təsdiq edilməsi ona lazımdır deyə izahatında məhkəməyə məlum etsə də, digər sübutlar və izahatlar kimi bu da diqqətdən məqsədli şəkildə kənarda saxlanılmıṣdır. Məhkəmə nəzərə almamıṣdır ki, 1993-cü ildə təsis edilmiş bir müəssisənin mövcudluğu faktı və torpaqayırma sənədlərinin həmin müəssisəsəyə aid olması faktlarını məhkəmə qaydasında ərizçiyə nəyə görə lazımdır? O, “Orxan-Kamal” kiçik müəssisəsinin mərhum təsisçisinin varisi kimi ərizədə qeyd olunan faktlar məhkəmə tərəfindən təsdiq olunduqdan sonra X6 reyestrdən çıxarış alıb və sonra da hüquqi şəxsin səlahiyyətli şəxsi kimi uzun illərdir onlara məxsus olan torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarış alınması üçün DƏDRX-in Naxçıvan şöbəsinə müraciət edəcəkdir. Məhz “Orxan-Kamal” kiçik müəssisəsi təkcə adı Orxandır deyə onun adından müraciət edə bilməyi mümkündürmü? Və ya onun adı ilə başlasa da “Orxan-Kamal” kiçik müəssisinə hüquqi cəhətdən nə bağlılığı var? Məhz bu cür sadə suallara ona görə, cavab verilməlidir ki, ərizəçinin niyə məhkəmədən kömək istəməsinin başqa alternativi olmadığı müəyyən edilsin. Ancaq məhkəmə kömək etmək yerinə sənədlərin əsillərini görməzdən gəlmiṣdir. Hətta maraqlı şəxs belə iddiaya etiraz verib ərizənin təmin olunmamasını məhkəmədən xahiş etmədiyi halda məhkəmə obyektiv və ədalətli, qanuni qərarını qəbul etmədi. Qərardadda istinad edilən hüquqi maddələrə çox təəssüf ki, düzgün qiymət verilməmiṣdir. Lazımi sənədlərin alınmasının mümkünsüzlüyü dedikdə mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hazırki vəziyyətdə ərizəçinin 1993-cü ildə təsis edilmiş bir müəssisəni qeydiyyatdan keçirməsi qeyri-mümkündür. Çünki həmin sənədlər arxivdə yoxdur və ya məhv olunub, itib. Həmin arxivdə olmayan bir sənədin dublikatının verilməsi isə gülüncdür. Çünki olmayan bir sənədin dublikatı necə verilə bilər? Məhz bu əsaslara məhkəmə formal istinad etməyib nəzərə alsa idi, o halda ərizənin nə qədər əsaslı və qanuni olduğu nəzərə alınardı. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhz qeyd edilən bütün şərtlər ərizədə olmasına baxmayaraq məhkəmə qanunsuz olaraq iş üzrə işin məhkəmədə baxılmamalı olması əsası ilə icraata xitam vermiṣdir. Ona görə də şikayətin təmin edilərək Bakı ṣəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-884/2025 saylı, xx.xx.2025-cü il tarixli icraata xitam verilmə barədə qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsi və işə mahiyyəti üzrə baxaraq ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsi, əks halda şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiṣ olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-884/20245 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-884/2025 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası ərizəçinin şikayət üzrə işə şifahi məhkəmə iclasında baxılmasına dair vəsatətinə münasibət bildirərək qeyd edir ki, ərizəçi şikayətində mübahisələndirdiyi məhkəmə aktı ilə bağlı dəlillərini kifayət qədər əsaslandırdığından işə şifahi məhkəmə iclasında baxılmasına zərurət yoxdur. Ona görə də vəsatət təmin edilmədən, şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2.kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli № 3 Qərarı Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bənd 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bənd 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Bənd 1.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Bənd 1.7. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olubolmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Bənd 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Bənd 13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayətdə qeyd edilmiş hallar qərardadın ləğvi üçün əsas ola bilməz, qərardadla gəlinmiş nəticə işin hallarına uyğun olduğundan şikayət təmin edilməməlidir. Belə ki, ərizədən müəyyən olunur ki, ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında 1993-cü il tarixdə hüquqi şəxs olaraq “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəsinin təsis edilməsinin, müəssisənin yeganə təsisçisi və direktorunun mərhum xx.xx.1960-cı il tarixdə doğulmuş X3 olmasının, mərhuma məxsus müəssisədəki təsis payının – mirasın tərəfindən faktiki qəbul edilməsinin və müəssisəyə 0,50 ha torpaq sahəsinin ayrılması barədə Şərur rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli, 206 nömrəli qərar və sərəncamlarının “Orxan-Kamal” çoxsahəli kiçik müəssisəsinə məxsus olmasına dair tələblərinə xüsusi icraat qaydasında baxılaraq hüquqi əhəmiyyətli faktlar kimi müəyyən edilməsinə dair məhkəmə aktının qəbul edilməsindən ibarətdir. Kollegiya ərizəçinin qeyd etdiyi faktların hüquqi əhəmiyyətli fakt kimi xüsusi icraat qaydasında müəyyən edilməsinin yolverilməzliyi qənaətinə gələn birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Eyni zamanda məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatına əsasən “Orxan-Kamal” kiçik müəssisəsi hüquqi şəxs kimi Xidmətin məlumat bazasında aşkar olunmamışdır. Şərur Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 07/57 nömrəli məlumatına əsasən Şərur rayon X4 İcraiyyə Komitəsinin torpaq sahələrinin hüquqi və fiziki şəxslərə ayrılmasına dair bütün qərar və sərəncamları tam formada Şərur Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Arxivə təhvil verilmiş məhdud sayda qərar və sərəncamlarda isə sorğuda qeyd olunan “Orxan-Kamal” kiçik müəssisəsinə torpaq sahəsinin ayrılmasına dair Şərur rayon XDS-nin İK-nin 1994-cü il tarixli qərar və sərəncamlarına dair məlumat yoxdur və bu səbəbdən də qeyd olunan qərar və sərəncamlara arxiv arayışının verilməsi imkan xaricindədir. Bundan başqa, “Orxan-Kamal” kiçik müəssisəsinə dair sənədlər də Şərur Rayon Dövlət Arxivinə tam təhvil verilmədiyindən müəssisənin təsis sənədlərinə dair arxiv arayışı verilməsi imkan xaricindədir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 02/509 nömrəli məlumatına əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Reyestrində “Orxan-Kamal” kiçik müəssisəsinin adına daşınmaz əmlak və torpaq sahəsi qeydiyyata alınmamışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, 02/698 nömrəli məlumatına əsasən Şərur Rayon XDS İK-nin sənəd materialları Dövlət Arxivində 1990-cı ilədək mühafizə olunduğundan “Orxan-Kamal” kiçik müəssisəsinin qeydiyyata alınması, ümumi yığıncaq qərarları, təsisçiləri və nizamnaməsi barədə məlumatların verilməsi mümkün olmamışdır. Şərur Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Şərur rayon XDS İK-nin “Orxan-Kamal” kiçik müəssisəsinə Şərur rayonu M.Hüseynzadə kolxozunun ərazisindən 0,5 ha torpaq sahəsinin ayrılması barədə xx.xx.1994-cü il tarixli qərarına, eləcə də torpaq sahəsinin ayrılmasına dair sərəncam, ayrıc aktı sənədlərinə baxış keçirilmiş, lakin sözügedən sənədlərə Şərur rayon Dövlət Arxiv İdarəsində rast gəlinməmişdir. Şərur rayon Nikah evinin xx.xx.2024-cü il tarixli, 125 nömrəli arayışına əsasən mərhum X2 ölüm haqqında akt qeydi xx.xx.1996-cı il tarixli, 05 nömrəli akta əsasən Qarxun kənd İƏD tərəfindən qeydə alınmışdır. Şərur Rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1994-cü il tarixli qərarına əsasən M.Hüseynzadə adına kolxozunun torpaq islahatı keçirilən ayrılmış 0,50 hektar torpaq sahəsinin “Orxan-Kamal” kiçik müəssisəsinə təmin edilməsi qərara alınmışdır. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, təhsis edildiyi iddia edilən dövrdə qüvvədə olan qanunvericiliyə əsasən yaradılması, fəaliyyət göstərməsi müəyyən edilməyən bir müəssisəyə 31 il əvvəl torpaq sahəsinin ayrılması ehtimal olunan, hal-hazırda isə arxivdə aşkar olunmayan qərarın, müəssisənin möhür və ştamplarının mövcudluğu hazırkı ərizədə qeyd olunan tələblərə xüsusi icraat qaydasında baxılmasına əsas vermədiyindən, ərizəçinin hazırkı tələbləri ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olduğundan, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas olmadığından, ərizəçi tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-884/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar