Məhkəmə qərarları › İş №2(103)-2569/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2569/2022

17.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2569/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən **********01540 nömrəli abonent kodu verildiyini və evi təbii qazla təchiz edən qaz xəttinin üzərində “Smart G4” markalı “İtron” tipli qaz sayğacı quraşdırıldığını, evin yaxınlığından keçən ümumi qazpaylayıcı xəttə vaxtilə bir dəfə özbaşına qoşulduğunu və bununla əlaqədar barəsində aktlar tərtib olunaraq həmin aktlar əsasında ona 01.01.2016-cı il tarixdə 3888 manat, 12.12.2016-cı il tarixdə 1094,40 manat, 31.01.2018-ci il tarixdə 2510,40 manat olmaqla ümumilikdə 7492,80 manat borc hesablandığını, bu borcun tutulması barədə Cavabdeh İB-nin ona qarşı qaldırdığı iddiaya baxan Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edildiyini və yalnız 1094,40 manat borcun ondan tutulmalı olduğunun qət edildiyini, buna baxmayaraq sözügedən 7492,80 manat borc məbləğinin abonent saldosundan silinmədiyini, bu səbəblə smart qaz sayğacı üzrə ödəniş həyata keçirdiyi zaman ödəniş məbləğinin böyük qisminin həmin borc üçün tutulduğunu irəli sürmüş, buna görə də sözügedən aktlar üzrə hesablanmış 7492,80 manat məbləğində borcun abonent hesabından silinməsi, vəkil xidmətinin göstərilməsi üçün tərəfindən Bakı şəhəri 7 saylı vəkil bürosunun və notariusun hesabına ödədiyi 162,50 manatın Cavabdeh İB-dən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanı (Abonent kodu: **********01540) üzrə İddiaçı hesablanmış 4106,20 (dörd min yüz altı manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi, işə baxılması ilə əlaqədar vəkil xidmətinin göstərilməsi üçün iddiaçı tərəfindən Bakı şəhəri 7 saylı vəkil bürosunun və notariusun hesabına ümumilikdə ödənilmiş 162,50 (yüz altmış iki manat əlli qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 30 (otuz) manat dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyi, hüququn tətbiqində səhvə yol verdiyi, maddi hüquq normasını düzgün tətbiq etmədiyi, iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsinin sübuta yetirildiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh İB nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə qətnamənin faktiki olaraq yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, qətnamə “İddiaçı hesablanmış 4106,20 (dörd min yüz altı manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi” hissəsində ləğv edilərək müvafiq iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, ünvan 1 ünvanında yaşayan İddiaçı Cavabdeh İB-nin abonentidir; Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2016-cı ilin yanvar ayında, 15.12.2016-cı il tarixdə və 25.01.2018-ci il tarixdə aktlar tərtib olunaraq aktlarda İddiaçı qazdan sayğacdan kənar (qeyri-qanuni) istifadə etdiyi göstərilmiş, həmin aktlar əsasında ona ümumilikdə 7492,80 manat (2016-cı ilin yanvar ayında tərtib olunmuş akta görə 3888 manat, 15.12.2016-cı il tarixli akt əsasında 1094,40 manat, 25.01.2018-ci il tarixli akt əsasında 2510,40 manat) borc (cərimə) yazılmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh İB İddiaçı qarşı məhkəmədə iddia qaldıraraq sözügedən aktlar əsasında hesablanmış 7492,80 manat borcun və 30 manat dövlət rüsumunun adı çəkilən şəxsdən İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09.10.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuş, həmin qətnamədən Cavabdeh İB-nin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 04.03.2019cu il tarixli qətnaməsi ilə qismən təmin edilərək qətnamə ləğv olunmaqla yeni qətnamə çıxarılmış, Cavabdeh İB-nin iddia tələbi qismən təmin edilərək İddiaçı Cavabdeh İB-nin xeyrinə 1094 manat borcun və 15 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuş, apellyasiya instansiyasının qətnaməsi Ali Məhkəmənin 19.07.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi həmin qətnamədə öz mövqeyini belə əsaslandırmışdır ki, 2016-cı ilin yanvar ayında tərtib edildiyi bildirilən akt (3888 manat zərərlə bağlı) təqdim olunmadığından, 25.01.2018-ci il tarixli akt (2510,40 manat zərərlə bağlı) isə İddiaçı tərəfindən imzalanmadığından, həmin aktlar əsasında hesablanmış məbləğlər ondan tutula bilməz və Cavabdeh İB-nin iddia tələbi yalnız 15.12.2016-cı il tarixli akta görə hesablanmış 1094,40 manat hissəsində əsaslı hesab oluna bilər. İddiaçının iddia tələbi üzrə irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi Cavabdeh İB tərəfindən icra olunmamış, məhkəmənin əsassız hesablandığını təsbit etdiyi 7492,80 manat borc onun abonent hesabından silinməmiş, bu isə həyata keçirdiyi ödənişlərin sözügedən borca görə tutulmasına və hüququnun pozulmasına səbəb olmuşdur. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən prinsipi kobud şəkildə pozmuş, iddiaçı iddiasının faktiki əsası kimi Bakı Apellyasiya Məhkəməsinin 04.03.2019-cu il tarixli qətnaməsinin icra olunmadığını irəli sürdüyü və bu qətnamə ilə yoxlanılmayan dövrdə (2018-ci ilin yanvar ayından sonra) barəsində tərtib olunmuş aktlara görə hesablanmış borcun silinməsini tələb etmədiyi halda, həmin aktlara münasibət bildirərək qanunsuz nəticəyə gəlmişdir. Bu kontekstdə kollegiya, iddiaçının “borcun silinməsi” barədə iddia tələbinə məhz onun irəli sürdüyü faktiki hal baxımından qiymət verərək hesab edir ki, həmin iddia tələbi yalnız Bakı Apellyasiya Məhkəməsinin 04.03.2019-cu il tarixli qətnaməsi ilə əsassızlığı müəyyən olunan borc məbləğinə münasibətdə təmin oluna bilər. İş materiallarında olan, iddiaçıya aid “abonentin saldosu” adlanan sənəddən aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin 04.03.2019-cu il tarixli qətnaməsi ilə əsassız hesablandığı müəyyən olunan 3888 manat borc, eləcə də əsaslılığı təsbit edilən 1094,40 manat borc onun hesabından silinmiş, bununla belə silinməli olan 2510,40 manatın silinməsi həyata keçirilməmiş, 2018-ci ilin fevral ayından sonra tərtib edilən aktlara görə iddiaçıya 1595,80 manat borc hesablanmış, bu məbləğ silinməli olan 2510,40 manatla cəmlənərək cəmi 4106,20 manat saldoda əks etdirilmişdir. Başqa sözlə, müəyyən olunan odur ki, Bakı Apellyasiya Məhkəməsinin 04.03.2019-cu il tarixli qətnaməsi əslində qismən icra edilmiş, iddiaçının hesabından silinməli olan 2510,40 manatın əvəzinə onun ödəməli olduğu 1094,40 manat silindiyindən, abonent saldosunda ümumilkdə 1416 manat artıq borc göstərilmişdir. Buna görə də kollegiyanın qənaətinə görə iddiaçının abonent hesabından 1416 manat borc məbləği silinməlidir. Bununla belə kollegiya, birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsi, o cümlədən “Bakı şəhəri 7 saylı vəkil bürosunun və notariusun hesabına ümumilikdə ödənilmiş 162,50 (yüz altmış iki manat əlli qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq İddiaçı ödənilməsi” barədə gəldiyi nəticə ilə razılaşır; belə ki, məhz Cavabdeh İB-nin qüvvədə olan məhkəmə qətnaməsini lazımi qaydada icra etməməsi səbəbilə hazırkı mübahisə ortaya çıxmış və iddiaçı iddia qaldırmaq üçün müəyyən xərclər çəkmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4816/2021 saylı iş üzrə 20 avqust 2021-ci il tarixli qətnaməsi “İddiaçı hesablanmış 4106,20 (dörd min yüz altı manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. ünvan 1 ünvanı (Abonent kodu: **********01540) üzrə İddiaçı hesablanmış 1416 (min dörd yüz on altı) manat borc onun abonent hesabından silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh İB-nə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar