Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2570/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X17 və X5 ibarət tərkibdə, Dadaşova Günay Möhübbət qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 və onun nümayəndəsi İddiaçı5, İddiaçı13, İddiaçı2, İddiaçı13, İddiaçı12, İddiaçıların nümayəndəsi X3, Cavabdeh və onun vəkili X9, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 Həsən qızının, İddiaçı12 və İddiaçı13 Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılıb iddiaçılara təhvil verilməsi və icarə pulu adı ilə iddiaçılardan alınmış pulların geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən (İddiaçı2 istisna olmaqla) verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək ümumi paylı mülkiyyət hüququ ilə onlara məxsus Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi, 13 ünvanında yerləşən ümumi sahəsi 180 kv.m. olan qeyri-yaşayış sahəsinin 59 kv.m. hissəsinin satılmasına dair Cavabdeh ilə X18 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin ləğv olunması, qeyri-yaşayış sahəsinin 121 kv.m.-nin tam azad olunaraq iddiaçılara təhvil verilməsi, iddiaçıların hər birindən son 10 ildə hər ay 100 manat məbləğində icarə haqqı adı ilə alınmış pulların hər iddiaçıya 12000 manat olmaqla cavabdehdən alınaraq onlara verilməsi və bərbərxananın içərisində qeyri-qanuni fəaliyyət göstərən kafenin boşaldılıb onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi, 13 ünvanında yerləşən bərbərxananın mülkiyyətçiləri və əmək kollektividir. Həmin bərbərxana uzun illərdir fəaliyyət göstərir və hər birinin orada 20-30 il əmək stajı olmuşdur. Cavabdeh isə əvvəllər bərbərxananın müdiri olmuşdur. Daha sonra bərbərxana özəlləşdirilmiş, Cavabdeh və kollektivin digər üzvləri paylı mülkiyyətçi olmuşlar. Bundan sonra uzun illər cavabdeh onlardan icarə haqqı adı ilə pul yığmış, lakin indi onlara məlum olduğuna görə o, dövlətə heç bir ödəniş etməmişdir. Son dövrlərdə isə cavabdeh onlara məxsus qeyri-yaşayış sahəsini hissə-hissə istədiyi adamlara satır, onların mülkiyyət hüququnu məhdudlaşdırır, özünü tək sahib sayır, hər hansı işlər görərkən təkbaşına qərar verir, hətta onları oradan çıxarmaqla hədələyir. Cavabdeh onları aldadaraq, özünü ümumi mülkiyyətin 60%-nin sahibi kimi təqdim edərək ümumi sahənin 59 kv.m-ni X2, əldə etdiyi puldan onlara heç bir məbləğ verməmişdir. Bununla da, onların mənafelərinə külli miqdarda ziyan vurmuşdur. Bundan əlavə, cavabdeh qeyri-qanuni şəkildə qeyri-yaşayış sahəsinin qalan 121 kv.m-ni öz qohumlarına kafe kimi icarəyə vermiş, lakin əldə etdiyi mənfəətdən onlara heç bir ödəniş etmir. Cavabdeh iddia ərizəsinə yazılı etirazında bildirmişdir ki, əmlak ilkin olaraq dövlətin balansında olmuş və “Qaya” İKF-nin 1 saylı bərbərxanası kimi fəaliyyət göstərmişdir. Sonradan həmin əmlak xx.xx.1997-ci il tarixli müəssisənin alqı-satqı müqaviləsinə əsasən əmək kollektivinin paylı mülkiyyətinə verilmiş, həmin əmlak paylarından 61,52 faizi onun payına düşmüş, iddiaçıların isə hər birinə 2,025 faiz pay düşmüşdür. Bundan sonra müəssisə kollektivi xx.xx.1997-ci il tarixdə "Tural-B” firmasını təsis etmiş və müəssisənin nizamnaməsi əsasında fəaliyyət göstərmişlər. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli çıxarışa əsasən o və iddiaçılar həmin əmlakın paylı mülkiyyətçiləridir. Əmlakın tam dəyərini dövlətə o ödəmiş, iddiaçılar əmlaka dair heç bir ödəniş etməmişlər. Eyni zamanda bərbərxana kimi fəaliyyət göstərmək üçün həmin qeyri-yaşayış sahəsində olan bütün avadanlıqları öz vəsaiti hesabına almış və sonradan iddiaçıların istifadəsinə vermişdir. Hal-hazırda həmin əmlaklar iddiaçılar tərəfindən mənimsənilmişdir və əşyaların nə özü, nə də dəyəri qaytarılmır. Hal-hazırda qeyd olunan qeyri-yaşayış sahəsindən iddiaçılar bərbərxana kimi istifadə edirlər. İddiaçılar onun öz payından mülkiyyət və istifadə hüquqlarını məhdudlaşdırır, fəaliyyətinə mane olurlar. İddiaçılar onun öz payından 59 kv.m sahənin X1 şəxsən özləri imza edərək razılıq vermişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 7187/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar (İddiaçı2 istisna olmaqla) apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, qətnamə qəbul olunarkən məhkəmə tərəfindən maddi hüquq normalarının pozulması bildirilmişdir. Apelyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, qətnamədə məhkəmə tərəfindən yerli baxış zamanı mübahisəli obyektdə kafe fəaliyyət göstərmədiyinin müəyyən edilməsi qeyd olunsa da, təqdim edilən fotoşəkil bunun əksini sübut edir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar və onların nümayəndələri apelyasiya şikayətinin əsaslı olduğunu bildirərək şikayətin təmin olunmasını, cavabdeh, onun vəkili və üçüncü şəxsin nümayəndəsi isə apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 7187/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materiallarında olan sənədlərdən görünür ki, “Tural-B” firmasının xx.xx.1997-ci il tarixli təsis müqaviləsinə əsasən, Cavabdeh, İddiaçı1, İddiaçı2, İddiaçı3, Tixinova (Quliyeva) Svetlana Nikolayevna, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 Həsən qızı, İddiaçı12 və İddiaçı13 (hazırki iş üzrə iddiaçılar) və qeyriləri (cəmi 20 nəfər) “Qaya” firmasının 1 saylı bərbərxanasının əmlakında ifadə olunan paylarını birləşdirərək “Tural-B” firmasını yaratmışlar. Tərəflərin nizamnamə fondunda payları - Cavabdeh 61,52%, digərlərinin hər birinin 2,025% payları müəyyən edilmişdir. Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi, 13 saylı ünvanında yerləşən ümumi sahəsi 180,2 kv.m təşkil edən qeyri-yaşayış sahəsi xx.xx.1997-ci il tarixli 001752 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixdə Cavabdeh, İddiaçı6 Allahverdi oğlunun, X13, İddiaçı13, X4, İddiaçı9, X7, X10, X8, X14, X16, İddiaçı1, İddiaçı10 Həmdulla qızının, İddiaçı7yevnanın, İddiaçı4, İddiaçı5 Həmidulla qızının, İddiaçı3, İddiaçı2, İddiaçı8, İddiaçı11 Həsən qızının adlarına ümumi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsinin bir hissəsi (59,0 kv.m) X12 adına xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir. Həmin alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçılar notarial qaydada təsdiq olunmuş razılıq ərizələrində cavabdehin payını satın almaqda üstünlük hüququndan imtina etmiş, payın bir hissəsinin satılmasına etiraz etməmişlər. 36 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsinin bir hissəsi (34,0 kv.m) X11 adına xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən mübahisəli əmlaka baxış keçirilmiş, həmin sahədə hər birinin sahəsi təqribən 45-50 kv.metrdən ibarət otaqlarda iddiaçıların istifadəsində olan qadın və kişi bərbərxanalarının, sahəsi təqribən 40 kv.metrdən ibarət X11 istifadəsində olan mağazanın fəaliyyət göstərdiyi, qalan sahələrin istifadəsiz olduğu müəyyən edilmişdir. Yerli baxış zamanı mübahisəli ərazidə hər hansı bir kafenin fəaliyyət göstərməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Həmin Məcəllənin 218.2-ci maddəsinə görə isə payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Eyni Məcəllənin 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Hazırkı mübahisə üzrə iddiaçılar ümumi mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin cavabdehə aid hissəsinin satılmasından məlumatlı olmuş, həmçinin buna dair satın almaqda üstünlük hüququndan imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunvericiliyin tələbinə əsasən, müqavilənin ləğvini tələb etmək hüququ müqavilənin tərəflərinə məxsusdur. İddiaçılar həmin müqavilənin tərəfi olmadığından onların müqavilənin ləğvini tələb etmək hüquqları mövcud deyildir. Onlar pay satın almaqda üstünlük hüququ pozulduğu halda alıcının hüquq və vəzifələrinin ona keçirilməsi tələbi ilə çıxış edə bilərdilər. Lakin onlar öz ərizələri ilə də bu hüquqlarından imtina etmişlər. Buna görə də ümumi paylı mülkiyyət hüququ ilə tərəflərə məxsus Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi, 13 ünvanında yerləşən ümumi sahəsi 180 kv.m. olan qeyri-yaşayış sahəsinin 59 kv.m. hissəsinin satılmasına dair Cavabdeh ilə X18 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin ləğv olunması barədə iddia tələbi əsassız olmaqla yanaşı, həm də iddiaçıların belə bir tələblə məhkəmədə iddia qaldırmaq hüquqları yoxdur. İddia tələbinin qeyri-yaşayış sahəsinin 121 kv.m.-nin tam azad olunaraq iddiaçılara təhvil verilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin ümumi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qalan 121 kv.m hissəsinin cavabdeh tərəfindən kafe kimi icarəyə verilməsi təsdiq olunmadığına görə iddia bu hissədə də əsassızdır. İddia tələbinin iddiaçıların hər birindən son 10 ildə hər ay 100 manat məbləğində icarə haqqı adı ilə alınmış pulların hər iddiaçıya 12000 manat olmaqla cavabdehdən alınaraq onlara verilməsi barədə hissəsi də əsassızdır. Belə ki, iddiaçılar cavabdehə hər ay icarə haqqı adı altında 100 manat olmaqla 12000 manat məbləğində pul verdiklərini sübuta yetirə bilməmişlər. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında isə İddiaçı1 hər ay 100 manat, İddiaçı3 140 manat, İddiaçı5 80 manat, İddiaçı7 100 manat, İddiaçı6 isə 140 manat icarə haqqı ödədiklərini bildirmişlər. İddiaçıların öz mülkiyyətlərində olan daşınmaz əmlaka görə icarə haqqı ödəmələrini məhkəmə kollegiyası ağlabatan hesab etmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 Həsən qızının, İddiaçı12 və İddiaçı13 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 7187/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2570/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2570/2020
04.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver