Məhkəmə qərarları › İş №2(103)-2570/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2570/2021

09.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2570/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 ASC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bildirişin etibarsız hesab olunması tələbinə dair” 2(005)-2222/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3 ASC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bildirişin etibarsız hesab olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ASC-nin xx.xx.2012-ci il tarixli səhmdarlarının ümumi yığıncağının çağırılmasına dair İddiaçı adına tərtib edilmiş bildirişin etibarsız sayılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Nəsimi rayonu, Alatava 2 ünvanda yerləşən Cavabdeh3 ASC-nin yığıncağının çağırılmasına dair bildirişin etibarsız olunmasına dair qeydlərin edilməsinin tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Cavabdeh3" ASC xx xxxx 2012-ci il tarixli protokolun qanuni olmasını sübut etmək üçün məhkəməyə, yığıncağın çağırılmasına dair bildirişlər təqdim edib. Hesab edir ki, həmin bildiriş qanuna ziddir. Çünki Mülki Məcəllənin 107-1.3-ci maddəsinə görə “Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 107-1.4-ci maddəsinə görə səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Mülki Məcəllənin 107-1.6-ci maddəsinə görə “Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar imtina olmaqla, səhmdarların növbədənkənar ümumi yığıncağı direktorlar şurasının (müşahidə şurasının) öz təşəbbüsü ilə və ya təftiş komissiyasının (müfəttişin), yaxud səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə cəmiyyətin icra orqanı tərəfindən çağırılır. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda səhmdarların növbədənkənar ümumi yığıncağı icra orqanının təşəbbüsü ilə çağırılır. Göründüyü kimi qanunvericilik səhmdarların ümumi yığıncağının çağırılması səlahiyyətini cəmiyyətin idarəetmə orqanlarına verib, səhmdara belə səlahiyyət verilməyib. Bunlarda isə səhmdar cəmiyyətin icra orqanı deyil, səhmdar cəmiyyətin digər səhmdarlarına bildirişlərə öz möhürünü vurub və özü yığıncağı çağırıb. Bu isə yuxarıda göstərilən maddi hüquq normalarına zidd bərəkətdir və yığıncağın çağırılmasının qaydalarının kobud şəkildə pozulması deməkdir. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarında birmənalı olaraq göstərilir ki, dövlət tərəfindən müəyyən edilən prosedur qaydalar iştirakçıların mülkiyyət hüquqlarının qarantı olaraq müəyyən edilmişdir. Beləliklə bəlli olur ki, cəmiyyət tərəfindən qəbul edilən qərar onun qəbul edilməsi üçün nəzərdə tutulan bütün prosedur qaydaların pozulması ilə qəbul edilib və qanuna, həmçinin Konstitusiya Məhkəməsinin qərarına zidd hərəkətdir. Yəni yığıncağın cəmiyyətin icra orqanı tərəfindən yox səhmdar tərəfindən çağırılması qanunda nəzərdə tutulmadığından qanuna ziddir və bu səbəbdən həmin bildirişlər etibarsız sayılmalıdır Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol verib, çünki bildirişin etibarsız sayılması birbaşa əqdin etibarsız sayılmasına gətirib çıxarmır. Bildiriş qanuna zidd olduğundan etibarsız sayılandan sonra ayrı iddia qaldırıb torpağın alqı-satqısına dair əqdi etibarsız saymaq lazım olacaq. Bu səbəbdən bildirişin etibarsız sayılmasına dair müstəqil iddia tələbi üzrə mülki işdə əqdin etibarsız sayılmasına dair iddia müddətlərinin hazırkı məhkəmə araşdırmasına tətbiq edilməsi qanuna ziddir. İddiası üzrə iddia müddəti 10 il olduğundan hakim onun iddia tələbini başqa iddia tələbinə calaq edib fərziyə irəli sürərək iddia müddətinin ötürülmüş kimi təqdim etməyə cəhd edib. Hesab edir ki, fərziyələr üzərində qurulmuş arqument əsaslı sayıla bilməz, məhkəmə yalnız faktlara istinad etməlidir. Fakt isə ondan ibarətdir ki, mübahisə predmetini alqı-satqı müqaviləsi deyil, bildiriş təşkil edir və bu səbəbdən alqı-satqı müqaviləsinə dair müddətlər hazırkı işdə tətbiq edilə bilməz. Eyni zamanda məhkəmə iddianı təmin etməyərək bildirmişdir ki, hazırki mübahisəli bildirişin mötəbərliyinə qətnamə ilə hüquqi qiymət verilmişdir. Bu halda da hesab edir ki, prosessual hüquq normasının tətbiqində səhvə yol verilib, çünki həmin qətnamədə bildirişin qanuna uyğun tərtib edilməsinə dair hal müəyyən edilməyib. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, xx.xx.2012-ci il tarixli bildirişə əsasən “xxxx” MMC-nin baş direktoru K.İ.Əzimov İddiaçı müraciət edərək, Cavabdeh3 ASC-nin ümumi yığıncağında iştirak etmək üçün xx.xx.2012-ci il tarixdə, saat 10:00-da Cavabdeh3 ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Alatava küçəsi, 2 ünvanında yerləşən inzibati binasında olması xahiş edilmişdir. Ümumi yığıncağın gündəliyinə Cavabdeh3 ASC-nin inzibati binasının və yerləşdiyi torpaq sahəsinin satılması məsələsi daxil edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-944/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-676/2017 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı və X1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh3 ASC-yə və “xxxx” MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-7198/2017 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-676/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçılar İddiaçı və X2 Cavabdeh3 ASC-yə qarşı (“xxxx” MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “protokol və qərarın etibarsız sayılaraq ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolunun və həmin yığıncaqda qəbul edilmiş Cavabdeh3 ASC-nin inzibati binasının və yerləşdiyi torpaq sahəsinin ”Cavabdeh2” MMC-yə satılması barədə qərarın etibarsız sayılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-944/2018 saylı qətnaməsi ilə həmin iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.4-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Mülki Məcəllənin 107-2.1-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 1077.1-ci maddəsinə əsasən, səhm qiymətli kağız olub, səhmdar cəmiyyətində üzvlüyü və sahibinin (səhmdarın) səhmdar cəmiyyəti mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, səhmdar cəmiyyəti işlərinin idarə olunmasında iştirak etmək hüququnu və cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə hüququnu təsdiqləyir. Göründüyü kimi, səhmdar üzvü olduğu cəmiyyətin işlərinin idarə olunmasında müəyyən hüquqlara malikdir. Bu hüquqlar Mülki Məcəllənin 106-1-ci maddəsində konkretləşdirilmişdir. Bununla belə, nəzərə almaq lazımdır ki, səhmdarların cəmiyyətin idarə olunması ilə bağlı hüquqları əksəriyyət prinsipinə əsasən həyata keçirilir. Səhmdar cəmiyyəti öz mahiyyətinə görə çoxşərikli kommersiya təşkilatı olduğundan və sırf sərmayə üzərində qurulduğundan, onun məhz bu prinsipə görə idarə edilməsi zəruridir. Mülki qanunvericilikdə əksəriyyət prinsipi “bir səsli səhm – bir səsdir” (Mülki Məcəllənin 107-3.5-ci maddəsi) formasında öz əksini tapıb. Bu prinsipə əsasən, əksəriyyət səhmdarların say etibarı ilə çoxluğuna görə deyil, nizamnamə kapitalında iştirak payının həcminə görə müəyyən olunur. Başqa sözlə, səhmdar cəmiyyətində hüquqlar şəxsə görə deyil, qoyulan sərmayəyə görə müəyyən edilir. Əks hal, yəni hər bir səhmdarın onun mülkiyyətində olan səhmlərin sayından asılı olmayaraq veto səlahiyyətinin tanınması, faktiki olaraq səhmdar cəmiyyətinin idarə olunmasında yekdillik prinsipinin tətbiqi deməkdir. Bu da öz növbəsində belə hüquqi şəxsin idarə olunmasını iflic edə bilər. Bu isə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılmasını müəyyən edən Konstitusiyanın 15-ci maddəsinin İİ hissəsində və Mülki Məcəllənin 1-ci maddəsində nəzərdə tutulan sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq kimi məqsəd və vəzifələrlə uzlaşmır. Digər tərəfdən əgər azlığın hüquqlarının müdafiəsi məqsədilə səhmdar cəmiyyətlərinin idarə olunmasında yekdillik prinsipi tanınarsa və hər bir səhmdara veto səlahiyyəti verilərsə, bu, əksəriyyəti təmsil edən səhm sahiblərinin öz səhmlərinin hüquqi müqəddəratını müəyyən edə bilməyəcəyindən onların hüquqlarının daha böyük həcmdə pozulmasına səbəb olar. Beləliklə, səhmdar cəmiyyətində sərmayənin azını təmsil edən və səhmdar cəmiyyətinin hüquqi-təşkilati formasının dəyişməsini istəməyənlərlə eyni səhmdar cəmiyyətində sərmayənin əksəriyyətini təmsil edən və bunun dəyişməsini istəyənlər qarşı-qarşıya gəldikdə, sərmayənin əksəriyyətini təmsil edənlərin iradəsinin üstün tutulması tarazlılıq prinsipi baxımından daha ədalətli və məqsədəuyğundur. Səhmdar cəmiyyətinin ümumi yığıncağında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3, 107-2.1 və 107-5.1-ci maddələrinin tələblərinə riayət olunmaqla cəmiyyətin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi haqqında qəbul edilmiş qərar həmin yığıncaqda iştirak etməyən və yaxud çevrilmə haqqında qərarın əleyhinə səs verən səhmdarların mülkiyyət hüquqlarını pozmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının tətbiqi üçün əhəmiyyət kəsb etmir. Qanunvericiliyin qeyd edilən norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı mübahisələndirilən bildirişin onu göndərməyə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmaqla göndərilməsi əsası ilə etibarsız hesab edilməli olduğu qənaətinə gəlir. Belə olan halda, hazırki mübahisənin əsasını ümumi yığıncağın gündəliyinə daxil olan Cavabdeh3 ASC-nin inzibati binasının və yerləşdiyi torpaq sahəsinin satılması ilə bağlı məsələ təşkil edir. Kollegiya qeyd edir ki, iddiaçının hazırkı tələbi üzrə əldə etmək istədiyi nəticə ümumi yığıncağın çağırılmasına səbəb olmuş bildirişin etibarsız hesab edilməklə torpaq sahəsinin alqı-satqısının və onun hüquqi nəticələrinin etibarsızlığına nail olmaqdır. Lakin bundan əvvəl iddiaçı cavabdehlərə qarşı qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi, sonradan isə xx.xx.2012-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolunun və həmin yığıncaqda qəbul edilmiş Cavabdeh3 ASC-nin inzibati binasının və yerləşdiyi torpaq sahəsinin ”Cavabdeh2” MMCyə satılması barədə qərarın etibarsız sayılması barədə iddia ərizələri ilə məhkəməyə müraciət etmiş, lakin həmin iddia tələbləri məhkəmə qətnamələri ilə təmin edilməmişdir. Hazırki mübahisəli bildirişin mötəbərliliyinə məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə hazırkı mübahisəyə Mülki Məcəllənin əqdin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən normaları tətbiq edilməklə qiymət verilməlidir. İddiaçı ümumi yığıncağın bildirişini məhkəmə müstəvisində mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-944/2018 saylı qətnaməsinə əsasən iddiaçı mübahisələndirdiyi bildirişlə bağlı hüquqlarının pozulmasından, məhkəmədə iddia qaldırdığı vaxtdan məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. İddiaçı mübahisələndirilən bildirişdən məlumatlı olsa da, o, məhkəməyə xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə bildirişin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə müstəvisində mübahisələndirmiş, beləliklə qanunla müəyyən edilmiş 1 illik müddəti ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(005)- 2222/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar