Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2570/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Allakhveranova Salatının iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair mülki üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, e- 2(004)-185/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC-də sığortalanmış “Hyundai Sonata” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi ilə hərəkət edən zaman X3 FZCO Şirkətinin mülkiyyətində olan “avtonəqliyyat vasitəsi sahiblərinin könüllü sığortası” növü üzrə "xxxx" ASC-də sığortalanmış “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı X3 FZCO Şirkətinin mülkiyyətində olan “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Hadisə ilə bağlı tərtib olunmuş İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərara əsasən, xx.xx.2021-ci il tarixdə Hundai Sonata minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh Bakı şəhəri, Ziya Bünyadov küçəsindən Azadlıq prospektinə dönərkən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan zərəri aradan qaldırmaq üçün AKS220112 saylı, xx.xx.2022ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 31927 (otuz bir min doqquz yüz iyirmi yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" ASC tərəfindən "xxxx" ASC-ə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4973,52 (dörd min doqquz yüz yetmiş üç manat, əlli iki qəpik) manat ödəniş həyata keçirilmişdir. Hazırda iddiaçı sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 26953,48 manat ödənişi mövcud iddia ilə tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26.953,48 (iyirmi altı min doqquz yüz əlli üç manat, qırx səkkiz qəpik) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 171,26 ( yüz yetmiş bir manat, iyirmi altı qəpik) manat dövlət rüsumu, ümumilikdə 27124,74 (iyirmi yeddi min yüz iyirmi dörd manat, yetmiş dörd qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi ilə hərəkət edən zaman “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı Şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərar ilə “Hyundai Sonata” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanan “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı avtomobilə 32097 (otuz iki min doxsan yeddi) manat maddi zərər dəymişdir. MİC2000052 saylı sığorta şəhadətnaməsinə və AKS220112 saylı, xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 31927 (otuz bir min doqquz yüz iyirmi yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cəmiyyətin əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, “Hyundai Sonata” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASC-də olmuşdur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinin tələbinə əsasən, tərəflərindən "xxxx" ASCyə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4973,52 (dörd min doqquz yüz yetmiş üç manat, əlli iki qəpik) manat ödəniş həyata keçirilmişdir. Bundan sonra, sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 26953,48 (iyirmi altı min doqquz yüz əlli üç manat, qırx səkkiz qəpik) manat təşkil etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, e-2(004)- 185/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 25092 (iyirmi beş min doxsan iki) manat məbləğində ödənilmiş sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 159.05 (bir yüz əlli doqquz manat beş qəpik) manat pulun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 11.81 (on bir manat səksən bir qəpik) manatın (170.86-159.05=11.81) iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, Cavabdeh yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli bilindiyinə görə, iddiaçı "xxxx" ASC-nin sığorta ödənişini cavabdehdən tutulmasını tələb edərkən haqlı olmuşdur. Məbləğlə bağlı məsələyə gəldikdə isə məhkəmə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 noyabr 2023-cü il tarixli 9/7753 nömrəli ekspert rəyinin nəzəri hesablama yolu ilə, fiziki şəxs X2 tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə olan 25092 manat müəyyən edilmiş hissəsini əsas götürərək, yolnəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin 25092 manat məbləğində cavabdehdən tutulmasını qanuni və əsaslı hesab etmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1, 1108.2, 1114.1; “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3, 25.2; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81; ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1; Azərbaycan Respublikası MPM-nin 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və real zərərin müəyyən edilərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ekspert rəyində müəyyən olunmuş qiymətləri işdə olan digər sübutlarla birlikdə qiymətləndirməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “Turbo.az” saytından götürülmüş həmin maşının qiyməti təxminən 24000 manat olmaqla ekspertizanın müəyyən etdiyi qiymətdən belə aşağıdır. Halbuki, zərərçəkənin avtomobili tam məhv olmamışdır. Dəyəri ümumilikdə 15000 manatdan yuxarı olan avtomobil mühərriki, surətlər qutusu və sair zədələnməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi rəydəki qat-qat dəyərindən artıq şişirdilmiş qiymətin tənasübsüz olduğuna qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Qanun: 20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC-də sığortalanmış “Hyundai Sonata” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi ilə hərəkət edən zaman X3 FZCO Şirkətinin mülkiyyətində olan “avtonəqliyyat vasitəsi sahiblərinin könüllü sığortası” növü üzrə "xxxx" ASC-də sığortalanmış “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir və Cavabdeh Bakı şəhəri, Ziya Bünyadov küçəsindən Azadlıq prospektinə dönərkən AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Nəticədə yol-nəqliyyat hadisəsi zamanı X3 FZCO Şirkətinin mülkiyyətində olan “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Eyni zamanda müəyyən edilmişdir ki, vurulmuş zərəri aradan qaldırmaq üçün "xxxx" ASC tərəfindən 31927 (otuz bir min doqquz yüz iyirmi yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin "xxxx" ASC tərəfindən "xxxx" ASC-ə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4973,52 (dörd min doqquz yüz yetmiş üç manat, əlli iki qəpik) manat ödəniş həyata keçirilmişdir. Göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin təqsiri sübuta yetirildiyindən və hadisə zamanı “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı nəqliyyat avtomobilə zərər yetirildiyindən eləcə də həmin yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzi iddiaçı tərəfindən ödənildiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh isə işin qeyd olunan hallarını mübahisələndirməmiş, mübahisələndirdiyi hissə isə zərərin məbləği ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı, **-RZ- *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi ilə hərəkət edən zaman “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yolnəqliyyat hadisəsi zamanı X3 FZCO Şirkətinin mülkiyyətində olan “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 noyabr 2023-cü il tarixli 9/7753 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvfiq hesablanmaqla 49182 manat (dəyişilməli hissələrin qiyməti– 40182 manat; təmir bərpa işlərinin qiyməti– 9000 manat), dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 40453 manat (dəyişilməli hissələrin qiyməti– 31453 manat; təmir bərpa işlərinin qiyməti– 9000 manat). Nəzəri hesablama yolu ilə, fiziki şəxs X2 tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 29547 manat (dəyişilməli hissələrin qiyməti– 20507 manat; təmir bərpa işlərinin qiyməti– 9040 manat), dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 25092 manat (dəyişilməli hissələrin qiyməti– 16052 manat; təmir bərpa işlərinin qiyməti– 9040 manat) müəyyən edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməklə müəyyən edilmişdir ki, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 25092 manat (dəyişilməli hissələrin qiyməti– 16052 manat; təmir bərpa işlərinin qiyməti– 9040 manat) Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətində avtomobilin bəzi detallarının zədələnmədiyini və məbləğin reallığı əks etdirməməsini qeyd etsə də bununla bağlı mötəbər sübutlar təqdim edilməmiş, konkret olaraq isə ekspert rəyi ilə ziddiyyət təşkil edən hansı hissələrin zədələnməməsini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyator tərəfindən ekspert rəyinin nəticə hissəsini şübhə altına almaq üçün hər hansı tutarlı dəlil və ya sübut növü təqdim edilmədiyi üçün həmin rəyin mötəbər olmamasına əsas yoxdur. Vurulmuş ziyan üzrə hissə ekspert tərəfindən müvafiq hesablamalar aparılmaqla əsaslandırılmış, eyni zamanda dəyişilməli olan hissələr müəyyən edilməklə, həmin hissələrin qiymətinə aşınma tətbiq edilmiş və avtomobilin təmir-bərpa xərci müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq qeyd edir ki, cavabdehin “Ford Transit” markalı avtomaşınla bağlı təqdim etdiyi şəkillərdə göstərilən avtomaşınlar 2008, 2011-ci illər, iddiaçıya məxsus “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə 2015-ci il buraxılışlıdır. Belə olan halda cavabdehin “Ford Transit” markalı, H029252 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin 15000 manatdan artıq olmamasına dair dəlili əsassızdır. Lakin bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən "xxxx" ASC tərəfindən "xxxx" ASC-ə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişin edilməsi üçün müraciəti əsasında müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4973,52 (dörd min doqquz yüz yetmiş üç manat, əlli iki qəpik) manat ödəniş həyata keçirilməsini nəzərə almamışdır. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi tutulmalı olan məbləğ hissəsində dəyişdirilərək ödənilmiş sığorta məbləği nəzərə alınmalıdır.( 25092– 4973.52=20118.48 manat) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən hissəsində sığorta şirkətindən sığorta hadisəsi üzrə ödəniş istisna olmaqla düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunmasına əsas olmasa da, tutulmalı olan məbləğ hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, e-2(004)- 185/2024 nömrəli qətnaməsi Cavabdeh 25092 (iyirmi beş min doxsan iki) manat məbləğində ödənilmiş sığorta ödənişinin alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh 20118,48 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə cavabdehə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Kamran Əkbərov