Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2571/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçıiştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-102/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00000) hesablanmış 1154,70 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Bir müddət öncə "Azəriqaz" İB-nin nümayəndələri iddiaçının evində qeyri-qanuni, kənar xəttin olmasını bəhanə edərək cərimə yazmışlar. Halbuki onun evində heç bir kənar xətt olmamışdır. Sübut kimi ona heç bir sənəd təqdim edilməmişdir, yalnız naməlum fotoşəkil göstərilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən bu səbəbdəndə 1154,70 manat əlavə sərfiyyat haqqı kimi borcun ödənilməsini tələb elmişlər. Həmin borcla bağlı da heç bir sənəd təqdim edilməmişdir. Bu səbəbdən də hesab edir ki, yazılmış borclar əsassız olduğundan qanunsuzdur. Xətai Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu:**********00000) üzrə İddiaçı hesablanmış 1154,70 manat məbləğində borcun silinməsi, cavabdehdən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 102 manat və 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməs qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin iddiaçının qazdan sayğacdan kənar istifadə etməsinin nəzərə almadığı arqumenti ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 23.01.2019-cu il tarixli və ******* saylı, 30.03.2019-cu il tarixli aktlarda “sayğacdan kənar istifadə aşkar edilmişdir” qeyd edilmişdir. Həmin aktlar əsasında tərtib edilmiş 23.01.2019- cu il tarixli və 30.03.2019-cu il tarixli “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”lərin surətindən görünür ki, iddiaçıya qanunsuz istifadə etdiyi qazın dəyərinə görə borc hesablanmış, 1154,70 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.11.2021-ci il tarixli, 10/4607 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar Massivi, 155 nömrəli fərdi yaşayış evinin yerləşdiyi ünvanda baxış keçirilən zaman Cavabdeh İB-nə məxsus qaz xəttinə qeyri-qanuni qoşulma halı aşkar edilmədi. Belə ki, daşıyıcı qaz xəttinin diametri 76 mm-dir, daşıyıcı qaz xəttindən diametri 20 mm-lik polad boru ilə budaqlanma verilməklə qaz sayğacına, qaz sayğacından da həmin diametrli boru ilə evə qaz xətti çəkilmişdir. Baxış zamanı daşıyıcı qaz xətti üzərində sayğacdan kənar qoşularaq istifadə halı, eləcə də istifadəyə xarakterik əlamətlər aşkar edilmədi. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar Massivi, 155 nömrəli fərdi yaşayış evinin yerləşdiyi ünvanda Cavabdeh İB-nə məxsus qaz xəttinə qeyri-qanuni qoşulma halı aşkar edilmədiyindən qərardadın üçüncü sualı üzrə tədqiqat aparılmadı. Aparılmış tədqiqatın dəyəri 102 manat təşkil edir. Birinci instansiya məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1154,70 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 4.9, 5.2, 6.5-ci maddələrini tətbiq etməklə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi akt iddiaçının sayğacdan kənar qaz xəttinə qoşulması barədə tərtib edilmiş, akt iddiaçı tərəfindən imzalanmamışdır. Beləliklə, akt birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı aktı imzalamamışdır. Aktda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Mövcud vəziyyətdə iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi işüzrə keçirilmiş ekspertiza rəyi ilə də öz tapmamışdır. Ümumilikdə apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Apellyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-102/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödəmiş olduğu rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2571/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2571/2022
16.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver