Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2577/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və X1 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «borcun silinməsi tələbinə dair» 2(011)-2383/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00035) ilə bağlı «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1633,40 nanat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Azəriqaz» İB-nin əməkdaşları iddiaçının məlumatı olmadan ona məxsus ünvan 1 ünvana gəlmiş, guya iddiaçının qazdan qeydiyyatsız istifadə etdiyini aşkar etmişlər. Buna görə də iddiaçıya itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 1633,40 manat məbləğində əsassız borc yazmışlar. Buna dair akt iddiaçının iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir, yəni həmin akta əlavə olunan fotoşəkil iddiaçıya məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə iddiaçıya məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Sözügedən ünvanda iddiaçı əsasən yay aylarında fasilələrlə qısa müddət yaşadığı üçün həmin ünvana qaz çəkilişi üçün zərurət yaranmamışdır. İddiaçının atası onkoloji xəstə olduğu üçün onlar sözügedən ünvanda daimi yaşamaq qərarına gəlmişlər. Bu zaman həmin ünvana qaz çəkilməsi zərurəti yaranmışdır. İddiaçı buna görə «Azəriqaz» İB-yə müraciət etmiş, sonradan iddiaçıya məlum olmuşdur ki, Birliyin əməkdaşları iddiaçının məlumatı olmadan həmin ünvana baxış keçirtmiş, guya iddiaçının qazdan qeydiyyatsız istifadə etdiyini aşkar etmişdirlər. Buna görə də, iddiaçıya itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə 1633,40 manat məbləğində əsassız borc yazmışlar. «Azəriqaz» İB tərəfindən tərtib olunmuş «dəymiş ziyanın bərpasına dair tələbnamə»lərdə guya iddiaçıya məxsus ünvanda PQ-4 tipli qaz peçinin, QSSQ adlı qaz cihazının və dəmir sobanın olduğu qeyd edilmiş, həmin qaz cihazlarının saatlıq qaz sərfiyyatı müvafiq olaraq 1,2 kub metr/saat, 1,5 kub metr/saat və 1,4 kub metr/saat, orta günlük iş rejimi 24 saat götürülmüşdür. Hesabat müddəti isə 16.04.2020-ci il tarixdə tərtib olunmuş tələbnamədə 16 gün, 30 yanvar və 28 fevral tarixlərdə tərtib olunmuş tələbnamələrdə 30 gün götürülmüşdür. Buna baxmayaraq Birlik tərəfindən tərtib olunmuş 30.01.2020-ci il tarixli tələbnamədə hesabat müddəti 30 gün üçün nəzərdə tutulsa da hesabat 90 günlük müddət üçün aparılmışdır. Belə ki, tələbnamədə 2 x 24 x 30 = 1440 kub metr olduğu halda, 2592 kub metr 1,5 x 24 x 30 = 1080 olduğu halda, 3240 kubmetr 1,4 x 24 x 30 = 1008 olduğu halda, 3024 kub metr qəbul olunmuşdur. Yalnız bu hesabat ilə Birlik onsuz da heç bir hüquqi əsası olmayan borcu 3 dəfə şişirtməyə nail olmuşdur. İddiaçı həmin ünvanda əsasən ilin isti vaxtlarında yaşadığı üçün həmin ünvanda istilik cihazı quraşdırılmamışdır, təbii qaz ilə işləyən cihazlardan yalnız 1 ədəd PQ4 tipli qaz plitəsi vardır. Lakin «Azəriqaz» İB-nin əməkdaşlarından ibarət hesablama komissiyasının rəyində guya iddiaçıya məxsus sözügedən ünvanda təbii qaz ilə işləyən «QSSQ» istilik cihazının və dəmir sobanın mövcud olması qeyd olunmuş, həmin cihazlara görə müvafiq də iddiaçıya müxtəlif vaxtlarda müxtəlif həcmdə sərfiyyat hesablanmışdır. Cavabdeh Birlik iddiaçıya mövcud olmayan cihaza görə sərfiyyat hesablamış və iddiaçıya əsassız borc yükləmişdir. Bununla da Birliyin məqsədi işin həqiqi hallarını aşkara çıxartmaq deyil, vətəndaşlara əsassız borc yükləməkdən ibarət olmuşdur. İstilik cihazlarının mövcud olmadığı halda buna görə sərfiyyatın hesablanması, bu sərfıyyata görə iddiaçıdan hər hansı bir məbləğin tələb olunması heç bir halda ədalətli və qanuni ola bilməz. «Azəriqaz» İB-nin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəydə göstərilən qaz sərfıyyatının, bu sərfiyyat əsasında hesablanmış borc məbləğinin heç bir hüquqi əsası olmadığı üçün iddiaçı bununla razı deyildir. Belə ki, Komissiya tərəfindən verilmiş rəydə PQ-4 tipli qaz cihazının saatlıq qazsərfıyyatı 1,2 kub metr, orta günlük iş rejimi 24 saat hesablanmaqla hesabat müddəti iddiaçının yuxarıda qeyd etdiyi kimi götürülmüşdür. İstənilən yaşayış sahəsində hər hansı bir qaz cihazının, o cümlədən PQ-4 tipli qaz cihazının 90-100 gün müddətində 24 saat fasiləsiz işləməsi qeyrimümkündür. 90-100 günlük müddət üçün isə iddiaçıya yalnız PQ-4 tipli qaz cihazına görə 4781 kubmetr sərfıyyatın, bu sərfıyyata görə iddiaçıya 478,10 manat məbləğində borcun (PQ-4 tipli qaz peçi heç bir halda bir gün üçün 4,78 manat ekvivalentində qaz sərf edə bilməz) hesablanması heç bir halda ağlabatan ola bilməz. Yalnız PQ-4 tipli qaz peçinin bir aylıq qaz sərfıyyatının 5 manat ekvivalentindən artıq olmaması heç kimə sirr deyildir. Göründüyü kimi «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı kimi ağlabatan da deyildir. Bu ondan irəli gəlir ki, Birlik sözügedən ünvana qaz sərfıyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki, Birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində iddiaçıya məxsus evdə istifadədə olan məişət qaz cihazları və onların saatlıq sərfıyyatı qeyd edilmişdir. Lakin həmin cihazların reallıqda mövcud olması və qaz sərfıyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən «Azəriqaz» İB tərəfindən təşkil olunmuş komissiya üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf «Azəriqaz» İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan hallan sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc məbləği iddiaçıya təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə edilməsi faktına görə yazılmışdır. Faktlarla bağlı cavabdehin əməkdaşları tərəfindən «qazdan istifadə qaydalarının pozulması haqqında» akt tərtib edilmişdir. Aktla iddiaçının qazdan qeyri-qanuni olaraq sayğaca müdaxilə etməklə istifadə edilməsi öz təsdiqini tapmışdır. Bununla bağlı dəymiş ziyan hesabatları tərtib edilərək 1633,40 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilən dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin «Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında» 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, «Azəriqaz» İstehsalat Birliyinə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. «Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə» 29 dekabr 2009-cu il tarixli, 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 1ci instansiya məhkəməsi tərəfindən qeyd edilən maddi hüquq normasının səhv tətbiq edilməsi (səhv nəticəyə qəlməsi) ilə bağlı bildirirlər ki, iş materiallarında yer alan dəymiş ziyan haqqında Akt iddiaçının qanunazidd hərəkətləri nətəcəsində və əsasında tərtib edilmişdir. Daha sonra həmin akt əsasında tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcmi ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği 1.633,40 manat təşkil etmişdir. Lakin, 1-ci instansiya məhkəməsi dəymiş ziyan məbləğinə «cərimə» borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlmişdir. 1-ci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər saldoya nəzər salınsa görünər ki, abonentin ödənişləri demək olar yoxdur. Həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkil də, təhlil edilməmişdir. İddiaçının təbii qazdan qeyri-qanuni istifadə edibetməməsi sahəsində heç bir ekspertiza təyin olunmamışdır. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə»nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın təmin edilməsinə dair qətnamə apellyasiya şikayəti vermiş cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə münasibətdə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı 16.04.2020-ci il tarixli akta əsasən İddiaçı yaşadığı ünvanda qaz sayğacına baxış keçirilmiş, nəticədə onun qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. «Azəriqaz» İB-nin 16.04.2020-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədə əsasən İddiaçı barəsində tərtib olunmuş 16.04.2020-ci il tarixli ******* saylı akta əsasən cəmi 1574 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı 28.02.2020-ci il tarixli akta əsasən İddiaçı yaşadığı ünvanda qaz sayğacına baxış keçirilmiş, nəticədə onun qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı 30.01.2020-ci il tarixli akta əsasən İddiaçı yaşadığı ünvanda qaz sayğacına baxış keçirilmiş, nəticədə onun qaz sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. «Azəriqaz» İB-nin 30.01.2020-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədə əsasən İddiaçı barəsində tərtib olunmuş 30.01.2020-ci il tarixli ******* saylı akta əsasən cəmi 8856 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. «Azəriqaz» İB-nin 28.02.2020-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədə əsasən, İddiaçı barəsində tərtib olunmuş 28.02.2020-ci il tarixli ******* saylı akta əsasən cəmi 2952 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Abonentin saldosu vərəqinə əsasən İddiaçı 2020-ci il üzrə 1633,40 manat cərimə yazılmışdır. 03.06.2021-ci il tarixli 281 saylı mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə «Azəriqaz» İB-yə məxsus əsas qaz borusundan qaz xətti çəkilmiş və üzərinə elektron qaz sayğacı quraşdırılmışdır. Hər iki tərəfin verdiyi ifadələrdə tədqiq olunan, fərdi yaşayış evindən, həmin evin arxa tərəfindən keçən «Azəriqaz» İstehsalat Birliyinə məxsus əsas qaz xəttinə vaxtilə müdaxilə olunmuşdur. Müdaxilə faktı aşkar olunmuş əsas qaz borusunun üzərində qaynaq izləri vardır. İddiaçının yaşadığı fərdi yaşayış evinə dair «Azəriqaz» İB-yə məxsus təbii qaz xətti üzərində müdaxilə faktı aşkar olunmuş yerdə hansı diametrdə borunun birləşdirilməsi, müdaxilə dövründə borudan təbii qaz axının təziyiqi və evdə quraşdırılmış qaz avadanlıqları haqda zəruri məlumatların olmadığı üçün həmin dövrdə istifadə olunan qazın həcmini müəyyən etmək mümkün olmadığı üçün «Azəriqaz» İB-yə vurulmuş ziyanın məbləğini müəyyən etmək mümkün olmamışdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının yaşadığı ünvana qaz sayğacından kənar xətt aşkar olduğuna görə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1633,40 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Qeyd edilən borcun hesablanması üçün səbəb cavabdeh tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması göstərilmişdir. Lakin cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, göstərilən ünvanda məhz iddiaçı tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.4-cü bəndinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alğı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunmalıdır ki, Qaydalara uyğun olaraq cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə aktı qanunsuz hesab edərək, həmin akt əsasında hesablanmış borcu əsassız sayır. Nəzərə alınmalıdır ki, qeyd edilən aktlar iddiaçı tərəfindən imzalanmamışdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının borcu əsassız hesablandığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən normativ aktların müddəalarına əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır. Bu səbəbdən, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli 2(011)-2383/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2577/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2577/2022
12.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver