Məhkəmə qərarları › İş №2(103)-2579/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2579/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2579/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-55/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. 19.01.2022-ci il tarixli icbari sığorta müqaviləsindən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında “Mercedens Benz 410 D” minik markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün müqavilə bağlanmışdır.

2. AB 729125 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Subaru Forester” markalı,**-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.

3. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 09:50 dəqiqədə Yasamal rayonu, Z.Xəlilov küçəsində toqquşma növündə yolnəqliyyat hadisəsi baş vermişdir. “Subaru Forester” markalı, **-KN-*** dövlət nişanlı avtomobil ilə “Mercedes Benz 410 D” markalı, 10-KJ727 dövlət nişanlı avtomobil toqquşmuşdur. “Subaru Forester” markalı, **-KN-*** dövlət nişanlı avtomobilə zərər dəymişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sığorta ödənişi qismində 4071,81 manat və ödənilmiş 61 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı 27 aprel 2022-ci il tarixdə Yasamal rayonu, Z.Xəlilov küçəsində idarə etdiyi “Subaru Forester” markalı, **-KN-*** dövlət nişanlı avtomobillə “Mercedes Benz 410 D” markalı, **-KJ-*** dövlət nişanlı avtomobil toqquşmuşdur. Həmin hadisə qeydiyyata alınmışdır və hadisə ilə bağlı araşdırma aparılaraq hər ikisinə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Bununla yanaşı Yasamal RPİ tərəfindən “Mercedes Benz 410 D” markalı avtonəqiyyat vasitəsinin sığorta şirkətinə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış təqdim edilmişdir. Cavabdeh 18 may 2022-ci il tarixli məktub ilə iddiaçının avtomobilinə dəyən zərəri 430 manat qiymətləndirmişdir və halbuki iddiaçı "xxxx" MMC- 17 may 2022-ci il tarixdə arayışı ilə dəymiş zərər 4071,81 manat təşkil edir. Bundan sonra cavabdeh 07 iyun 2022-ci il tarixli məktubla iddiaçıya sığortalının və ya sığorta olunanın mülki məsuliyyəti yaranmadığından "xxxx" ASC tərəfindən sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsaslar olmadığı bildirmişdir. İddiaçı onlarla dəfələrlə şifahi danışıqlıqlar aparsa da, hər hansı bir nəticə əldə olunmamışdır. Ona görə də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-55/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" ASC-dən 3161 (üç min yüz altmış bir) manat tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı "xxxx" ASC”-dən tutularaq İddiaçı ödənilməsi, Keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası xərci -100 (yüz) manatın 20 (iyirmi) manatın İddiaçı, 80 (səksən) manatı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hadisə baş verən gün hadisə yerini müayinə edən, zəruri araşdırmanı aparan müvafiq icra hakimiyyəti orqanı (DYPİ) sığortaçını həmin gün hadisə barədə məlumatlandırmışdır. Cavabdeh isə 18 may 2022-ci il tarixli məktub ilə iddiaçının avtomobilinə dəyən zərəri 430 manat qiymətləndirmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı baş vermiş yol-nəqliyyat hidisəsi nəticəsində zərərə məruz qalmışdır ki, həmin zərər məbləği də cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı vurulmuş ziyanın məbləğinin 4071,81 manat olmasını iddia etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/7045 nömrəli rəyindən görünür ki, “Subaru Forester” markalı, **- KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3161 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinə vurulmuş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən təmir-bərpa xərci təxminən 3161 manat məbləğində müəyyən edildiyindən, həmin məbləğ "xxxx" ASC tutulmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 922.1, 925.1, 926.1, 926.2-ci maddəsinə, «İcbari sığortalar haqqında» Qanunun 16.2, 50.1, 52.1, 56.1, 56.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-55/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə yeni qətnamə qəbul edilməsini, iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(009)- 1580/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/7045 saylı ekspert rəyi məhkəməyə daxil olmuşdur. Ekspert tədqiqatı qanunvericiliyin tələblərinə müvafiq qaydada aparılmadığı üçün iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə tərəflərdən vəsatət verilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/7045 saylı rəyində ekspert iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktında olan məlumatlar əsasında 2007-ci il buraxılışlı “Subaru Forester” markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğini müəyyən etmişdir. Tərəflərindən "xxxx" MMC-nin xx.xx.2022-cil rəyi də iş materiallarına əlavə edilmişdir və iddiaçı xx.xx.2022-ci il tarixli məktubla ASC-yə müraciət edərək, qiymətləndirmənin məhz "xxxx" MMC tərəfindən aparılmasını xahiş etmişdir. Bununla yanaşı məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(009)-1580/2022 saylı qərardadında da ekspertizanın məhz "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktında olan məlumatlar əsasında aparılmasına dair göstəriş olmadığı halda ekspertin hansı səbəbdən rəyi məhz "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktında olan məlumatlar əsasında verdiyi maraq doğurur. Qeyd edilənlərlə yanaşı iddia ərizəsində çoxsaylı nöqsanların olmasına, ərizənin Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə müvafiq qaydada tərtib edilməməsinə baxmayaraq, məhkəmə iddia ərizəsini icraata qəbul edərək, mahiyyəti üzrə baxmışdır. Belə ki, iddia ərizəsinin başlığında “iddia ərizəsi” sözlərindən sonra mötərizə içərisində “sığorta ödənişinin aparılması” sözləri qeyd edilmiş, iddia ərizəsinin “xahiş etdi” hissəsində isə 4071.81 (dörd min yetmiş bir manat, səksən bir qəpik) manat pulun və 61(altmış bir) manat dövlət rüsumunun tutulması xahiş edilmiş, lakin qeyd edilən məbləğlərin kimdən tutulmalı olduğu göstərilməmişdir. Qətnamədə Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİnin xx.xx.2022-ci il tarixli, 046-29288 saylı məktubuna, hər iki sürücünün inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati tənbehin tətbiq edilməsi barədə Yasamal RPİ-nin qərarlarına və eyni zamanda sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayışa (iddiaçının idarə etdiyi “Subaru Forester” markalı, **-KN-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün hadisənin baş verməsində təqsiri olduğuna dair arayış) (forma 4) istinad edilməmiş, iş materiallarında olan iş üçün əhəmiyyəti olan sübutlara və həmin sənədlərdə göstərilmiş hallara, bu halların digər sübutlarla müqayisəli şəkildə təhlilinə və öz təsdiqini tapıb-tapmamasına ümumiyyətlə münasibət bildirilməmişdir. İddia tələbinin təmin edilmiş hissəsi 77.63 % olduğu halda, məhkəmə 50 manat dövlət rüsumunun cavabdehdən tutulmalı olduğunu göstərmişdir. Halbuki, iddiaçı tərəfindən 61 manat dövlət rüsumu ödənilmişdir və həmin məbləğin 77.63 %-i 47.35 manat təşkil edir. Lakin məhkəmə cavabdehdən 50 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarmışdır. Bununla yanaşı eyni qaydada hesablama aparıldıqda 100 manat məbləğində olan ekspertiza xərcinin 77.63 %-i 77.63 manat təşkil etdiyi halda, məhkəmə 80 manat məbləğində ekspertiza xərcinin "xxxx" ASCdən tutulmalı olduğunu göstərmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

12. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçı onlara müraciət etmişdir. İlkin olaraq iddiaçıya müəyyən sığorta məbləğinin ödənilməsi təklif edilmişdir. Lakin araşdırma nəticəsində aydın olmuşdur ki, iddiaçı barəsində inzibati protokol tərtib edilmişdir. İddiaçı özü də etiraf edir ki, maşını arxaya verərkən digər maşına zərər vurmuşdur. Onlar buna görə sığorta ödənişinin edilməsindən imtina ediblər. İddiaçı məhkəməyə müraciət etmiş və iddiası qismən təmin edilmişdir. DİN-nə sorğu verilib və sorğuda hər iki maşının təqsirli olduğu bildirilmişdir. Həmçinin, ekspertiza rəyi ilə də razı deyillər. Qiymətləndirmə düzgün aparılmamışdır. İddianın tam rədd edilməsini xahiş edir.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

16. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

17. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

18. «İcbari Sığortalar Haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir.

19. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

20. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər.

21. Həmin Qanunun 24.1.6-cı maddəsinə əsasən zərərçəkənin sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.

22. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, hazırkı iddiasında iddiaçı 27 aprel 2022-ci il tarixdə Yasamal rayonu, Z.Xəlilov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi “Subaru Forester” markalı, **-KN-*** dövlət nişanlı avtomobilə ziyan dəydiyinə istinad edərək, zərər vuran “Mercedes Benz 410 D” markalı, **-KJ-*** dövlət nişanlı avtomobilin sığortalandığı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən zərərin əvəzinin ödənilməsini tələb edir.

28. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci təxminən 3161 manat məbləğində müəyyən edildiyindən, həmin məbləğ "xxxx" ASC-dən tutulmalıdır.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və həmçinin qeyd etməyi zəruri hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş inzibati xəta protokolların surətindən görünür ki, “Subaru Forester” markalı, **-KN-*** dövlət nişanlı avtomobilin sürücüsü İddiaçı və “Mercedes Benz 410 D” markalı, **-KJ-*** dövlət nişanlı avtomobilin sürücüsü X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmiş, cərimə edilmişlər, hər iki sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir.

30. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edərək qeyd edir ki, inzibati xəta haqqında protokollardan göründüyü kimi yol nəqliyyat hadisəsi zamanı həm İddiaçı və X3 tərəfindən yol hərəkəti qaydaları pozulmuşdur. Hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı da barəsində yol hərəkəti qaydalarını pozmasına görə inzibati xəta haqqında protokol tərtib edilməsi "xxxx" Açıq Səhmdar Cəmiyyətini sığorta ödənişini etməkdən azad etmir.

31. Çünki, hadisə baş verən zaman X2 etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC arasında “Mercedens Benz 410 D” minik markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icbari sığorta edilmişdir. Həmin avtomobilin sürücüsünün də təqsiri müəyyən edilmişdir. Bu səbəbdən müqavilə şərtlərinə müvafiq olaraq “Mercedens Benz 410 D” minik markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində vurulmuş zərər "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ödənilməlidir.

32. İddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləğinin müəyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilərək keçirilmiş, nəzəri hesablama yolu ilə, ”Subaru Azərbaycan” MMC-nin xx.xx.2022ci il tarixli qüsur aktındakı məlumata əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Subaru Forester” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3161 manat müəyyən edilmişdir.

33. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən həmin ekspert rəyində göstərilən və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktı əsasında müəyyən edilmiş zərərin məbləğini daha mötəbər hesab etmiş və iddianı təmin edərkən ekspert rəyinin məhz həmin hissəsinə istinad etmişdir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşıraq qeyd edir ki, Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

36. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

37. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-55/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar