Məhkəmə qərarları › İş №2(103)-2582/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2582/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2582/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X8, Cavabdeh nümayəndəsi X2, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs vəkili X9 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(011)-7288/2019 nömrəli qətnaməsindən qətnamə ilə hüquq və vəziəflərinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində tikinti sahəsi 226.6 kv.metrdən ibarət 5 otaqlı, 100 № -li mənzilin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanılmış 26.07.2011-ci il tarixli, 167 nömrəli müqavilənin 1.1-ci maddəsinə uyğun olaraq, satıcı ünvan 2 ünvanda yerləşən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində, tikinti sahəsi 226.6 kv.m-dən ibarət 5 otaqlı, 100 №-li mənzili ona verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndində göstərilir ki, mənzilin dəyəri 90 640.00 manat təşkil edir və bu məbləğ iddiaçı tərəfindən əvvəlki payçı X1 ödənilmişdir. Müqavilənin şərtinə uyğun olaraq, tərəfindən qeyd olunan 90 640.00 manat məbləğ həqiqətən zamanında ödənilmiş və bu ödəniş əsasında cavabdehin direktoru M.İ.Səfərovun imzası ilə 26.07.2011-ci il tarixli maliyyə arayışı verilmişdir. Maliyyə arayışında qeyd edilir ki, mənzilin pay dəyəri, payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun Cavabdeh MMC-yə borcu yoxdur. Bütün bunlardan sonra o, qeyd olunan ünvanda yerləşən yaşayış binasında payçıların ümumi yığıncağında dəfələrlə iştirak etmiş və həmişə də bir payçı olaraq onun adı nümunəvilər siyahısında çəkilmişdir. Keçən ilin əvvəllərində o, mənzilinə baxış keçirib təmirə başlamaq istəmişdir. Hər dəfə də binanın komendantı ona müxtəlif bəhanələrlə əngəl olub ki, gah sədr yoxdur, gah təmir arayışı gətirməlidilər və s. Bununla bağlı isə MMC-nin baş ofisinə dəfələrlə getsə də orada bu işə maddiməsul şəxslərdən heç kimi tapmamışdır. Ən nəhayyət keçən ilin ikinci yarısında binaya zorla daxil olanda, məlum olmuşdur ki, ona aid mənzildə başqa birisi tərəfindən təmir aparılır. Bundan sonra MMC-nin ofisinə gedib və orada Hacı Adil adlı birisi ilə görüşüb. Həmin adam onu arxayın salmışdır ki, narahat olmayın Sizin mənziliniz veriləcək. O vaxtdan 6 ay keçir, ortada bir nəticə yoxdur. Bu səbəbdən qeyd olunan iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(011)-7288/2019 nömrəli qətnaməsi ilə, Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv.m-dən ibarət 5 otaqlı, 100 saylı mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamədən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 26.07.2011-ci il tarixdə 167 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmetinə görə cavabdeh ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m-dən ibarət olan 5 otaqlı, 100 saylı mənzili alıcıya təhvil verməyi öhdəsinə götürmüş, mənzilin dəyəri - 90 640 manat pulun iddiaçı (yeni payçı) tərəfindən əvvəlki payçı X3 ödənilmişdir. Lakin Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh MMC-nin icraçı direktoru X5 şəxsində, digər tərəfdən X6 ilə 11 yanvar 2008-ci il tarixdə bağlanmış müqavilə öz razılıq ərizəsinə görə ləğv edilərək, “Alıcı” Maraqlı şəxs arasında 16 mart 2018-ci il tarixində 420 No-li müqavilə bağlanmışdır. Müqavilənin predmetindən də aydın görünür ki, “satıcı” ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi tikinti sahəsi 226.6 kv.m-dən ibarət olan 5 otaqlı, 100 saylı mənzili “alıcı”-ya 147290 (yüz qırx yeddi min iki yüz doxsan) manat Maraqlı şəxs tərəfindən əvvəlki payçı X4 ödənilmişdir. Sözügedən mənzildə Maraqlı şəxs tərəfindən təmir- tikinti işləri aparılmış, təxminən 200 000 (iki yüz min) ABŞ dolları məbləğində xərc çəkilmişdir. Eləcə də istər təmir işləri, istərsə də mebellərlə bağlı bütün çeklər, ödəniş qəbzləri və smetalar hal- hazırda həmin mənzildədir. Bu sənədlər hal-hazırda onlarda olmadığına görə təqdim edə bilmirlər. Həmin mənzil mübahisəli mənzildir və onların əsaslı səbəbləri var, belə ki, onların həmin mənzilin dəyərinin ödənilməsinə dair şahidləri var. Məhkəmə iclasında qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs vəkili X13 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, təmsil etdiyi şəxs vicdanlı alıcıdır. Belə ki, iddiaçı mübahisəli mənzilə görə MMC-yə heç bir ödəniş etməmişdir. Cavabdeh MMC-nin hazırki direktoru Adialağa Hüseynov iddiaçı ilə MMC arasında müqavilə bağlanan vaxt orada heç bir vəzifə tutmamışdır. Ona görə də də iddiaçı tərəfindən MMC-yə hər hansı bir vəsaitin ödənilməsini təsdiq edə bilməz. Mübahisəli mənzil də daxil olmaqla həmin binada bir neçə mənzi tikinti materiallarının əvəzi olaraq Gürcüstan Respublikası vətəndaşı olan X14 verilmişdir. Azər Xəlilovun xahişinə əsasən mübahisəli mənzillə bağlı müvəqqəti olaraq iddiaçı ilə müqavilə bağlanmışdır. Azərin bildirməsinə görə iddiaçı nə ona, nədə MMC-yə heç bir vəsait ödəməmişdir. Odur ki, apellyasiya şikayətini müdafiə edir və məhkəmədən təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində tərəfindən tərtib edilən siyahıda Maraqlı şəxs adı yoxdur. Bu şəxsə mənzilin necə satılması bəlli deyil. Çünki, bağladığı müqavilə saxtadır, MMCnin rəhbərliyini məcbur etməklə sonradan bağlanmışdır. Mübahisəli mənzilə görə müqavilə onunla bağlansa da, çıxarış onun razılığı ilə 19 oktyabr 2020-ci ildə oğlu Akifin adına verilib. Məhkəmə iclsında iddiaçının nümayəndəsi və vəkili X15 da apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 bildirdi ki, həqiqətən də Maraqlı şəxslə 16 mart 2018-ci il tarixdə bağlanmış 420 nömərli müqavilə onun tərəfindən imzalanmışdır. Lakin həmin müqaviləni Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində məcburiyyət qarşsında imzalamışdır. Müqaviləni imzalamaq onun səhvi olub. Çünki, mübahisəli mənzilin Maraqlı şəxs heç bir aidiyyəti yoxdur. Sonradan Korrupsiya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı mübahisəli mənzilin iddiaçıya aid olduğu təsdiq olundu və tərtib olunan siyahıda mübahisəli mənzilin qanuni əsaslarla iddiaçıya satıldığı üçün həmin mənzilə görə çıxarış da iddiaçı tərəfə verildi. Maraqlı şəxs aid mənzil isə bir mərtəbədə aşağıda yerləşir və artıq pulu ödənildiyi üçün mənzil də Maraqlı şəxs verilmişdi. Ona görə apellyasiya şikayəti əsassız olduğundan rədd olunmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, işin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh mənzilin yeri, ölçüsü, qiyməti və digər mühüm şərtləri barədə razılığa gəlməklə, alqı-satqı müqaviləsi bağlamışlar. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır (Mülki Məcəllənin 405-ci maddəsinin birinci cümləsi). Müqavilənin qiyməti də iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Tərəflər arasında müqavilənin bağlanması və Mənzilin dəyərinin ödənilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı etiraz daxil olmamış, habelə cavabdehin direktoru əvvəlki məhkəmə iclaslarında iştirak edərkən də bu halı mübahisələndirməmişdir. Bu halda, cavabdeh bağladığı müqavilə üzrə mənzili satıcıya təhvil verilməsi öhdəliyini daşıyır. Bu öhdəlik onun şəxsi öhdəliyidir və iradəsindən asılı olmayan səbəblərə görə icra edə bilməməsini sübut edə bilmədiyi halda, hər bir öhdəliyi üçün məsuliyyət daşıyır. Hazırkı mübahisə üzrə də cavabdeh iddiaçıya mənzili təhvil verilməməsini onun iradəsindən kənar baş verdiyini sübut edə bilməmişdir. Göründüyü kimi, tərəflər arasında bağanmış müqavilə üzrə iddiaçı öhdəliyini icra edərək mənzilin müqavilədə nəzərdə tutulmuş dəyərini tam şəkildə ödəsə də, cavabdeh həmin mənzili iddiaçıya təhvil verməməklə müqavilə öhdəlikləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsinitələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Mənzil otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olan fərdi müəyyən edilən əşya olduğundan, bununla da bağlanmış müqavilə əsasında Mənzil yalnız iddiaçıya məxsus olduğundan, iddiaçı mənzilin ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qeyd edilən Məcəllənin 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25.10.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə Mənzilə sahiblik və istifadə hüququ əldə etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxsin apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən mübahisələndirilən hissədə yoxlanılır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissəsində iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətininin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, həm iddiaçı, həm də qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Cavabdeh MMC-yə məxsus olmuş eyni mənzilə iddia etsə və hər ikisi həmin mənzilə dair onlar arasında bağlanmış müqavilələri və mənzilin dəyərinin ödənilməsi barədə MMC-nin verdiyi maliyyə sənədini məhkəməyə təqdim etsələr də, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxsin mübahisəli mənzilə dair bağlanmış müqaviləsi qanuni və etibarlı sayıla bilməz. Çünki, Maraqlı şəxslə MMC arasında 16 mart 2018-ci il tarixdə bağlanmış müqavilədə mübahisəli mənzilin MMC ilə Xudiyeva Kamilə Xanoğlan qızı arasında 11 yanvar 2008-ci ildə bağlanmış müqavilənin öz razılıq ərizəsinə görə ləğv edilərək “alıcı” Maraqlı şəxs ilə bağlandığı göstərilsə də Kamilə Xudiyeva ilə olan müqavilədəki tarixin iddiaçı ilə bağlanmış müqavilədəki tarixdən əvvəl olması hələ həmin müqavilənin də etibarlı olmasına dəlalət etmir. Belə ki, Kamilə Xudiyeva ilə olan müqavilənin etibarlı müqavilə və məhz mübahisə predmeti olan mənzilə dair iddiaçı ilə bağlanmış müqavilədən əvvəl bağlanması mötəbər sübutlarla təsdiq olunmalıdır, lakin olunmamışdır. Əksinə, MMC-nin nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatından bəlli olur ki, mübahisəli mənzil qanuni əsaslarla iddiaçıya məxsusdur. Maraqlı şəxslə bağladığı müqaviləni təzyiq altında imzalamışdır. Lakin sonradan Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı da mübahisəli mənzilin iddiçıya məxsus olduğu təsdiq olunduğundan və binadakı mənzillərə dair tərtib olunan siyahıda həmin mənzilin iddiaçıya aid olduğu göstərilmişdir. Siyahı əsasındada mənzillərin qanuni sahiblərinə çıxarışlar verilmişdir. Ona görə də, Maraqlı şəxslə MMC arasında 16 mart 2018-ci il tarixdə bağlanmış müqavilədə mübahisəli mənzilə dair guya MMC ilə Xudiyeva Kamilə Xanoğlan qızı arasında 11 yanvar 2008-ci ildə müqavilə bağlanması inandırıcı və ağlabatan olmadığından həm 11 yanvar 2008-ci il, həm də 16 mart 2018ci il tarixli müqavilələr etibarlı sayıla bilməz. İkincisi, işdən görünür ki, mübahisəli mənzilə dair iddiaçının oğlu X11 mülkiyyət hüququ artıq 19 oktyabr 2020-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonuncu həmin mənzilin tam mülkiyyətçisidir. Buna baxmayaraq, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs həmin mənzilin qanuni əsaslarla iddiaçı tərəfə aid olmadığını düşünür. Maraqlı şəxs vəkilinin apellyasiya baxışı zamanı göstərdikləri də onun şikayətinin əsaslı olduğuna dəlalət etmir. Belə ki, mübahisəli mənzil də daxil olmaqla həmin binada bir neçə mənzil tikinti materiallarının əvəzi olaraq Gürcüstan Respublikası vətəndaşı olan X14 verildiyindən sonuncunun xahişinə əsasən mübahisəli mənzillə bağlı müvəqqəti olaraq iddiaçı ilə müqavilə bağlanması, iddiaçının nə ona, nədə MMC-yə heç bir vəsait ödəməməsi həqiqi olsa belə bu hal yenə də Maraqlı şəxs şikayətinin əsaslı olduğuna və mübahisəli mənzilin ona aid olduğuna dəlalət etmir. Çünki, mübahisəli mənzilin tikinti materiallarının əvəzində ona verildiyini Azər Xəlilov, mənzilə görə pul vəsaitinin nə ona, nədə MMC-yə verilməməsini də yenə də o və MMC mübahisələndirə bilər. Bunun Maraqlı şəxs heç bir aidiyyəti yoxdur və onun şikayətinin əsaslılığına qətnamənin ləğvinə səbəb olacaq dərəcədə heç bir əhəmiyyətli təsiri ola bilməz. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsinə yalnız və yalnız dövlət ehtiyacları üçün, qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazılığı hüququ vardır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimi yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Üçüncüsü, qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs şikayətində mübahisəli mənzilin onun tərəfindən təmir edildiyini və əlavə xərclər çəkdiyini göstərsə də bununla bağlı tərəflər arasında olan münasibətlərə bu barədə hansısa iddia tələbi olmadığından hazırki işin çərçivəsində hüquq qiymət verilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirdiyi hissədə ləğv olunması üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(011)- 7288/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar