Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2583/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: müqavilələrin etibarsız hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X6 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2440/2022 saylı 22 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 11 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli 1290a saylı sərəncama görə X5 Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır.
2. Bakı şəhəri 28 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 (etibarnamə əsasında X7 imza etmiş) Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,036 ha torpaq sahəsini Cavabdeh2 satmışdır.
3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AA 065489 nömrəli xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündən müəyyən edilir ki, Bakı şəhəri 28 saylı DNK-nın xx.xx.2014-cü il tarixli 4Ə-172 nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 6, 362 saylı sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir.
4. 22.02.2018-ci il tarixdə X3 adından İddiaçı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2017-ci il tarixli 3153 nömrəli Arxiv Çıxarışına və Səbail rayon İcra Hakimiyyətinin Başçısının 1290a nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən G.Qafarovaya məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən fərdi ev tikmək üçün 600 kv.m. torpaq sahəsinə dair G.Qafarovanı bütün dövlət və qeyri dövlət orqanlarında, İcra Hakimiyyəti orqanlarında, Banklarda, Notariat kontorlarında, bələdiyyələrdə, Məhkəmədə, Arxiv idarələrində, DƏDRX-nin ərazi idarəsində təmsil etməyi, həmin əmlakı özəlləşdirməyi, sənədləşdirməyi, reyestrdən çıxarış, tex.pasport almağı, kadastr planı almağı, bütün əməliyyatları aparmağı, özəlləşdirdikdən (sənədləşdirdikdçn, çıxarış aldıqdan) sonra üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, icarə, kirayə verməyi, ipoteka (girov) qoymağı, istənilən müqavilələri, sazişləri bağlamağı, ləğv etməyi, pulunu almağı, buna dair bütün sənədləri, arayışları verməyi, adından istənilən növ əməliyyatları, sənədləşmələri aparmağı, daşınmaz əmlakın dövlət reyestrində “Daşınmaz əmlakın təsirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair” arayış almağı, istənilən sənədləri verməyi, almağı, çeki almağı, verməyi, pulu almağı G.Qafarovanın adından ərizələr verməyi, imza etməyi, rüsum ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etməsi barədə yazılı səlahiyyətə dair etibarnamə Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən 7E-3211 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. Etibarnamə 5 il müddətinə verilmiş və xx.xx.2023-cü il tarixədək qüvvə olmuşdur.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil X4 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 1-ci yaşayış massivi, döngə 6, 362 saylı torpaq sahəsi 12 saylı DNKnın 4Ə/535 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 Əbülfəz oğlunun adına qeydiyyatdan keçmişdir.
6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, ünvan 1də yerləşən 0,0360 ha torpaq sahəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
7. X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 1290 a saylı Sərəncamı ilə fərdi ev tikintisi üçün X5 verilmiş 600 kv.m. torpaq sahəsinin yerləşdiyi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 6-da yerləşən 362 nömrəli sahənin satılmasına dair cavabdehlər Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli AN-İ No ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 1290a saylı Sərəncamı ilə hazırda hüquqlarını müdafiə etdiyi müvəkkili X5, mənzil növbəsindən çıxarılmaqla fərdi ev tikintisi üçün Badamdar qəsəbəsində 600 kv.m. (6 sot) torpaq sahəsi ayrılmış və torpaq sahəsinin yeri göstərilmişdir. Həmin torpaq sahəsinə müvəkkili mişar daşı tökdürmüş, yüngül (şiferdən) hasar çəkdirmişdir. Həmin torpaq sahəsinə barədə mülkiyyət hüququna dair qeydiyyat aparılaraq, çıxarış əldə olunmasa da, torpağın sahibi X9 tərəfindən torpaq sahəsi faktiki olaraq ona satılmışdır. O, torpağın bazar qiymətini müəyyən edən məbləği G.Ə.Qafarovaya ödəmişdir. O da ona torpaq sahəsinin özəlləşdirilərək, üzərində bütün sərəncam vermək hüquqları daxil olmaqla səlahiyyət verən etibarnamə vermişdir. Bu gün o, həmin etibarnamə əsasında onu təmsil etsə də, faktiki olaraq öz hüquqlarının müdafiəsini həyata keçirir. Həmin torpaq sahəsi üzərində sərəncam vermək hüquqlarının həyata keçirilməsi istiqamətində addımlar ataraq, torpaq sahəsinin G.Ə.Qafarovanın adına özəlləşdirilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsinə etdikləri müraciətə onlar tərəfindən verilən cavabda göstərilir ki, “Səbail rayon Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin üzərində hüquqların Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizənizə baxılmaqla müəyyən edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 1290a, xx.xx.1995-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamı əsasında tərtib olunan torpaq sahəsinin coğrafi mövgeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında sahə fərqi (sərəncamla 800,0 kv.m., yerləşmə cizgisi ilə 382,0 kv.m., faktiki 365,0 kv.m.) mövcuddur. Belə ki, Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən həmin torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin mülkiyyətindədir. Torpaq sahəsinin digər vətəndaş tərəfindən ələ keçirilməsi səbəbindən də, torpağın özəlləşdirilməsini həyata keçirilməsi mümkün olmamışdır. Belə olan halda apardıqları araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmçinin Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 2292 saylı Sərəncamına əsasən həmin ərazidə Cavabdeh1 adlı vətəndaşa fərdi ev tikmək üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır”. Səbail rayon İcra Hakimiyyəti Başçısının X10 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 130 saylı məktubda, Cavabdeh1 verilmiş 1ci yaşayış massivi, 6-cı döngə, 362 No-li 360 kv.m.torpaq sahəsinin yerləşmə cizgisi əks olunmuşdur. Cavabdeh1, 1-ci yaşayış massivi, 6-cı döngədə yerləşən 362 No-li 360 kv.m. torpaq sahəsinə dair ******* saylı reyestrdən çıxarış verilmişdir. Cavabdeh1 tərəfindən 360 kv.m.-lik torpaq sahəsini alqı-satqı yolu ilə xx.xx.2014-cü il tarixdə Cavabdeh4 satmış, sonuncu isə həmin torpaq sahəsini xx.xx.2014-cü il tarixdə Cavabdeh2 alqı-satqı yolu ilə satmışdır. Şəxsi müraciətləri əsasında həyata keçirilmiş, xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, “Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 1290 a saylı Sərəncamı ilə Badamdar qəsəbəsində X5 ayrılmış, 5-ci döngədə yerləşən 600 kv.m. (6 sot) torpaq mövcud olan 360 kv.m-lik sahənin koordinatları ilə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş **********18 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli Çıxarışda göstərilən 362 saylı, 0.036 ha (360 kv.m.) torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsi, ünvan baxımından isə həmin torpaq sahələrinin ayrı-ayrı ərazidə, o cümlədən X3 360 kv.m-lik torpaq sahəsinin döngə 5-də, Cavabdeh2 360 kv.m.-lik torpaq sahəsinin döngə 6-da yerləşməsi müəyyən edilir. Nəticə etibarı ilə Cavabdeh2 adına reyestrdə qeydə alınmış Çıxarışdakı 362 saylı torpaq sahəsinin sənəd üzrə koordinatları X5 ayrılmış 600 kv.m.-lik torpaq sahəsinin mövcud olan 360 kv.m.-lik hissəsinin üzərinə işlənmişdir. Bu səbəbdən də, torpaq sahəsinə dair çıxarış əldə olunması qeyri-mümkün olmuşdur.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 dekabr 2022-ci il tarixli 2(009)-2440/2022 saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia təmin edilməmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, iddiaçı iddiasının əsası kimi mübahisəli torpaq sahəsinin faktiki alqı-satqısının həyata keçirildiyini və bunu təsdiq edən hal kimi onun adına həmin torpaq sahəsinə dair torpaq sahibi tərəfindən etibarnamənin verilməsini göstərmişdir. Etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik etmək üçün başqa şəxsə verdiyi vəkalətdir. Yəni etibarnamə etibar edənlə etibar olunan arasında hər hansı daşınmaz əmlakın alqı-satqısını rəsmiləşdirilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Həmin etibarnamə əsasında iddiaçı yalnız mübahisəli torpaq sahəsini etibar edənin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilərdi.
12. Məhkəmə qeyd etmişdir ki, bələdiyyə qərarı əsasında əldə edilmiş torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra alqı-satqı müqaviləsinin predmeti ola bilər. Rəsmi reyestrdə qeydə alınmalı olan əmlakların alqı-satqı müqaviləsi notariat qaydada bağlanılmalı və təsdiq edilməlidir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş əmlak alqı-satqı müqaviləsinin predmeti ola bilməz.
13. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığından, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Digər tərəfdən iddiaçı alqı-satqı müqaviləsinin etibarsız əqd olmasını və həmin əqdin etibarsızlığı ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etsə də, bu iddianı yalnız 8 ildən artıq müddət keçdikdən sonra məhkəmədə qaldırmışdır. İddiaçı mübahisələndirdiyi alqı-satqı müqaviləsindən kifayət qədər vaxt ərzində məlumatlı olmuş, Bakı İnzibati Məhkəməsində torpaq sahəsi ilə əlaqədar mübahisələr olmuş, lakin həmin əqdin etibarsızlığı ilə bağlı məhkəməyə qanunda nəzərdə tutulmuş müddət ərzində müraciət olunmamışdır və həmin müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 362.1, 139.1, 140, 6.2, 324.1, 337, 144.1, 144.2, 152.1, 152.4, 14, 354.2, 354.2, 377.1-ci maddələrinə M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
15. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, o, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində yerləşən 600 km torpaq sahəsini onun sahibi X2 faktiki olaraq almış və həmin torpağın bazar qiymətinə uyğun dəyərini Gülnarə Qafarovaya ödəmişdir. Gülnarə Qafarova həmin torpaq sahəsini özəlləşdirərək üzərində bütün sərəncam vermək hüquqları da daxil olmaqla ona səlahiyyət verən etibarnamə vermişdir. Həmin etibarnamə əsasında torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirmək istiqamətində addımlar atarkən həmin torpaq sahəsinin başqa şəxslərə satılmasını müəyyən etmişdir. İş üzrə bütün faktiki hallar obyektiv və hər tərəfli araşdırılmamışdır. X1, Vüqar Məmmədov dindirilməmişdir. Torpaq sahəsinə baxış keçirilməmiş, eyni zamanda mübahisəli torpaq sahəsinin onun aldığı torpaq sahəsindən başqa yerdə yerləşdiyi dəqiqləşdirilməmişdir. Aldığı torpaq sahəsi qeyri-qanuni olaraq digər şəxslərə qanunsuz alqı-satqı yolu ilə satılmışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Üçüncü şəxsin nümayəndəsi-vəkili apelyasiya şikayətinə qarşı etiraz göndərərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
22. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
23. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur.
24. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi).
25. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
26. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
27. Maddə 354.2. bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
28. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
29. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Göründüyü kimi Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamına əsasən X5 Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır.
39. İddiaçı həmin torpaq sahəsini sahibi X2 faktiki olaraq aldığını və həmin torpağın bazar qiymətinə uyğun dəyərini Gülnarə Qafarovaya ödədiyini bildirmişdir.
40. Lakin aralarında torpaq sahəsinin alqı-satqısına dair müqavilə olmamışdır. İddiaçı isə torpaq sahəsini Gülnarə Qafarovadan aldığını, dəyərini ödədəyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
41. Həmin torpaq sahəsinə dair torpaq sahibi tərəfindən verilmiş etibarnaməyə münasibətdə məhkəmə haqlı olaraq göstərmişdir ki, etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik etmək üçün başqa şəxsə verdiyi vəkalətdir. Yəni etibarnamə etibar edənlə etibar olunan arasında hər hansı daşınmaz əmlakın alqısatqısını rəsmiləşdirilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Həmin etibarnamə əsasında iddiaçı yalnız mübahisəli torpaq sahəsini etibar edənin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilərdi.
42. Sərəncama əsasən torpaq sahəsinin ayrıldığı Gülnarə Qafarova isə 24 dekabr 2021-ci il tarixdə ölmüşdür. Onun ölümü ilə iddiaçıya verilmiş etibarnaməyə də xitam verilmişdir.
43. Göründüyü kimi qanunvericiliyin tələbinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş əmlak alqı-satqı müqaviləsinin predmeti ola bilməz.
44. Qeyd olunanlara əsasən iddiaçının mübahisəli torpaq sahəsi üzərində hər hansı hüquq sahibi olmadığı aşkardır. Belə olan halda onun hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ da yoxdur. Ona görə də məhkəmə haqlı olaraq iddia tələbini rədd etmişdir.
45. Digər tərəfdən Kollegiya qeyd edir ki, məhkəmənin nəzərdə tutulmuş kəsici müddətin ötürülməsi ilə bağlı qənaəti də əsaslı olmuşdur. İddiaçı mübahisələndirdiyi alqı-satqı müqaviləsindən kifayət qədər vaxt ərzində məlumatlı olmuş, Bakı İnzibati Məhkəməsində torpaq sahəsi ilə əlaqədar mübahisələr olmuş, lakin həmin əqdin etibarsızlığı ilə bağlı məhkəməyə qanunda nəzərdə tutulmuş müddət ərzində müraciət olunmamışdır və həmin müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
46. İddiaçının apelyasiya şikayəti əsassız olmaqla qanuni və əsaslı olan qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2440/2022 saylı iş üzrə 22 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.