Məhkəmə qərarları › İş №2(103)-2596/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2596/2023

27.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2596/2023 27.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2116/2023 saylı işi üzrə 21 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin əmlak üzərində cavabdehin mülkiyyət hüququnu təsdiq edən xx.xx.2016-cı il tarixli, **********7 nömrəli çıxarışın ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən mənzilin üzərində onun mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2116/2023 saylı işi üzrə 21 fevral 2023cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 35.1, 40.1, 114.1, 114.1.3, 114.2, 151.1, 152.1.3, 152.2; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 3.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehin rəsmi qeydə alındığı yer Şuşa şəhəri olduğundan, hazırki iddia ərizəsinə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində deyil, aidiyyəti üzrə Şuşa Rayon Məhkəməsində baxılmalıdır. İddiaçı şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin işi üzrə 21 fevral 2023-cü il tarixli qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülərək baxılmasını xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, hazırkı iddia tələbi üzrə Binəqədi Rayon Məhkəməsinə müraciət etməkdə haqlıdır.Çünki, Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 39.1-ci maddəsində qeyd edilir ki,daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddia tələbindən də görünür ki, o, iddiaçı olaraq onunla Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunması,həmin əmlak üzərində cavabdehin mülkiyyət hüququnu təsdiq edən xx.xx.2016-cı il tarixli, **********7 nömrəli çıxarışın ləğvi edilməsi və ünvan 1 ünvanında yerləşən mənzilin üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsi barədə iddia qaldırmışdır. Göründüyü kimi, qanunverici mülkiyyət hüququnun tanınması ilə bağlı iddiaların aidiyyətini həmin daşınmaz əmlakın olduğu yer üzrə qəbul edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 33-45, 149 -152, 385, 387, 395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, cavabdeh şəxsin qaçqın (məcburi köçkün) statusunun olması, qaçqın kimi rəsmi qeydiyyatda olduğu (məskunlaşdığı), faktiki yaşadığı habelə ərazi aidiyyətinin və mövcud mülki prosessual mərhələdə iddia ərizəsinin mümkünlüyü əsaslarına müstəsna aidiyyət baxımından qiymət verilməmişdir. Birinci instansiya məhkəməsinin formal baxımdan qərardadda qeyd edilmiş əsaslarla iddia ərizəsinin geri qaytarılması və ərazi aidiyyəti məsələsinə (ərizəyə və şikayətə) əsaslı qiymət verməməsi mülki prosessual baxımından hüquqdan (diskression səlahiyyətlərdən və dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən: Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: 1.Ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. 2. Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Mülki Prosessual Məcəllənin 36.1, 36.13-cü maddələrinin tələblərinə əsasən: Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2016-cı il tarixli alğı-satqı müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, sözügədən mənzil İddiaçı tərəfindən Cavabdeh satılmış və xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır (iş səh.16,20). Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq iddianın və ərazi aidiyyətinin mümkünlüyünü, lazım gəldikdə tərəflərin iştirakının təmin edildiyi şəraitdə, onların təqdim etdikləri sübutların mötəbərliyi müstəvisində müzakirə edərək, səlahiyyəti həddində yekun qənaətini əsaslandırmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2116/2023 saylı işi üzrə 21 fevral 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlüyünə (icraata qəbuluna) yenidən baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar