Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2597/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X1, üçüncü şəxs Maraqlı şəxs1 Sadiq qızının nümayəndəsi X6 oglunun iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Cavabdeh4ə (üçüncü şəxslər: Maraqlı şəxs1 Sadiq qızı və Maraqlı şəxs2) qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4850/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Cavabdeh4ə (maraqlı şəxslər: Maraqlı şəxs1 Sadiq qızı və Maraqlı şəxs2) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən 42/9 nömrəli yaşayış binasının zirzəmisinə (bundan sonra – mübahisəli zirzəmi) dair keçirilmiş xx xxxxxx 2011-ci il tarixli hərracın nəticələrinin (protokol və alqı-satqı müqaviləsinin) etibarsız hesab edilməsi, hərracın yekununa görə Maraqlı şəxs1 Sadiq qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində edilmiş xx xxxxxx 2018-ci il tarixli qeydlərin və RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxx 2015-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən 42/9 nömrəli evin 56 nömrəli mənzilinin mülkiyyətçisidir. Həmin mənzilin altında yerləşən 44,5 kv.metr ölçüsü olan qeyri-yaşayış sahəsi (zirzəmi) də iddiaçının istifadəsində olmuşdur. Belə ki, iddiaçı həmin mənzili satın alarkən mənzilin köhnə mülkiyyətçisi zirzəmiyə görə əlavə pul almış və bildirmişdir ki, zirzəmi daim onun istifadəsində olmuşdur. İddiaçı həmin zirzəmini də sonradan öz adına rəsmiləşdirmək niyyəti ilə bu təklifə razılaşmışdır. Həqiqətən də, bir müddət sonra iddiaçı həmin qeyri-yaşayış sahəsinin sənədləşməsi ilə məşğul olarkən, Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamenti ilə iddiaçı arasında xx xxxxxx 2016-cı il tarixli X4 bağlanılmışdır. Həmin müqaviləyə əsasən sözügedən zirzəmi iddiaçının istifadəsində olduğu üçün ondan istismar haqqı tutulmasına dair razılığa gəlinmişdir. Yaşayış binasına xidmət edən 36 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən möhürlə təsdiq edilmiş eskiz verilmişdir. O, həmin qeyri-yaşayış sahəsinə külli miqdarda xərc çəkmiş (təxminən 15.000 (on beş min) manat civarında), oranı təmir edərək kommersiya obyekti kimi istifadə etməyə başlamışdır. Paralel olaraq həmin qeyri-yaşayış obyektinin özəlləşdirmə işləri də aparılmışdır. Lakin özəlləşdirmə mərhələsində ona şifahi bildirilmişdir ki, yaşayış binası pilot layihələr ərazisinə düşdüyündən, binanın yaxın vaxtda sökülməsi gözlənilir və hazırda özəlləşmə məsələləri dayandırılmışdır. Bir müddət sonra həqiqətən də binanın sökülməsi və sakinlərə kompensasiya verilməsi və köçürülmə məsələləri aktuallaşmışdır. Həmin ərəfədə iddiaçıya məlum olmuşdur ki, onun daimi istifadəsində olan qeyri-yaşayış sahəsi dövlət əmlakı kimi hərraca çıxarılmış və auksion mərkəzi tərəfindən satılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsi xx xxxxxx 2017-ci il tarixdə Maraqlı şəxs1 Sadiq qızı adlı şəxsə 8.500 manata (hərracın ilkin qiymətinin 50% dəyərində) satılmışdır. xx xxxxxx 2018ci il tarixdə Maraqlı şəxs1 Sadiq qızının həmin əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. İddiaçı tərəfindən edilmiş ödənişlər hətta qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsindən sonrakı müddəti əhatə edir. Hərracların təşkili üzrə auksion mərkəzi qanunvericiliyin şərtlərini kobud surətdə pozmaqla, əldə etmədə üstünlük hüquqlarını nəzərə almadan həmin sahənin satılmasına nail olmuşdur. Yeni mülkiyyətçi bir dəfə də gəlib maraqlanmamışdır ki, bu sahə harada yerləşir, nədən ibarətdir, kimin istifadəsindədir və sair. Göründüyü kimi, binanın söküləcəyi məlumatını əldə edən şəxslər hərracdan ucuz alıb, özəlləşdirib, daha sonra bir neçə qat bahasına kompensasiya almaq niyyəti ilə bu əməliyyatları həyata keçiriblər. Hazırda Bakı şəhəri Cavabdeh4 tərəfindən binanın söküntüsü işləri başlanılmaqdadır. İddiaçı həmçinin hesab edir ki, qeyri-yaşayış sahəsi olan zirzəmidə apardığı təmir işləri, oranın bəzəmə-tamamlama işlərinə xərclədiyi vəsaitin sübutetməsi belə söküntü nəticəsində məhv olacaqdır. Beləliklə, iddiaçı hesab edir ki, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi satıcı qismində çıxış edərkən satış obyekti olan və iddiaçının istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinin hərraca çıxarılma sifarişi verərkən, ilk öncə həmin əmlakın satın alınmasını iddiaçıya təklif etməli idi, həmçinin cavabdeh Hərracların Təşkili üzrə Auksion Mərkəzi keçirilmiş hərracda iddiaçının iştirakını təmin etməli idi və ya əsaslı imtinasını almalı idi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4850/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi onun mülkiyyətində olan, 1-ci mərtəbədə yerləşən mənzilin bilavasitə altında yerləşməklə onun qanuni istifadəsində olmaqla tərəfindən tam təmir olunaraq obyekt kimi istifadə olunmuşdur. Cavabdeh həmin qeyriyaşayış sahəsinin faktiki və qanuni olaraq onun istifadəsində olduğunu bildiyi üçün məhkəmə baxışı zamanı guya hərracdan qabaq onunla telefon əlaqəsi saxlanılması və guya hərrac barədə ona məlumat vermələri barədə izahat vermişdir. Halbuki, telefon danışığı zirzəminin qanunsuz satılmasından xəbər tutandan sonra olmuşdur. Cavabdeh hərraca çıxarılan əmlakın faktiki kimin sahibliyində və istifadəsində olmasını dəqiqləşdirdikdən sonra ona hərracda iştirak etməsi üçün rəsmi bildiriş göndərməli idi. Apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi-vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi şikayətə etiraz edərək bildirdi ki, iddiaçı ilə rəsmi icarə müqaviləsi olmadığından hərracla bağlı bildiriş göndərilməyib, lakin şifahi məlumat verilib. Əmlak 4-cü hərracda alınıb. İddiaçı ilə Nəsimi Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqavilədən xəbərdar olmayıblar. Nümayəndə şikayətin təmin olunmamasını, qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi. Üçüncü şəxs Maraqlı şəxs1 Sadiq qızının nümayəndəsi şikayətə etiraz edərək bildirdi ki, satın aldıqdan sonra iddiaçıya zəng edib və halallıq üçün 5000 manat təklif edib, lakin iddiaçı razılaşmayıb. Nümayəndə şikayətin təmin olunmamasını, qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Belə ki, iddiaçı, hərracın qanun pozuntusu ilə keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürmüş, iddiasının faktiki əsası kimi həmdə, hərracın ona məlumat verilmədən keçirildiyinə istinad etmişdir. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 42/9, 56 saylı mənzil iddiaçıya məxsus olmuşdur. Bakı şəhəri Cavabdeh4 Başçısının çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında xx xxxxx 2017-ci il tarixli 143 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Əliəşrəf Əlizadə və Əhmədbəy Ağaoglu küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, rayonun Ə.Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində 0,68 ha torpaq sahəsi Maraqlı şəxs2 daimi istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Cavabdeh4 Başçısının xx xxxxxx 2017-ci il tarixli 495 nömrəli sərəncamı ilə Ə.Dəmirçizadə, Ə.Əlizadə və Qarabağ küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində Maraqlı şəxs2nə yaşayış binalarının tikintisinə icazə verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 36 nömrəli Mənzil Kommunal İstismar Sahəsi ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 141 nömrəli X4 ilə mübahisəli ünvanda olan 45 kv.metr sahəsi olan zirzəmi müvəqqəti olaraq icarəyə verilmiş və 1 kv.metr sahə üçün 0,60 manat hesablanmaqla, illik haqq 27 (iyirmi yeddi) manat müəyyən edilmişdir. Zirzəmi xx xxx 2015-ci il tarixdən iddiaçının istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli 40/03 nömrəli hərrac protokoluna əsasən, mübahisəli qeyri-yaşayış sahəsi 8.500 manata Maraqlı şəxs1Sadıq qızına satılmış və sonuncunun adına xx xxxxxx 2018-ci il tarixdə qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, xx xxxxxxx 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsi ilə Maraqlı şəxs2 ünvan 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətçiyə (Maraqlı şəxs1) məxsus olan, faktiki sahəsi 44,5 kv.metr olan qeyri-yaşayış sahəsi əvəzinə, güzəştli şərtlərlə binanın C blokunda, 3-cü mərtəbəsində, 82 nömrəli 1 otaqlı 51 kv.metrdən ibarət olan təmirli, kirayə haqqı ödənilmədən mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Mülkiyyətçi öz növbəsində ona məxsus olan qeyri-yaşayış sahəsini söküntü üçün Maraqlı şəxs2nə təhvil verməyi, göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Həmçinin, xx xxxxxxx 2019-cu il tarixli əvəzləşdirmə müqaviləsi ilə Maraqlı şəxs2 söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətçiyə (İddiaçı) məxsus olan, qeyri-yaşayış kimi fəaliyyət göstərən faktiki sahəsi 45 kv.metr olan mənzilin əvəzinə, güzəştli şərtlərlə binanın A blokunda, 10-cu mərtəbəsində, 42 nömrəli 3 otaqlı 77 kv.metrdən və B blokunda 4-cü mərtəbəsində satış üçün nəzərdə tutulan 49 nömrəli 2 otaqlı, sahələr cəmi 87 kv.metrdən ibarət olan təmirsiz mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmamasına, habelə hərrac keçirilərkən qanun pozuntusuna yol verilmədiyinə istinad etmişdir. Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsinə dair hərracın keçirilməsi ilə bağlı iddiaçı həmin əmlaka dair subyektiv hüququnun olmaması səbəbindən məlumatlandırılmamışdır. İşdə olan Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamenti ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli X2 əsasən sözügedən qeyri-yaşayış sahəsi müvəqqəti olaraq icarəyə verilmiş və 1 kv.m üçün 0,60 manat hesablanmaqla, illik 27 manat istismar haqqı tutulmasına dair razılığa gəlinmişdir. 36 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışa əsasən zirzəmi xx.xx.2015-ci il tarixdən iddiaçının istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən Kollegiya qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə bağlanmış X3 icarə müqaviləsi kimi qiymətləndirir və iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair icarə hüquq münasibətlərindən irəli gələn hüquqlarını tanıyır. Kollegiya qeyd edir ki, qeyd olunan X4 xx xxx 2015-xx xxxxxx 2017-ci il tarixlərini əhatə edir, müqavilənin müddətinin sonu xx xxxxxx 2017-ci il tarixidir. Mübahisəli hərrac isə həmin dövr aralığında – xx xxxxxx 2017-ci il tarixində keçirilmişdir. Başqa sözlə desək, hərrac keçirilən vaxt zirzəmi İddiaçı istifadəsində və sahibliyində olmuşdur; bu fakt zirzəminin aid olduğu bina sökülən vaxta qədər də davam etmişdir. Belə ki, bunun əksini (zirzəminin Maraqlı şəxs1 Sadiq qızı tərəfindən təhvil alınması, həmin qeyri-yaşayış sahəsinə baş çəkilməsi və s. bu kimi) qarşı tərəflər də təsdiqləmirlər. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü maddəsinə görə, icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci bəndində yuxarıda göstərilən qayda müəyyən olunmuşdur. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə görə də icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. Həmin Qaydaların 4.2.2-ci bəndinə görə isə icarə obyekti (qeyri-yaşayış sahəsi) bu bəndin 1-ci abzasında göstərilən hallarda özəlləşdirmə üçün açıq elan edildikdə və icarə müqaviləsi ləğv olunduqda mülkiyyət münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həll edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın 1.2ci bəndinə görə, hərraclar vasitəsi ilə dövlət əmlakının, habelə torpaq sahələrinin satışı özəlləşdirilən əmlak barəsində alıcıdan hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsidir. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. Alıcı əmlakın hərrac dəyərini pulla ödəyir. Qaydaların 2.1-ci bəndinə görə, satıcı hərraca hazırıq mərhələsində hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Satıcının rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində dərc olunmasını təmin edir. Qaydaların 6-cı bəndinə görə isə özəlləşdirmə əqdləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və hallarda etibarsız hesab edilir. Mülki Məcəlləyə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır (414.1.). Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.). Qanunun yuxarıda göstərilən mənasına görə təşkilatçı hərracın keçirilməsinə dair onun keçirilməsinə ən geci otuz gün qalmış bildiriş verməlidir. İddiaçı isə ona hər hansı məlumat verilmədiyini, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi isə iddiaçı ilə rəsmi icarə müqaviləsi olmadığından hərracla bağlı bildiriş göndərilmədiyini, lakin şifahi məlumat verildiyini bildirmişdir. Hərrac Mərkəzi tərəfindən həmin öhdəliyin yerinə yetirilməsi iş materialları ilə təsdiqlənmir. Belə ki, iddiaçı X4 əsasında faktiki olaraq qeyri-yaşayış sahəsinin icarədarı kimi hərracın keçirilməsi barədə rəsmi məlumatlandırılmalı olduğu halda bu barədə ona məlumat verilməmişdir. Mülki Məcəllənin 232-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi yaşayış binasının tərkib hissəsinin digər mülkiyyətçisindən onun payını əldə etmiş və ya sonrakı razılaşma yolu ilə bu cür üstünlük hüququnu başqasına vermiş və daşınmaz əmlakın dövlət reyestrində xeyrinə təminat qeydi aparılmış üçüncü şəxs barəsində əldə etmədə üstünlük hüququna malik deyildir. Eynilə bu şəkildə müəyyənləşdirilə bilər ki, yaşayış binasının tərkib hissəsinin özgəninkiləşdirilməsi, onun istifadə hüququ və ya mənzil hüququ ilə yüklü edilməsi, habelə kirayəyə verilməsi yalnız o halda hüquqi qüvvəyə malikdir ki, yaşayış binasının tərkib hissəsinin qalan mülkiyyətçiləri müvafiq qərar qəbul edərək, onlara məlumat verildiyi andan 14 gün ərzində buna etiraz etməsinlər. Əgər etiraz tutarlı əsas olmadan verilmişdirsə, etibarlı deyildir. Belə etiraza baxarkən məhkəmə etirazın əleyhdarının xahişi ilə onun iddiasının təmin edilməsi barədə sərəncam verir. Göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi əldə etmədə üstünlük hüququnu nəzərə almadan qeyri-yaşayış sahəsini üçüncü şəxsə satmışdır. Bundan əlavə əmlakın yeni alıcısı həmin əmlakla maraqlanmamış, ona baxış keçirməmişdir. Hərracı təşkil edən cavabdeh hərraca çıxarılan əmlakın kimin istifadəsində olmasını dəqiqləşdirdikdən sonra da iddiaçıya da hərracda iştirak etməsi ilə bağlı rəsmi bildiriş göndərməmişdir.Bununla da iddiaçının hüquqları pozulmuş, onun hərracın keçirilməsində iştirak etmək, əmlakın satış qiymətini mübahisələndirmək, yaxud əmlakı hərracdan əldə etmək imkanlarından məhrum olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edildiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4850/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən 42/9 nömrəli yaşayış binasının zirzəmisinə dair keçirilmiş xx xxxxxx 2011-ci il tarixli hərracın nəticələri (protokol və alqı-satqı müqaviləsi) etibarsız hesab edilsin. Hərracın yekununa görə Maraqlı şəxs1 Sadiq qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində edilmiş xx xxxxxx 2018-ci il tarixli qeydlər və RX seriyalı ******* nömrəli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2597/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2597/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver